rusiya-eleyhine-sanksiyalar-kecmisden-neyi-oyrene-bilerik
Müəllif: Publisist.az /Tarix: 2022-04-20 /Oxunma Sayı: 800

Rusiya əleyhinə sanksiyalar- keçmişdən nəyi öyrənə bilərik?

Avropa İttifaqı, Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə Rusiyaya qarşı Putinin Ukraynaya müdaxiləsinə görə Rusiyaya qarşı yeddi mərhələdə sanksiyalar tətbiq ediblər və yeni sanksiyalar da çox böyük ehtimalla tətbiq olunacaq.[i]

Bunlar Rusiyanı dünya tarixində beynəlxalq birlik tərəfindən ən çox sanksiyaya məruz qoyulmuş ölkə halına gətirir. Hazırda Rusiyaya tətbiq edilmiş sanksiyaların sayı beş mindən çoxdur.

Rusiyaya qarşı bütün bu sanksiyaların məqsədi Ukraynadakı müharibəyə görə zərərini artırmaqla (əsasən iqtisadi) Putinin qərarvermə prosesinə müdaxilə etməkdir. Rusiyaya qarşı sanksiyalar üç məqsədə xidmət edir.

· Birincisi, Putinin ölkəsinin gəlirlərini azaltmaqla onun hərbi gücünü zəiflətmək. Bu həm indiki hərbi əməliyyatları laxlatmalı, həm də gələcək planlara zərbə vurmalıdır.

· İkincisi, Putinin çoxlu sayda qurumları və təşkilatları əhatə edən şəbəkəsinə daxil olan oliqarxlar kimi mühüm dəstəkçilərinə təzyiq göstərməkdir.  Bu cür təzyiq həm iqtisadi, həm də maliyyə vəsaitlərinin dondurulması və səyahət qadağalarının tətbiq edilməsi kimi şəxsi məhdudiyyətlər vasitəsilə yaradılır.

· Üçüncüsü, bu sanksiyaların məqsədi Rusiya əhalisini məlumatlandırmaqdır, yəni mal təchizatını məhdudlaşdırmaqdır. Yəni belə bir məlumat çatdırılır ki, sizin hökumətiniz başqa ölkələrin etiraz etdiyi müharibəyə başlayıb və bununla ümid edilir ki, uzun müddətli perspektivdə əhalinin Rusiya hökumətinə dəstəyi azalacaq.

Başlıca sual budur ki, sanksiyalar məqsədlərinə çatırmı? Hələlik bu suala cavab vermək mümkün deyil. Lakin biz keçmiş təcrübələri qiymətləndirə bilərik, keçmişdə sanksiyalar dəfələrlə müxtəlif ölkələrə, o cümlədən Rusiyaya qarşı tətbiq olunub. Bu yazıda mən sanksiyaların iqtisadi zərərlərini qısa şəkildə izah edəcəm, onların niyə nəticə vermədiyinin səbəblərini deyəcəm və hazırda Rusiyaya necə təsir göstərə biləcəyini aydınlaşdırmağa çalışacam.

Sanksiyaya məruz qalmış ölkəyə və digərlərinə dəyən iqtisadi zərər

İqtisadi sanksiyalar istehsal gücünə zərbə vurmaqla sanksiyalara məruz qalmış ölkənin gəlirlərinə, ümumiyyətlə bütün sərvətinə təsir göstərir. Miqyasından və tərtibatından asılı olaraq şiddəti ciddi şəkildə fərqlənə bilər. 1976-2012-ci illər arasında Birləşmiş Millətlər Təşkilatının sanksiyalarına məruz qalmış 68 ölkəyə məhdudiyyətlərin təsirlərinin təhlili göstərir ki, həmin ölkələrin ÜDM artımında 2.3-3.5 faiz tənəzzül baş vermişdir.

Bütün iqtisadi fəaliyyət sahələrini əhatə edən hərtərəfli sanksiyalara məruz qalmış ölkələrdə tənəzzül 5 faizdən çox olmaqla ciddi böhrana səbəb olmuşdur. Ən əsası, bu davamlı olur, sanksiyaya məruz qalmış ölkənin iqtisadi aktivliyində tənəzzül orta hesabla 10 il davam edir.

İqtisadi sanksiyalar ölkənin cəmiyyətinə ciddi zərbə vurur. Lakin bir çox digər iqtisadi siyasətlərdə olduğu kimi bu ağır yük bərabər şəkildə paylanmır. Birləşmiş Ştatların 1982-2011-ci illərdə tətbiq etdiyi sanksiyaların təhlili göstərir ki, yoxsulluq uçurumu dərinləşir, kasıblıq həddindən aşağı səviyyədə yaşayan insanların gəlirləri orta hesabla daha 3.8 faiz azalır.

Bu onunla izah oluna bilər ki, iqtisadi sanksiyalar idxal və ixrac prosesinin intensiv olduğu sektorlarda müflisləşmək ehtimalı yuxarı olan aşağı ixtisaslı və aşağı maaşlı işləri xüsusilə sərt şəkildə vurur.   Yoxsullaşmanın dərinləşməsi sanksiya rejiminin ilk 21 ilində müşahidə olunur. Bu, narahatçılıq üçün əsas yaradır, çünki zərbənin sanksiyaya məruz qalmış ölkənin kasıb əhalisinə dəyməsi humanitar problemə çevrilərək, sanksiyaları davam etdirməyi çətinləşdirir.

Qloballaşmış dünyada belə mənfi təsirlər yalnız sanksiya altında olan ölkə ilə məhdudlaşmır. Sanksiyaya məruz qalmış ölkədə iqtisadi aktivliyin zəifləməsi sanksiyanı tətbiq edən ölkə də daxil digər ölkələrin biznes imkanlarını reallaşdırmağa mane olur. Belə təsirləri hesablamaq çətindir, amma çox sərt ola bilər. Ona görə sanksiyaları tətbiq edəndə məqsəd odur ki, sanksiyaya məruz qalmış ölkəyə təsiri maksimallaşdırmaqla yanaşı, sanksiya qoyan ölkələrə təsirlər mümkün olduqca zəiflədilsin.

2014-cü ildə Rusiyaya tətbiq edilən sanksiyalar işləyirdi, amma neft qiymətlərinin düşməsi daha ciddi təsir göstərirdi

Rusiyaya sanksiyaların təsirinə dair son dövrə aid sübutlarımız var. 2014-cü ildə Rusiyanın Krımı işğalına cavab olaraq bir çox ölkələr bu ölkəyə qarşı iqtisadi və diplomatik sanksiyalar tətbiq etdilər. Bu sanksiyalara 877 nəfərə qarşı səyahət məhdudiyyəti, maliyyə vəsaitlərinin dondurulması, Krım və Rusiya ilə ticarət axınına qadağalar daxil idi. ÜDM-ə baxanda (hazırkı dəyərində, dollarla) 2014-cü ildən 2015-ci ilə kimi üçdə bir qədər düşmüşdü. Bu, Rusiya üçün xüsusilə ağır olmuşdu, çünki ABŞ iqtisadiyyatına hansısa müşahidə olunan ziyan dəyməmişdi, Avropa ölkələri iqtisadiyyatlarında isə nisbətən yüngül geriləmə baş vermişdi.

ÜDM-in düşməsinin əsas səbəbi rublun dəyər itirməsi idi ki, sanksiyaların tətbiqi ilə müşayiət olunurdu. Devalvasiyanın effekti  alıcılıq qabiliyyəti paritetinə uyğunlaşdırılmış ÜDM ilə hesaba alınır, ona görə də iqtisadiyyatın real vəziyyətini daha yaxşı əks etdirir. Bu cür uyğunlaşdırılmış ÜDM-ə baxanda görürük ki, Rusiya ÜDM-inin tənəzzülü 6 faiz olub.

Onda demək olarmı ki, Avropa İttifaqının və müttəfiqlərinin Rusiyaya tətbiq etdiyi sanksiyalar onun ÜDM-inin 6 faiz düşməsinə səbəb olub? Bir sıra tədqiqatlar bu suala cavab verməyə cəhd edib. Məsələn, Beynəlxalq Valyuta Fondu sanksiyaların Rusiyanın ÜDM-ə təsirinin ildə 0,2 faiz olduğunu deyir. BOFIT-in (Finlandiyanın İnkişaf Etməkdə olan İqtisadiyyatlar İnstitutu Bankı) apardığı tədqiqat isə 2014-2015-ci illər arasında sanksiyaların Rusiya ÜDM-ini 1,2% azaltdığını göstərir

Tədqiqatlar sanksiyaların təsirinin şiddəti barədə müxtəlif nəticələrə gəlsə də, onlar adətən o fikirdə həmrəy olurlar ki, neftin qiymətinin 50% düşməsinin Rusiya iqtisadiyyatına mənfi təsiri bu qiymət düşməsi ilə eyni dövrdə tətbiq edilən sanksiyalardan qat-qat ağır olmuşdur.  Beləliklə, neftin qiymətinin düşməsi Rusiya iqtisadiyyatına sanksiya rejimindən daha çox mənfi təsir göstərmişdir, çünki xam neft və neft məhsulları Rusiya ixracının təxminən 50 faizini təşkil edir.

Sanksiyalar bir çox hallarda üç səbəbdən qoyulan məqsədlərə çatmır.

2014-cü ildə Rusiya Krımı işğal etdikdən sonra qoyulan sanksiyalar məqsədinə çatdımı? Aydındır ki, yox. Amma bu istisna deyil: Keçmişə baxanda müxtəlif ölkələrə tətbiq edilmiş sanksiya rejimlərinin yalnız 34%-i qismən də olsa qoyulan məqsədlərə nail olub. Müharibələrin qarşısını almaq siyasəti kimi tətbiq edilən sanksiyalar daha az, cəmi 15% uğurlu olub. Çox şeylər sanksiyaların uğursuzluğuna təsir göstərə bilər. Lakin bunların içində üç səbəb xüsusilə qeyd edilməlidir: 1) Qoyulan məqsədə mütənasib olmaması, 2) sanksiyaların niyyətinə əks-təsir göstərən və əvvəldən nəzərə alına bilməyən təsirlər və 3) sanksiya tətbiq edən ölkənin maraqları ilə toqquşması.

Sanksiyalar qoyulan məqsədə çatmaq üçün adekvat olmaya bilər. Bu o vaxt baş verir ki, sanksiyaların məqsədləri ya həddən artıq qeyri-müəyyən, yaxud sərt məhdudiyyətlər tətbiqini zəruri etməyəcək dərəcədə yumşaq olur. Xüsusən də sanksiyaya məruz qalmış ölkə onlardan yayınmaq üçün başqa ölkələrlə əməkdaşlıq edə biləndə, tətbiq edilmiş məhdudiyyətlərin məqsədə çatmasının uğursuzluq ehtimalı böyük olur. Bu cür yayınma nümunəsi kimi İranı misal çəkmək olar.

Tətbiq ediləcək sanksiyalar diqqətlə ölçülüb-biçilməyəndə elə yan təsirlər baş verə bilər ki, məqsədinə tam zidd nəticələrə gətirib çıxarar. Məsələn, əhalinin əksəriyyəti səbəbləri ideoloji şəkildə əsaslandırılmayan qeyri-mütənasib sanksiyalara məruz qalıbsa, sanksiyalar bütün ölkəni hökumət ətrafında  səfərbər edə bilər. Bu hal 60 ildir Kubada müşahidə edilir.

Rusiya nümunəsində sanksiyaların uğursuzluğunun ən əsas səbəbi tətbiq edən ölkələr üçün maraqlar toqquşması idi. Əgər sanksiyanı qoyan ölkə üçün iqtisadi zərər həddən artıq böyükdürsə, onları uzun müddətdə saxlamaq çətin olur, beləliklə, uğursuzluğu labüddür.

2014-cü ildə Rusiyaya sanksiyaların tətbiqindən sonra baş verən də məhz bu idi. Bu sanksiyalar tətbiq edilən kimi korporasiya nümayəndələri və lobbiçilər iş yerlərinin kütləvi ixtisarları ola biləcəyi barədə xəbərdarlıq etməyə başladılar.  Sonrakı illərdə Rusiya ilə biznes əlaqələri özəl və dövlət sektorları tərəfindən o dərəcədə cəlbedici qiymətləndirilirdi ki, imtinanın mümkün olmayacağı hesab edilirdi.

Rusiyaya qarşı indiki sanksiyalarla bağlı dörd məsələ

Rusiyanın indiki durumu ilə bağlı vəziyyətdən biz nə öyrənə bilərik? Birincisi, sərt sanksiyaların, hətta Rusiya iqtisadiyyatına ağır zərər versə də, 2014-cü il nümunəsi göstərdiyi kimi uğurlu ola biləcəyi mütləq deyil. İndiki sanksiyaların qat-qat daha ziyanlı olmasına baxmayaraq (son proqnozlar Rusiya ÜDM-nin 15% və daha çox düşə biləcəyini deyir), Putin güman ki, iqtisadi zərəri qaçılmaz yan təsir kimi qiymətləndirir. Ən azı o, bu ziyana federal ehtiyatları toplayaraq, büdcəni balanslaşdıraraq və xarici borcu minimallaşdıraraq hazırlaşıb.

İkincisi, sanksiyalar qoyulan məqsədə adekvat şəkildə nail ola biləcək gücdə olmalıdır. Xüsusilə, sanksiyalar zərər verən olmaqla yanaşı elə olmalıdır ki, effektiv olması üçün onlardan yayınmaq mümkün olmasın. Belə olması üçün Çinin mövqeyi həlledici əhəmiyyət daşıyır: Rusiya Çindən mal idxalına keçməklə ticari qadağalardan yayına, yaxud SWIFT sistemindən qismən kənarlaşdırılmaqdan qaynaqlanan mənfi təsirləri Çinin CIPS bank hesablaşma sisteminə keçid etməklə yumşalda bilər.

Üçüncüsü, sanksiyaların gözlənilməyən təsirlərinin ola bilmə ehtimalı nəzərdə saxlanılmalıdır. Xüsusən də nəzərə almaq lazımdır ki, sanksiyalar məqsədinin əksinə nəticələrə gətirib çıxara bilər, yəni Putinin siyasi çevrəsindən və Rusiya əhalisindən əlavə dəstək alması ilə nəticələnə bilər. Əhali sanksiyaların ədalətsiz və qeyri-proporsional olduğu qənaətinə gələrsə, Putin siyasətinin daha güclü dəstəkçisinə çevrilə bilər. Rusiya əhalisinə ağır zərbə vuran geniş iqtisadi sanksiyalar belə bir nəzərdə tutulmayan vəziyyətin yaranmasına səbəb ola bilər.

Beləliklə, sanksiya qoyan ölkələr Rusiyaya ciddi ziyan vurmaq üçün bir tərəfdən sərt sanksiyalara, güman ki, artıq qoyulmuşlardan daha sərt sanksiyalara əl atmalıdırlar, digər tərəfdən isə Rusiya əhalisinə sərt tədbirlərin onlara qarşı yönəlmədiyini açıq-aydın şəkildə çatdırmaq üçün kommunikasiya problemi ilə üz-üzədirlər.

Dördüncüsü, sanksiyalar onu tətbiq edən ölkələrin öz maraqlarına zərər vurmamalıdır. Əgər belə olarsa, tətbiq edilmiş sanksiyaların həyata keçirilməsinə yetərli dəstəyin olmaması onları zəiflədə bilər. İndiki vəziyyətdə belə bir maraq konflikti meydana çıxıb, çünki bəzi sanksiya tətbiq edən ölkələr neft və qazdan son dərəcə asılı vəziyyətlə üzləşirlər.

Rusiyadan neft və qaz idxalına qadağa qoyulması müxtəlif sanksiya tətbiq etmiş ölkələrdə fərqli şiddətdə əks-təsirlər yaradır ki, bu da belə sanksiyaların tətbiqində həmrəyliyin əldə olunmasını xüsusilə çətinləşdirir. Bu da belə bir dilemma yaradır ki, Putinin müharibə gücünə ən ağır zərbə vura biləcək sanksiyalar Avropa İttifaqı ölkələri üçün siyasi cəhətdən ən çətin həyata keçirilə biləndir.

Qeydlər

[i] Bu məqalə Bertelsmann Fondunun layihə rəhbəri Tomas Şvab tərəfindən yazılmış və fondun Qlobal və Avropa dinamikalarında yeni perspektivlər adlı onlayn nəşrində dərc edilmişdir.  Bakı Araşdırmalar İnstitutu əməkdaşları tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir. Məqalənin əslini buradan oxumaq mümkündür.

Mənbə: https://bakuresearchinstitute.org/az/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur