pese-tehsil-muessiselerine-20212022-ci-tedris-ili-uzre-telebe-qebuluna-start-verilir
Müəllif: Publisist.az /Tarix: 2021-08-20 /Oxunma Sayı: 410

Peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir.

     10 avqust tarixindən etibarən peşə təhsil müəssisələrinə 2021/2022-ci tədris ili üzrə tələbə qəbuluna start verilir. Ötən ildə olduğu kimi peşə təhsil müəssisələrinə tələbə qəbulu elektron qaydada ödənişsiz formada aparılacaqdır. Peşə təhsili almaq istəyən şəxslər 10-20 avqust tarixlərində “portal.edu.az”  platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qəbul prosesi ümumi və ya tam orta təhsil bazasını bitirən şəxslər üçün açıqdır.

        Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

        Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və həmçinin, sms vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur. Müsabiqədən uğurla keçən namizədlər növbəti mərhələdə qəbul olduqları müəssisəyə sənədlərin əslinin təqdim edilməsi üçün dəvət olunacaqlar.

        2021/2022-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas olmaqla 21260 yer üzrə aparılacaq. Ötən il ilə müqayisədə qəbul planı 9,6 faiz artırılmışdır. Yeni tədris ilində peşə təhsilinin əhatəsinin genişləndirilməsi ilə yanaşı yeni ixtisasların da tədrisinə başlanılması nəzərdə tutulur. Qeyd edək ki, texniki peşə təhsil səviyyəsi üzrə 4 yeni ixtisasın, yüksək texniki peşə təhsil səviyyəsi üzrə isə 15 yeni ixtisasın tədrisi aparılacaqdır.  Təklif edilən yeni ixtisaslar əmək bazarının tələbləri nəzərə alınmaqla formalaşdırılmışdır.

        2021/2022-ci tədris ilində ilk dəfə olaraq 5 regionda yerləşən 7 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsinin tədrisi aparılacaqdır.  15 ixtisası üzrə aparılacaq qəbul prosesində dövlət hesablı 840 yer ayrılmışdır. Qeyd edək ki, yüksək texniki peşə təhsili səviyyəsi - peşə təhsil pilləsinin ən yüksək səviyyəsi olmaqla subbakalavr ixtisas dərəcəsi üzrə kadr hazırlığını nəzərdə tutur.

 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur