alberto-moravia-zoren-xuliqan
Müəllif: Publisist.az /Tarix: 2024-07-15 /Oxunma Sayı: 296

Alberto Moravia. Zorən xuliqan

Mən onu bıçaqlayanda qəti ağlım üstümdə deyildi, demək olar ki, təsadüfən vurdum. Cino qıvrıldı, mənsə qorxumdan hər şeyi unudub evə qaçdım. Elə orda da məni həbs etdilər. Ancaq bir neçə ay sonra həbsdən çıxanda gördüm hamı mənə fəxrlə baxır, xüsusən tibrli qayıqçıların yığışdığı “Via San-Françesko a Ripa”dakı barda. Əvvəl mənə fikir verən olmazdı, indi isə az qala təzim edirdilər. Cayıllar sıraya düzülmüşdü: dostlaşmağa çalışır, məni şəraba qonaq edir, soruşurdular ki, hadisə necə oldu, mən yenə Cinoya hirsliyəm, ya yox. Axırı özüm də qürurlanmağa başladım, özüm də inandım ki, sən demə, mən dəhşət xuliqanammış, heç nə vecimə deyil, eləcə kefim istədiyinə görə, kimin istəsəm ağız-burnunu dağıda bilərəm. Və bardakı yeni dostlarım mən olmayanda Serafinoyla Sestiliyanın mazaqlaşmağını pıçıldayanda gördüm ki, hamısı mənə “Bəs indi necə olacaq?” soruşurmuş kimi baxır. Düşünmədən dedim:

– Pişik evdə olmayanda siçanların bayramıdı. İndi mən əl gəzdirərəm buralara.

Bunu deyəndən sonra başa düşdüm ki, boynuma başımdan böyük yük götürmüşəm. Yenə deyirəm: başımdan böyük. Deyim niyə. Əvvəla, Serafino məndən iki dəfə hündür və kök idi; düzdür, çox da cəsarətli görünmürdü – nəsə bir az təpərsiz kimiydi, elə bil içinə əski-üskü təpilmiş torbadır; yekəgöt, sısqa çiyin, qız kimi şümal üzündə bir dənə də tük çıxmayan, amma yenə də iri bədənli adam idi və mən ondan çəkinirdim. İkincisi, Sestiliyanı uğrunda qazamata gedəcək qədər sevmirdim. O, mənim xoşuma gəlirdi, vəssalam. Açığı onu asanlıqla Serafinoya güzəşt keçə bilərdim. Sadəcə özümdəndeyənlik eləmişdim. Görürdüm ki, indi hamı məni dəhşət xuliqan hesab edir və yoldaşlarımın gözündən düşmək istəməmişdim. Doğrudan da mən “əl gəzdirərəm” deyən kimi hərəsi bir yandan məsləhət verməyə, kömək təklif etməyə başladı. Tez-bazar fəaliyyət planı hazırladıq. Əslində, Serafino çoxdan ütüçü Culiya ilə evlənəsiydi. Qərar verdik ki, Serafino, Culiya, Sestiliya, mən və barın uşaqları San-Pankrasio darvazasının yanındakı osteriyaya yığışıb mənim çıxmağımı qeyd edək. Orda uyğun məqam tapıb Serafinoya bıçaq çəkib hədələyim ki, bir də Sestiliyanın yanında fırlanmasın, tez-bazar Culiya ilə baş-göz olsun. Deyəsən bu fikir Culiyanın qardaşından çıxdı, ən çox o əsəbləşirdi. Amma qalanları da Serafinoya diş qıcamışdılar, deyirdilər ki, qardaş nəsə özünü yaxşı aparmır.

Altı ay qabaq mənə bunu təklif edən olsaydı deyərdim ki: “Başınız xarabdı… Mən Serafinonu necə hədələyə bilərəm axı?.. Özü də niyə? Sestiliyaya görə?” amma indi mən tamam başqa adam olmuşdum. Mən dəhşət xuliqan idim və Sestiliyaya aşiq idim – geriyə yol yox idi. Qəddimi dikəldib dedim:

– Mənlikdi…

Elə qətiyyətlə dedim ki, yanımdakı bir az ağıllı oğlan məni xəbərdar etməyi lazım bildi:

– Bura bax, sən elə də qızışma. Sadəcə onu qorxuzmalısan, vəssalam… Özün də elə et ölməsin.

– Mənlikdi – təkrar etdim.

Danışdığımız gün San-Pankrasio darvazasının yanındakı osteriyaya getdim: Serafino, Culiya, Sestiliya, “dayı” ləqəbli Maurisio, Culiyanın qardaşı Federiko, Pompey qardaşları, özüylə akkardeon gətirmiş Terribili və mən. Bizim planı hamı bilirdi: bardakı uşaqlarla birgə hazırlamışdıq, Culiya və Sestiliyanı isə əvvəldən xəbərdar etmişdilər. Hətta Serafino da sanki nədənsə şübhələnirdi. Nəsə həvəssiz yeriyirdi, yol boyu susqun idi. Sestiliya ilə mən heç bir-birimizin üzünə də baxmadıq. Yad adamlar kimi soyuq idik. Ümidlənmiş Culiya isə bütün yolu Serafinonu qucaqlayırdı. O, at kimi damağını göstərərək dayanmadan gülürdü. Qalanları danışıb-gülürdü, bəlkə də bir az özlərini məcbur edirdilər, çünki havadan dava iyi gəlirdi. Mən yaman qorxurdum. Vaxtaşırı Sestiliyaya baxırdım ki, bəlkə qısqanclığım oyanar, cəsarətə gələrəm. Demirəm ki, onu bəyənmirdim, yox, onun əla bədəni, şahzadə kimi yerişi, üzünə tökülən qara saçları, iri, tünd gözləri, qəzəbli dodaqları vardı. O, mənim xoşuma gəlirdi – amma ona görə qazamata düşmək ayrı söhbətdir. Az qalırdım Serafinoya qışqırım ki, “sən Allah onu al, apar, bu söhbət bağlansın”. Amma bunu etmək istəyən köhnə Luici idi, Cinoyla davadan əvvəlki Luici. Yeni Luici isə bıçağı soxub intiqamını almalıydı.

Osteriya via Aureliya küçəsinin başında, darvaza divarına yaxın yerləşirdi. Biz terrasda oturub şərab və krendel sifariş etdik. Bar uşaqları içən kimi səs-küylə zarafatlaşmağa başladılar. Boş-boş danışır, içir, bir-birinə krendel atır, mahnı oxuyurdular. Terribili akkardionunu çalırdı. Qızların heç biri rəqs etmək istəmədiklərinə görə oğlanlar bir-biriylə sambo oynayırdılar. Qorxmasaydım mən də şənlənərdim. Uşaqların çıxardıqları hoqqalara baxanda hamı şaqqanaq çəkib gülürdü – xanım roluna girən oğlan ombalarını yellədir, nazlanırdı, kavalyer rolunu oynayan onun belindən tutub qaldırır, havada fırladıb yerə qoyurdu. Çox gülməli idi. Yalnız Serafinoyla mən gülmürdük.

Serafino pencəyini çıxarıb qısaqol köynəkdə qaldı. Gördüm ki, qolları yanıb qaralıb və qadın qolları kimi toppuşdu və fikirləşdim ki, bu qolla mənə bir dəfə vursa yerimdə qalaram. Elə bircə bu fikirdən qarnıma ağrı doldu, hirslənib Sestiliyaya pıçıldadım:

– Biz səninlə hələ sonra danışacağıq, ifritə!

O, çiynini çəkib cavab vermədi.

Vaxt keçirdi, bar uşaqları mənə işarələr eləyirdilər ki, başlayım. Elə bil belə asan idi e! Serafinonu elə qorxuzmaq lazım idi ki, bir də qurcuxmasın. Dildə, əlbəttə, asandı. Film qəhrəmanlarının bir-birini nakauta saldığı, revolverdən – heç kimə zərər vermədən – atəş açdığı səhnələrə öyrəşənlər elə bilir ki, qorxuzmaq boş şeydi. Amma qətiyyən elə deyil. Adamın qorxması üçün onu inandırmalısan ki, həqiqətən öldürməyə hazırlaşırsan. Mənim kimi onu öldürməyə yox, sadəcə qorxuzmağa çalışanda isə çətin olur. Xoşbəxtlikdən Cinoyla davamızı hamı bilirdi; o vaxt təsadüfən elə alınmışdı, indi isə ağlım üstümdə idi. Sestiliyaya baxdım və ürəyimdən keçdi ki, kaş Serafinoyla him-cimləşəydilər, mən də əsəbləşəydim. Lakin o, sakitcə oturmuşdu və incik görünürdü. Culia isə əksinə, Serafinonun az qala boynundan asılmışdı və hər şeyə qəşş edirdi.

Nəhayət akkardeon susan kimi fikirləşmədən – bayaqdan fikirləşirdim də – Serafinoya tərəf əyilib dedim:

– Bura bax, nə olub? Səni dəvət elədik ki, bir yerdə qeyd edək, sən də nə içirsən, nə dinirb-danışırsan.. Türmədən çıxmağıma sevinmirsən?

– Luici, nə danışırsan – Serafino cavab verdi, – elə şey olarmı? Sadəcə bir az qarnım ağrıyır, vəssalam.

– Yox, – təkid etdim, – məncə çıxmağım ürəyincə deyil… Mən orda olanda Sestiliyanın ətrafında yaman fırlanmısan, indi də qayıtmağımdan narazısan.. Məncə, söhbət budu!

Səsimi qaldırmışdım, öz-özümə isə fikirləşirdim: “Hələ ki, qızışıram, amma sürət yığan təyyarə kimi götürülməliyəm… Sürət götürüb qalxmasam batdım”.

Hamı səsini kəsib məmnuniyyətlə mənim Serafinoya söz soxmağıma baxırdı. Hiss elədim ki, Serafinonun saqqalsız, şümal sifəti nəinki ağardı, hətta bozarmağa başladı. Bunu görüb masanın üstündən daha çox əyilib Serafinonun köynəyinin yaxasından yapışdım, dişimin arasından dedim:

– Sestiliyadan əl çək, bildin? Çünki biz bir-birimizi sevirik.

Serafino Sestiliyaya elə baxdı, elə bil Sestiliyanın bu sözləri inkar edəcəyini gözləyirdi. O ifritə isə sadəcə gözünü döyürdü. Culiya Serafinonun qolundan yapışıb deyirdi:

– Serafino, gəl… Gedək burdan.

Yazıq bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışırdı.

Dodağının altında donquldanan Serafino ayağa qalxıb dedi:

– Mən gedirəm. İstəmirəm kimsə məni təhqir etsin.

Culiya da sıçrayıb qışqırdı:

– Mən də gedirəm!

Ancaq Serafino onu saxladı:

– …Sən mənə lazım deyilsən.

Pencəyini götürüb çıxışa yönəldi.

Uşaqlar mənə baxıb növbəti hərəkətimi gözləyirdilər. Culiyanın qardaşı isə dedi:

– Luici, o, çıxıb gedir… Nəyi gözləyirsən?

Mən “sakit” deyərcəsinə əlimi qaldırdım, gözlədim ki, Serafino çıxsın. Sonra ardınca götürüldüm. Delle Mure Aurelie bulvarında ona çatdım. O, qaranlıq küçəylə gedirdi – iri və hündür idi. Yenə canıma qorxu düşdü. Ancaq qərar vermişdim! Ona yaxınlaşıb qolundan tutdum:

– Dayan, danışmalıyıq…

Hiss edirdim ki, əlimdəki qol kök və süstdü, elə bil heç əzələsi yox idi. O, dartındı, amma mən onu küçənin qaranlığına darta bildim. Ay ana, hardasan?! Əməlli-başlı qorxurdum. Lakin yenə də onu divara sıxıb bıçağımı çıxara bildim:

– Bu dəqiqə qarnını deşik-deşik eləyəcəm.

Bu dəqiqə qolumdan tutsa, bıçağı atasıydım. Fikirləşdim ki, bıçağı atmaq axmaqlıq eləməkdən daha yaxşıdı. Birdən gördüm ki, Serafino divarla aşağı sürüşür.

– Ay anaaa… – dili dolaşa-dolaşa yalvarırdı axmaq.

Bir az əvvəl mənim özümü toxdatmağa çalışdığım sözlər idi. O, başını itirmiş halda mənə baxırdı və mən anladım ki, mən üstünlük əldə etmişəm.

Bıçağı aşağı salıb dedim:

– Bilirsən də Cinoya neyləmişdim?

– Hə.

– Bilirsən də eynisini sənə də edərəm, amma bu dəfə daha ciddisini?

– Hə.

– Onda Sestiliyadan əl çək.

– Axı mən onunla görüşmürəm – azca özünə gəlib dedi.

– Hələ sözümü qurtarmamışam, – elan elədim. – Culiyayla münasibətinizi də tezliklə rəsmiləşdirməlisən. Başa düşdün?

Yenə bıçağımı yellədim.

– Başa düşdüm, Luici, – əsərək cavab verdi, – bircə burax məni gedim.

– Yadında saxla ha, – təkrar etdim, – Culiyayla evlənməsən səni öldürəcəm. Harda olsan tapıb öldürəcəm.

– Culiyayla evlənəcəm – söz verdi.

– İndi onu çağır gəlsin – əmr etdim.

Əlini ağzına tutub qışqırdı:

– Culiya! Culiya!

Yazıq qız qaranəfəs gəldi.

– Serafinonun sənə sözü var, – dedim. – Gedin… Mən ora qayıdacam.

Onlar getdilər, mən də bir az arxalarınca baxıb məclisə qayıtdım.

Tərin içində idim və ayaq üstə zorla dayanmışdım – bayaq mən bıçaq çəkəndə Serafinonun olduğu kimi. Mən girəndə uşaqlar çəpik çaldılar:

– Eşq olsun çempiona!

Terribili akardeonda yenə samba çalmağa, uşaqlar hoqqa çıxarmağa başladılar, Sestiliya isə sakitcə mənə dedi:

– Rəqs edək, Luici.

Rəqs edəndə qulağıma pıçıldadı:

– Sən doğrudan inanmışdın ki, mən səni daha sevmirəm?

Mən dairəni bir az geniş götürüb onu qaranlığa çəkdim və öpdüm. Beləcə, barışdıq.

Sabahsı gün fikirləşdim indiyə Serafinonun qorxusu keçər. Ancaq bara girəndə gördüm ki, dəhşətlə mənə baxır.

Mənə içki təklif edib dedi:

– Gəl barışaq də, hə? – Sonra özü və Culiya haqda danışıb mənə işarə vurdu ki, evlənməyə hazırlaşırlar. Qulaqlarıma inana bilmirdim: Serafino mənim qorxumdan evlənir! Az qalırdım deyim ki: “Özünə gəl, bir az cəsarətli ol, görmürsən biz eyni xamırdanıq?” Amma deyə bilməzdim: mən axı cibində bıçaq gəzdirən, kimin istəsə əngini dağıdan xuliqan idim. Serafino da hamı kimi buna inanırdı.

Onlar həqiqətən evləndilər, məni də toya çağırdılar, Culiyanın da qardaşı dedi ki, toy mənim sayəmdə oldu. Sonra növbə mənə çatdı. Bu boyda hoqqanı Sestiliyaya görə çıxarmışdım, indi də bunun həqiqət olduğunu sübut etməli idim. Sestiliya ilə heç evlənmək istəmirdim, ən azı ona görə ki, mən yoxkən Serafinoya meyl salmışdı. Ancaq başqa əlacım yox idi. Toyumuza Serafinoyla hamilə Culiya da gəldi. Fağır qız məni qucaqlayıb dedi:

– Afərin, Luici.

“Hə, afərin – fikirləşdim – bərəkallah!”

Daha üstümdə bıçaq gəzdirmirəm.

 

Tərcümə edən: Sənubər Heydərova

https://sim-sim.az/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur