Ekspressionizmin kino və teatrda təzahür xüsusiyyətləri
Ekspressionizm avropa incəsənətində XIX əsrin sonu və XX əsrin əvvəllərində bir tərəfdən ictimai dəyişikliklər, texnoloji inkişaf, digər tərəfdən isə I dünya müharibəsinin yaratdığı fəsadlar, dağıntılar, iqtisadi böhran şəraitində yaranan ifrat fərdiyyətçi, subyektivist cərəyan idi.
Ekspressionizm sənətkarın duyğularının və mənəvi aləminin subyektiv, irrasional ifadəçisidir. Ekspressionistlər gerçəkliyi emosiyaların, qorxunun, həyəcanın vasitəsi ilə təsvir edir, tamaşaçıya birbaşa emosional təsir ideyasını irəli sürürdülər. Onlar özlərini xarici aləmdən uzaqlaşdıraraq ruhsal aləmə yönəlirlər.
Ekspressionizm cərəyanı ilk növbədə rəngkarlıqda və əsasən, Almaniya və Avstriya ərazilərində meydana gəlməsinə baxmayaraq, müharibə illərində inkişafa doğru gedərək Avropanın digər ölkələrində və bir çox sənət sahəsinə sirayət edir: teatr, dramaturgiya, kino, ədəbiyyat, musiqi, memarlıq və s.
XIX əsrin sonlarında ilk əvvəl rəssamlıqda təzahür tapdığına görə onun əsas prinsiplərini başlanğıc üçün elə rəssamlıq vasitəsilə izah etmək daha düzgün olardı. XIX əsrin 90-cı illərinə doğru, artıq, yaradıcılığında ekspressionist elementlər yer alan belçikalı Ceyms Ensor, Norveç rəssamı Edvard Munk kimi rəssamlar meydana çıxmağa başlayır. Ekspressionistlərin təsvir etdiyi dünyada hər şey şişirdilir, qabardılırdı. Ölüm, xəstəlik, vahimə, dəhşət, hüznlə dolu emosional atmosfer yaradıcılıqlarının əsas motiv və obrazlarını təşkil edirdi. Kəskin fırça zərbələrindən, ağ-qara rəngin kontrasından, itici konturlardan, qırmızı çalarlardan aktiv istifadə edirdilər.
İncəsənətdə ilk ekspressionizm nümunəsi Edvard Munkun 1893-cü ildə çəkdiyi “Çığırtı” tablosu hesab olunur ki, insanın daxili iztirablarının, dəhşətinin, etirazının çölə vurmasını göstərirdi. Məhz buradan yaranan “Çığırtı” (haray) bundan sonra ekspressionist pyeslərin ən vacib elementinə çevrilir. Şiddətli səs olan qəlbin çığırtısı sosial-ictimai vəziyyətə, fərdi əzən kütləyə qarşı yönəldilmişdi.
Rəngkarlıqdan sonra bütün bu motivləri özündə cəmləyən, cəmiyyətdəki problemləri gündəmə gətirən ekspressionist kino sənəti yaranır. Ekspressionizm kino sənətində daha az müddətdə mövcud olmasına baxmayaraq bu sahəyə də müəyyən təsirini qoya bilmişdi. Munkun “Çığırtı” tablosundan ilhamlanan Konrad 1996 cı ildə “Çığırtı” filmini çəkir.
İlk olaraq Maks Reynhardtın truppasında aktyor kimi fəaliyyət göstərmiş danimarkalı rejissor Paul Vegener onun tamaşalarından ilhamlanaraq ilk ekspressionist film nümunəsi olan “Praqalı tələbə”, bir il sonra isə “Qolem” filmlərini çəkir. 1920-ci ildə Robert Vinenin ekranlaşdırdığı “Doktor Kaliqarinin kabineti” filmi ekspressionizmin ən xarakterik xüsusiyyətlərini daşıyan, ekspressionizmin rəngkarlıq texnikasını kinosayağı ifadə edən filmdir. Bu film “Kaliqarizm” adı ilə özündən sonra gələn bütün alman ekspressionist filmlərindən fərqlənir. Ekspressionist kino sənətinin digər nəhəng filmləri Fridrix Murnaunun “Nosferatu, dəhşət simfoniyası” (1922) və Frits Lanqın “Metropolis” (1927) filmləri hesab olunur.
Ekspressionist filmlərdə dekorasiya, işıq, qrim, kostyum, aktyor oyunu kəskin formada yenilənmişdi. Aktyor oyunu, bəlkə də ilk dəfə, bu qədər qrotesk üslubda təqdim olunurdu. Qrotesk aktyor oyununu digər oyun texnikalarından fərqləndirən xüsusiyyətlər ruhsal dinamizmi bədənin öz kimyası vasitəsilə ifadə etməsi idi. Narahat üz ifadələri, qorxu və dəhşət hisslərini yansıdan jest və hərəkətlər ekspressionist aktyor oyununun əsasını təşkil edirdi. Aktyorların qrimləri üzün ağ, cansız rəngi, göz ətrafının və dodaqların isə içəriyə doğru azacıq tünd rəngi ilə seçilirdi. Ekspressionist kino sənətinin teatr ekspressionizm texnikalarından bəhrələndiyini görmək mümkündür. Buna nümunə olaraq, Frits Lanqın “Metropolis” filmində iş otağında böyük qara pərdədən və zavodda hündür pillələkəndən istifadə olunduğunu qeyd edə bilərik. Burada nəhəng texniki qurğunun pilləkənləri baş qəhrəmanın nəzərində bir anlıq duyğusuzlaşmış insanları məhvə aparan dəhşətli bir yol kimi canlanır.
1933-cü ildə nasistlər hakimiyyətə gəldikdən sonra bir neçə ekspressionist rejissor, o cümlədən Frits Lanq Hollivuda köçür və onlar amerikan kino sənətində qorxu və “noir” filmi (qara film) janrlarının formalaşmasına əhəmiyyətli töhfə verirlər. Kinoda çox qısa müddətdə mövcud olmasına baxmayaraq ekspressionizmin təsiri müasir kino sənətində də müşahidə olunur. Buna misal olaraq amerikan kinorejissoru və ssenaristi Tim Bortonun “Çarlinin Şokolad fabriki” (2005) filmi, “Ölü gəlin” (2005) animasiyası, avstraliya kinorejissoru Aleks Proyasın “Qaranlıq şəhər” filmi və fransız rejissor Vensan Paronnonun “Persipolis” animasiyasının adlarını çəkmək olar.
Dünya teatr tarixində isə ekspressionist tamaşanın ilk nümunəsi rəssam Oskar Kokoşkanın “Cinayət qadınlar üçün ümid” adlı pyesi əsasında hazırlanmışdı. Pyes 1909-cu ildə Vyanada açıq hava teatrında göstərilir. Berlində çıxan “Fırtına” jurnalı pyesin mətnini və rəssam Oskar Kokoşkanın pyesin sujeti ilə bağlı çəkdiyi fraqment rəsmləri dərc etdirir. Bu hadisə Almaniyada böyük maraqla qarşılanır və ekspressionizmin teatra sirayət etməsinə səbəb olur.
Teatrda alman ekspressionist rejissor yaradıcılığı iki mərhələyə bölünür. Birinci mərhələ “lirik” və yaxud “əyalət” dövrü adlandırılır. 1917-1919-cu illəri əhatə edən bu dövr Qustav Hartunq, Rixard Vayhert, Otto Falkenberq kimi rejissorların yaradıcılığı ilə xaratkerizə olunur. Bu rejissorlar Berlindən kənarda – Darmştadt, Frankfrut-Mayn, Düsseldorf, Drezden və Manheymdə fəaliyyət göstərirlər.
İkinci dövr isə “Berlin” dövrü adlanır. Bu dövrün görkəmli nümayəndələri Leopold Yessner, Karl Haynts Martin, Yurgen Felinq hesab olunurdu. Berlin mərhələsi 1918-1919-cu illərdə baş vermiş inqilabi hadisələrdən sonrakı yeni mühiti əks etdirirdi. Berlin mərhələsi alman rejissoru Karl Haynts Martinin 1919-cu ildə Berlində “Tribuna” teatrının səhnəsində Ernst Tollerin “Çevrilmə” əsərini səhnələməsi ilə başlanır. Bu tamaşadan sonra Martin ekspressionizmin ən tipik və ən önəmli rejissoru adını qazanır. Karl Haynts Martin davamlı olaraq tamaşalarında siyasi motivlərə toxunmağa çalışırdı.
“Ekspressionist rejissorlar səhnədə hər bir əşyaya və hərəkətə simvolik məna verməyə çalışırdılar. Ekspressionist rejissuranın simvollar sistemi birmənalı və plakat xarakterli idi. Məsələn, mənfi qəhrəman səhnədə ağ kostyumda görünə bilməzdi, pilləkənlərlə yuxarı qalxmaq məqsədə nail olmaq demək idi, səhnədəki qaranlıq qəhrəmanın qəlbindəki qaranlığı ifadə edir, yaxud onun ölüm anını bildirir, rəqibindən iki pillə yuxarıda dayanan iştirakçı mübahisənin qalibi sayılırdı”
Ekspressionist rejissorlar arasında ən çox tanınmışı və ən müvəffəqiyyətlisi, heç şübhəsiz ki, Leopold Yessnerdir. Qabaqcıl rejissor kimi tanınması Şeksprin silsilə pyeslərinə quruluş verdiyi illər hesab olunur. Ekspressionist teatr texnikası ilə Yessner kultlaşmış, toxunulmaz klassik əsərlərə yeni yöndən yanaşır, onları ölü akademik ənənələrdən ayırıb yaşayan bir sənət əsərinə çevirirdi. Şekspir əsərlərinə verdiyi quruluşlarda rejissor təmtəraqdan qaçır, hadisələri bər-bəzəksiz, bütün çılpaqlığı ilə təqdim etməyə çalışırdı. Səhnə məkanında gərəksiz predmetlərin istifadəsinə yol verilmirdi. Aktyor adətən boş səhnədə və ya pilləkənlərdə çıxış edirdi. Yessnerin tamaşalarında tez-tez istifadə etdiyi pilləkənlər tarixə “Yessner pillələri” adı ilə düşmüşdü. Bu pilləkənlər hakimiyyət ehtirasının simvolikası olaraq ilk dəfə 1919-cu ildə quruluş verdiyi Şillerin “Vilhelm Tell” pyesinin tamaşasında istifadə olunmuş və bundan sonra yaradıcılığının ayrılmaz hissəsinə çevrilmişdi.
Leopold Yessnerin şöhrət qazanmasında bilavasitə rol oynayan, yaddaşlara həkk olan ən önəmli qurul1uşu Şeksprin “III Riçard” pyesinə verdiyi quruluşdur. Tamaşada səhnənin çox hissəsini tutan nəhəng ölçülü pilləkənlərdən istifadə edilmişdi. Tamaşa pilləkənlərin müxtəlif pillələrində oynanılırdı. Pilləkənlərdə aşağı-yuxarı yerləşdirmələr simvolik şəkildə uğuru və tənəzzülü ifadə edirdi. Pillələr üç ölçülü hərəkətə şərait yaradır, dərinlik və yüksəkliyi daha yaxşı vurğulama imkanı verirdi. Riçardın yüksəlişi və ani devrilişi pilləkənin pillələri vasitəsilə tamaşaçı tərəfindən anbaan izlənilirdi. Tamaşanın quruluşçu rəssamı Emil Pirxan idi. Emil Pirxan, demək olar ki, Leopold Yessner ilə əməkdaşlıq etdikdən sonra şöhrət qazanır. E.Pirxan Ştaatsteaterdə Yessner rejissorluğu ilə “Vilhelm Tell”, “III Riçard”, “Otello”, “Markis fon Keyt” tamaşalarının quruluşçu rəssamı olub.
1920-ci illərin ikinci yarısında teatrda ekspressionizm cərəyanı öz əhəmiyyətini itirmək dönəminə çatır. Karl Haynts Martin və Leopold Yessner kimi məşhur rejissorlar artıq ekspressionist üslubdan uzaqlaşmağa başlayırlar. Leopold Yessner 1930-cu ildə Ştaatsteaterin rəhbərliyindən uzaqlaşdırılır. 1933-cü ildə Hitlerin hakimiyyətə gəlməsindən sonra ekspressionizm “degenerat sənət” olaraq elan edilmiş və bu cərəyanın nümayəndələrin öz işlərini təqdim etmək imkanından məhrum olması nəticələnmişdi.