felsefe-nedir
Müəllif: Publisist.az /Tarix: 2021-01-31 /Oxunma Sayı: 1716

Fəlsəfə nədir?

Filosofiya zülmət qaranlığında beyin gücü ilə yandırılan məşəldir. Beyni güclü olan həmin zülməti yenəcək. Güclü olmayan isə tək zülmətdə qalmayacaq. Bu problemin yarısıdır, hətta yarısından azıdır. O digərlərinin çıxmasınada maneə törədəcək. Biz isə ən azından  yanan məşəli görməliyik. Bunun özü belə uğurdur.

Böyük bir uğurdur!

“Fövqəlinsanın” atası Nitsşe belə deyir – “kimki birgün uçmağı öyrənmək istəyirsə ilk olaraq ayaq üstə durmağı, yeriməyi, qaçmağı və dırmaşmağı və rəqs etməyi öyrənməlidir; heç kəs birdən-birə uçmaq öyrənə bilməz ”.

Eynən bizdə birdən-birə filosofiya məşəlini yandıra bilmərik. Birdən-birə filosof ola bilmərik. Bunun üçün ilk qığılcımı hiss etməli, qığılcımı hiss etmək istəməli, görməliyik, ayırd edə bilməliyik. Ondan doğan məşəli duymalı, istisini sezməli və parıltısına doğru getməliyik. Əks halda zülmət bizi udar! Bəlkədə zülmət artıq bizi udub. Bəzilərini mütləq udub. Sadəcə onlar xəbərsizdir bundan.

Düzgün filosofiya, elm belə bizimlə razıdırki, beyni gücləndirə bilər. Bu onun əsas üstünlüyüdür. Bəlkədə yaranmasından 25 əsr sonra var olan yeganə üstünlüyü. Ancaq bu subyektiv fikirdir. Hərkəs razılaşmamaq haqqına sahibdir – düzgün filosofiya belə deyir. Sadəcə bir şərtlə – bu haqq məntiqə, elmə və müşahidəyə əsaslanmalıdır. Bu qədər sadə. Sadəlik isə gözəlliyin ilk tələbidir.  Sadəlik yüksəkliyin ilk şərtidir.

Filosofiya, eynən bizə məlum fəlsəfədir, ancaq təbii, yarandığı zaman adlandırıldığı formada, yaradıldığı formada. Qatqısız. Şəffaf. Nə üçün bu önəmlidir? Çünki yaratmaq istəyən yaradanın dilindən öyrənməlidir. Anlamaq istəyən anladanın dilindən eşitməlidir. Bu mütləqdir!

Güzgüdə əks olunan alov isitmir, istilik illüziyası yaradır. İsinmək üçün əslinə yaxınlaşmaq gərəkdir, yanmaq riski olsa belə. Hətta bəzən yanmaq belə gərəkdir, yetərki nəticə olsun. Nəticə isə yanmağa dəyər olsun.

Sevgi, “filo”, və hikmət, “sofiya”, sözlərinin cəmi olan filosofiya yunancadan “hikməti sevmək” mənası daşıyır . Niyə məhz yunancadan? Çünki o yunan  zəkasının əsəridir. İnsanlığın ən uzun, ən dərin, ən uca əsəridir.

İngilis riyaziyyatçı və filosof Bertran Rassel yunan zəkasının bu əsərini belə təsvir edir – “filosofiya, mən anladığım qədər, teologiya və elm arasında bir fenomendir. Teologiya kimi o haqqında dəqiq biliyin günümüzə qədər məlum olmadığı predmetlər barəsində spekulyasiyalar edir; ancaq elm kimi isə avtoritetəənənəyə deyil, insan idrakına əsaslanır. Bütün dəqiq bilik elmə məxsusdur, bütün doqmalar isə teologiyaya. Ancaq teologiya və elm arasında Yiyəsiz torpaq olduğunu var, hansıki hər iki tərəfdən hücumlara məruz qalır; bu Yiyəsiz torpaq filosofiyadır. Demək olarki spekulyativ ağılları maraqlandıran bütün suallara elm cavab verə bilmir, teoloqların isə özündən razı cavabları, əsrlər öncə olduğu qədər, artıq inandırıcı görsənmir ”.

Artıq müəyyən qədər filosofiyanın nə olduğunu anladıq. Bu zaman, yaşı elə filosofiya qədər olan, sual aktuallaşır. Bəs insan filosofluq etməlidirmi? Aristotel deyirki etməlidir, bəlkədə etməməlidir. Əgər etməlidirsə etməlidirsə məsələ aydındır. Yox əgər insan filosofluq etməli deyilsə, bu zaman o nə üçün filosofluq etməməli olduğunu əsaslandırmaq üçün filosofluq etməlidir. Deməli filosofa görə insan hər bir halda filosofluq etməlidir. Aristotel belə düşünür. Onunla mübahisə etmək çətindir.

Ancaq əsas olan əlbəttəki bu deyil. Əsas olan düzgün filosofluq etməkdir. Çünki filosofiya düşüncədir, düşüncə tərzidir, hətta səhv olduqda belə. Deməli səhv düşüncədə filosofiyadır, sadəcə səhv filosofiya. Müdrik olmayan filosofiya. Nəticədə hər kəs filosofdur, kimsə doğru, kimsə yanlış. Ancaq yanlış gərəksizdir. Yanlış heç kəsə gərək deyil. Hətta bunu anlamayanlara belə.

Bəs nədir doğru filosofiya? Bu suala hər kəs özü cavab tapmalıdır. Necə?  Elə filosofiyanın köməyi ilə, filosofların köməyi ilə. Bunun üçün onları tanımaq və filosofiyalarını izləmək mütləqdir. Bunun üçün filosof olmaq gərəkdir. Filosofiyanın doğuluşunu görmək gərəkdir.

Bu uzun ancaq maraqlı bir yolçuluqdur. Hər kəs üçün deyil. Bu yolçuluq Egey sahillərindən Kainatın sonuna qədər aparır, bölünməzi bölür və görülməzi görür. Deməli biz yolun əvvəlinə, başlanğıca, qayıtmalıyıq. Biz zamanda səyahət etmək məcburiyyətindəyik.

Nə qədər geriyə qayıtmalıyıq? Cəmi 26 yüz il. Çünki filosofiya oradan başlayır, elm, məntiq və mədəniyyət oradan kök atır.

Alman filosof Karl Yaspers bu dövrü tarixin dönüm anı adlandırır . Beləki həmin zaman bir çox qeyri-adi proseslər baş verir.

Çində Konfutsi və Lao-tszı yaşayır, çin filosofiyası formalaşır . Hindistanda Upanişadlar yaranır, Budda yaşayır . Zərdüşt xeyirlə şərin mübarizəsi gedən dünya haqqında filosofiya qurur .  Yunanıstanda eyni zamanda Homer, Parmenid, Heraklit, Platon, Arximed və digərləri müasir qərb filosofiyasının və dünya elminin əsasını qoyurlar. Bütün bunlar eyni zamanda və müstəqil olaraq baş verir. Ancaq bu prosesləri birləşdirən bir əlamət var – insan varlığı, özünü və hüdudlarını anlayır.

Məhz bunun üçün biz yolun əvvəlinə, yəni başlanğıca səyəhət etməliyik. Ancaq bir şərtlə – beyin yanmalıdır! Beyin odlana bilən beyin olmalıdır!

Filosofiya: Başlanğıc kitabından

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur