esa-teatri-mekansiz-qalir
Müəllif: Publisist.az /Tarix: 2022-02-24 /Oxunma Sayı: 379

ƏSA Teatrı məkansız qalır

2016-cı ildə təsis edilən, əlilliyi olan və olmayan aktyorlardan ibarət ölkəmizin ilk inklüziv teatrı olan ƏSA artıq altı ilə yaxındır ki, öz fəaliyyətini icarəyə götürdüyü yerlərdə həyata keçirir. 

Bu müddət ərzində ƏSA Teatrı dövlət tərəfindən ofislə təmin olunmayıb və icarə xərcləri qarşılanmayıb. Biz həyata keçirdiyimiz layihələr əsasında əldə etdiyimiz müstəqil gəlirlə, xərclərimizi qarşılamışıq. Müxtəlif dövrlərdə ofisimizi dəyişmişik. Hər dəyişiklikdə fəaliyyətimizi nəzərə alaraq, daha yaxşı şəraitli yerlərə köçmüşük. 2020-ci ilin noyabr ayından etibarən Nizami metrostansiyasının yaxınlığında yerləşən (Şixəli Qurbanov küç., 19) 200 m2-lik ofisdə fəaliyyət göstəririk. Pandemiya dövründə belə aktivliyimizi qorumağımıza, heyətin dağılmamasına səbəb də məhz ofis fəaliyyətinə davam etməyimiz idi. Burada biz müxtəlif layihələr həyata keçirir, inzibati işlərimizi görür, görüşlər təşkil edirdik. Ümumilikdə isə mövcud məkanın olması ƏSA Teatrı üçün ən vacib elementdir. Çünki tamaşalarımızı məhz icarəyə götürdüyümüz ofisdə hazırlayırıq, teatra aid dekorasiyalar, geyimlər, digər inzibati əşyalar bu ofisdə yığılır. Ofisin olmaması fəaliyyətin olmaması deməkdir.

Hazırda maliyyə sıxıntıları səbəbindən ofisimizdən çıxmalı oluruq. Həftələrdir bu vəziyyətin fərqindəyik və bunun üçün müvafiq qurumlara müraciətlər edirik. Lakin bu ay ofisi tərk etməli olduğumuz üçün problemi ictimailəşdirmək qərarına gəldik. Son dörd günümüzün qalmasına baxmayaraq, teatrın əşyalarını hara yerləşdirəcəyimizi və bundan sonra harada fəaliyyət göstərəcəyimizi bilmirik. Teatrımız inklüziv olduğu üçün ofis seçimlərində müyəssərliyi mütləq nəzərə alırıq. Müyəssər olan ərazilər isə digərlərinə nisbətən baha olduğu üçün, bu vəziyyət bizim üçün daha da çətinləşir.

6 ilə yaxın müddət ərzində belə bir problemlə ictimaiyyəti narahat etmək istəməmişik. Amma indi bizim üçün yaranan çətinlik böyük riskə malikdir. Əgər bu çətinlik davam etsə, teatr fəaliyyətini dayandırmaq məcburiyyətində qalacaq. Nəzərinizə çatdırırıq ki, teatrımız dövlət statusu daşımır və əməkdaşları da aylıq əməkhaqqı ilə təmin olunmur. Biz müəyyən layihələr və tamaşa nümayişləri hesabına gəlir əldə etməyə çalışırıq. İllərdir bu cür fəaliyyət göstərməyin özü belə böyük fədakarlıq tələb edir. Komanda olaraq hər zaman fədakarlıq göstərmişik. Lakin indiki vəziyyətdə başqa heç bir fədakarlıq etmək mümkün deyil.

Düşünürük ki, artıq müvafiq dövlət qurumları ƏSA Teatrından öz konkret dəstəyini əsirgəməməli və fəaliyyət göstərməyimizə mane olan nüansları aradan qaldırmaq üçün səy göstərməlidir.

Bizim məqsədimiz Azərbaycan dövlətinə və cəmiyyətinə xidmət göstərmək, ölkənin mədəniyyətinə töhfə verməkdir. Biz layiq olmadığımız və mümkünsüz heç nəyi tələb etmirik.

Xahiş edirik, paylaşaraq, səsimizin çatmasına köməkçi olasınız.

Qeyd: Şəkildə gördükləriniz teatra məxsus əşyaların çox kiçik hissəsidir.

 
Bir mətn şəkili ola bilər
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur