v-animafilm-beynelxalq-animasiya-festivali-sonrasi
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-09-14 /Oxunma Sayı: 331

V “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı sonrası...

Tarix

Dünya kinematoqrafiyasında multiplikasiyanın doğulması 1906-cı ildə Stüart Blektonun "Məzəli simalar" lentinin ekranlara çıxması və geniş əks-səda doğurması ilə əlamətdar olub.
Maraqlıdır ki, yarandığı dövrdə animasiya eyni dərəcədə həm kiçikyaşlı tamaşaçılar, həm də böyüklər üçün nəzərdə tutulurdu. "Animasiya" sözünün etimologiyası çox şəffafdı. Hərfi mənada "dirilmə" deməkdi. Bu termin ekranda obyektlərin hərəkətini nəzərdə tutur. "Animasiya" və "multiplikasiya" təxminən eyni məna yükü daşıyan, yalnız bəzi texniki çalarlarına görə fərqlənən anlayışlardır.

"Multiplikasiya" çoxalma deməkdi. Bir multiplikasiya filminin ərsəyə gətirilməsindən ötrü texnikanın hələ tam inkişaf etmədiyi dövrlərdə çoxluvaxt və böyük miqdarda kağız tələb olunurdu. Axı 10 dəqiqəlik multfilm 14.400 rəsm deməkdi!. Beləliklə, XX yüzilliyin əvvəllərində Fransa, ABŞ, Rusiya sakinləri kinonun multiplikasiya janrı ilə tanış oldular. Azərbaycana gəldikdə isə multiplikasiyanın tarixi müxtəlif mənbələrdə fərqli göstərilsə də, multiplikatorlamız 1935-ci ildə Azərbaycan xalq nağılı əsasında çəkilmiş "Abbasın bədbəxtliyi" filmini ilk "qaranquş" sayırlar. 1969-cu ildə kinostudiyanın multiplikasiya sexi bərpa ediləndən sonra isə multiplikasiya sənəti Azərbaycanda da intensiv inkişaf mərhələsinə qədəm qoydu. 

Təhlil

Beləliklə, daha bir festival tarixə çevrildi. Festival ərzində seyr etdiyim filmlər arasında ingiltərəli animator Tilli Uollesin “Kəpənək qanadları” filmi əsrarəngiz təəssürat yaratması ilə fərqləndi. Bu filmdə kinematoqrafik və ayrıca olaraq sırf animasiya estetikası nəfis səviyyədə həll edilib. Baxdığım digər filmlər arasında, məsələn, polyak, slovak və çex animatorlarının Aral dənizinin acı taleyindən Özbəkistanın Muynak şəhərinin sakinlərinin dili ilə söz açdıqları “Burada bir vaxtlar dəniz olub…” filmi ifrat didaktik təsir bağışladı.

Alman, polyak, çex və slovak animatorlarının fauna aləminin ovunun yolverilməz hədd və şəklə çatması ilə bağlı həyəcan təbili tərzində çəkilmiş filmi yaradıcı heyətin məsuliyyətli və zövqlü işinin gözəl bir göstəricisi kimi yadda qaldı.

Kanadalı animatorların şamanların həyatından bəhs edən, dünyanın salamatlığını onların baxış nöqtəsindən göstərən filmi isə sxolastik bazisini qeyri-adiliklər arxasında gizlədə bilmədi.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyasının qalibi kimi seçilmiş “Ağ qorxu” gənc animator Ülviyyə Məmmədovanın ilk işidir. Debütün uğurlu olduğunu deyə bilməyəcəm – film adını doğrultmur, təsvirlər isə sanki hələ hazırlıq prosesindədir, rejissor tamaşaçıya çatdırmaq istədiyini bitkinləşdirməyib.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” nominasiyasında xüsusi seçim mükafatını qazanan 8 yaşlı Kövsər Qurbanın “Bir damla” filmi isə həm adını tam doğruldur – bir damlatək durudur, həm kinematoqrafikdir, həm də anlaşıqlıdır.  

Festivalın gedişatı

Sentyabrın 7-dən 11-dək “Nizami” Kino Mərkəzində V “ANİMAFİLM” Beynəlxalq Animasiya Festivalı uğurla baş tutdu. Festivalda beş gün ərzində 29 ölkədən uşaqlar və böyüklər üçün çəkilmiş 121 müxtəlif animasiya filmləri nümayiş etdirildi. Festivalın builki mövzusu “İqlim dəyişikliyi”, devizi isə “Bir bilet = bir ağac” idi. Beynəlxalq tədbir “İqlim dəyişikliyi” mövzusuna həsr olduğuna görə bilet satışlarından əldə olunan bütün vəsaitin işğaldan azad olunmuş ərazilərdə ekoloji tarazlığın bərpası üçün Qarabağ Dirçəliş Fonduna ianə ediləcəyi elan edilmişdi. Bağlanış mərasimində bilet satışlarından əldə olunan vəsaitin və əkiləcək ağacların sayını uşaq münsiflər heyətinin üzvü Əsra Əliyeva açıqladı: 4119 AZN = 412 ağac.

Festivalın müsabiqədənkənar və peşəkar proqramları bu il də Fransa, Çexiya, Yaponiya və Ukrayna kimi kinematoqrafik ölkələrin filmləri ilə zəngin oldu. Bununla yanaşı, gənc animasiya həvəskarlarını nəzərdə tutan və Azərbaycan animasiya sənətinin inkişafını təşviq edən müxtəlif vörkşoplar, o cümlədən Conatan Laskarın ustad dərsi, Nitya Ramloqanın “Stop motion”, Tilli Uollesin və Nəzrin Ağamalıyevanın “Şüşə üzərində animasiya” vörkşopu, Daniel Börd, Elçin Hami Axundov və Məsud Pənahinin birgə keçirdiyi animasiya restavrasiyası haqqında “Animasiya refreyminqi: rəqəmsal texnologiyalar əsrində hərəkətli təsvirin qorunması və bərpası” konfransı və festivalda ilk dəfə virtual sərgi baş tutdu. Festivalın peşəkarlar üçün proqramı çərçivəsində ilk dəfə keçirilən “Making-of” tədbirində isə istehsal mərhələsində olan 5 yerli animasiya filminin təqdimatı həyata keçirildi.

V “ANİMAFİLM” festivalında beynəlxalq münsiflər heyətinin tərkibi Conatan Laskar (İsveçrə), Tilli Uolles (Böyük Britaniya), Markus Övre (Böyük Britaniya), Nodar Beqiaşvili (Gürcüstan), Yorn Leuverink (Niderland) və Daniel Börd (Böyük Britaniya) kimi peşəkarlardan ibarət idi.

Bu il ənənəvi olaraq festivalın uşaq münsifləri də fəaliyyət göstərirdi. 22 üzvdən ibarət olan bu heyət festival müddətində maarifləndirici və əyləncəli uşaq proqramında iştirak etdikdən sonra “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” və “Ən yaxşı animasiya serialı” kateqoriyaları üzrə iki qalib seçərək, bu kateqoriyanın qaliblərini səhnədə elan etdilər.

Bunlardan əlavə, bu il tamaşaçılar “Tamaşaçı seçimi” müsabiqəsinin qalibini film nümayişlərindən sonra elektron səsvermə əsasında müəyyənləşdirdilər.

Festivalın ən böyük mükafatı “Ən yaxşı qısametrajlı animasiya filmi – Qran-Pri mükafatına layiq görülən filmi Mədəniyyət Nazirliyinin Audiovizual və interaktiv media şöbəsinin müdiri Rüfət Həsənov açıqladı.

Yerli müsabiqənin “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” müsabiqəsinin qalibi isə Fransanın Azərbaycandakı səfirliyinin Mədəni fəaliyyət və əməkdaşlıq üzrə müşaviri Çarlz Denyer tərəfindən açıqlandı. O, bildirdi ki, bu mükafatın qalibi ənənəvi olaraq dünyanın ən böyük animasiya festivalı olan Fransanın “Annecy” Beynəlxalq Animasiya Festivalına MİFA peşəkar akkreditasiyası ilə qatılma imkanına sahib oldu.

Tədbirdə vörkşoplara qatılmış iştirakçıların iqlim dəyişikliyi mövzusunda qısa animasiya çarxları nümayiş etdirildi.

Bağlanış mərasiminin sonunda festivalın art-direktoru Nəzrin Ağamalıyeva 2023-cü ildə keçiriləcək altıncı festivalın mövzusunun gender bərabərliyinə həsr olunacağını və bilet satışlarından əldə olunan bütün gəlirin bir gənc qızın təhsilinə xərclənəcəyini diqqətə çatdırdı.

Beynəlxalq müsabiqələrin qalibləri:

“Ən yaxşı qısametrajlı animasiya filmi – “GRAND PRIX” – “2 trubka hekayə”, rejissor Amandin Mayer, Fransa.

“Ən yaxşı qısametrajlı animasiya filmi – “GRAND PRIX” – xüsusi seçim mükafatı – “Ağacdan”, rejissor Ouen Klate, ABŞ.

“Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” – “Franzinin şorba mətbəxi”, rejissor Ana Çubinidze, Gürcüstan, Fransa.

“Ən yaxşı televiziya animasiya serialı” – “Grizzy və lemminqlərin dünya turu – Lemminqlər haqqında əfsanə”, rejissor Sedrik Laşenaud, Fransa.

“Ən yaxşı qısametrajlı eksperimental və ya abstrakt animasiya filmi” – “Bizi”, rejissor Nelson Fernandes, Portuqaliya.

“Ən yaxşı musiqili animasiya videosu” – “Şəffaf qara və dəmirlə zəngin qırmızı”, rejissorlar Mario Kreyl Sirillo, İzabel Emili Viqand, İtaliya.

“Ən yaxşı tələbə animasiya filmi” – “Körpünün altında bir it”, rejissor Tanq Rehu, Çin.

Yerli müsabiqənin qalibi:

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – “Ağ qorxu”, rejissor Ülviyyə Məmmədova, Azərbaycan.

“Ən yaxşı Azərbaycan qısametrajlı animasiya filmi” – xüsusi seçim mükafatı – “Bir Damla”,  rejissor Kövsər Qurban, Azərbaycan.

Tamaşaçı seçimi müsabiqəsinin qalibi:

“Frranzinin şorba mətbəxi”, rejissor Ana Çubinidze, Gürcüstan, Fransa.

Festivalın builki tərəfdaşları: Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Kinematoqrafçılar İttifaqı, Qarabağ Dirçəliş Fondu, Culture Network House Association, Azərbaycan Yaradıcı Sənayelər Federasiyası, Shahmaran Metaceramica, Dynamic Box Studio, Nizami Kino Mərkəzi, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi, Fransanın Azərbaycandakı səfirliyi və Fransız İnstitutu, Çexiya Respublikasının Azərbaycandakı səfirliyi, Yaponiyanın Azərbaycandakı səfirliyi və Yaponiya Fondu, Lenovo, Tripsome, Ritual Mobil Teatr Laboratoriyası, Cafino Coffee&Wine, Nemi Hotel Baku, Unibroad, Choche.az, Annecy Beynəlxalq Animasiya Film Festivalı və TVPaint Développement.

Festivalın media tərəfdaşları: “BAKU” və “Nargis” jurnalları.

Son söz əvəzi

Azərbaycan multiplikatorları müxtəlif dövrlərdə multiplikasiyanın qrafika, kukla, applikasiya, animasiya, ekler və digər üsullarından istifadə ediblər. Çoxlu sayda cizgi filmlərimiz var ki, istər geniş tamaşaçı kütləsinin, istərsə də mütəxəssislərin diqqətindən kənarda qalmayıb. Səsləndirmə işinə də, gördüyünüz kimi, ən sevilən, ən peşəkar aktyor və müğənnilər cəlb olunub. Təbii ki, Cırtdan, həccə gedən Tülkü, Pıspısa xanım, göyçək Fatma, söhbətləşən Meyvələr uğurlu multiplikasiya qəhrəmanlarıdır. Və layiqli qiymətlərini də alıblar. Lakin onların əksəriyyətinə yaşamaq hüququnu verən ilk növbədə ədəbi materialdı. Buna görə də bu ədəbi qəhrəmanlar peşəkar multiplikatorların zəhmətini tam "qiymətləndirə" bilməzdilər. Başqa sözlə, heç nəyə baxmayaraq bizim dolğun mənada populyar multiplikasiya, cizgi, ya da animasiya qəhrəmanımız hələ ki doğulmayıb. Çünki böyük kinoda olduğu kimi kiçik kinoda da inkişafı şərtləndirən birinci cəhət müvafiq ssenarilərin yazılmasıdı. Bax, bu yöndə görülməli işlər çoxdur.

“Mədəniyyət/Culture” jurnalı olaraq Rəşid Ağamalıyev başda olmaqla “Animafilm” Beynəlxalq Animasiya Festivalının əzmkar və yaradıcı təşkilat komandasına bir təklifimiz var: növbəti festivaldan etibarən animasiya bayramının rəngarəngliyinə daha bir çalar əlavə edərək milli və dünya animasiya sənətinin ən tanınan, ən sevilən nümunələrinin daha çox məşhurlaşan qəhrəmanlarını səsləndirən sənətkarlarla görüşlər təşkil etsinlər. Şübhə etmirik ki, belə bir yeniliyin rəğbət və geniş əks-səda doğuracağına şübhə etmirik.

Samirə Behbudqızı

medeniyyet.info. 

Paylaş: