bir-cenub-seherinin-dunya-vetendasi
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-06-20 /Oxunma Sayı: 651

Bir cənub şəhərinin dünya vətəndaşı

Vətən daşları

 

Onun əsərlərinin qəhrəmanları saf, səmimi, sözünə, davranışına cavabdeh, mühüm addım atmaqdan çəkinməyən,

ləyaqətli, namuslu, vicdanlı sıravi vətəndaşlardır.

 

Valya: - Mən səni hətta haqqında çox dəhşətli bir şey öyrəndiyim halda da sevə bilərəm...

Eldar: - Hətta mənim yaramaz olduğumu aşkar etsən də?

Valya: (çox ciddi): - Hə.

Eldar (gülür): - Təəssüf ki, bunu yoxlamaq mümkün deyil. Hər dəfə üzümü təraş edərkən güzgüyə rahat baxmaq

imkanım mənə o dərəcədə dəyərlidir ki, sənə təbiətinin genişliyini ifadə etmək imkanını yarada biləcəyim çətin

məsələdir”.

(“Qumluqdakı ev” pyesindən).

 

Və belə misallar çoxdur – Murad (“Şirəbənzər”), alay oğlu Kostya (“Unudulmuş avqust”), Murad (“9-cu Xrebtovı”), Seyfi və Murad (“İstintaq”), Suxov və Abdulla (“Səhranın bəyaz günəşi”), Əli və Mustafa (“Ad günü”), Murad (“Yaşıl qapı arxasında qadın”), Ənvər (“İşgüzar səfər”), Marat (“Park”), Yusif (“Ölsəm, bağışla”)...

Bu cür Vətən daşlarının müəllifinin “Nizami” Kino Mərkəzindəki vida mərasiminə qənaətlərinə, prinsiplərinə sadiq, haqqı nahaqqın ayağına verməyən insanların alnıaçıq, üzüağ gəlməsi, (özünün dediyi kimi “...elə yaşamaq lazımdır ki, dəfninə ləyaqətli adamlar gəlsinlər...”) qəhərdən boğulması, hönkürməsi mərhumun ruhunun birmənalı şəkildə təntənəsi idi.

 

Mədəniyyət naziri Anar Kərimov: “Bizim mədəniyyətimiz üçün böyük bir itki baş

verib. Kədərli günlərimizdən biridir. Azərbaycan mədəniyyətinin və incəsənətinin ən

görkəmli şəxsiyyətlərindən, parlaq simalarından biri, Rüstəm İbrahimbəyovu itirmişik.

Onun yaradıcılığı və fəaliyyəti barədə çox danışmaq olar. Həm Azərbaycan, həm də

dünya mədəniyyətinin zənginləşməsində onun əsərlərinin böyük rolu olub. Yazdığı

əsərlərlə həm bizim mədəniyyətimizi zənginləşdirib, həm də onu dünyada tanıtmağa

nail olub. Təbii ki, Azərbaycan kinosu deyəndə, bizim yadımıza onun şəxsiyyəti gəlir”.

 

2002-ci ildə keçirilən V “Şərq-Qərb” (festivalın adı R.Kiplinqin vaxtilə dediyi “Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç vaxt bir yerdə ola bilməzlər” fikrinə Bakımızın zatən müxalif olduğunu bir daha bəlirtmək üçün seçilib) Beynəlxalq Kinofestivalından bəri mədəniyyət yazarı olaraq hər il iştirak etdiyim sözün əsl mənasında bu kino bayramının, dünyanın seçilmiş müasir ekran əsərlərinin, dəyərli kino xadimlərinin “paradının” sonuncusunun, 2009-cu ildə baş

tutan XI “Şərq-Qərb”in reallaşmasının ilk günündə, Heydər Əliyev Sarayındakı açılış mərasimində festivalın təsisçisi və prezidenti dramaturq, rejissor, prodüser, Azərbaycanın Xalq yazıçısı, Amerika Kino İncəsənəti Akademiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov demişdi: “Çox arzulayıram ki, “Nizami”

kinoteatrı ən yüksək səviyyədə təmir və bərpa edilib “Nizami” Kino Mərkəzi kimi fəaliyyətə başlasın, biz də festivalımızı orda daha mükəmməl səviyyədə keçirək...”.

 

“Nizami” Kino Mərkəzi əsaslı və zövqlə aparılmış təmir-bərpa işlərindən sonra fəaliyyətini 2011-ci ildə bərpa etdi... 2012-ci ilin yayında isə Rüstəm İbrahimbəyovun sənət dostu, Polşa kinosunun canlı klassiki Kşiştof Zanussi Bakıya gəldi. Səfərin məqsədi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bazasında kinorejissorlar üçün ustad dərslərini keçirmək idi. Bu təcrübə mübadiləsi Prezident İlham Əliyevin 4 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq

edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilirdi. “Nizami” Kino Mərkəzində təşkil edilmiş mətbuat konfransından sonra ondan aldığım eksklüziv müsahibənin “Siz ilk dəfə deyil ki Bakıdasınız. Ona görə şübhəsiz, Azərbaycan və Azərbaycan kinematoqrafı haqqında artıq müəyyən təsəvvürünüz formalaşıb” qeydimə pan Zanussi belə cavab vermişdi: “Ümumiyyətlə, hesab edirəm ki,

Azərbaycanda mədəniyyət sahəsində ən görkəmli sima Rüstəm İbrahimbəyovdur. Bir şəxsdə ssenari müəllifi, dramaturq, kinorejissor, teatr rejissoru, prodüsser kimi keyfiyyətlərin bu dərəcədə yüksək səviyyədə birləşməsi nadir haldır. Olduqca az ölkə tapmaq olar ki, dərin, daxili mədəniyyətə malik, üstəlik vətəninə hələlik yeganə “Oskar”ı bəxş etmiş (Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi 1994-cü ildə “Ən yaxşı əcnəbi filmi” nominasiyasında qalib gələrək Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb – red.) belə bir dahisi ilə fəxr etmək imkanına malik olsun. Mənim Azərbaycanla tanışlığım da məhz onun sayəsində baş tutub - təşkil etdiyi “Şərq-Qərb” kinofestivalının Münsiflər Heyətinin üzvü kimi Bakıya dəvət olunanda... Əslində, Azərbaycan kinosu haqqındakı təsəvvürüm də Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. Bu adın nəinki Azərbaycan, dünya

kinematoqrafı üçün necə böyük əhəmiyyət kəsb etdiyini isə bildirdim”.

 

Ədəbiyyat, teatr və kino Adamı

 

Onu yalnız ədəbiyyata, yalnız kinoya və ya yalnız teatra aid etmək mümkün deyil. Ədibliyi, yazıçılığı kinodramaturgiyasını, kinorejissorluğunu, kinoprodüserliyini, ssenariçiliyini ikinci plana keçirmir, teatr dramaturgiyası, rejissorluğu, teatr rəhbərliyi bunların heç birinə uduzmur, biri digərini kölgədə qoymur. Bu sırada hətta ilk ixtisası olan dəqiq elmlər də var – Rüstəm İbrahimbəyov 1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirəndən sonra təhsilini Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasında davam

etdirib, bir neçə elmi məqalənin müəllifidir.

Rüstəm İbrahimbəyovun müəllifi olduğu 15 pyes dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub – “Yaşıl qapı arxasındakı qadın”, “Kaliforniyada dəfn”, “Qumluqdakı ev”, “Şirəbənzər”, “İlmə” və sair.

1981-ci ildə mərhum Prezident Heydər Əliyevin dəstəyi sayəsində ərsəyə gəlib ekranlara çıxan “İstintaq” ekran əsəri SSRİ Dövlət mükafatına layiq görülmüş yeganə Azərbaycan filmidir.

“Urqa – məhəbbət ərazisi” (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da “Cənnətə bağlı” (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə “Amerika film”də Oskar mükafatına namizədliyi irəli sürülüb.

Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə “Ən yaxşı xarici dilli film” kimi Oskar mükafatına, Münsiflərin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.

Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.

1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub.

Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi indiyə qədər tamaşaçı marağını saxlamaqdadır.

 

2000-ci ildə İşıl Özgentürklə birgə yazdığı ssenari əsasında türkiyəli kinematoqrafçılar “Balalayka”, 2004-cü ildə isə qazax kinematoqrafçıları onun ssenarisi əsasında (prodüseri də özü idi) “Köçəri” filmini ərsəyə gətirdilər. Hər iki film “Şərq-Qərb” kinofestivalı çərçivəsində “Azərbaycan” kinoteatrında böyük uğurla nümayiş etdirilmişdi.

Ssenari müəllifi və rejissor olaraq (Eldar Şengelaya ilə birgə) sonuncu filmi gerçək əhvalatdan qaynaqlanan və deməli, gerçək simaları, real hadisələri göstərən “Qafqaz triosu” filmi oldu...

2001-ci ildə yaratdığı “İbRus” teatrı Azərbaycanın kamera teatrı estetikasında yeni səhifə açdı. Ən müxtəlif dövr və əsərlərə müraciət edib onları öz prizmasından keçirib elə təqdim etdi ki, teatr fəaliyyətinin bu səhifəsi də “oxunaqlı” və ən əsası ibrətamiz oldu. Rüstəm İbrahimbəyov “İbRus”da “Şirəbənzər”, “İvan Buninin sonuncu qarşıdurması”, “Tartüf Ağayeviç” kimi səhnə əsərlərinə quruluş verir, teatrın Azərbaycan aktyorlarından təşkil edilmiş truppası

paralel olaraq həm Bakıda, həm də Moskvada fəaliyyət göstərirdi. on ildən artıq müddət ərzində “İbRus” teatr aləmində Azərbaycanla dünya arasında ən dayanıqlı körpülərdən idi. Bu teatrın bərpası yaradıcısının mədəniyyətimizdəki misilsiz xidmətinə layiqli töhfə olar; Rüstəm İbrahimbəyov adına hüzn, keçmiş zaman kimi məfhumlar yaraşmasa da...

 

Azərbaycan Kinematoqrafçılar İttifaqı

 

1981- ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının V qurultayında qurumun İdarə Heyətinin birinci katibi kinodramaturq Rüstəm İbrahimbəyov seçilir. R.İbrahimbəyovun ömrünün sonunadək rəhbərlik etdiyi bu kino təşkilatında sələfi Həsən Seyidbəylinin yoluna sadiq qalaraq kino yaradıcılığında peşəkarlıq, kino qurumuna rəhbərlikdə mütərəqqi amalları gerçəkləşdirmək yolunda Kinematoqrafçılar İttifaqı İdarə Heyəti katibliyi Azərbaycan milli filmlərinin müsabiqəsini təsis etmiş (1990-cı illərdə bu müsabiqə “Qızıl Çıraq” adını almışdı, 2006-cı ildən isə “Qızıl Çıraq” Milli Kino Mükafatı olaraq hər il 2 Avqust – Milli Kino Günündə təqdim edilirdi), 1996-cı ildə MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dayağı sayəsində Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən “Şərq-Qərb” Beynəlxalq Kino Festivalını təşkil

etmişdi. əvvəllər Festivallar festivalı – “Filmfest” adı altında keçirilən bu kinoparad fəaliyyət konsepsiyasına, yəni son bir ildə dgər festivallarda uğur qazanmış filmlərin Bakı nümayişini təmin etmək xüsusiyyətinə uyğun olaraq 1999-cu ildə “Şərq-Qərb” adlandırılıb. Mərhum prezident Heydər Əliyevin 23 oktyabr 2001-ci il tarixli sərəncamı ilə festival ənənəsi statusu qazanıb. Nüfuzlu “Şərq-Qərb” kinofestivalı sonuncu dəfə 2009-cu ildə baş tutub. Rüstəm

İbrahimbəyov respublikada kinematoqrafiya fəaliyyətini nizamlayan qanunvericilik bazasının formalaşması təşəbbüsü ilə çıxış etmişdir; 1998-ci ildə AR Milli Məclisi “Kino haqqında” qanunu qəbul etdi.

2007-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında” 23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) təsis olundu. Kino Məktəbinin tələbələri beş bölmədə təhsil alırlar: “Kinorejissorluq”, Kino dramaturgiya”, Prodüserlik”, “Kinoşünaslıq”, “Aktyor sənəti”,

“Animasiya və multimedia”. Ölkənin və dünyanın bir çox görkəmli kino xadimləri həm ustad dərslərində, həm də adi məşğələlərdə, dərs saatlarında bu kino peşələrinin sirlərini gənc kinematoqrafçılara öyrədirlər. Rüstəm İbrahimbəyov vəfatından bir neçə ay əvvəl mütəmadi Bakıya gəlib dərslərini keçirdi. Kino məktəbinin fəaliyyətinin davamı hər hansı

mükazirədən kənardır.

2008-ci ildə AKİ sədrinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutdu - ölkə başçısı Rüstəm İbrahimbəyovun təklif etdiyi 2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət proqramı”nı təsdiqlədi.

 

Onun qarşıya qoyduğu məqsəd

 

Kinorejissor, ssenariçi, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov (məxsusi “Mədəniyyət/Culture” üçün): “Onunla əyani tanışlıq sürpriz olmadı, çünki əsərləri vasitəsilə çox tədqiq etmişdim. Tanışlıq isə o mənim filmlərimə baxandan sonra oldu - özü zəng etdi, xoş sözlər dedi, təkliflər verdi. İdarə Heyətinə üzv seçiləndə isə mən icalsda deyildim, katibliyə seçilməyim sürpriz oldu. O, adam tanıyan idi. Onun həyat taktikası

hücum idi. Hətta İttifaqla bağlı xahiş məktubu yazanda düzəlişlər edirdi ki, xahiş tonunda olmasın, təklif olsun, istədiyiniz iş kinomuzun xeyrinədirsə, deməli hamıya lazımdır. Mənə elə gəlir bu onun müharibə sonrası Bakı məhəllələrindəki gəncliyi ilə, boksçu təcrübəsi ilə bağlıdır.

Bir dəfə soruşdum, necə olur, sırf təşkilatı işlərin dalğasındaykən tez bir zamanda yaradıcı dalğaya köklənə bilirsiniz. Dedi, mən axı yaradıcı dalğadan çıxmıram. Mən həmişə yaradıcı dalğada oluram, sadəcə o dalğada ola-ola təşkilati işləri də edirəm. 83 yaşında da 45 yaşlı idarəçi kimi işləyirdi. Bir tərəfdən bu valeh edirdi, başqa tərəfdən çətinliklər də yarada bilərdi. O, tamaşalara quruluş vermiş rejissor kimi hər hansı bir layihəni, tədbiri tamaşa kimi görürdü və mahir rejissor kimi quruluş verirdi.

Onun İttifaqın qarşısında qoyduğu məqsəd – kino həyatımızı bütünlüklə müəyyən edə biləcək gücdə olmaq idi. İttifaq o qədər nüfuz qazanmalıdır ki, kinorejissor məmurdan asılı olmasın, əksinə məmur kinomuzun inkişafı üçün xidmət etsin”.

 

Paralel məfhumlar

 

Qışın son ayında, 1939-cu il fevralın 5-də dünyaya gəlib baharın birinci ayında, 2022-ci il martın 11-də haqq dünyasına qovuşdu. Sanki qışda dünyaya gəlmişdi ki, solmayan yaradıcılıq irsi, vətəndaşlıq və şəxsiyyət nümunəsi olsun, baharda əbədiyyətə qovuşdu ki, bunun məhz belə olduğunu bir daha xatırlatsın.

“...Elə çalışmaq istəyirəm ki, mətnlərimdə şifrələnmiş enerji oxucuya və tamaşaçıya əlçatan olsun. Yazıçılıq və

publisistika ilə məşğul olarkən mən yalnız bir vətəndaş olaraq sərbəst düşünmək hüququmu gerçəkləşdirirəm.

Cavanlıqdan belə yaşamağa adət etmişəm və hamı bilir ki, əsərlərimin uğura aparan yolu heç də hamar olmayıb...” -

Rüstəm İbrahimbəyov.

Necə çalışmaq istəyirdisə, o cür də çalışdı, yaşadı, yaratdı. Sənətə, işə sadiqliyin nümunəsinə çevrildi. Yer kürəsinin paralellərindən vətəninin və özünün adını paralel keçirən dünya vətəndaşı azərbaycanlı yaradıcı insan olaraq onun ədəbiyyat, teatr, kino, pedaqogikada qoyub getdiyi iz silinməzdir. Bu iz zövq və peşəkarlıq nümunəsidir. Başqa sözlə, biz özümüzü bir daha onun xoşbəxt müasirləri hesab edə bilərik. Bu xoşbəxtliklərin səbəblərinə layiq olmağı

unutmamağı arzulayaq özümüzə....

 

Samirə Behbudqızı

Paylaş: