sonuncu-sam-yemeyini-nece-yemeli
Müəllif: Publisist.az /Tarix: 2022-01-18 /Oxunma Sayı: 430

"Sonuncu şam yeməyi"ni necə yeməli?

Əlixanın "Sonuncu şam yeməyi"ni nuşcanlıqla qəbul eləmədim nə yalan deyim. Film o deyil. Amma filmdə açıq aşkar görünürdü ki, din tənə obyektinə çevrilməyib. Ona məhz bu yöndən olan reaksiya, yəni "dinimizi alçaldırsan" ritorikası çox qorxuludur. 

Təbii ki, "Şam yeməyini" yerə-göyə sığdırmayanlar, festivallara layiq bilənlər də ayrı bir dərddir. Görün necə bir mədəni böhranla, necə görməmişliklə üz-üzəyik ki, biri filmin dini təhqir elədiyinə inanıb od püskürür, o biri deyir bu, yüksək sənət nümunəsidir. Biri Əlixanın qanını axıtmağa müntəzirdi, o biri Əlixan uğrunda qan tökməyə. Sən də qalmısan iki odun arasında. "Sonuncu şam yeməyi" sadəcə əyləncədir, vəssalam. Baxdınız, güldünüz, qurtardı getdi. Di gəl bu filmə inanılmaz məsuliyyət yükləyənləri birtəhər ötüşdürmək olar. Amma Əlixanın dindarları alçaldığını düşünənlər təhlükədir. Hələ ki, dinc etiraz edirlər, amma münbit zəmin yaranacağı an bunun axırı "Sivas qətliamı"dır.

Bu yaxınlarda bir zamanlar məşhur "Aeroplan" filminin rejissoru Cim Abrahamsın müsahibəsini oxuyurdum. Müsahibədə maraqlı məqama toxunulur. Jurnalist belə bir sual verir ki, niyə komediya janrı ölüb? Həqiqətən mənim də diqqətimi cəlb edib bu məsələ. Son ən azı on il ərzində kulta çevrilmiş komediya yoxdur dünyada. Ümumiyyətlə bu janra müraciət edilmir demək olar. Rejissorun cavabı belə olub ki, müasir senzura (qeyri-rəsmidir bu senzura) müəlliflərin əlini qolunu bağlayıb. Zəncilərlə bağlı zarafat edirsən, o saat hay-küy qopur ki, irqçisən. LGBT fərdi ilə bağlı komik situasiya qurursan, o saat ittiham yönəlir ki, homofobsan. Yaxud müsəlmanı komik personaj kimi təqdim edirsən, o saat qan düşür ki, islamofobsan. Hələ feministlər də bir yandan problem təşkil edir. Bu şərtlərdə necə komediya çəkəsən?! 

Bütün dünyada qəribə bir paranoya küləyi əsir. Mənə görə bunun kökündə sosial media durur. Çünki ondan əvvəl sıravi insanların baş verənlərə dair münasibətlərini bəyan etmək vasitələri yox idi. Şərait özü ona sıravi olduğunu daim hiss elətdirir, o da öz növbəsində bununla barışıq şəkildə yaşayırdı. Müasir virtual dünya isə adi insanlara status yazdırmaqla, ətrafına publika yığmaq imkanı verməklə onu vacib persona olduğuna inandırdı. XIV Lüdovikin ifadəsi ilə desək "dövlət mənəm" (leta se mua). Hamının əlinə bir tribuna keçib, hamı özünün "leta se mua"lığını elan edib, hamı durub ehkam kəsir, özü ağılda olanları bir yerə yığıb təşkilatlanır, virtual terror törədir, baykot, etiraz.

Nədir, ay balaca lüdoviklər?! Nə həşirdi?! Bu nə yersiz ciddiyətdir, ifrat dramatizmdir?! Mark Zaxarovun çox sevdiyim "Həmin Münxhauzen" ("Тот самый Мюнхгаузен") filmində demişkən, "ən böyük axmaqlıqlar ciddi simalarla görülür"

P.s Yazıya əlavə: İndicə bir nəfərin iradını gördüm, deyir ki, Əlixan üzr istəməməli, hesabat verməməli idi. Bununla çox pis ənənənin əsasını qoydu bəlkə də. Düz deyir. Camaat üzrxahlığa öyrəşib başlayacaq həmişə kaprizli davranmağa ki, ay dinim təhqir olundu, ay adət-ənənəm ələ salındı. Qocalar olure, bekarçılıqdan zəng edirlər polisə ki, qonşuda hay-küydü (halbuki ani olaraq kimsə gülməkdən qəşş edib), yaxud "məhəlləyə narkomanlar yığışıb" (halbuki sadə gənclərdi, söhbət edirlər). Bir dəfə tutuzdurub deyə başlayır yerdə qalan ömrünə bu cür şeylərlə "ekşn" qatmağa. İndi cəmiyyət də elə. Sən sənətçisən, nə düşünmüsənsə, onu da çəkmisən. Kim necə başa düşür, hara yozur öz problemidir.

 

Asiman Ağa Rövşən 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur