isden-cixan-arifin-drami
Müəllif: Kamal Mahmudov /Tarix: 2021-09-05 /Oxunma Sayı: 430

İşdən Çıxan Arifin Dramı

İndiki iş mühitimizin nə qədər stresli olduğundan çox danışmağa ehtiyac yoxdur. 

Görülən işin qarşılığında verilən az məvacib, iş yoldaşlarının arxanca qeybət etməsi, komanda daxili qruplaşma, “torbavı tikməyə” çalışan əməkdaşlar, çox çalışmağına baxmayaraq “Allahın sağ olunu” belə deməyən müdir.

Qeyd etdiklərim hələ aysberqin görünən hissəsidi və əminəm ki, iş mühitini stresli edən başqa səbəblər də var.

Və təbii olaraq, şirkətdə 2 ildən çox çalışan, almalı olduğundan az məvacib alan və çəkdiyi əziyyəti gözardı olunan Arif şirkəti tərk eləmək qərarına gəlir. İş təcrübəsinin çox olmasına və buna görə də rahat iş tapacağına əmin olan Arif bir anlıq, ”Artıq bu qədər bəsdir. Belə yerdə işləmək adamın ömründən kəsir” deyir, ərizəsini yazıb işdən ayrılır (işdən ayrılmaq bu zamanlarda bu qədər asan deyil əslində, amma gəlin bunu belə təsəvvür edək). Hələ bu azıymış kimi işdən ayrılanda müdirnən kəskin şəkildə mübahisə belə edir.

İşdən ayrılmış “qəzəbli”  Arif, evdə bir neçə gün keçirəndən sonra özünə gəlir və iş axtarışına başlayır. Bu arada, istirahət etdiyi zamalarda özünə, “Kaş hislərimə qapılıb müdirnən mübahisə aparmazdım” deyir. Amma əlbəttə ki, artıq gecdir.

Hər gün olmaqla bir neçə ay müddətində qarşısına çıxan vakansiyalara CV göndərməsinə baxmayaraq, nə az nə çox 4 ay müddətində iş tapa bilmir. İş axtarışı prosesinin verdiyi streslə birgə, valdeynləri tərəfdən də haqlı olaraq təzyiqlərə məruz qalmağa başlayır.

Artıq uzun müddət axtardığı vəzifəni tapa bilmədiyindən ona gələn aşağı vəzifə təklif edən işlərdən birini qəbul etməyə və beləliklə karyerasına 1-0 geridə davam etməyə məcbur olur.

Yuxarıda qeyd etdiyim bu qısa hekayə bir neçə il müddətində mənə işsizliklə bağlı müraciət edən insanların fikirlərindən qaynaqlanır.

Bu hekayədə qeyd olunan, addan başqa, nüanslar based on true story-dir.

Əlbəttə ki, Arifin işdən çıxmaq üçün kifayət qədər səbəbi var idi. Amma gəl onun edə biləcəyi və etməməli olduğu işləri birgə nəzərdən keçirib vəziyyəti analiz etməyə çalışaq:

1) Arif əslində, hər gün onun yanında, “Tay bəsdi, yoruldum mən. Bir-iki həftəyə işdən çıxıram” deyən iş yoldaşlarının psixoloji təsiri altına düşdü. Halbuki o işdən ayrıldığı 4 aydan bir az çox idi və həmin şikayətlənən işçilər hələ də şirkətdə çalışırdılar.

2) Bir az səbrli olub, işdən çıxmamış özünə iş axtara bilərdi. Pandemiya şəraiti, vakansiyaların az, onun kimi təcrübəli namizədlərin isə çox olması faktını unutmuşdu. Bir müddət araşdırmalar edib hətta əməkdaşlıq etdiyi şirkətlərdə vakansiyaların olub-olmamasını müştərilərindən belə maraqlana bilərdi, amma bunlardan heç birini etmədi.

3) İşdən ayrılarkən müdiri ilə sərt danışması və bütün problemləri dilə gətirməsi yalnış addım oldu. Ölkəmizin kiçik və bütün böyük şirkətlərin bir-birləri ilə bu və ya digər dərəcədə əlaqəli olduğunu unutmuşdu. Bəlkə də, işsiz olduğu müddətdə, çağrıldığı iş müsahibələrində ona verilən, “İşdən ayrılma səbəbiniz nə olub?” sualına tərəddüdlə cavab verməsindən şübhələnən İnsan resursları əməkdaşı, onun köhnə iş yerində çalışan həmkarı ilə əlaqə saxlayıb Arifin işdən çıxdığı müddətdə müdiri ilə mübahisəsi barədə məlumat almışdı. Kimə aqressiv işçi lazımdır ki? Heç kimə. İndi gəl izah et ki, “Vallah məni məcbur etdilər yoxsa işimi çox sevirəm”. Bunun artıq heç bir faydası yoxdur. Çünki yuxarı vəzifəli şəxslər adi işçinin sözündən daha çox özləri ilə eyni vəzifədə olan əməkdaşların sözlərinə inanmağı seçəcəklər. O əsəblərini cilovlamalı idi.

4) Bəlkə də öz işinin keyfiyyətinə güvənən Arif, əlində haqlı səbəblərdən ibarət bir siyahı ilə departament başçısı/müdiri ilə danışıb, nə üçün onun maaşı artırılmalıdır-ı məntqli yollarla izah etsəydi, istəyi nəzərə alınardı.

5) Komandada bəyənmədiyi və işinin məhsuldarlığına təsir edən nüansları əməkdaşları ilə birgə müzakirə edib, narahatlığa son qoya bilərdi.

və s.

Bütün bu nüansları qeyd etməyimin əlbəttə ki, səbəbi var. Əgər sən də Arif kimi problemlər yaşayırsansa o zaman diqqətli ol ki, sonradan peşman olacağın səhv qərarlar verməyəsən.

Əsəblərimizi cilovlamaq çox vacibdir. Məhz qəzəbləndiyimiz anlarda yalnış qərarlar veririk hansı ki, bu da özlüyündə bizim karyeramıza və eyni zamanda şəxsi həyatımıza təsir edir.

Günümüzün əksər hissəsini isə birgə işlədiyimiz insanlarla keçirdiyimiz faktını nəzərə alsaq istər-istəməz onların təsiri altına düşə bilmə ehtimalının olduğunu hər zaman diqqətə almalıyıq.

Dəyərli zamanından ayırıb məqaləni oxuduğun üçün sənə təşəkkür edirəm.

Mənbə : Kamal Mahmudov

Paylaş:

  1. Həyat insana daha çox öyrədir nəinki məktəblər.

    Karyera inkişafım çox, amma çox keşməkeşli olub. Ağlınıza gələn və gəlməyən bir çox işdə  çalışmışam. Metal yığıb satmaq, çörək zavodu, ofisiant, avtobus konduktoru, maşın ustası, reklam agenti və s. Düzdü bunlar barəsində yaxın zamanlara qədər şikayətlənsəmdə anladım ki, hazırda həyatda nail olduğum bütün uğurları məhz keçmiş iş təcrübələrimə borcluyam, qeyri-rəsmi işlər olsada belə.