tomas-eliotun-nobel-nitqi
Müəllif: Publisist.az /Tarix: 2023-01-04 /Oxunma Sayı: 384

Tomas Eliotun Nobel nitqi


Bu axşam nə deyəcəyimi düşünəndə yalnız bir şeyi arzuladım ki, İsveç Akademiyasının   layiq gördüyü mükafatın mənim üçün yüksək şərəf olduğunu ifadə edim. Ancaq bunu adekvat şəkildə söyləmək çox çətindir, professional sferam söz sənəti olsa da, aciz  qaldım, nə deyəcəyimi bilmədim. 

Sadəcə bunu deyə bilərəm ki, məni söz adamı üçün böyük şərəf olan beynəlxalq mükafata laqyiq görüblər, bu məqamda mən də hər kəsin bildiyi sözləri təkrar edə bilərəm. Desəm ki, buna layiq deyiləm, bu, şübhəsiz ki, Akademiyanın müdrikliyinə şübhədən başqa bir şey olmaz; Akademiyanın ünvanına tərif söyləsəm, bu da o demək olacaq ki, şair kimi etiraf edilməyimi bir tənqidçi kimi təsdiqləyirəm. Buna görə də, xahiş edirəm bunu necə var elə qəbul edəsiniz, yəni, deyimmi ki, bu mükafatın verildiyini bildikdə, analoji situsiyada hər bir kəs üçün normal olan hisləri keçirdim sevindim, qürurlandım, ləzzət elədi mənə, həm də birdən, bir anda tanınmış adamın daxilində yaranan həyəcanlı hislər də keçirdim? Nobel mükafatı xarakteri etibarı ilə elə digər mükafatlara bənzəydi, ancaq təkcə ranqıyla yüksək olsaydı onun haqqında lazım olan sözləri seçib deyə bilərdim, ancaq bu, mahiyyətcə xüsusi hadisədir, bu səbəbdən indi keçirdiyim hisləri adekvat şəkildə ifadə etməkdə çətinlik çəkirəm.

Buna görə də, çalışacam hislərimi birbaşa ifadə etməyim, əksinə, ədəbiyyat üzrə Nobel mükafatının əhəmiyyəti haqqında məxsusi fikirlərimi söyləyim. Əgər bu, sözü gedən müəllifin göstərdiyi xidmət və onun şöhrətinin məxsus olduğu ölkənin və dilin sərhədlərini aşması anlamına gəlsəydi, bəlkə deyə bilərdik ki, bizim hər birimiz istənilən zaman başqa şairlərdən daha çox fərqlənməyə layiq görülmüşük. Ancaq fikrimcə, Nobel mükafatı büsbütün fərqli və üstün bir şeydir. Mənə elə gəlir ki, vaxtaşırı olaraq bu və ya digər xalqın içindən xüsusi dəyər verilərək seçilən şəxs əlahiddə rola malikdir və o, bu baxımdan hansısa yüksək dəyərlərin simvoluna çevrilmişdir. Mərasim keçirilir, bununla, onun çiyinlərinəəvvəllər heç zaman daşımadığı yük qoyulur, özü də qəfildən! Məsələ o deyil ki, seçilən adam belə bir çox yüksək mükafata layiqdir, yoxsa yox, məsələ odur ki, ona verdiyiniz vəzifəni yerinə yetirə biləcəkmi: bir nümayəndə kimi bu tapşırığı icra etmək, elə bir görəv ki, indiyə qədər yazdıqları ilə müqayisədə qat-qat böyük əhəmiyyət daşıyır.

Digər sənətlərlə müqayisədə poeziya konkret məkana hədsiz bağlılığı ilə seçilir. Rəngkarlıq, memarlıq, musiqi… tamaşa edən və dinləyən hər kəsi həyəcanlandıra bilər. Ancaq dil, xüsusən də poeziyanın dili çox fərqli məsələdir. İlk baxışdan belə görünə bilər ki, poeziya guya insanları birləşdimir, əksinə, ayırır.
Ancaq digər tərəfdən, bilirik ki, dil nə qədər maneə yaratsa da, poeziya özü bunların aşılmasına şərait yaradır. Fərqli bir dildə yazılmış şeirdən zövq almaq bu dildə danışan həmin xalqa ünsiyyətdən zövq almaq, onu anlamaq kimidir, bunun başqa bir yolu varmı, qətiyyən yoxdur. Gəlin, Avropa poeziyasının tarixini, bir dildə yaranan poeziyanın başqa bir dildə yaranan poetik mətnlərə təsirini xatırlayaq; hər bir görkəmli şairin təkcə öz dilində deyil, başqa dillərdə yazan şairlər qarşısında da ölçüyəgəlıməz borcunu da unutmayaq; bir anlıq düşünək ki, hər hansı ölkədə, hər hansı dildə yaranan poeziya böhranı keçirə və məhv ola bilər, şübhəsiz ki, o, başqa dildə yazılan mətnlərdən qidalanmasa. Hər hansı şair öz xalqına səslənəndə, bu mətndən ona təsir göstərmiş digər dillərdə yazıb-yaradan şairlərin də səsi eşidilir. Eyni zamanda digər dillərdə yazan gənc şairlər onun poeziyasından təsirlənir və beləliklə, onun dünyaduyumunun hansısa hissəsini və deməli onun məxsus olduğu xalqın ruhunu bu yolla öz xalqına ötürür. Qismən şairlərə təsir yolu ilə qismən başqa dildə yazan şairlərin onun şeirlərini öz adlarında dilləndirdikləri tərcümələr vasitəsi ilə, qismən də onu ana dillərində oxuya bilən oxucuların sayəsində şair xalqlara bir-birlərini anlamaqda yardımçı olur.
Əlbəttə ki, hər bir şairin yaradıcılığına hopan bir çox şeylər onunla eyni ölkədə nəfəs alan və eyni dili danışan insanların ruhunda əks-səda verir. Ancaq “Avropa poeziyası”, hətta “dünya poeziyası” ifadəsinin konkret anlamı var. Düşünürəm ki, başqa ölkələrdə və dillərdə yaranan poeziya vasitəsi ilə, – olsun ki, bu, həmin ölkədə yaşayan çox az insana məlumdur, – ən müxtəlif insanlar bir-birini anlayır vəəsas olan da elə budur. Mən də elə buna görəədəbiyyat üzrə Nobel mükafatını hər şeydən qabaq poeziyanın milli dəyərinin təsdiqi olaraq qiymətləndirirəm. Məncə elə bu məqsədlə, vaxtaşırı olaraq şairlərə bu mükafatı verirlər: budur, sizin qarşınızdayam, ancaq şəxsi xidmətlərimə görə deyil, heç olmasa hansısa zaman dilimində poeziyanın ali təyinatının simvolu kimi.

10 dekabr 1948
525-ci qəzet
İngilis dilindən tərcümə: Cavanşir Yusifli

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur