"Mən qadınam" adlı tammetrajlı bədii film ssenarisi müsabiqəsinə qəbul davam edir
Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi "Mən qadınam" adlı tammetrajlı bədii film ssenarisi müsabiqəsinə qəbul davam edir.
Müsabiqə ilə bağlı AKİ-nin sosial şəbəkələrdəki hesablarının ismarış qutusuna sonsuz sayda suallar daxil olur. Onların bəzilərinə aydınlıq gətirmək istərdik.
1) Müsabiqənin adındakı "qadın" sözü, yalnız qadın müəlliflərdən ssenarilərin qəbul olunacağı deyil, əsərin baş qəhrəmanlarının qadın olması deməkdir. Müsabiqəyə istənilən kəs ssenari yazıb göndərə bilər.
2) Müsabiqədə iştirak üçün heç bir yerdə qeydiyyatdan keçməyə ehtiyac yoxdur.
3) Müsabiqəyə yalnız AKİ-n in elektron ünvanına göndərilmiş ssenarilər qəbul olunur. Dəftərdə yazılmış, Vatsap vasitəsilə və s. üsullarla qəbul olunmur. Elektron ünvana göndərilən ssenarinin iki nüsxə çap versiyası da (A4 formatda) AKİ-nin ofisinə təqdim olunmalıdır.
4) Müsabiqəyə janrından asılı olmayaraq, yalnız bədii film ssenarisi qəbul olunur. Sənədli, animasiya, sosial çarx və s. qəbul olunmayacaq.
5) Müsabiqəyə yalnız ssenari qəbul olunur. Tritment, loqlayn, o cümlədən, artıq çəkilmiş hazır film qəbul olunmur.
Ssenari müsabiqəsinin şərtləri:
– ssenarinin baş qəhrəmanı qadın olmalıdır.
– ssenaridəki hadisələr müasir zamanda baş verməlidir (1990-2024)
– müsabiqəyə göndərilən ssenarilərə janr məhdudiyyəti qoyulmur.
– müsabiqəyə göndərilən ssenarilərin metrajı 52 dəqiqədən çox olmalıdır.
– ssenarinin titul vərəqi olmalıdır (mərkəzdə ssenarinin adı, müəllifin adı və soyadı, sağ aşağı küncdə email adresi, əlaqə üçün telefon nömrəsi).
– ssenarilər ancaq bədii film formatında olmalıdır (animasiya, sənədli film qəbul olunmur).
– qəbul müddəti keçdikdən sonra ssenarilər qəbul olunmur.
– müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, orijinal və ekranlaşdırılmamış olmalıdır.
– Əvvəlki müsabiqələrdə qalib olan tammetrajlı ssenarilər müsabiqəyə qəbul olunmur.
– Müsabiqədə iştirak üçün tammetrajlı bədii filmin ssenarisi, (şrift: Courier New, ölçü: 12) müəllif haqqında məlumatla (filmoqrafiya (əgər varsa), təvəllüd, iş yeri, ali təhsil) birlikdə elektron variantda info@aki.az elektron poçt ünvanına “Mən qadınam” başlığı ilə göndərilməli və çap olunmuş variantda (2 nüsxə) Azərbaycan Kinematoqrafçılar İttifaqının ofisinə (Bülbül prospekti 30, ikinci mərtəbə, 207-ci otaq) təqdim edilməlidir. Bir müəllif maksimum iki ədəbi ssenari təqdim edə bilər.
Ssenarilər 15 dekabr 2024-ci il tarixindən – 15 aprel 2025-ci ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqına təqdim edilməlidir.
Qaliblərin adı 2 avqust 2025-ci il tarixində elan olunacaq.
Qaliblər (I, II, III yerlər, pul mükafatı 5000 AZN, 3500 AZN, 2500 AZN) diplom və pul mükafatı ilə təltif ediləcəklər.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur