azerbaycanda-islam-ve-genclik
Müəllif: Publisist.az /Tarix: 2023-01-03 /Oxunma Sayı: 557

Azərbaycanda İslam və Gənclik

Dünyada kommunist ideologiyasının və rejimlərinin çökməsindən sonra müstəqillik qazanan ölkələrin əksəriyyətində cəmiyyətin ideoloji dəyərlərinin ciddi transformasiyası baş verdi. Bu, özünü qədim tarixi köklərə dayanan milli və dini dəyərlərin qabarıq şəkildə meydana çıxmasında daha aydın şəkildə büruzə verdi. Azərbaycan da bu cəhətdən istisna deyil. 70 il ərzində ateist və kollektivçi ideologiyanın sərt məngənəsinə sıxışdırılmış Azərbaycanda müstəqilliyin ilk illəri titul etnosun dominantlığına söykənən millətçi məfkurənin önə çıxması ilə yanaşı, dinin də əhalinin müxtəlif qrupları arasında aktuallıq qazanması ilə diqqəti cəlb etmişdir. Bu tendensiya özünü təkcə əhalinin əksəriyyətinin mənsub olduğu İslamın  dini dəyərlərinin dirçəlməsində göstərmir. Eyni zamanda, bir tərəfədən tarixən ölkə ərazisində mövcud olmuş qeyri-İslam denominasiyaları hərəkətlənmiş, digər tərəfdən isə sərhədlərin dağılması ilə bu coğrafiya üçün yad olan “qeyri-ənənəvi” konfessiyalar da ölkəyə ayaq açmışdır.

1985-ci ildə Azərbaycanda cəmi 18 qeydiyyatdan keçmiş məscid, 53 qeydiyyatdan keçmiş icma mövcud idi. Bu dövrdə 25 qeyri-pravoslav, o cümlədən baptist icması, 4 pravoslav, 3 sinaqoq, 2 erməni kilsəsi, çoxsaylı ziyarətgahlar və pirlər mövcud idi. 1982-ci ildə cəmi 123 rəsmi fəaliyyət göstərən din xadimi var idi. XX əsrin 80-ci illərində Azərbaycandan yüksək risk altında yalnız ildə 2-3 nəfər həcc ziyarətinə gedə bilirdi. Müstəqilliyin ilk ilində ölkədə dini təhsil almış cəmi 16 şəxs var idi ki, onların da hamısı Qafqaz Müsəlmanları İdarəsində işləyirdi. Bu adamlar əsasən Buxaradakı “Mir Ərəb” mədrəsəsində və Daşkənd İslam Universitetində təhsil almışdılar[1].  Tadeuş Svyataçovski Sovet dövrü Azərbaycanındakı dindarlığı araşdırarkən qeyd edir ki, bu dövrdə dinin ictimai təzahürü tamamilə məhdudlaşdırılsa da, bu zaman Azərbaycanda da çoxluq arasında geniş yayılmış şiə inancına uyğun olaraq insanlar arasında “təqiyyə” formasına keçdi. Belə ki, “təqiyyə” prinsipinə əsasən qorxu və həyat təhlükəsi qarşısında müsəlman dini inancını gizlədə və hətta bir müddət onun zahiri təzahürlərindən tamamilə əl çəkə bilər[2].

İslamın şiə məzhəbində təqiyyə ideyası yayılmış olsa da, onun şiə çoxluğu olan Azərbaycanda sovet dövründə dindarlığın konservasiyasında əsas rol oynaması fikri kifayət qədər əsaslı görünmür. Belə ki, xristian və müsəlman olmasından aslılı olmayaraq kommunist düşərgəsi ölkələrinin demək olar ki, hamısında  kommunistlərin ateist ideologiyasının total tətbiqi nəticəsində dindarlıq geri çəkilmiş, bu ideologiyanın çöküşündən sonra həmin dövlətlərin hamısında bu və ya digər dərəcədə dinin yenidən ictimai həyata qayıtması baş vermişdir. Buna görə də eyni tendensiyanın Azərbaycanda məhz şiə təqiyyə konsepsiyası ilə bağlı olmasının empirik və nəzəri əsaslandırılması mümkün deyil.[3]

Müstəqillikdən sonra Azərbaycandakı məscidlərin sayı ilbəil artıb. Bu gün ölkədə 2166 məscid mövcuddur, onlardan 136-sı Bakı şəhərində yerləşir. Ölkə ərazisində 13 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Dinin aktuallaşması özünü təkcə ibadət evlərinin sayının artmasında deyil, həmçinin insanların dinə münasibətində göstərir. İctimai münasibətlər sistemində din mühüm əhəmiyyət kəsb edir. Dinin aktuallaşması prosesində gənclərin yerinin və rolunun müəyyənləşdirilməsi, xüsusilə onun gələcək dinamikasının istiqamətlərinin öyrənilməsi baxımından zəruridir.

Verilənlər və metodologiya

İlk öncə qeyd etmək lazımdır ki, bu məqalədə məqsəd  Azərbaycanda ictimai proseslərdə dinin, xüsusilə də İslamın yeri və rolu barədə yalnız deskriptiv (təsviri) təhlilin verilməsidir. Məqsədin genişliyini nəzərə alaraq konkret hipotezin isbatı nəzərdə tutulmur və məhz buna görə də verilənlərin analizi zamanı bivasitə mənbələrdən (secondary data) istifadə edilmişdir.

Azərbaycanda sosial-siyasi münasibətlərdə dinin rolunu, dindarlıq səviyyəsinin müəyyənləşdirilməsini qarşıya məqsəd qoyan və yüksək reprezentativlik təşkil edən azsaylı kəmiyyət tədqiqatları mövcuddur. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi 2011 və 2012-ci illərdə “Azərbaycanda İslam” adlı ictimai rəyi öyrənən sorğular keçirmişdir. Burada, xüsusilə dini kimliyin, azərbaycanlıların kollektiv kimlik iyerarxiyasındakı rolu nəzərdən  keçirilərkən qismən 2011-ci ildə keçirilmiş sorğunun nəticələrinə istinad eilir.

Bu sahədə verilənlərin ilkin variantının əlçatar olduğu ən mühüm sorğu Qafqaz Resurs və Tədqiqat Mərkəzi (QRTM) tərəfindən 2008-2013-cü illərdə Azərbaycan, Gürcüstan və Ermənistanda sosial iqtisadi məsələlər və siyasi rəftarla bağlı ictimai rəyin öyrənilməsinə yönəlmiş “Qafqaz barometri” sorğusudur.  “Qafqaz barometri” hər üç ölkədə dinin ictimai münasibətlərdəki yerini müəyyənləşdirməyə imkan verən sorğu suallarını ehtiva edir. Sorğunun nəticələri sonrakı təhlil üçün açıq olmaqla yanaşı, QRTM tərəfindən yaradılmış onlayn data analizi vasitəsilə nəticələrin təsviri də tədqiqatçılar üçün əlavə üstünlüklər verir. Bu məqalədə əsasən QRTM-in “Qafqaz barometri”nin və 2012-ci ildə keçirilmiş “Azərbaycanda sosial kapital, media və gender” sorğusunun nəticələri MS Excel və SPSS 24 proqramlarının köməyilə analiz edilir.

Azərbaycanda dini palitra və dindarlıq

Azərbaycanda yaşayan əhalinin dini strukturunu dəqiq müəyyənləşdirmək kifayət qədər çətindir. Çünki, ölkədə hər on ildən bir keçirilən siyahıyaalma insanların dini mənsubiyyəti barədə sualları ehtiva etmir. Ona görə də insanların statistik rəqəmlərdə ifadə olunmuş bu və ya digər dini mənsubiyyəti şərti xarakter daşıyır və daha çox etnik mənsubiyyətə əsasən müəyyənləşdirilir. Təqribi hesablamalara əsasən əhalinin 96%-dən çoxunu müsəlmanlar təşkil edir.[4] Qalan 4% əhali arasında pravoslavlar, erməni Apostol kilsəsinə mənsub olanlar (əsasən Azərbaycanın işğal olunmuş ərazilərində yaşayırlar), yəhudilər, protestantlığın müxtəlif qollarına aid olanlar, bəhailər, krişnaitlər, katoliklər və s. üstünlük təşkil edir. Göründüyü kimi müsəlmanlardan sonra ən böyük dini qrup xristianlardır. Dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan (01.09.2009-cu il) sonra ölkədə 760 dini qurum qeydiyyatdan keçmişdir. Konfessional baxımdan onların  732-i İslam, 28-i isə qeyri- İslam (xristian – 17; yəhudi – 8; krişna – 1; bəhai – 2) təmayüllüdür.[5]

Yenə təxmini hesablamalara müsəlman əhalinin 60-65%-ni şiələr, 35-40%-ni isə sünnilər təşkil edir. Ölkədə çoxluq təşkil edən şiələr bu məzhəbin isnaəşəri (12 imam şiəliyi) qoluna mənsubdurlar. Şiəlik Azərbaycanın cənub, mərkəz və qərb bölgələrində, həmçinin Bakı və ətraf kəndlərdə geniş yayılıb. Ölkənin əsas şəhərləri olan Bakı, Gəncə, Sumqayıt, Mingəçevirdə əhalinin əksəriyyəti şiələrdir.

Tarixən Azərbaycanda sünniliyin iki əsas məzhəbi şafiilik və hənəfilik yayılmışdır. Müstəqillik ədə etdikdən sonra, xüsusilə Fars körfəzi ölkələrinin təsiri ilə, daha doğrusu bu ölkələrdə təhsil alıb Azərbaycana qayıtmış din xadimləri vasitəsilə Azərbaycanda hənbəlilik də yayılmaqdadır. Türkiyə ilə güclü iqtisadi və siyasi əlaqələr fonunda hənəfilik ölkədəki dayaqlarını qorumuş və gücləndirmişdir. Şafiilik isə siyasi dəstək əldə etmədiyindən nisbətən zəifləyib. Belə ki, hənbəli hüquq məzhəbinə aid edilən sələfiliyi yayılma coğrafiyasına diqqət edərkən onların daha çox məhz tarixən şafiiliyə mənsub şimal bölgələrinə yerləşdiyini görmək çətin deyil. Lakin, qeyd etmək lazımdır ki, Azərbaycanda əsrlər boyu hənəfi sünniliyinin əsas mərkəzi olan Dağlıq Şirvan bölgəsində də sələfilik çoxlu sayda ardıcıllar toplamaqdadır.

XI əsrdən başlayaraq Azərbaycanda geniş yayılmış intellektual-mistik qnostisizm, irfan-sufi məktəbləri geniş vüsət almağa başlamışdır. Təsadüfi deyil ki, orta əsrlərdən irfan alimləri və sufi təriqətlərinin ardıcılları Azərbaycanda dini-intellektual elitanın nüvəsini təşkil etmişdir. Həm şiə, həm də sünni məzhəblərinə mənsub, Sührəvərdiyyə, Hürufiyyə, Səfəviyyə, Xəlvətiyyə, Nəqşibəndiyyə təriqətlərinin tarixi köklərinin Azərbaycanda olmasına baxmayaraq müasir dövrdə bu təsəvvüf məktəblərinin ardıcıllarına ölkədə demək olar ki, rast gəlinmir. Yalnız Nəqşibəndiliyin Xalidiyyə qoluna mənsub olan az sayda ardıcıllara Azərbaycanın işğal olunmuş Qubadlı bölgəsində, həmçinin Bərdə və Qazax rayonlarında rast gəlinir. Bu ardıcıllar arasında da klassik mürid-mürşid münasibətləri  və təkkə sufiliyi mövcud deyil. Sovet dövründə Xalidiyyə qoluna mənsub olan Şeyx Nasuh Əfəndi Zaqatalanın Muxax kəndində fəaliyyət göstərmiş, 1996-cı ildə vəfat etmişdir. Azərbaycanda şafiilərin məskunlaşdığı şimal bölgələrdə Şaziliyyə şeyxi Çirkeyli Səid əfəndinin davamçılarına rast gəlmək mümkündür. Lakin bu təriqətin də yayılması daha çox etnik xarakter kəsb edir.Tarixən ölkədə geniş yayılmış və intellektual islamın əsasını təşkil edən təsəvvüf cərəyanlarının zəifləməsinin əsas səbəblərindən biri 70 illik Sovet rejiminin təsiri ilə dinin bütün formalarda ictimai həyatdan sıxışdırlıb çıxarılması, intellektual dini elitanın repressiyalara məruz qalmasıdır.

Bununla yanaşı qeyd etmək lazımdır ki, Azərbaycanda məzhəb fərqliliyi əhali arasında dini identikliyi müəyyənləşdirən ciddi amil deyil. SAM-ın keçirdiyi sorğunun nəticələri göstərir ki, rəyi soruşulanların 38,5%-i özünü şiə, 14%-i isə sünni hesab edir. Böyük çoxluq isə (45,9%) özünü İslamın heç bir qolu ilə eyniləşdirmir və sadəcə müsəlman olduğunu qeyd edir. Məişət səviyyəsində insanların həm bir-biri ilə münasibətlərində, həm də üzünü identifikasiyada islam məzhəblərinin ciddi faktor olmaması göz qabağındadır. Əli Abbasov qeyd edir ki, müxtəlif tarixi şərtlər Azərbaycanda özünəməxsus müsəlman ənənəsi – şiə-sünni “ekumenizmi” formasında təzahür edir.[6]

Azərbaycanda dindarlığın səviyyəsinə diqqət etməzdən  əvvəl onu qeyd edək ki, elmi ədəbiyyatda subyektiv dindarlığın iki əsas forması – daxili və xarici dindarlıq fərqləndirilir.[7] Daxili dindarlıq zamanı fərdin bütün digər tələbatları dini inanclar və hökmlər sistemi ilə harmoniya təşkil edir. Bu zaman din özlüyündə son məqsəddir. Xarici dindarlıq isə insanın digər tələbatlarının ödənməsi üçün dinin vasitə halına gətirilməsidir. Dindarlığın ölçülməsində bu cür bölgünün məxsusi olaraq xristian ənənəsinə əsaslandığına görə müsəlman çoxluqlu cəmiyyətlərə tətbiqinin metodoloji problemlərinin[8] təfərrüatlarına varmadan qeyd edək ki, Azərbaycanda dindarlığın bu iki formasını ölçmək üçün “Qafqaz barometri”nə müraciət etmək olar.

 

Sosioloji sorğuların zaman ardıcıllıq təhlili (time-series analysis) Azərbaycanda dindarlıq səviyyəsinin dinamikası barədə maraqlı nəticələrə gəlməyə imkan verir. Daxili dindarlığın ölçülməsi “Nə qədər dindarsınız?” sualına respondentləri cavabından aydın görmək mümkündür bu dindarlıq artan xətt üzrə inkişaf edir.  2010-cu ildən 2013-cü ilədək özünü dindar hesab etməyən respondentlərin faiz nisbəti 59%-dən 41%-ə düşmüş, özünü dindar hesab edənlər isə 16%-dən 27%-ə yüksəlmişdir. Halbuki özünü bu və ya digər dərəcədə dindar kimi qiymətləndirənlərin əksəriyyəti dinin hökmlərinə əməl etmir. Bunu “Qafqaz barometrinin” sorğularına əsasən xarici dindarlığı əks etdirən dini ayinlərdə iştirak səviyyəsinin zaman ardıcıllıqlı təhlili də sübut edir.

 

Ən azı həfətədə bir dəfə dini ayinlərdə iştirak edənlərin faiz nisbəti 2008-ci ildə 13.2%-dən 2013-cü ildə 5.6%-ə enib.

Daxili dindarlığın artması xarici dindarlığın azalmasını şərtləndirən müxtəlif amillər mövcuddur. Svante Cornell Azərbaycanda dindarlığın dinamikasına təsir edən beş amili nəzərdən keçirir:

  1. Sovet İttifaqının dağılması ilə cəmiyyətin normal həyata dönməsi gündəlik həyat tərzində dinin rolunun artmasını səciyyələndirmişdir. İnsanlar ABŞ-da və ya Türkiyədə olduğu kimi öz dini həyatlarını normal şəkildə yaşamağa başlamışlar.
  2. Qərb dəyərlərinin gəlməsi ölkədə kimlik boşluğunu doldurmağa müvəffəq olmamaqla yanaşı, mühafizəkar ictimai normaların da daha qabarıq biruzə verməsinə şərait yaratmışdır ki, bu da Azərbaycanda dini xarakter almışdır. İslam dəyərləri Azərbaycan həyat tərzinə yad olan ziyadə Qərb dəyərlərinə reaksiya kimi meydana çıxmışdır.
  3. Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalı bir tərəfdən milli kimliyin və onun tərkib hissəsi olaraq müsəlman kimliyinin daha qabarıq şəkildə meydana çıxmasını şərtləndirmişdir. Digər tərəfdən isə cəmiyyətdə belə bir fikir formalaşmışdır ki, konfliktdə Qərbin mövqeyi ədalətsizdir və Azərbaycana münasibətdə ikili standartlar tətbiq edilir. Belə ki, əgər Azərbaycan Ermənistan ərazilərinin 20%-ni işğal etsəydi, Qərbin münasibəti fərqli olardı. Beləliklə, məhz xristian Qərb xristan Ermənistanın müsəlman Azərbaycanın ərazilərinin işğalına və etnik təmizləmə aparmasına göz yummuşdur.
  4. ABŞ-ın İraqdakı hərbi əməliyyatları şiə çoxluğa malik olan Azərbaycanlılarda belə bir fikir yaratmışdır ki, ABŞ terrorizmlə mübarizə adı altında əslində müsəlmanları cəzalandırmaq və enerji mənbələrinə yiyələnmək məqsədi güdür. İraqdakı əhalinin, xüsusilə də şiələrin müqəddəs şəhərlərində yaşayanların zülmə məruz qalması dini həssaslığı önə çüxarmışdır.
  5. İdeoloji cərəyan olaraq İslam sosial ədaləti təşviq edərək korrupsiyanı, avtoritarizmi, pis idarəetməni və gəlirlərin bərabərsizliyini pisləyir. Azərbaycan isə bu və ya digər dərəcədə bunlardan əziyyət çəkdiyindən dini sentimentlər daha da güclənir.[9]

Cornellin siyahısındakı dindarlığın artmasını şərtləndirən birinci dörd səbəblə razılaşmamaq mümkün deyil. Əlimizdəki empirik məlumatlar vasitəsilə onları təsdiq və inkar etmək də mümkün deyil. Lakin sonuncu iddianın empirik yolla yoxlanılması mümkündür.

“Qafqaz barometri 2013” sorğusundan görünür ki, özünü çox dindar hesab edənlərin yalnız 10%-i hesab edir ki, ölkənin qarşılaşdığı ən mühüm məsələ korrupsiyadır. Özünü qətiyyən dindar hesab etməyənlərdə də bu göstərici təxminən eynidir – 8%. Deməli, ən azı bu sorğuya əsasən korrupsiya qavrayışı ilə dindarlıq səviyyəsi arasında korrelyasiyanı görmək mümkün deyil.

Cədvəl 1. Dindarlıq səviyyəsinin korrelyasiyası
  r(S) α
Bu gün ölkədə nə qədər demokratiya var? .070 .004
İcraedici hakimiyyətinə etibar .084 .000
Parlamentə etibar .036 .123
Məhkəmə sisteminə etibar .112 .000

Cornellin iddiasına görə avtoritarizm və pis idarəetmə Azərbaycanda dindarlığın artımına təsir edən amillərdir. “Qafqaz Barometri 2013” sorğusuna əsasən dindarlıq səviyyəsi ilə (“Nə qədər dindarsınız?”) ölkədə demokratiyanın səviyyəsi, icraedici, qanunverici və məhkəmə hakimiyyətinə etibar dəyişənlərinin Spearman ikidəyişənli korrelyasiya təhlili göstərir ki, onlar arasında korrelyativ əlaqə çox zəifdir.

Dindarlığın dinamikasını izah etməyə çalışan digər nəzəriyyələrə də diqqət edərək onları Azərbaycanın timsalında nəzərdən keçirmək maraqlıdır. Solt və b. hesab edirlər ki, sosial bərabərsizliyin yüksək olduğu ölkələrdə cəmiyyətin dindarlıq səviyyəsi də yüksəkdir.[10] Bu, iki səbəbdən baş verir. Birincisi, “məhrumiyyət nəzəriyyəsinə” görə dinin bu dünyadakı maddi çətinliyə görə digər dünyada mükafatın olacağı ideyası insanlar üçün rahatlayıcı xarakter kəsb edir.[11]    Digər tərəfdən yüksək gəlirlərə malik elita bu ideyanı əsas gətirərək dindarlığı təşviq etməklə kasıbların öz vəziyyətləri barışmasına yönəlmiş sosial nəzarət mexanizmi əldə edirlər. Norris və İnglehartın “təhlükəsizlik” nəzəriyyəsinə görə kasıb ölkələrdə əhalinin ekzistensial təhlükəyə məruz qalma ehtimalı böyük olduğundan insanlar dində və Allahda sığınacaq axtarır ki, bu da dindarlığın yüksək səviyyəsini şərtləndirir.[12]

Azərbaycanda Gini indeksi sonuncu dəfə 2008-ci ildə hesablandığından əlimizdəki empirik baza ilə onun təhlilini aparmaq mümkün deyil. Əhalinin illər üzrə gəlirlərinə nəzər saldıqda görmək mümkündür ki, xüsusən neftdən gələn gəlirlərin artması nəticəsində əhalinin hər nəfərinə düşən gəlir 2008-ci ildə 2378 manatdan 2013-cü ildə 4040 manata yüksəlib. Beləliklə, daxili dindarlığın artmasının cəmiyyətdəki sosial-siyasi problemlərlə korrelyasiyası empirik faktlarla öz təsdiqini tapmır.

Zənnimizcə Cornellin siyahısında olan birinci dörd amillə yanaşı dindarlığın dinamikasına təsir edən amillərdən biri də xarici təsirlərdir. Müstəqilliyin ilk illərindən sonra ölkənin qlobal dünyaya aktiv inteqrasiyası həm də müxtəlif dini və ideoloji düşüncə daşıyıcılarının Azərbaycana ayaq açmasına imkan yaratdı. Mövcud dini-ideoloji boşluq, insanların artan mənəvi tələbatları ilk dövrlərdə müxtəlif ölkələrdən gələn din emissarları, daha sonralar isə həmin ölkələrdə təhsil almış və ölkəyə qayıtmış Azərbaycan üçün qeyri-ənənəvi düçüncə daşıyıcıları tərəfindən doldurulmağa və ödənməyə başladı. Sosial mediada aparılmış müşahidələr göstərir ki, dini ritorikadan aktiv istifadə edən insanların, xüsusilə də gənclərin böyük hissəsi ya bilavasitə xarici emissarlardan, ya da xaricdə din təhsili almış şəxslərdə təsirlənir. Xaricdən ixrac olunan dini təsirlərin mənbələri və agentləri barədə aşağıda daha geniş şəkildə danışılacaq.

Xarici dindarlıqla bağlı da bir sıra məsələlərə aydınlıq gətirmək lazımdır. Dindarlığın bu tipi xristian praktikasına əsasən dini ayinlərdə iştirak, xüsusilə də kilsə ayinlərində iştirakı nəzərdə tutur. Həmçinin, xristianlıqda kilsə həyatında iştirak həm də sosial-siyasi aktivliyi şərtləndirən amillərdəndir. Məsələn, Verba və b. hesab edirlər ki, ABŞ-da kilsə həyatına cəlb olunma siyasi iştirakı əhəmiyyətli şəkildə təşviq edir.[13] Beləliklə də vətəndaş könüllülüyünün bu forması fərdlər və təsisatlar arasında özünəməxsus şəbəkənin təminatçısı kimi çıxış edərək sosial kapital yaradır.

Əksər sekulyar müsəlman ölkələrində, xüsusilə də müsəlman post-sovet ölkələrində və Azərbaycanda məscid xristianlıqda kilsənin oynadığı kimi vətəndaş iştirakçılığını təmin edən təsasat funksiyasını yerinə yetirmir. Əgər xristian dünyasında kilsə həm də sosial tələbatları ödəyən sosial institutdursa, məscid daha çox ibadət yeridir.  Digər tərəfdən xristianlar dini ayinləri adətən kilsədə həyata keçirirlər. Müsəlmanlar üçünsə dini ritualların icrası üçün məscidə getmək vacib deyil (Həftədə bir dəfə cümə namazlarında iştirak istisna olmaqla).

Buna baxmayaraq, empirik bazanın məhdudiyyətini nəzərə alaraq Azərbaycanda xarici dindarlığın dinamikasının təhlili üçün “Qafqaz Barometri” sorğusundakı “dini ayinlərdə iştirak” parametrindən istifadə etmək olar. Çünki, bu dəyişənin ölçülməsi ən yüksək göstərici ən azı həftədə bir dəfə dini ayinlərdə iştirakı nəzərdə tutur ki, bu da bütün müsəlmanlar üçün vacib olan cümə namazı ola bilər və cümə namazında iştirak isə mütləq məscid ziyarətini şərtləndirir.

Beləliklə, Azərbaycanda xarici dindarlığın geriləməsini şərtləndirən bir neçə amili göstərmək olar. Birincisi, Azərbaycanda 2000-ci illərin ortalarından başlayaraq insanların rifah halının yaxşılaşması istiqamətində ciddi dəyişiklik baş vermişdir. Ölkədə yoxsulluq faizi 2004-cü ildə 40,2%-dən 2015-ci ildə 5%-ə düşüb. Yuxarıda göstərildiyi kimi bu illər ərzində əhalinin gəlirlərində də əhəmiyyətli artım müşahidə edilməkdədir. Sekulyarlaşmaya funksional yanaşmalardan biri olan “ekzistensial təhlükəsizlik nəzəriyyəsinə” görə kasıb ölkələrdə insanlar daim həyati təhlükə ilə üz-üzədirlər. Onlar aclıqdan və xəstəlikdən əziyyət çəkir, təbii fəlakətlər, xarici işğal, daxili münaqişələr qarşısında aciz qalır. Dövlətin məhdud resursları əhalini bu cür təhlükələrdən qorumaq gücündə deyil. Ölkə sosial-iqtisadi cəhətdən inkişaf etdikcə həyat şəraitinin yaxşılaşması və dövlətin həyati cəhətdən vacib xidmətlər təmin etməsi yaşam risklərini və qeyri-müəyyənliyi azaldır. Bu nəzəriyyəyə görə belə risklər qarşısında insanlar bir tərəfdən dində təskinlik tapır, digər tərəfdən isə məhz institusional din ən azı minimum səviyyədə maddi nemətlər və sosial xidmətlər təklif edir. İnsanlar həyat riskləri qarşısında kilsəyə bir tərəfdən Allaha sığınmaq üçün, digər tərəfdən isə onun təkliflərindən faydalanmaq üçün üz tuturlar. Sənaye və post-sənaye cəmiyyətlərində isə dövlət rifahın təminatçısı kimi çıxış edir, stabil həyat tərzi və işi olan orta təbəqə meydana çıxır. Kilsə isə təhlükəsizlik təminatçısı kimi arxa plana keçir. Buna görə də müasir varlı cəmiyyətlərdə dindarlıq azalır.[14] Zənnimizcə Azərbaycanda da son onillikdə cəmiyyətin rifah halında baş vermiş əhəmiyyətli tərəqqi xarici dindarlığın eniş dinamikasının əsas səbəblərindəndir.

Xarici dindarlığın digər geriləmə səbəbi isə Azərbaycanda institusional İslamın vahid qurumun müstəsna inhisarda olmasıdır. Dövlət-din münasibətlərinin qanunvericilik bazasını təşkil edən Dini etiqad azadlığı haqqında Azərbaycan Respublikasının Qanunun 9-cu maddəsində göstərilir ki, Azərbaycan Respublikasında islam dini qurumları öz tarixi islam dini mərkəzində — Qafqaz Müsəlmanları İdarəsində birləşirlər. Azərbaycan Respublikasının sərt sekulyar modeli dinin siyasi proseslərə qoşulmasını qadağan edir. Dini etiqad azadlığı haqqında qanuna görə dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmirlər. Din xadimləri dövlət orqanlarına seçildikdə və ya təyin olunduqda onların peşəkar dini fəaliyyəti və din xadimi kimi fəaliyyəti həmin vəzifədə olduqları müddətdə dayandırılır. Azərbaycan Konstitusiyasında təsbit edildiyi kimi ölkədə din dövlətdən ayrıdır. Dövlət bütün dinlərə bərabər yanaşır. Azərbaycanda mövcud olan dövlət-din münasibətləri “sərt sekulyarizm” modelinə (sekulyarizmi digər modeli “passiv sekulyarizm”dir) uyğun gəlir. Ahmet Kuru qeyd edir ki, “sərt sekulyarizm” siyasəti həyata keçirən ölkələrdə dövlət dini ictimai sferadan özəl həyata sıxışdırır.[15]

Lakin digər tərəfdən, dövlət dini qurumlara maddi yardımlar edir. Bu yardımlar həm Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə, həm də ölkədə dövlətin din siyasətinin həyata keçirilməsini təmin edən qurum olan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi vasitəsilə həyata keçirilir. 2011-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Qafqaz Müsəlmanları İdarəsinə 2 milyon manat vəsait ayrılıb. Dövlətin dini həm İslam, həm də qeyri-İslam dini qurumlara mütəmadi xarakter kəsb edir. Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 2015-ci ildə ildə dini tarix və mədəniyyət abidələrini bərpa etmək məqsədilə 3 milyon manat, 2016-cı ildə dini qurumlara dəstək məqsədilə 1 milyon manat,  2017-ci ildə isə  3 milyon manat ayrılmışdır.

Sekulyarlaşmanı izah edən “dinin iqtisadiyyatı” nəzəriyyəsinə görə dini davranış rasional seçimə əsaslanır, fərd, qrup və bazar səviyyəsində təhlil edilməlidir. Bu nəzəriyyəyə görə müxtəlif dini qurumların və denominasiyaların geniş plüralizmi olan cəmiyyətlərdə bu denominasiyalar daha çox tərəfdar toplamaq uğrunda bazar rəqabətinə girirlər. “Dini bazara” tələb-təklif əsasında fəaliyyət göstərir və kənar müdaxilənin olmadığı təqdirdə inkişaf edir ki, bu da öz növbəsində kilsə konqreqasiyalarının iştirakçılarının sayının artması ilə nəticələnir.[16]

Stark və Finke empirik tədqiqatlar vasitəsilə sübut edirlər ki,  vahid denominasiyanın dövlət nəzarəti və ya subsidiyaları vasitəsilə dominantlıq etdiyi cəmiyyətlərdə bazar uğrunda mübarizə mövcud olmadığından denominasiyalar tənbəlləşir, bazar qeyri-effektivliyi meydana çıxır.[17] Azərbaycanda da İslam dininin qanuni əsaslarla vahid institusional mərkəzin inhisarında olması, həmçinin sərt sekulyarizm siyasəti ilə yanaşı dövlət subsidiyalarının məhz həmin mərkəzə yönləndirilməsi ölkədə xarici dindarlıq səviyyəsinin azalması ilə müşaiət olunur.

Kimlik və İslam

Azərbaycanda institutlaşmış İslamın siyasi proseslərdən kənarda qalması müsəlman kimliyinin ölkə əhalisinin kimlik iyerarxiyasında arxa plana keçməsini də şərtləndirən amillərdəndir. XX əsrin əvvəllərinədək bu coğrafiyada yaşayan insanlar özlərini ilk növbədə müsəlman kimliyi, sonra isə etnik mənsubiyyətlə, yaşadıqları bölgə və s. (ardıcıllıq şərtidir) ilə eyniləşdirərdilər. Bunu sübut edən faktlardan biri ondan ibarətdir ki, 1905-1906-ci illərdə ermənilərin Azərbaycanlılara qarşı törətdiyi qırğınlar kollektiv yaddaşda “erməni-müsəlman davası” kimi qalmışdır.  Bu gün vətəndaşlıq mənsubiyyəti kimlik nərdivanının başında dayanır. SAM-ın 2011-ci ildə keçirdiyi sorğudan görünür ki, kimlik iyerarxiyasında respondentlər üçün ardıcıllıqla vətəndaşlıq, etnik mənsubiyyət, dini mənsubiyyət, regional (doğulduğu yer) mənsubiyyət əhəmiyyət kəsb edir.

Cədvəl 2. Kimlik (%)

 

(5-ən yüksək – 1-ən az əhəmiyyət)

  Kimlik 1 2 3 4 5
1 Vətəndaşlıq, Azərbaycan vətəndaşı olmaq 1,1 0,5 3,2 16,7 78,5
2 Milli mənsubiyyət (azərvaycanlı, ləzgi, tatar və s.) 1,3 0,6 3,2 17,7 77,2
3 Dini mənsubiyyət  (müsəlman, xristan və s.) 2,6 0,8 6,3 20,3 69,9
4 Avropalı                                                    35,3 15,1 21,2 11,5 16,9
5 Yerli (yaşadığınız şəhər, kənd, rayon)             1,4 4,1 7,1 21,6 65,9
6 Yerli (doğulduğunuz şəhər, kənd, rayon) 1,0 1,9 6,8 22,4 67,9

Dini kimliyin arxa plana keçməsi ilk növbədə sovet rejimində ateizm siyasət nəticəsində sovet vətəndaşı və kommunist kimliyinin önə çıxarılması ilə əlaqədardır. SSRİ-nin dağılması ərəfəsində müstəqilliyə aparan milli-azadlıq hərəkatına təkan verən hadisə yenə də ermənilərin Dağlıq Qarabağ bölgəsində separatçı çıxışları, bunun ardınca azərbaycanlıların Ermənistandan qovulması və Qarabağ bölgəsində hərbi əməliyyatların başlaması olmuşdur. Bu dövrdə milli-azadlıq hərəkatına rəhbərlik edən qüvvələr ideoloji cəhətdən dini ritorikanı deyil, millətçiliyi önə çəkirdilər. Beləliklə azadlıq hərəkatının əsasında dini deyil, milli ideoloji düşüncə dayanırdı.

Azərbaycanda dini kimliyin digər kimliklərdən arxaya keçməsinin digər mühüm səbəbi isə toplum kimliyinin formalaşması üçün həlledici tarixi an olan milli-azadlıq hərəkatı dövründə institutlaşmış dinin bu hərəkatda ciddi yer almamasıdır. 1989-cu ilin aprel ayında Azərbaycanda “Tövbə” dini cəmiyyəti yaradılmışdı.  Onun tərəfdarlarının sayı bir neçə min nəfərə çatırdı və ölkənin ictimai həyatında mühüm rol oynayırdı. Lakin cəmi bir il sonra bu təşkilat zəif idarəetmə nəticəsində parçalandı. 1990-ci ilin 20 yanvarında Sovet qoşunlarının Bakıda azadlıq tələb edən insanları qırmasından sonra Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Şeyxül-İslam Allahşükür Paşazadənin Sovet rəhbərliyinə qarşı sərt reaksiyası onu ictimai-siyasi proseslərin nüfuzlu liderlərindən birinə çevirdi. Xüsusilə, fövqəladə şəraitdə şəhidlərin 22 yanvarda dəfni mərasiminin Şeyxül-İslam  rəhbərliyi ilə təşkil olunması onun nüfuzunu daha da artırdı. Lakin  sonrakı dövrlərdə dini təsisatlar və dindarlar cəmiyyətin ictimai-siyasi həyatında ən yaxşı halda neytral mövqedə dayandılar. Müqayisə üçün deyək ki, məsələn, Polşada anti-sovet müqavimətinin önündə gedən Solidarność hərəkatının əsas dəstəkləyicisi məhz Polşa katolik kilsəsi idi. Fəhlə tətilləri zamanı moizələr oxuyan keşiş Jerzy Popiełuszko məhz Solidarność  hərəkatı ilə əlaqələrinə görə kommunist rejimi tərəfindən öldürülmüşdü. Bu gün polyakların 64%-i hesab edir ki, əsl polyak kimliyi üçün katolik olmaq çox vacibdir və bu göstərici Mərkəzi və Şərqi Avropanın katolik ölkələri üzrə ən yüksək göstəricidir.[18]

Xarici təsirlər

Azərbaycanda dini sahəyə xarici təsirlər müxtəlif istiqamətlərdə baş verir. Müstəqilliyin ilk illərində Türkiyədən, İrandan, İran korfəzinin ərəb dövlətlərindən müxtəlif fondların və təşkilatların ölkədəki fəaliyyəti ümumi dini düşüncənin dirçəlişinə töhfə vermişdisə də sonrakı dövrlərdə bu, əksər hallarda qeyri-ənənəvi məzhəbçi və radikal qrupların yaranmasına gətirib çıxarmışdır.

Belə qeyri-ənənəvi dini cərəyanlardan biri Vəhhabilikdir. Vəhhabilik Azərbaycanda Səudiyyə Ərəbistanı, Küveyt və Rusiyanın cənub bölgələrindən gəlmiş emissarlar vasitəsilə meydana çıxmışdır. Sələfiliyin Azərbaycanda yayılması 1994-cü ildə Küveytin İslam İrsinin Dirçəlişi Cəmiyyətinin ölkədə fəaliyyətə başlaması ilə bağlıdır. Artıq 2002-ci ildə bu təşkilatın bilavasitə rəhbərliyi altında ölkədə 61 məscid fəaliyyət göstərirdi.  İslam İrsinin Dirçəlişi Cəmiyyətinin Azərbaycandakı fəaliyyəti 1998-ci ildə dayandırılmış və onun rəhbəri Şeyx Səlim ölkədən çıxarılmışdır.[19] 2008-ci ildə ABŞ hökuməti və BMT İslam İrsinin Dirçəlişi Cəmiyyətinin Pakistan və Əfqanıstan qollarını “Əl-Qaidə” ilə bağlılığına görə terrorçu təşkilat elan etmişdir. Müxtəlif mənbələrə görə Küveyt dövlətinə bağlı olan təşkilatlar tərəfindən Azərbaycanda 73 məscid tikilib.[20]. Bu məscidlərin əksəriyyəti Azərbaycanın sünni əhalisinin məskunlaşdığı şimal bölgələrində yerləşirdi. Bakıda “Əbu Bəkr” məscidi və İçərişəhərdə yerləşən Aşur məscidi vəhhabi cərəyanının ardıcıllarının rəhbərliyi altında fəaliyyət göstərmişdir. Son illərdə ölkədə radikalizmlə mübarizə nəticəsində vəhhabilərin birbaşa rəhbərliyi altında olan məscidlər demək olar ki, qalmasa da, onlar müxtəlif məscidlərdə kompakt şəkildə ibadətlər həyata keçirirlər. Təsadüfi deyil ki, dövlətin radikalizmlə ciddi mübarizəsinə baxmayaraq Azərbaycandan təxminən 900 nəfər Suriyada və İraqda hərbi əməliyyatlarda iştirak edən radikal qruplara qoşulub. Onlardan 84 nəfər məsuliyyətə cəlb edilib, son bir ildə 54 nəfərin vətəndaşlğına xitam verilib.[21] Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında”  Qanuna 2015-ci ildə edilmiş əlavəyə əsasən Azərbaycan vətəndaşının dini ekstremist fəaliyyət və ya dini təhsil adı altında xarici dövlətdə hərbi təlim keçməsi, düşmənçilik zəminində dini məzhəblərin yayılması və ya dini ayinlər adı altında xarici dövlətdə dini münaqişələrdə iştirak etməsi və ya həmin fəaliyyətə digər şəxsi cəlb etməsi, yaxud bu məqsədlə silahlı qrup yaratması Azərbaycan vətəndaşlığının itirilməsi ilə nəticələnir.

Qeyd etmək lazımdır ki, xaricdən ideoloji və maddi dəstək alan vəhhabilik dünyanın hər yerində olduğu kimi Azərbaycanda da monolit cərəyan deyil. Ölkədə vəhhabiliyin 3 qanadının – mötədil, təkfirçi və xəvaric olması müşahidə edilir. Bu qanadlar arasında sərt mübarizə mövcuddur. 2008-ci ilin avqustunda Qamət Süleymanovun rəhbərliyi ilə “Əbu Bəkr” məscidində toplaşan mötədil qanada qarşı terror həyata keçirilib, məscidə əl qumbarası atılıb. Aparılmış istintaq nəticəsində terror hadisəsinin “Meşə qardaşları” adlı radikal qrup tərəfindən həyata keçirildiyi müəyyənləşdirilib. Sonrakı dövrlərdə Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu qrup zərərsizləşdirilib. Hal-hazırda da mötədil hesab edilən qrupla digər qruplar arasında ciddi qarşılıqlı ittihamlar mediada yer almaqdadır.

Azərbaycanda dindar mühitə xarici təsirlərdən biri İrandan qaynaqlanır. Azərbaycanda beş əsrdən çox müddətdə şiələr çoxluq təşkil etmişdir. Bu şiəlik tarixən mötədilliyi ilə seçilmiş, ölkədə məzhəb qarşıdurması demək olar ki, müşahidə edilməmişdir. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra sərhədlərin açılması nəticəsində çoxlu sayda gənc İrana dini təhsil dalınca yollandı. Onların əksəriyyəti şiəliyin təhsil mərkəzi olan Qum şəhərində İranın müxtəlif nüfuzlu din xadimlərinin rəhbərliyi altında “hövzə” dərsləri almışdılar. Həmin dövrdən etibarən İranın müxtəlif rəsmi və qeyri-rəsmi strukturları Azərbaycanda fəaliyyətə başlayır. Onlar arasında İran Mədəniyyət Mərkəzi, İmam Xomeyni adına İmdad Komitəsi (2014-cü ildə Azərbaycanda fəaliyyətini dayandırmışdır), İslam Təbliğatı Təşkilatı, “Vəleyi-Fəqihin” nümayəndəliyi və s. göstərmək olar. 1990-cı illərdə Azərbaycanın xüsusilə cənub zonalaırnda bir çox İranlı din xadimləri məscidlərdə dini ayinlər həyata keçiridilər. Məhz bu səbəbdən də Dini Etiqad Azadlığı haqqında qanunun 21-ci maddəsinə əlavə edilmiş və İslam dininə aid ayin və mərasimlərin aparılması yalnız Azərbaycan Respublikasında təhsil almış Azərbaycan Respublikasının vətəndaşlarına icazə verilmişdi. 2015-ci ildə isə həmim maddə daha da sərtləşdirilmiş və xaricdə təhsil almış şəxslərin İslam dininə aid ayin və mərasimlər aparması qadağan edilmişdir.

Zaman keçdikcə İranda din təhsili alan şəxslərin Azərbaycanın dini mühitinə təsirinin artması ilə yanaşı, onların ictimai-siyasi fəaliyyətləri də müşahidə edilməyə başladı. 1991-ci ildə yaradılmış və 1995-ci ildə dövlət qeydiyyatı rəsmən ləğv edilmiş Azərbaycan İslam Partiyasının ilk lideri İranın xeyrinə casusluq ittihamı ilə həbs olunmuşdu. Sonrakı illərdə fəaliyyətini qeyri-qanuni davam etdirən bu partiyanın sonuncu sədri, terrorçuluq və hakimiyyəti zorla ələ keçirmə ittihamları ilə həbs olunmuş Mövsüm Səmədov İranda təhsil almışdır. Milli Mənəvi Dəyərlər İctimai Birliyinin qurucusu İranda təhsil almış Abgül Süleymanov 2011-ci ildə Təhsil Nazirliyinin dövlət məktəblərində uniforma tətbiq etməsi ilə məktəblərdə hicabın qadağan edilməsinə qarşı qeyri-qanuni aksiyaların təşkilatçısı olmuş, həmin aksiyalarda polislə toqquşmalar baş vermiş və yaralananlar olmuşdu. Nəhayət, 2015-ci ilin noyabrında Bakının Nardaran kəndində 2-i polis olmaqla 7 nəfərin ölümü ilə nəticələnmiş Daxili İşlər Nazirliyi tərəfindən keçirilmiş əməliyyat zamanı ilahiyyatçı Tale Bağırov həbs edilmişdir. Respublikada ictimai-siyasi sabitliyi pozmaq, təxribatlar, kütləvi iğtişaşlar, terrorçuluq aktları törətməyi planlaşdıran və din pərdəsi altında fəaliyyət göstərən silahlı cinayətkar dəstə təşkil etməkdə ittiham olunan bu şəxs 2005-2010-cu illərdə Qumda təhsil almışdır.

Azərbaycanla tarixi yaxınlıq və qohumluq əlaqələri müstəqillikdən sonra Türkiyənin burada nüfuzunun güclənməsinə səbəb oldu. Müstəqilliyin ilk illərindən Türkiyənin ölkəyə dini təsirləri artmağa başlayır. Digər xarici qruplardan fərqli olaraq Türkiyəyə bağlı dini qrup və təşkilatlar Azərbaycanda daha rahat fəaliyyət göstərirlər. Türkiyənin dini məsələlərə məsul rəsmi dövlət qurumu olan Türkiyə Diyanət Başqanlığının Azərbaycandakı nümayəndəsi diplomatik statusa malikdir. Azərbaycanın müxtəlif bölgələrində Türkiyə tərəfindən tikilmiş 24 məscid mövcuddur. Məscidlər Diyanət Başqanlığı ilə yanaşı Nəqşibəndiyyə şeyxi Osman Nuri Topbaşa yaxınlığı ilə seçilən Gəncliyə Yardım Fondu tərəfindən də tikilmişdir. Türkiyədən Azərbaycana yayılmış digər təriqətçi cərəyanlardan biri nurçuluqdur. XX əsrin əvvəllərində Türkiyədə yaşamış Səid Nursinin tərəfdarları iki qola ayrılır: klassik nurçular və ya sunqurçular (Səid Nursinin tələbəsi Mustafa Sunqurun ardıcılları) və Gülən camaatı və ya Fətullahçılar (Fətullah Gülənın ardıcılları). Sunqurçular daha çox sırf dini təbliğatla məşğul olurlarsa Fətullahçılar ictimai-siyasi həyatın bütün sferalarına siraət etməyə çalışırlar. Sonuncular modern təhsil müəssisələri yaratmaqla cəmiyyətdə daha çox nüfuz agentləri formalaşdırırlar. Türkiyənin hazırki Prezidenti Rəcəb Tayyib Ərdoğanla Fətullah Gülənin münasibətlərinin korlanmasınadək Gülən camaatına bağlı “Çağ Oğrətim” şirkəti ölkənin müxtəlif bölgələrində 10 məktəb və bir universitet təsis etmişdi. Nurçuluğun bu qolu Azərbaycanda həmçinin geniş biznes və media şəbəkəsi də qurmuşdu. Gülənçi ideologiya “Nil” dəftərxana ləvazimatı mağazalar şəbəkəsi, “Burc FM” radiostansiyası, “Zaman” qəzeti, Samanyolu Televiziya kanalı vasitəsilə yayılırdı. 2014-cü ildə Ərdoğan-Gülən münasibətlərinin kəskinləşməsi fonunda Gülən camaatına aid olan bütün strukturlar bağlanmışdır.

Gənclik və təhsil

Azərbaycanda rəsmi fəaliyyət göstərən dini gənclər təşkilatı mövcud deyil. Mövcud dini qurumlar arasında gəncləri özünün hədəf qrupu seçən assosiasiyalara da rast gəlinmir. “Qafqaz Barometri 2013” sorğusundan görünür ki, Azərbaycanda  dindarlığın yayılması yaş qrupları üzrə ciddi fərqlənmir. 18-35 yaşlı respondentlərin yalnız 9%-i çox dindar olduqlarını bildirib.

 

Dini ayinlərdə iştirak üzrə isə gənclər digər yaş qruplarına nisbətdə daha az aktivlik göstərirlər. “Azərbaycanda sosial kapital, media və gender” sorğusuunun nəticələrinə görə 18-35 yaş qrupunda respondentlərin təxminən 45%-i dini ayinlərdə heç vaxt iştirak etmədiklərini və ya çox az iştirak etdiklərini bildirmişlər.

 

Göründüyü kimi Azərbaycanda dindarlığın orta səviyyəsi gənclər arasında digər yaş qrupları ya eyni ya da daha aşağıdır ki, bu da inkişaf etmiş ölkələrin orta statistik göstəricilərinə uyğun gəlir.

Müstəqillikdən sonra sərhədlərin açılması ilə çox sayda gənclər dini təhsil dalınca xarici ölkələrə üz tuturdular. Hesablamalara görə indiyədək 3000-ə yaxın azərbaycanlı Səudiyyə Ərəbistanı, Suriya, Liviya, Misir, Malayziya və İranda dini təhsil alıb.[22] Müşahidələr göstərir ki, son illərdə bu tendensiya zəifləyib. Buna təsir edən əsas səbəblərdən biri Dini Etiqad Azadlığı haqqında qanuna 2009-cu ildə edilmiş dəyişiklikdir ki, bu dəyişikliyə görə xaricdə İslam dini təhsili almış şəxslər ölkədə dini ayinlər həyata keçirə, din xadimi kimi fəaliyyət göstərə bilməzlər. Digər tərəfdən yuxarıda göstərildiyi kimi dini aktivlik insanlara sosial kapital qazandırmadığından və sosial strukturda şaquli mobillik təmin etmədiyindən gənclər rasional olaraq dinə çox meyllənmir.

Azərbaycan Respublikasının Konstitusiyasına görə dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır. Buna görə də dini təhsil müəssisələri təsis etmir. Dini etiqad azadlığı haqqında qanuna əsasən bu hüquq yalnız dini mərkəz və idarələrə aiddir. Ölkədə ali təhsil səviyyəsində din mütəxəssisləri Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi tərəfindən hazırlanır. 1992-ci ildən universitet kimi Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı İslam Universitetinin vaxtilə 4 filialı olsa da hazırda onlardan yalnız biri fəaliyyət göstərir. Zaqatalada yerləşən bu filial Gəncliyə Yardım Fondu tərəfindən maliyyələşdirilir və burada hənəfi fiqhi tədris olunur. Mövcud olduğu müddətdə BİU-nu 299 nəfər bitirib,  431 nəfər xaricdə təhsil almaq üçün göndərilıb. Türkiyə Diyanət İşləri Vəqfinin dəstəyi ilə yaradılmış Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsindən isə indiyədək 758 tələbə məzun olub.[23]

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 11 mədrəsə dini təhsil müəssisəsi kimi qeydiyyatdan keçib. Onlardan biri Bakıda fəaliyyət göstərən “Şəbnəm” mədrəsəsi yalnız qızlar üçün nəzərdə tutulub. Ölkədə 155-ə yaxın Quran kursları fəaliyyət göstərir. Qanunvericiliyə əsəsan Quran kurslarının yaradılmasına Qafqaz Müsəlmanları İdarəsi icazə verməlidir. Lakin QMİ tərəfindən heç bir kursun yaradılması üçün rəsmi icazə verilməyib, eyni zamanda fəaliyyət göstərən kurslar da qadağan edilməyib.

Göründüyü kimi ölkədə xeyli insan ali və orta ixtisas təhsili səviyyəsində din təhsili almışdır. Buna baxmayaraq Azərbaycanda mövcud olan 2166 məscidə din xadimlərinin təyin olunması üçün Qafqaz Müsəlmanları İdarəsi problemlərlə üzləşir. Bu da əsasən məscidlərin yerləşdikləri ərazilərdə yerli din xadimlərinin olmamasından və xaricdə din təhsili almışların dini ayinlərin həyata keçirməsi ilə bağlı qadağadan irəli gəlir.

İstinadlar

[1] Алескерова Н. Ислам в Азербайджане: история и современность. Получено из https://ge.boell.org/en/2005/01/16/islam-v-azerbaydzhane-istoriya-i-sovremennost#_ftnref42

[2] Тадеуш Святоховский. Русское правление, модернизаторские элиты и становление национальной идентичности в Азербайджане. – Сборник: «Азербайджан и Россия: общества и государства». – Москва, 2001, с. 34-35

[3] Religious Belief and National Belonging in Central and Eastern Europe. http://www.pewforum.org/2017/05/10/religious-belief-and-national-belonging-in-central-and-eastern-europe/ 11 may 2017-ci iləd əldə edilmişdir.

[4] Pew Tədqiqat Mərkəzinin Dini Müxtəliflik İndeksinə görə Azərbaycan əhalisinin 96.9%-i müsəlmandır.

[5] Dini sahə ilə bağlı statistik rəqəmlər . http://scwra.gov.az/pages/32/?

[6] Абасов Али. Ислам в современном Азербайджане: Образы и реалии. Сборник «Азербайджан и Россия: общества и государства”. Москва, 2001. S. 283.

[7] Allport, G.W., & Ross, J.M. (1967). Personal religious orientation and prejudice. Journal of Personality and Social Psychology, 5, 432-443.

[8] Bu barədə bax: Hill, P. C.& Dwiwardani, C. (2010). Measurement at the interface of psychiatry   and religion: Issues and existing measures. In Peter J. Verhagen         (Ed.), Psychiatry and religion: Pushing back the boundaries. Explorations at the interface. London: John Wiley&Sons, Ltd.

[9] Cornell, Svante E. 2011. Azerbaijan Since Independence. Armonk: M.E. Sharpe. S.272-274

[10] Solt, Frederick, Philip Habel, and J. Tobin Grant. 2011. “Economic Inequality, Relative Power, and Religiosity.” Social Science Quarterly 92(2):447-465.

[11] Glock, Charles Y. 1964. ‘‘The Role of Deprivation in the Origin and Evolution of Religious Groups.’’ S. 24–36, burada: Robert Lee and Martin E. Marty, eds., Religion and Social Conflict. Oxford: Oxford University Press.

[12] Norris, Pippa, and Ronald Inglehart. 2011. Sacred and secular: religion and politics worldwide. Cambridge, UK: Cambridge University Press. S.13

[13] Verba, Sidney, Kay Lehman Schlozman, and Henry E. Brady. 1995. Voice and equality: civic voluntarism in American politics. Cambridge, Mass: Harvard University Press.

[14] Norris, Pippa, and Ronald Inglehart. 2011. Sacred and secular: religion and politics worldwide. Cambridge, UK: Cambridge University Press. S.13-27

[15] Kuru, Ahmet T. 2009. State policies toward religion: the United States, France and Turkey. Cambridge: Cambridge University Press. S.11-15

[16] Iannaccone, Laurence R. 1998. Introduction to the Economics of Religion. Journal of Economic Literature, Vol. 36, No. 3. (Sep., 1998), s. 1465-1495

[17] Stark, Rodney, and Roger Finke. 2000. Acts of Faith: Explaining the Human Side of Religion. Berkeley, CA: University of California Press.

[18] Religious Belief and National Belonging in Central and Eastern Europe. National and religious identities converge in a region once dominated by atheist regimes. Pew Tədiqaqat Mərkəzinin Hesabatı. 10 may 2017-ci il. Buradan əldə edilmişdir: http://www.pewforum.org/2017/05/10/religious-belief-and-national-belonging-in-central-and-eastern-europe/#

[19] Musayeva Şəhla. Azərbaycanda dövlət-din münasibətləri.//Bakı Dövlət Universiteti İlahiyyat fakültəsinin Elmi Məcmuəsi. №14 Sentyabr 2010. S.207-223

[20] Azərbaycanda hansı ölkə nə qədər məscid tikdirib? 13 may 2017-ci ildə əldə edilib: http://modern.az/az/news/127339#gsc.tab=0

[21] 900-dək azərbaycanlı İraq və Suriyada terrorçulara qoşulub –DTX rəisi. // http://strateq.az/aktual/148042/900-d%C9%99k-az%C9%99rbaycanli-iraq-v%C9%99-suriyada-terrorculara-qosulub.html

[22] İsmayılov Gündüz. Azərbaycanda dini məsələ: Təhdidlər və hədəflər ideoloji, milli, ictimai təhlükəsizlik müstəvisində. Bakı. 2016. “Nəşriyyat XXI əsr”. S.156.

[23] İsmayılov Gündüz. Azərbaycanda dini məsələ: Təhdidlər və hədəflər ideoloji, milli, ictimai təhlükəsizlik müstəvisində. Bakı. 2016. “Nəşriyyat XXI əsr”. S.99-103.

 

Müəllif : Nicat Məmmədli
Mənbə : bakuresearchinstitute

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur