aqsin-yenisey-amaliyanin-cib-defteri-ucun
Müəllif: Aqşin Yenisey /Tarix: 2022-01-31 /Oxunma Sayı: 600

Aqşin Yenisey - AMALİYANIN CİB DƏFTƏRİ ÜÇÜN

AMALİYANIN CİB DƏFTƏRİ ÜÇÜN

ağır-ağır örtülən darvazanın səsindən
kədərli heç nə yoxdur
ağır-ağır batan gəminin həyəcanlı fitindən
bunu görüb heç bir kömək edə bilməyən
sahildəki yeganə sakinin görkəmindən,
kədərli heç nə yoxdur
kədərli heç nə yoxdur balıq çırpıntısından
nə qədər ki, qarmağın ucuna yem taxırlar
heç bir dənizdə balıqlar heç bir balıqçıya qarşı üsyana qalxmayacaqlar
bu acı həqiqətdən kədərli heç nə yoxdur
qocaların istikanda suya qoyulmuş protez dişlərinin səssiz gülüşündən
bu gülüşün gecə boyu evdəkilərə verdiyi əzabdan
kədərli heç nə yoxdur
üzünün cod tükü ilə əlinin üstünü qaşıyan atanın
sükutu uzun sürəcək
uşaqları böyütmək üçün evdə bir az da sükut lazımdır
bu uzunömürlü sükutdan kədərli heç nə yoxdur.
zəlzələdən sonra şəhərdəki qarmaqarışıqlığa nə ad vermək olar?
bilmirəm.
Şəxsən məni ölmək yox, uçuq divarların altında qalmaq qorxudur
bizim evdə qadınlar cocuqları,
cocuqlar kişiləri ovutmaq üçündür

 

QADINLAR HAQQINDA MÜHAZİRƏ


(A. Kuşun arvadı üçün oxunmuşdur)

Əvvəlcə qanunlar qadınları pozur, sonra qadınlar qanunları
qocaldıqca çox şeyləri öyrəndim,
öyrəndim ki, dayanacaqda dayanmış qadının
tez-tez saata və güzgüyə baxması xəyanətin ilk əlamətidir.
Xəyanət ritm axtarışıdır qadının, eləcə də kişinin
xəyanətlər hər kəsə öz ritmini bəxş edir.
Ritmlərin ən gözəli qadınlara həsr olunub,
şerlərə yox.
Zamana insanın bədəni lazımdır,
məncə ömür qocalıqdan uşaqlığa doğru başlasaydı
daha gözəl olardı
onda bu qoca fahişə
axırda məsum bir qız uşağına çevrilər və ölərdi.
Qocaldıqca çox şeyləri öyrəndim
öyrəndim ki bir kişi susuzluğudur
hər qadının sonrası
ancaq su, yaxud göz yaşı ilə deyil
uşaqla ölçülür kişi ilə qadının arası
uşaqsız evində pişik saxlayardı əmimin sonsuz qarısı
sən demə gecələr uşağa çevrilirmiş pişik.
Kişi sevgisi qadına uşaq doğurmaq üçün deyil
ancaq doğurmamaq üçün də deyil
kişi sevgisi qadınları qucaqlamaq, zorlamaq üçün deyil
ancaq qucaqlamamaq, zorlamamaq üçün də deyil,
kişi sevgisi xəyanət etmiş qadını qətlə yetirmək üçün deyil
ancaq qətlə yetirməmək üçün də deyil
bilmirəm nə üçündür kişi sevgisi
bir onu bilirəm ki
acığını sevdiyi qadından çıxan kişinin
böyük oğlunun adı Ümiddir.
Kişilər yatağa canını qoyar qadınlar bədənini
budur əsas məsələ
sən qadınsan bilərsən bunları.

 


AYNURƏNİN ÜMİDSİZLİYİ


Ümidlər daha çox adam şəklində yoxa çıxır,
daha çox adam şəklində yoxa çıxır ümidlər
qızlarını varlı adamlar üçün bəsləyən ailələrin qonşuluğunda
şəkillərə ata deyən bir uşaq böyüyür
əllərinin arxasında gözlərinin qarası.
Qanlı dimdiyini dəmir relslərə çəkən çalağan
bıçağını itiləyən qəssab deyil
quş başqaları üçün öldürməmişdi.
Sevdiyimiz nəğmələrin tayıyıq, vəssəlam.
Gecələr Sahil bağında tütək çalan qaraçı oğlanın içində
yuxulayır dilənçi nəğmələr
o oğlanın oturuşu qədər
ümidsizdir bu şəhər.
Ümidlər daha çox adam şəklində yoxa çıxır
daha çox adam şəklində…

Paylaş: