BAROKKO BAYRAMI
Opera və Balet Teatrı ilk dəfə olaraq opera-balet tamaşasına quruluş verdi. Söhbət Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə aprelin 23-dən 26-dək davam edən “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalınin ilk günündə premyerası keçirilmiş “Orfey və Evridika” biraktlı opera-balet tamaşasından gedir. Festivalın təşəbbüskarı istedadlı və bacarıqlı vokalçı, Azərbaycan Respublikasının əməkdar artisti İlham Nəzərovdur. Haşiyəyə çıxıb iki on ildən çox davam edən mədəniyyət yazarı və barokko musiqisinin pərəstişkarı kimi deyə bilərəm ki, İlham Nəzərovun digər istedadlı və bacarıqlı vokalçımız Fəridə Məmmədova ilə müxtəlif konsertlərdə duetlərini dinləyərkən hər ikisi öz səsinin hər tonuna, hər çalarına bütün dəqiqlik və incəliyi ilə bələd olmaları, vokal imkanlarına qədərində ehtiyat və şövqlə yanaşmaları və eyni zamanda aktyorluq ustalıqları ilə diqqəti çəkməyə bilməzdilər. Başqa sözlə, həm “Barokko Günləri” Beynəlxalq Musiqi Festivalının, həm də “Orfey və Evridika” balet-operasının var olması labüd idi.
Qayıdaq opera-baletə. Həmin axşam Opera və Balet Teatrının zalı musiqi və məhəbbət təntənəsinə qərq olmuşdu, desək, yanılmarıq. Səhnə əsəri (quruluşçu-rejissor Ukraynanın əməkdar incəsənət xadimi Mikola Tretyak, quruluşçu-xoreoqraf Azərbaycan Respublikasının xalq artisti Kamilla Hüseynova) Orfeyin (İlham Nəzərov) – qədim yunan mifologiyasının ən duyğusal, ən romantic, ən əsrarəngiz səsli qəhrəmanının partiyasının ifası ilə başlayır. Az sonra səhnəyə tamaşanın balet hissəsinin Orfeyi (Azərbaycan Respublikasının əməkdar artisti Anar Mikayılov) qədəm qoyur. Və beləcə hər iki Orfey bəzən növbəli, bəzən isə birlikdə öz Evridikalarını (opera truppasında – Ukrayna Milli Opera Teatrının solisti Anastasiya Povajna, balet truppasında – Liana Praqa) həyata qaytarmaq uğrunda çarpışırlar.
Alman bəstəkarı Kristof Villibald Qlyuk (1735-1787) “Orfey və Evridika” operasını 1762-ci ildə, məşhur qədim yunan mifinin Vergilinin “Heorgiklər” əsərindəki versiyası əsasında bəstələyib və bununla opera islahatının bünövrəsini qoyub – bu islahat musiqi ilə dramın üzvi şəkildə birləşməsinə və musiqi yüksəlişinin dram yüksəlişinə tabe olmasına yönəlmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Dövlət Opera və Balet Teatrının yeni tamaşasının yaradıcı heyəti bu vəzifənin öhdəsindən çox parlaq və ən əsası özünəməxsus tərzdə gəldi.
Yeganə olaraq cəsarətimə və subyektiv fikrimi bildirmək istəyimə görə əvvəlcədən üzr istəyib deyim ki, Amur partiyasının ifaçısı Azərbaycan Respublikasının əməkdar artisti, qulaq və zövqoxşayan vokalçı İnarə Babayevanın ifasında daha öncə oynanılmış “Fiqaronun toyu” opera tamaşasındakı Susannanın davranışından müəyyən detallar var idi – zənnimcə, Amuru bir qədər fərqli elementlərlə süsləmək daha qənaətbəxş olar. Təbii ki, bu qeyd partiyanın ifasının sırf artstlik tərəfinə aiddir.
Barokko musiqisi İntibah dövrünün sonunda (1600-1750) meydana gəlmiş və klassizmin bərqərar olmasını şərtləndirmişdir. Portuqal və ya latın dilindən tərcümədə “qeyri-mütənasib formalı inci, mirvari dənəsi” anlamını verən “barokko” kəlməsi ilə təqdim edilən musiqi əsərlərinə doğrudan da, mürəkkəblik, qabarıqlıq, parlaqlıq, dinamika xasdır. Bu yerdə barokko musiqisini dinləyərkən hətta caz musiqisi ilə bağlı təəssüratlarımız oyanır, deyə bilərik. Yeri gəlmişkən, bütün bu incəlikləri Opera və Balet Teatrımızın “Orfey və Evridika” opera-balet tamaşasının, bu əsərin dünya teatrlarında məhz bu şəkildə tamaşaya qoyulması təcrübəsinin ilk dəfə bizim teatrda da tətbiq edilməsinin orkestr ifası və orkestrə dirijorluq edən Azərbaycan Respublikasının əməkdar artisti Əyyub Quliyevin işlərinə məsuliyyət və yaradıcılıqla yanaşması səhnə əsərinin premyerasının uğurunu təmin edən amillərdən oldu.
Festivalin digər üç günü ərzində M.Maqomayev adına Dövlət Akademik Filarmoniyasında Tbilisi Dövlət Kamera Orkestrinin müşayiəti ilə “Barokko dövrünə səyahət” adlı konsert (solistlər Fəridə Məmmədova, Səbinə Əsədova, İlham Nəzərov, Georgi Kerelaşvili, Anna Mamişaşvili və başqaları), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük Zalında italiyalı musiqiçi Vincenzo de Vivonun ustad dərsi, Kamera və Orqan Musiqisi Zalında “D`ACCORDO” ansamblının müşayiəti ilə “Şərqlə Qərbin ahəngi adlı konsert (solistlər İlahə Sadıqzadə, Fəridə Məmmədova, Stefano Demikeli (İtaliya), Kaan Buldukar (Türkiyə) və başqaları) və nəhayət barokko bayramının axarıncı günü Kamera və Orqan Musiqisi Zalında Stefano Demikelinin “Klavesin. Orkestrin kralı” adlı konsertlər keçirilmişdir. Göründüyü kimi, bunlar sadəcə konsert deyil, mədəniyyətlərin ən arzuolunan şəkil və səviyyədə çulğalaşmasıdır.