Lev Landau - Nobel mükafatı almış yeganə Bakılı
Landau 22 yanvar 1908-ci ildə Bakıda, Balaxanı qəsəbəsində anadan olub. 1913-1924-cü illərdə Landaular ailəsi Bakının mərkəzində, indiki Nizami və Səməd Vurğun küçələrinin kəsişməsində yerləşən binada yaşayıblar.
Landau 12 yaşında artıq differensiallama, 13 yaşında isə inteqrallama əməliyyatlarını tam mənimsəyir. 1922-ci ildə 14 yaşlı Lev Landau indiki Bakı Dövlət Universitetinə qəbul olur, eyni vaxtda fizika-riyaziyyat və kimya fakültələrində təhsil alır. 1924-cü ildə Landau Leninqrad Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə köçürülür.
1928-ci ildə fiziklərin Moskvada keçirilən altıncı qurultayının iştirakçısı olur və burada fizik, Nobel mükafatına layiq görülmüş Nils Borun diqqətini cəlb edir. Qurultaydan sonra o, Almaniyaya ilyarımlıq elmi ezamiyyəyə göndərilir. Landau Berlində, Universitetlərin birində Albert Eynşteynlə görüşür. Eynşteyn 21 yaşlı Landaunu öz evinə dəvət edir.
Landau bir çox alimlər kimi, Stalin repressiyalarına məruz qalıb. O, casusluq, ziyankarlıq və antistalin vərəqələrinin tərtib edilməsi ittihamları ilə 1938-ci ildə həbs edilib. Landaunun həbsini eşidən Nils Bor və Nobel mükafatı laureatı, fizik Pyotr Kapitsa İosif Stalinə məktub göndərərək onun azad edilməsini xahiş edirlər. Onların səyləri nəticəsində Lev Landau 29 aprel 1939-cu ildə azadlığa buraxılır. Lakin alimə ancaq 1990-cı ildə bəraət verilir.
1941-ci ildə Böyük Vətən müharibəsi başlayanda Landau Kazan şəhərinə köçür. Onun tərəfindən aparılan tədqiqatlar və əldə edilən nəticələr kvant mayesi fizikasının əsasını qoyur və 1941-ci ildə Landau tərəfindən “Kvant mayesi” nəzəriyyəsi yaradılır.
1946-cı ildə Lev Landau SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilir və nailiyyətlərinə görə, ona dövlət mükafatı verilir.
1962-ci ildə Landau avtomobil qəzasına düşür və ölümcül xəsarət alır. Sovet rəhbərliyi onun Kreml xəstəxanasına yerləşdirilməsinə razılıq vermir. Məşhur fiziklərin Avropadan, ABŞ-dan göndərdikləri dərmanların sayəsində Landaunu ölümdən xilas etmək mümkün olur və o, SSRİ Elmlər Akademiyasının xəstəxanasına yerləşdirilir. Həmin il Landau, ona Nobel mükafatı verilməsi barədə teleqram alır. Tarixdə ilk dəfə Lev Landaunun Stokholma gedə bilməməsi nəzərə alınır və İsveçin Moskvada olan səfiri Nobel mükafatını xəstəxanada ona təqdim edir.
Lev Landau 1 aprel 1968-ci ildə Moskvada vəfat edib.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur