sellinqin-estetik-baxislari
Müəllif: Publisist.az /Tarix: 2021-04-05 /Oxunma Sayı: 509

Şellinqin estetik baxışları

Almaniyada romantizmin əsaslarını ilk dəfə Şellinq işləyib hazırlamışdı. Şellinq düşünürdü ki, təbiətin özündə nə isə bir yaradıcı qüvvə var. Fəlsəfənin tapmağa çalışdığı ziddiyyətlərin həlli məsələsini o, incəsənətdə görürdü. Deyirdi ki, incəsənət bütün sirlərin açarını özündə ehtiva edir.  İlkin və ən ali sənətkarlıq nümunəsi kimi o, mifi göstərirdi. Şellinqə görə mifdə sənətkarın estetik düşüncəsi və mütəfəkkirin intellektual təfəkkürü birləşir. Buna görə də antik incəsənətdə misli görünməmiş sənətkarlıq nümunəsi vardır.  Müasir incəsənət də öz mifologiyasını yaratmalıdır.

Şellinqin estetik baxışlarının çox hissəsi “İncəsənət fəlsəfəsi” əsərində yer alır. Əsər 1859-cu ildə çap olunmuş  və 1800-1805- ci illərdəki mühazirələri əhatə edir. Mühazirələr kifayət qədər gec nəşr edilməsinə baxmayaraq onun estetik fikirləri çox geniş yayılmışdı. Şellinq deyirdi ki, incəsənətin inkişafı yavaş-yavaş cismanilikdən azad olub ruhani başlanğıca yaxınlaşır. Poeziyanı  incəsənətin ən ali tipi hesab edirdi. Çox az materiallığı səbəbindən onun ideala yaxın olduğunu düşünürdü. Poeziya deyərkən şeirlə yazılan əsəri yox, ruhsal başlanğıclı əsərləri nəzərdə tuturdu. Nəsr onun fikrincə ağlın təzahürüdür, poeziya isə insanın mahiyyətini ifadə edir. Epos ovqatı deyil, fəaliyyəti əks etdirir. Lirika isə sonsuzluğun sonlu olanın qiyafəsində təqdim olunmasıdır. Azadlıq və zərurət incəsənətin əsasını təşkil edən ziddiyyətin  ən ali ifadəsidir. Deməli, incəsənətin ən ali təzahürü zərurətin qalib gəldiyi təzahürdür, zərurət azadlığı özündən asılı vəziyyətə salmadan, azadlıq zərurəti məğlub etmədən zəfər çalmalıdır.

 

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur