alimler-yer-kuresinden-en-uzaq-mesafede-yerlesen-qalaktikani-kesf-edibler
Müəllif: Publisist.az /Tarix: 2022-04-08 /Oxunma Sayı: 1206

Alimlər Yer kürəsindən ən uzaq məsafədə yerləşən qalaktikanı kəşf ediblər

   Harvard-Smitson Astrofizika Mərkəzinin astronomları Yer kürəsindən ən uzaq məsafədə yerləşən qalaktikanı aşkar ediblər. Söhbət, HD1 adlı qalaktikadan gedir. Sözügedən qalaktika 33.4 milyard işıq ili uzaqlığında yerləşir və o, Böyük partlayışdan 330 milyon il sonra formalaşıb. Sözügedən kəşf bir neçə güclü teleskop vasitəsilə əldə edilmiş məlumatların analizi çərçivəsində edilib. Daha sonra alimlər bir neçə radioteleskopdan ibarət ALMA adlı kompleksi işə salaraq əlavə tədqiqatlar aparıblar. Verilmiş məlumata əsasən HD1 qalaktikasından olan işığın Yer kürəsinə gəlib çatması üçün 13.5 milyard il lazım olub. Bu isə o deməkdir ki, həmin qalaktika Böyük partlayışdan 330 milyon il sonra formalaşıb.

    Bununla belə kainatın genişlənməsi səbəbilə Yer kürəsindən HD1-ə qədər olan məsafə 33.4 milyard işıq ili təşkil edir. Qeyd etmək lazımdır ki, daha öncəki rekord GN-z11 adlı qalaktikaya məxsus idi. Belə ki, bu qalaktikanın 13.4 milyard il yaşı var və o, Yer kürəsindən 32 milyard işıq ili uzaqlığında yerləşir. GN-z11 Böyük partlayışdan təqribi olaraq 400 milyon il sonra yaranıb. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, HD1 qalaktikası yüksək parlaqlığı ilə seçilir və alimlər hələ bunun səbəbini təyin edə bilməyiblər. Güman olunur ki, sözügedən qalaktikanın mərkəzində böyük ölçülü qara dəlik və ya yüksək kütləli ulduz mövcud ola bilər. Qalaktika ultrabənövşəyi diapazonda inanılmaz dərəcədə parlaqdır. Lakin bunun səbəbi məlum deyil.

Emil Noisy

Mənbə: https://technote.az/ 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur