birinci-dusunme-subhe-altina-alina-bilen-seyler-haqqinda
Müəllif: Anar Cəfərov /Tarix: 2022-01-02 /Oxunma Sayı: 394

Birinci düşünmə. Şübhə altına alına bilən şeylər haqqında

Oxucularımıza Rene Dekartın Birinci fəlsəfə haqqında düşünmələr (Meditationes de prima philosophia) əsərinin ilk fəslinin latın dilindən Azərbaycan dilinə tərcüməsini təqdim edirik.

Dr. Anar Cəfərov

Bir neçə il əvvəl fərqinə vardım ki, uşaqlıq vaxtlarından nə qədər yanlışı doğru kimi qəbul etmişəm və sonralar onların üzərinə qurduğum düşüncələrin hamısı nə qədər şübhəlidir; buna görə, əgər mən nə zamansa elmdə nəyisə möhkəm və qalıcı qurmaq istəyirəmsə, (bu düşüncələrin) hamısı həyatda bir dəfə əsaslı şəkildə dağıdılmalı və yenidən ilk əsasdan başlanılmaldır. Ancaq bunlar mənə olduqca böyük bir iş kimi görünürdü və mən elə yetkin yaşa qədər gözlədim ki, elmi dərk etmək üçün ondan sonra daha yararlı illər gəlməyəcəkdi. Bu səbəbdən o vaxta qədər ləngidim ki, əgər ondan sonra fəalliyyət üçün qalan zamanı tərəddüdə istifadə etsəydim, günah edəcəkdim. Beləliklə, bu gün mən münasib olaraq zehnimi bütün qayğılardan azad etmişəm və özümə asudə vaxt ayırmışam; təkliyə çəkilirəm, nəhayət özümü ciddi və sərbəst şəkildə düşüncələrimin əsaslı olaraq dağıdılmasına həsr edəcəm.

Hərçənd bunun üçün düşüncələrin hamısının yanlış olmasını göstərmək zəruri olmayacaq, çünki buna yəqin heç zaman nail ola bilmərəm. Bununla belə, indi ağıl deyir ki, tam qəti və şübhəsiz olmayan düşüncələri qəbul etməkdən aşkar yanlış olanlar qədər aralı durmaq lazımdır; əgər düşüncələrdə şübhə üçün hansısa bir əsas tapılacaqsa, bu, onların hamısını rədd etmək üçün kifayət edəcəkdir. Düşüncələrin hamısını ayrılıqda nəzərdən keçirmək də lazım olmayacaq – hansı ki, bu, sonsuz bir iş olardı; ancaq əsaslar dağıdıldıqdan sonra onların üzərində qurulmuş hər bir şey öz-özünə dağıldığından mən birbaşa əvvəllər inandığım hər şeyin söykəndiyi əsasların özünün üzərinə gedəcəm.

Əlbəttə, indiyə qədər tam olaraq doğru qəbul etdiyim hər bir şeyi ya duyğulardan, ya da duyğular vasitəsi ilə əldə etmişəm. Hərçənd aşkar etmişəm ki, duyğular hərdən yanıldır; müdriklik isə bir dəfə də olsun bizi aldatmış şeylərə heç zaman tam olaraq inanmamağı deyir.

Ancaq baxmayaraq ki duyğular bizi çox kiçik və uzaqda olan şeylərlə bağlı hərdən yanıldır, başqa şeylər də var ki (hərçənd, onlar da duyğulardan yaranırlar), onlar haqqında şübhə etmək tamamilə mümkünsüzdür: məsələn, mənim indi burada olmağım, ocaq kənarında oturmağım, qışlıq xalat geyinməyim, bu yazıya əllərimlə toxunmağım və s. Axı bu əllərin özünün və bütün bu bədənin mənim olduğu nə cür inkar edilə bilər? Ola bilsin, onda, bilmirəm, özümü gərək beyni qarayaranın təsirindən zədələnmiş elə dəlilər ilə müqayisə edim ki, onlar çox kasıb olduqları halda özlərinin eləcə kral olduqlarını, lüt olduqları halda al-qırmızı xalat geydiklərini, gil başa malik olduqlarını, tamamilə balqabaq olduqlarını və ya şüşədən düzəldiklərini iddia etsinlər; ancaq onlar ruhi xəstədirlər, əgər mən onlardan özümə nümunə kimi nəsə götürsəydim, özüm onlardan heç də az dəli hesab olunmazdım.

Çox pakizə! Sanki mən gecələr yatmağa və o dəlilərin oyaq yaşadıqları hər şeyi – hərdən hətta həqiqətə az bənzəyən şeyləri – yuxularda görməyə adət edən insan deyiləm. Axı nə qədər tez-tez olur ki, əslində paltarlarımı soyunmuş halda çarpayıda uzandığım zaman – gecələr yuxuda ikən – burada olmağım, xalat geyinməyim, ocaq kənarında oturmağım kimi adi şeylər etdiyimdən əmin oluram! Ancaq, əlbəttə, indi ayıq gözlərlə bu kağıza baxıram; tərpətdiyim bu baş yuxulu deyil; əlimi qəsdən, bilərəkdən açıram və hiss edirəm. Bunlar yatan birisinə belə aydın verilmir. Doğrudan da, sanki xatırlamıram ki, əvvəllər yuxularda oxşar düşüncələrlə aldanmışam. Bunun üzərində diqqətlə düşündükcə, açıq-aşkar görürəm ki, ayıq vəziyyət heç bir etibarlı işarətlə yuxudan fərqləndirilə bilməz. Bu, məni heyrətləndirir və heyrətin özü “yuxuda ola bilərəm” fikrini mənə, demək olar, təsdiq edir.

Təsəvvür edin ki, biz yuxudayıq, nə bu xüsusiyyətlər – gözlərimizi açmağımız, başımızı tərpətməyimiz, əlimizi uzatmağımız – nə də, ola bilsin, belə əllərə və bütün bu bədənə malik olmağımız həqiqət deyil. Ancaq, əlbəttə, qəbul edilməlidir ki, yuxudakı görüntülər, sanki, yalnız gerçək şeylərə oxşar olaraq yaradıla bilmiş çəkili şəkil kimidir və buna görə ən azı bu ümumi şeylər – gözlər, baş, əllər və bütün bədən – hansısa təsəvvür olunan şeylər deyil, gerçək olaraq mövcuddur. Çünki əslində rəssamlar özləri sirena və satirləri ən qeyri-adi formalarda yaratmağa cəhd edəndə belə, onlara tamamilə yeni görünüş verə bilmirlər, yalnız müxtəlif heyvanların orqanlarını birləşdirirlər. Yaxud onlar, ola bilsin, elə yeni bir şey icad etsələr ki, həmin şeyə tamamilə oxşar olan heç nə görülməmişdir və bu səbəbdən tamamilə qondarma və saxtadır, onda, əlbəttə, ən azı onun çizilmiş olduğu rənglər gerçək olmalıdır. Eynilə, baxmayaraq ki, hətta bu ümumi şeylər – gözlər, baş, əllər və s. – təsəvvür oluna bilər, yenə də qəbul edilməlidir ki, ən azı müəyyən başqa daha da sadə və daha da ümumi şeylər zəruri olaraq gerçəkdir. Gerçək rənglərdə olduğu kimi, ya yanlış, ya doğru, bütün bu şeylərin təfəkkürümüzdəki obrazları onlardan formalaşır.

Görünür, ümumilikdə cismani təbiət və onun yertutumu – həmçinin ölçülü şeylərin forması, kəmiyyəti və ya onların böyüklüyü və sayı, mövcud olduqları yer, davam etdikləri zaman və s. – ümumi şeylərə aiddir.

Ona görə buradan belə nəticə çıxarmağımız, ola bilsin, yanlış olmaz ki, fizika, astronomiya, tibb və mürəkkəb şeyləri öyrənməkdən asılı olan bütün başqa fənlər əslində şübhəlidir. Hərçənd arifmetika, həndəsə və başqa bu qəbildən olan fənlərdə – hansılar ki yalnız ən sadə və ən ümumi şeyləri öyrənirlər və şeylərin təbiətində onların olub-olmaması ilə çox az maraqlanırlar – qəti və şübhəsiz olan nəsə var. Çünki mən ha yatdım, ha oyaq oldum, ikinin üstünə üç gələndə beş edir və kvadratın dörddən artıq tərəfi olmur; görünür, qeyri-mümkündür ki, belə aydın həqiqətlər yanlış olma şübhəsi altına düşsün.

Hərçənd ağlımda köhnə bir fikir lövbər salıb ki, hər şeyə qadir Allah var və o, məni indi necə varam, elə yaradıb. Ancaq mən haradan bilirəm ki, o, elə etməyib ki, nə torpaq, nə göy, nə yertutumu, nə forma, nə ölçü, nə də yer, ümumiyyətlə, mövcud olmasın; yaxud o, elə etməyib ki, bütün bunlar indi mənə göründüyündən fərqli olmayaraq mövcuddur. Bundan əlavə, başqalarının mükəmməl bildikləri şeylərlə bağlı səhv etdiklərini hərdən düşündüyüm kimi, hər dəfə ikinin üstünə üç gələndə və ya kvadratın tərəflərini sayanda və ya nəsə başqa, təsəvvür oluna biləcəksə, daha asan bir şeydə aldana bilmərəmmi? Ancaq, yəqin Allah istəməz ki, mən belə aldanım – axı deyilir ki, o, olduqca mərhəmətlidir. Hərçənd, əgər o, öz fəzilətinin əleyhinə çıxaraq məni elə yaratsaydı ki, mən həmişə aldanım, onda hərdən aldanmağıma icazə vermək də bu fəzilətə eyni dərəcədə yad gələrdi; amma sonuncu iddia edilə bilməz.

Əlbəttə, ola bilsin, elələri də var ki, digər şeylərin şübhəli olduğuna inanmaqdansa, belə güclü Allahı inkar etməyə üstünlük versinlər. Ancaq gəlin onlarla mübahisə etməyək və fərz edək ki, Allah haqqında deyilənlərin hamısı yanlışdır. Onların fikrincə, indiki vəziyyətimə ya qismət, ya təsadüf, ya hadisələrin ardıcıl olaraq əvəzlənməsi, ya da ki hansısa başqa vasitə ilə gəlib çatmışam; bununla belə, yanılmaq və səhv etməyin qeyri-kamillik hesab edilməsi səbəbindən onlar mənim mənşəyimin müəllifini nə qədər az gücə malik hesab edərlərsə, bir o qədər çox ehtimal var ki, həmişə aldanacağım qədər qeyri-kamil olum. Bu arqumentlərə qarşı verəcək cavabım yoxdur. Hərçənd nəhayət qəbul etməyə məcburam ki, əvvəllər həqiqi hesab etdiklərimdən heç bir şey yoxdur ki, onun haqqında şübhə etmək mümkün olmasın. Bu, ehtiyatsız və tələsik nəticə deyil, inandırıcı və yaxşı düşünülmüş əsaslar üzərindədir. Buna görə, əgər nəyisə qəti olaraq aşkar etmək istəyirəmsə, gələcəkdə doğru dəyərləndirmələrdən aşkar yanlışlardan az olmayaraq kənar durmalıyam.

Ancaq bunu nəzərə almış olmaq hələ kifayət etmir, məni aşağıdakını da yadda saxlamaq qayğılandırmalıdır: adəti düşüncələrim tez-tez geri qayıdır və hətta iradəmin əksinə olaraq, uzunmüddətli vərdiş və tanışlıq səbəbindən onlara bağlı zehnimi ələ alır. Nə qədər ki bu düşüncələri əslində olduğu kimi qəbul edirəm, onlarla razılaşmağı və onlara inanmağı heç zaman tərgitməyəcəm – yəni indicə göstərildiyi kimi, baxmayaraq ki onlar müəyyən dərəcədə şübhəli düşüncələrdir, şübhəli olduqlarından daha çox inanılasıdırlar; o düşüncələrə inanmaq daha çox ağıla uyğundur, nəinki onları mübahisələndirmək. Ona görə, düşündüyüm kimi, əgər iradəmin əleyhinə olaraq özümü tamamilə aldatsam, bütün bu düşüncələri bir müddət yanlış və xəyali olaraq təsəvvür etsəm, pis hərəkət etmərəm, o vaxta qədər ki hər iki tərəfdəki önyarqıların çəkisi bərabərləşmiş kimi olsun və daha heç bir pis vərdiş mənim düşüncəmi şeyləri düzgün qavramaqdan yayındırmasın. Zira bilirəm ki, bundan bu arada heç bir təhlükə və ya yanlışlıq nəticə olaraq hasil olmayacaq; həmçinin bilirəm ki, mən inamsızlıqla çox uzağa gedə bilmərəm, çünki indi fəaliyyətdən deyil, yalnız dərketmədən yanayam.

Beləliklə, fərz edəcəm ki, kamil və həqiqətin mənbəyi olan Allah deyil, eyni dərəcədə gücə və qüdrətə malik olan hansısa pisniyyətli dahi bütün gücünü məni aldatmağa yönəltmişdir. Belə güman edəcəm ki, səma, hava, yer, rənglər, formalar, səslər və bütün xarici nəsnələr yuxu aldatmalarından başqa bir şey deyil – dahi bunlar vasitəsi ilə mənim təsəvvürlərimi yanıltmağı qarşısına məqsəd qoyub. Fərz edəcəm ki, sanki mən əllərə, gözlərə, bədənə, qana, hansısa hisslərə malik deyiləm, bütün bunlara malik olmağımla bağlı yanlış fikirlərə malikəm; inadkar şəkildə bu düşüncədə qalacam; hətta, əgər hansısa həqiqəti bilmək mənim imkanım xaricində olsa, məndən asılı olan ən azı o olacaqdır ki, ayıq düşünməklə diqqətli olum ki, yanlışla razılaşmayım və bu dahi fırıldaqçı, nə qədər güclü və hiyləgər olsa belə, məni nəyəsə inandıra bilməsin. Ancaq bu, ağır bir işdir və bəlli bir ətalət məni gündəlik vərdişlərə geri çəkir. Yuxuda xəyali azadlıq yaşayıb, daha sonra yatdığından şübhələnməyə başladığından oyanmaqdan qorxan, xoş xəyallar davam etsin deyə gözlərini bağlı saxlayan məhbus kimiyəm. Eyni şəkildə, köhnə düşüncələrimə geri qayıdır və oyanmaqdan qorxuram, ona görə ki, sakit yuxu ağır ayıqlıqla əvəzlənə və sonrakı günlər işıqlıqda deyil, indi sürükləndiyim çətinliklərin anlaşılmaz kabusları arasında keçə bilər.

Anar Cəfərov

Paylaş:

  1. Almaniyanın Heydelberq Universitetinin doktorantura məzunu, fəlsəfə doktorudur. Hazırda Xəzər Universitetində müəllim işləyir.