Azərbaycanda “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi keçiriləcək
“Müasir dövrdə dünya ölkələrində qeyri-infeksion xəstəliklərin (QİX) yükü gündən-günə artmaqdadır. Ürək-damar və beyin-damar, onkoloji, tənəffüs yolları xəstəlikləri və şəkərli diabet kimi xəstəliklər səbəbindən baş verən ölüm və əlillik halları dünyada olduğu kimi, ölkəmizdə də çoxluq təşkil edir. Bu xəstəliklərin qarşısını almaq üçün əsas risk amilləri ilə mübarizə aparmaqla yanaşı, hər kəsin sağlamlığına məsyuliyyətlə yanaşmasını təbliğ və təşviq etmək, əhali arasında geniş maarifləndirmə aparmaq olduqca vacib addımlardan biridir. Bu məqsədlə ölkəmizdə “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsinin keçirilməsinə start verilib”.
Bu məlumat 27 fevral 2025-ci ildə Ritz Carlton Hoteldə səhiyyə və tibb işçilərinin iştirakı ilə keçirilən konfransda bildirildi.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev konfransda çıxış edərək, ölkəmizdə keçiriləcək “Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsinin qeyri-infeksion xəstəliklərin profilaktikası üzrə böyük əhəmiyyət daşıdığını bildirdi. O vurğuladı ki, müasir dövrdə həm dünya miqyasında, həm də ayrı-ayrı ölkələr səviyyəsində qeyri-infeksion xəstəliklərlə mübarizə səhiyyə sistemlərinin prioritet vəzifələrindən birinə çevrilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlər və dərman vasitələri departamentinin rəhbəri Nərgiz Ağayeva qeyri-infeksion xəstəliklərin müasir dövrün, cəmiyyətin problemi olduğunu nəzərə çatdırdı:“Zərərli vərdişlərə, qeyri-sağlam həyat tərzinə meyl, az hərəkət etmək və s. amillərin nəticəsidir ki, bu gün qeyri-infeksion xəstəliklərin həm artması, həm də cavanlaşması müşahidə olunur. Ölkəmizdə tibbi sığorta ilə bir sıra müayinə və müalicələrin əlçatan olması, müntəzəm profilaktik müayinələrin aparılması, həkim müayinəsi və erkən müalicə tədbirləri ağırlaşma hallarının, arzuolunmaz nəticələrin qarşısını almağa kömək edir”.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov bildirdi ki, səhiyyə sisteminin tədbirləri və tibbi xidmətlərin gücləndirilməsi deyil, eyni zamanda əhalinin maarifləndirilməsi həyata keçirilməlidir: “Bu layihənin da əsas məqsədi insanlara tövsiyə etməkdir ki, həyat tərzlərini dəyişsinlər, qan təzyiqinə, qanda şəkərin səviyyəsinə nəzarət etsinlər”.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov vurğuladı ki, layihənin həyata keçirilməsi vacib bir addımdır, ölkəmizdə həyata keçirilən birgə və inteqrasiya olunmuş tədbirlərin əsas məqsədi əhalinin sağlamlığının yaxşılaşdırılmasına, vətəndaşların uzunömürlü olmasına nail olmaqdır.
“Hədəf 130/80” adlı hipertenziya ilə mübarizə layihəsi təşkilatçıları:
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Kardiologiya Cəmiyyəti və "Servye Azərbaycan" şirkətidir.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur