musteqil-olkenin-musteqil-olmayan-kinosu
Müəllif: Sevda Sultanova /Tarix: 2022-01-02 /Oxunma Sayı: 445

Müstəqil ölkənin, müstəqil olmayan kinosu

Dekabrın 18-də Milli Kitab Sərgisi çərçivəsində “Müstəqil kino nədir” mövzusunda baş tutmuş çıxışımı zəruri əlavə və ixtisarlarla əziz “AzLogos” oxucularına təqdim edirəm.

“Müstəqil kino” deyəndə, Azərbaycanda ilk ağıla gələn fikir budur: əgər rejissorun filminə rəsmi qurum, konkret olaraq Mədəniyyət nazirliyi maliyyə ayrırırsa, o, müstəqil sayıla bilməz. Bu, doğrudanmı belədir? Sualın cavabına irəlidə qayıdacağam.

Məsələ ondadır ki, müstəqil və müəllif kinosu anlayışları əslində, haradan baxsan, demək olar ki, eyni məzmunu daşıyır. Məşhur kinorejissorların fikirlərini ümumiləşdirsək, alınan nəticə budur: meynstrim kinosuna alternativ, geniş tamaşaçı kütləsinə hesablanmayan, özünəməxsus üslubu, fikri, ideyası, individual interpretasiyası olan film müstəqil-müəllif kinosudur. Başqa cür desək, burada mərkəzi fiqur rejissordur, o, kinoprosesə nəzarət edir, kənar (prodüser) müdaxiləyə yol vermir.

Bununla belə, başqa müstəvidə sual yaranır: müəllif ideyasına əsaslanan müstəqil film həmişəmi sənətin meyarlarına cavab verir və ya verməlidir? Əlbəttə ki, yox. Bariz nümunə, “bütün illərin ən pis rejissoru” kimi adını tarixə yazmış amerikalı rejissor Edvard Vudun (1950-60) ekran əsərləridir. Vud az büdcəylə, sadə və primitiv çəkirdi. Hətta o qədər primitiv ki, növbəti filmin çəkilişi üçün kinostudiyalardan birinin anbarından osminoq oğurlayır, amma onu hərəkətə gətirən mühərriki götürməyi unudur və aktyordan, guya osminoq onu boğurmuş kimi davranmağı xahiş edir. Vud Orson Uellsin heyranıydı və ona elə gəlirdi ki, filmləri Uells plankasına uyğundur. Amerikalı rejissor Tim Börtnun “Edvard Vud” bioqrafik filmində ruhdan düşmüş Vud təsadüfən kafedə Orson Uellslə rastlaşır. Və Uells ona məsləhət verir: yalnız öz təsəvvürünə, özünə inan. Müstəqil kinonun bütün mahiyyəti burdadır: müəllifin öz ideyasına, öz baxışına inanaraq film çəkməsində…

Müstəqil kino kommersiya filmləri kimi populyarlaşıb kassa yığa və bu mənada meynstrim knosuna rəqib ola bilərmi? Sözsüz. Tarantinonun, müstəqil istehsal olan “Kriminal qiraət”i uğurlu nümunədir. Və ya Sidni Lumetin dünya kinosunun şedevrlərindən biri “Qəzəblənmiş on iki kişi” müstəqil film idi, 300 mindən çox büdcə ilə çəkilmişdi, box office isə 2 mliyon olmuşdu.

Sualı bu cür də qoyaq: bəs kütləvi film sənət meyarlarına cavab verə bilərmi? Həmçinin, nəhəng studiyalarla işləyən rejissorlar filmlərində müstəqil mövqeyi əks etdirirmi? Dünyanın nəhəng kinofabriki, müəyyənləşdirdiyi kinosxemdən kənara çıxmayan Hollivudun məşhur studiyaları ilə işləyən Hiçkok, Con Fordun filmləri eyni zamanda ciddi sənət filmləridir. Sovetlər İttifaqında isə Tarkovski, German dövlət büdcəsindən maliyyələşən filmlər çəksələr də, müəllif pozisiyalarını qorumağı bacarırdılar. Demək ki, rejissorun hansı qurumla işləməyindən asılı olmayaraq, müstəqil mövqeyini qoruması güclü şəxsiyyət, sarsılmaz əqidə, peşəkarlıq faktoruyla sıx bağlıdır. Bu mənada yayğın nümunələrdən biri, 1960-cı illərdə dövrünün iki nəhəng prodüseri Karlo Ponti ilə Cozef Levinin Qodarla işbirliyidir. Prodüserlər Alberto Moravianın “Nifrət” əsərinin ekranlaşdırılmasını Qodara təklif edirlər. Rejissorun bu təklifə razılıq verməsini “yeni dalğaçı”lar birmənalı qarşılamır, hətta onu prinsiplərinə xəyanətdə suçlayanlar da olur. Prinsiplərinə burada da sadiq qalan Qodar “Nifrət”i prodüserlərin müəllifə təzyiqini göstərən tənqidi film kimi çəkir.

Yaxud italyan neorealizminin görkəmli simalarından biri Vittorio De Sika “Umberto D” neorealist filmini çəkəndən sonra ölkənin Mədəniyyət Nazirliyi ona pessimist film çəkdiyinə görə irad tutur. Üstəlik, italyan kinotənqidçiləri də ekran əsərini pessimistliyinə görə amansız tənqid edirlər. Bundan sonra De Sikanın yaradıcılığında komediya, melodram yer alır və bu filmlər belə yüksək plankası ilə fərqlənir.

Təbii ki, hər rejissor prodüser təzyiqinə dayanıqlı olmağı bacarmır. Misalçün, “Özgələrin həyatı” kimi uğurlu bir film çəkən alman rejissoru Donnersmark sonrakı fəaliyyətini Hollivudda davam etdirdi. Onun Conni Depp və Anjelina Colinin iştirakı, Hollivudun altı nəhəng kinoşirkətindən biri “Columbia Pictures”in dəstəyilə çəkilən “Turist” filmi sıradan bir məhsul oldu.

Madam ki, söhbət müstəqil kino haqqındadır, 1960-70-ci illərdə meydana gəlmiş “Yeni Hollivud” cərəyanını vurğulamaya bilmərəm. Hollivud studiya sisteminin (bu sistemə əsasən, aktyorlar, ssenaristlər, rejissorlar Hollivudu idarə edən studiyalarla uzun müddətli kontrakt bağlayır, onlardan əmlak kimi istifadə edilir, şərtləri pozanlar ağır cərimə olunurdu və s.) dağılmasında, müstəqil Avropa, xüsusən itlayan və fransız kinosu böyük rol oynamışdı. Məsələ ondaydı ki, Hollivud məhsulları gənc auditoriyanı ələ ala bilmirdi, Avropa kinosundakı yeni təhkiyəni, qeyri-ənənəvi mövzulara müraciəti, yanaşmanı amerikalılar həyata daha yaxın sayırdılar.

Bu səbəbdən, nəhəng studiyalar gənc rejissorların yaradıcılığına əhəmiyyətli müdaxilə etmədən onlarla işləməyə qərar verdilər. Məhz bu dalğada Koppola, Skorseze, Oltmen kimi istedadlı rejissorların filmləri meydana çıxdı. Təkcə, bu faktı demək yetər ki, Skorsezenin “Taxi Driver” filmini böyük studiya maliyyələşdirsə də, rejissor öz müəllif mövqeyini önə çəkmişdi və film prokatda malliyə uğuru qazanmışdı.

Bununla belə, indiyədək Koppola, Linç kimi rejissorlar Hollivudla işləməkdən qaçır, müstəqil maliyyə axtarışlarına üstünlük verirlər. Amerikada nəhəng studiyaların tabeçiliyindəki kiçik studiyalar isə müstəqil müəlliflərə təxminən 10 milyon civarında maliyyə ayırır.

Amerikada müstəqil kinoya aktyor Robert Redfordun 1981-ci ildə təsis elədiyi, Sandens müstəqil kino institutu xüsusi dəstək verir. Qurumun təsis elədiyi eyniadlı festival dünyanın hər yerindən müstəqil çəkmək istəyən istedadlı müəllifləri dəstəkləyir.

Həmçinin, Avropada müxtəlif fondlar, mədəniyyət nazrlikləri, Rai, Canal+ kimi tanınan telekanallar müstəqil müəlliflərə əhəmiyyətli maliyyə dəstəyi verir.

Azərbaycanda müstəqil kinonun vəziyyəti necədir?

Mədəniyyət nazirliyinin sabiq kino şöbəsinin sabiq rəhbərliyi maliyyələşdiridyi hər filmə müdaxilə edirdi. (Yeni rəhbərlik təyin olunandan hələ ki, ortaya tammetrajlı film çıxmadığından, senzura müdaxiləsi haqda dəqiq nəsə deyə bilməyəcəm. Bu məsələ 2022-ci ildə dəqiq bəlli olacaq.)

Sabiq rəhbərliyin dövründə, filmlər əsasən iki qaydada istehsalata buraxılırdı. Birinci halda ayrı-ayrı rejissorlar nazirlik tərəfindən təklif olunan ssenariləri çəkirdi. İkinci halda nazirlik bir qism rejissorun müəllif layihələrini maliyyələşdirirdi. İkincilərin işi ona görə çətin idi ki, müəllif layihələrini nazirliyin qayçısından qorumaq gərgin əsəblər, bürokratik əngəllərlə mübarizə bahasına başa gəlirdi. Konkretləşdirsək, nazirlik maliyyə ayırsa belə, rejissor mövqeyinin, düşüncəsinin saxlandığı, uğrunda mübarizə apardığı filmi müstəqil saymaq olar.

Dövlət büdcəsindən maliyyələşməməsinə baxmayaraq, bizim şərtlərdəki kommersiya kinosunu müstəqil adlandırmaq isə çətindir. Çünki filmə maliyyə ayıran sponsor, prodüser böyük kassa yığmaq üçün konkret şərtlər qoyur, ssenarini özləri sifariş edir və s. Bütün hallarda kommersiya kinosunun inkişafı ən az ona görə vacibdir ki, film istehsalanın çoxalması prodüserlərə müstəqil kinonu da maliyyələşdirmək imkanını qazandıracaq.

Hazırda isə müstəqil kinonun (söhbət tammetrajlı film müəlliflərindən gedir), öz prinsiplərində ardıcıl üç nümayəndəsinin adını çəkmək olar: Elvin Adıgözəl, Hilal Baydarov və Emil Quliyev. Xüsusən də, nüfuzlu festivallara çıxan Elvin Adıgözəl və Hilal Baydarovun əzmkarlığını fərqləndirmək lazımdır.

Əsas sual isə budur: bugün Azərbaycanda müstəqil kinonu inkişaf etdirmək üçün nə etməliyik? Heç şübhəsiz ki, Mədəniyyət nazirliyinin bu mənada öhdəsinə böyük məsuliyyət düşür. Bir halda ki, dövlət kinoya büdcə ayırır, o zaman büdcə ən çox müstəqil kinonun inkişafına xərclənməlidir. Kinoya məsul məmurlar, xüsusən Rüfət Həsənov müsahibələrində kino istehsalının inkişafından danışanda fəxrlə Vaqif Mustafayevin, Asif Rüstəmovun, Elçin Musaoğlunun hələ nümayiş olunmayan filmlərinin adını çəkir.

Doğrudanmı məmurlar inanır ki, “Azərbaycanfilm”də istehsal olunan üç film kino sənayesinin formalaşmasında əhəmiyyətli rol oynayacaq? Məsələ ondadır ki, yeni rəhbərliyin, özündən əvvəlki rəhbərliyin siyasətini təkrarlayaraq kino sahəsiylə bağlı təməl prinsipləri dəyişmədən, kinoda hansısa uğura ümid etməsi absurddur. Birincisi, sözügedən üç filmə ayrılan büdcə açıqlanmır, hərçənd, arxa plandakı söhbətlərə görə təkcə Vaqif Mustafayevin filminə 1 milyon manat ayrılıb. Halbuki hər üç filmə ayrılan büdcəyə az və ya orta (büdcəsi 150 min olan “Zəhər tuluğu” hazırda prokata uğurlu başlayıb) büdcəylə 15 film istehsal olunub prokata buraxıla bilərdi. Yəni demək istədiyim odur ki, üç filmlə kino sənayesi formalaşmır. Ayrıca, bu filmlərin taleyini təxmin edirəm, ya rəfdə qalacaq, ya festivalda göstərilib unudulacaq, satılmayacaq, ya da ölkədə prokat taleyi yaşamayacaq. Çünki büdcənin filmlərə verilməsi ilə bağlı aydın mexanizmin olmadığı vəziyyətdə kino sənayesi inkişaf edə bilməz. Çünki filmləri yalnız “Azərbaycanfilm” istehsal edəcəksə, istehsalat formalaşa bilməz. Çünki əgər bir filmin reklamı, tamaşaçının filmə gəlməsi ayrıca büdcə, PR siyasəti tələb edir. Nazirliyin bununla bağlı nə kimi planı, strategiyası var?

 Mədəniyyət nazirinin birinci müavini, gülərüz, pozitiv Elnur Əliyev bir açıqlmasında deyir: “Mədəniyyətin vacib sahələrindən biri olan kino gəlirli bir sahədir”.

Sualımı təkrarlamağa məcburam: böyük büdcənin ayrıldığı üç tammetrajlı, üstəlik, saysız qısa filmlərlə kino sənayesi necə formalaşa və necə gəlirli ola bilər? Yaxud, “Daxildəki ada”, “Fulya” prokatda nə qədər gəlir topladı? Ümumiyyətlə, bu il kino sahəsində nə kimi gəlirlər əldə olunaraq büdcəyə fayda verilib?

Təməl prinsiplər deyəndə, kino qanununun yenilənməsini, kinoya vergilərin ləğvini, bölgələrdə kinoteatrların tikilməsini, filmlərə büdcənin şəffaf, işlək mexanimzlə ayrılmasını nəzərdə tuturam. Bu problemlər həll olunmadan kino istehsalatında hansı effektiv nəticə əldə olunacaqmı?

Başqa bir açılqmasında isə Elnur Əliyev deyir: “İnsan kapitalının inkişaf etdirilməsinə ən yaxşı nümunə Azərbaycan Kino Agentliyidir”. Birincisi, Agentlik hələ nümunə sayıla bilməz, ona görə ki, o yaradılmayıb. Yaradılmayan bir şeyin nümunə olub olmayacağı, kinonun inkişafına yararının toxunub toxunmayacağı hələ bəlli deyil. İkincisi, nazir müavininin insan kapitalının inkişaf etdirilməsi deyəndə nəyi nəzərdə tutduğu aydın deyil. Əgər kino sahəsində insan kapitalı deyəndə, yaradıcı müəlliflər, texniki heyət nəzərdə tutulursa ciddi qayğılanmağa ehtiyac yoxdur. Qayğılanmalı olan məsələ budur: maliyyənin filmlərə paylanması şəffaf mexanizmə əsaslansın, müəlliflər bürokratik əngəllərdən xilas olsun, yaradılacaq Kino Agentliyi açıq qapı siyasəti yürütsün, hələ bir zəhmət çəkib, əhəmiyyətli kommersiya layihəsinə də dəstək olsun.

Nəhayət, kinoya ayrılmış 6 milyon yarımın hesabatı verilsin.

Bu arada nazirlik 300 min manat civarında “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsini elan edib. Müsabiqənin şərtlərində bəzi qaranlıq məqamlar var, indi yazıb, yeni ildə Rüfət Həsənovun yox, öz qanımı daha da qaraltmaq istəmirəm. Amma müsabiqənin gedişatını izləyəcəyik və növbəti yazılarda lazımi məsələlərə toxunulacaq.

Paylaş: