aktrisa-leyla-vekilova-95-illik-yubiley
Müəllif: Publisist.az /Tarix: 2022-01-29 /Oxunma Sayı: 534

Aktrisa Leyla Vəkilova -95 illik yubiley

Bu gün milli balet sənətimizin əfsanəvi sənətkarı, səhnə mədəniyyətimizin nadir incilərindən sayılan Leyla Vəkilovanın 95 illik yubileyi tamam olur.
 
Leyla Məhəd qızı Vəkilova 1927-ci il yanvar ayının 29-da Bakıda doğulub. Səkkiz yaşında olarkən Bakı Xoreoqrafiya Məktəbinə daxil olan Leyla ilk illərində təhsilini Ədilə Almaszadənin, daha sonra görkəmli balet ustası və pedaqoq Qəmər Almaszadənin kursunda alıb. Təhsilini 1943-cü ildə başa vuran aktrisa elə həmin ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının balet truppasına solist götürülüb.
 
Aktrisa 1945-1946-cı illərdə sənətkarlıq qabiliyyətini formalaşdırmaq və peşəkarlığını artırmaq məqsədilə iki il dünya şöhrətli Moskva Xoreoqrafiya Məktəbində xüsusi kurs keçib. Bakıya qayıdaraq Opera və Balet Teatrının aparıcı balet aktrisası olub.
 
O müxtəlif illərdə , Ə.Bədəlbəylinin “Qız qalası”, R.Qliyerin “Qırmızı lalə”, A.Kreynin “Laurensiya”, B.Asafyevin “Bağçasaray fəvvarəsi” , Q.Qarayevin “Yeddi gözəl” və “İldırımlı yollarla”, A.Məlikovun “Məhəbbət əfsanəsi”, B.Zeydmanın “Qızıl açar”, Ə.Abbasovun “Qaraca qız” baletlərində Gülyanaq, Pao Xoa, Laurensiya, Zarema, Aişə, Sari, Şirin, Malvina, Qaraca qız kimi obrazları məharətlə yaratmışdır. Leyla Vəkilova istedadlı balet ustası kimi Polşa, Suriya, Hindistan, Fransa, İtaliya, Macarıstan kimi ölkələrdə Azərbaycanı təmsil edib. Baletmeyster 1953-cü ildən ömrünün sonuna kimi Bakı Xoreoqrafiya Məktəbində klassik rəqslər fənnindən dərs deyib və 1992-ci ildən həm də bu təhsil ocağının bədii rəhbəri olub. Aktrisa 1996-cı il sentyabr ayının 6-dan Bakı Xoreoqrafiya Məktəbinin professoru kimi fəailiyyət göstərib.
 
Leyla Vəkilova mədəniyyət sahəsində xidmətlərinə görə 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 1958-ci ildə Xalq artisti, 1967-ci ildə SSRİ xalq artisti fəxri adlarına layiq görülüb.
 
Görkəmli balet ustası Leyla Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin fondunda qorunan və aktrisanın yaradıcılığını əks etdirən bir neçə fotonu sizə təqdim edirik.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur