bedii-publisistika
Müəllif: Publisist.az /Tarix: 2021-02-14 /Oxunma Sayı: 3322

Bədii publisistika

Azərbaycan bədii publisistikası, əsasən, yazıçı və şairlərimizin publisistik yaradıcılığı sayəsində təşəkkül tapmış, onun sənətkarlıq baxımından inkişafına əhəmiyyətli dərəcədə təsir göstərmişdir. XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan yazıçılarının müxtəlif ictimai-siyasi rejimlərin ideoloji yasaq və tələbləri ilə qarşılaşmasına baxmayaraq öz milli mənlik, vətəndaşlıq, obyektivlik keyfiyyətlərini, baş vermiş hadisələrə münasibətdə qərəzsiz və tərəfsiz mövqelərini qoruyub saxlaya bilməsi, onların xalq həyatına bağlılığının, xalqa sədaqətinin nəticəsi kimi təzahür etmişdir. Bu xüsusiyyəti milli mətbuatımızın bədii örnəklərindən biri olan “Azərbaycan” jurnalının publisistikasında da görə bilirik

Azərbaycan bədii publisistikasının qədim tarixi kökləri vardır. Publisistika (latın dilində “publicus” sözündəndir, “xalq, ictimai, camaat” mənasını verir) anlayışı müxtəlif cür izah olunur, bəziləri ictimai – siyasi əsərləri, kütləvi-siyasi mətnləri, digərləri isə polemik cəhətdən kəsərli jurnalist məqalələrini və s. publisistikaya aid edirlər. Publisistik deyim tərzi və müraciət hələ qədim zamanlarda xalqımızın zülmə, istismara, tamahkarlığa, ikiüzlülüyə, laqeydliyə qarşı mübarizə fonunda yaranmış, şifahi xalq ədəbiyyat nümunələrində rast gəlinmişdir. N.Gəncəvi, X.Şirvani əsərlərində bədii publisistik ünsürlər mövcud olsa da, Azərbaycan bədii publisistikasının tarixi Məhəmməd Füzulinin “Şikayətnamə”si ilə başlayır. XVII əsrdə M.P.Vaqifin qoşmaları, XVIII-XIX əsr H.Z.Şirvaninin səyahətnamələri, XIX əsrdə İ.Qutqaşınlı, Q.Zakir, M.F.Axundzadənin əsərlərində publisistika yeni keyfiyyətlər qazandı. 1875-ci ildə “Əkinçi” qəzetinin yaranması və Azərbaycan milli mətbuatının əsasının qoyulması ilə publisistika, eləcə də bədii publisistika yeni inkişaf mərhələsinə qədəm qoydu.

 Publisistik müraciətin və sözün tarixi qədimlərə gedib çıxsa da, onun tədqiqinə müxtəlif ölkələrdə intensiv, bəzən də qeyri-intensiv yanaşma müşahidə edilmişdir. Çünki publisistika müxtəlif xalqlarda fərqli işləklik səviyyəsində olmuşdur. Hətta publisistika termininin məzmunu ilə bağlı hələ qədim dövrlərdən bəri (Yunanıstan, İtaliya, İngiltərə) saysız-hesabsız diskussiya və polemikalar aparılsa da, hamı tərəfindən qəbul olunan mənası əldə olunmasa da, bəzi xarakterik cizgiləri barədə ümumi diskursorlara gəlib çıxmaq mümkün olmuşdur. Professor Cahangir Məmmədli öz tədqiqatında (148) publisistikanın tarixini jurnalistikanın tarixindən qədim olmasını, onun kütləyə təsir qüvvəsi informasiya vasitələrinin inkişafı ilə, tirajlanma imkanının yaranması ilə özünü daha çox göstərdiyini qeyd etmişdir. Filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin fikrincə publisistika “yaradıcılıq qalaktikasında müstəqil, özünəməxsus janrları olan, bütün ədəbi növlərlə təmaslara açıq, komunikativliyini, komparativistikliyini və üslubi keyfiyyətlərini güzəştsiz qoruyub saxlayan cazibədar bir planet, mayası bədiilikdən yoğrulmuş praqmatik düşüncələr “imperiyası”dır” (56, s. 278). Rusiyada publisistikanın ciddi elmi-nəzəri təhlili XX əsrin ortalarında fundamental xarakter daşımışdır. Rus publisistika tədqiqatçısı A.S. Eleonskayanın (256) fikrincə publisistika zamanın əsas ideyalarını mümkün qədər ətraflı və açıq ifadə etməyə imkan verən yaradıcılıq növüdür. Bu fikir nəzəriyyəçi-alim Tədqiqatımızın əsas obyekti olan bədii publisistikanın sərhədlərinin müəyyənləşməsində müxtəlif fikir ayrılıqları hələ də qalmaqdadır. Professor F.Mehdinin fikrincə bədii publisistikanın janrlarına – oçerk, felyeton, pamflet, bədii gündəlik, məktub, açıq məktub, sənədli povest, sənədli novella, səyahətnamə, bədii nitq aiddir. Filologiya üzrə elmlər doktoru A.Rüstəmli (56) publisistik əsərləri mövzu və mahiyyət etibarilə elmi, bədii və siyasi publisistikaya bölür. Müasir rus publisistika nəzəriyyəçisi A.A. Tertıçnı (260) isə bədii publisistikanın daha geniş janr spektrini təqdim edir: oçerk, felyeton, pamflet, parodiya, satirik şərh, məişət əhvalatları, əfsanə, epiqraf, apitafi, lətifə, zarafat oyunu və s. Ancaq professor F.Mehdinin (135) bədii publisistikanın janrlar üzrə təsnifatı Azərbaycan publisistikası üçün daha uyğun hesab olunandır. Belə ki, Azərbaycan mətbuatı tarixində əvvəla, oçerk, felyeton, pamflet, məqalə, səyahətnamə bədii publisistikanın janrları içərisində daha çox işləkdir. İkincisi, A.A. Tertıçnı əfsanə, lətifə kimi qədim janrları bədii yox, publisistika növünə aid etməklə həm ədəbiyyat tarixini təhrifinin səbəb olmuş, həm də nəzəri fikirlərin əleyhinə getmişdir. Bu isə özlüyündə yeni mübahisələrə yol açmaq deməkdir. Xüsusilə, müsbət əmək qəhrəmanlarının dominant olduğu bir vaxtda sovet dövrü oçerkləri professor C.Məmmədlinin fikirləri ilə qeyd etsək, “oçerkomaniya prosesi” öz çəkisi ilə fərqlənmişdi. Məşhur publisistika tədqiqatçısı E.P.Proxorov oçerk barədə yazırdı: “Oçerk janrı (oçerk, felyeton, pamflet) personajların ümumi tipikləşdirmədə müraciət həyatın panoramını əks etdirir (259, s. 294). Professor Əsgər Rəsulov (191) oçerk janrını Türkiyə sənədli-bədii nəsrinə aid edir.

Filologiya üzrə elmlər doktoru Salidə Şərifova qeyd edir ki, bəzi qərb nəzəriyyəçiləri publisistik və sənədli ədəbiyyatı yeganə olaraq “nonfikşn” (nonfiction) adlandırır və bədii publisistika ilə sənədli bədii ədəbiyyatı ayrı janr hesab edir. Müasir dövr publisistikasında oçerk, felyeton, pamflet janrına sovet dövrü ilə müqayisədə nisbətən az müraciət olunur.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur