bele-meqamlar-insanin-ureyinde-oz-izini-qoyur-musahibe
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-04-22 /Oxunma Sayı: 342

"Belə məqamlar insanın ürəyində öz izini qoyur" - Müsahibə

Dosye: Həsən Əbluc 1942-ci il aprelin 22-də Təbrizdə dünyaya gəlib. O, sənətsevərlərin yaddaşında çoxşaxəli yaradıcı insan kimi qalıb - bədii qiraət ustası, amplua çərçivəsindən uzaq olan istedadlı və bacarıqlı teatr, eləcə də kino aktyoru, həmçinin rejissor. Çalışdığı Gənc Tamaşaçılar Teatrının səhnəsi onun ifasında olan Cəlalı ("Komsomol poeması"), Frans Mooru ("Qaçaqlar"), Fərhadı ("Bəxtsiz cavan"), bir sıra digər parlaq obrazları və bir də əlbəttə ki, onun özgün Romeosunu ("Romeo və Cülyetta") hələ də xatırlayır desək, yanılmarıq.

Akademik Milli Dram Teatrının tamaşaçıları isə onun quruluş verdiyi "Kölgələrin oyunu" səhnə əsərini, yəqin ki, yaxşı xatırlayırlar. Radio və televiziya lentlərində isə nə yaxşı ki, onun iştirak etdiyi "Mosart və Salyeri", "İki qardaş", "Mən, sən, o və telefon", "Son gecə" kimi gözəl tamaşalar qalıb.

Həsən Əbluc 1994-cü il martın 13-də Bakıda dünyasını dəyişib. 1999-cu ildə "Azərbaycantelefilm" Yaradıcılıq Birliyində "Həsən Əbluc" filmi çəkilib.  
Bir neçə gün öncə Teatr Xadimləri İttifaqında Həsən Əblucun xatirəsinə həsr olunmuş "Sözün gücü hər şeydən üstündür" adlı növbəti müsabiqənin qalibləri mükafatlandırıldılar.


"Teatra həvəsinə görə məktəbdən də qovulub, 50 rublu da bizdən kəsiblər"


- Ənvər müəllim, "Əbluc" soyadının mənşəyi haradan başlayıb, ümumiyyətlə, ailəniz haqqında nə danışa bilərsiniz?

- Biz İrana 38-ci ildə köçmüşük, daha doğrusu sürgün olunmuşuq. O vaxta qədər Rusiyada yaşayırdıq. Atam gənclik illərində Səttarxanın adı ilə bağlı olan "Məşrutə", yəni konstitusiya hərəkatına qoşulanlardan olub. Hətta o vaxtdan ayağında güllə yarası da qalmışdı. 1906-11-ci illərdə təqibdən xilas olmaq üçün Rusiyaya üz tutub. Babamın adı Bayraməli olduğu üçün Rusiyada yaşayanda bizi "Əliyev" soyadı ilə qeydiyyata götürmüşdülər. İrana qayıdandan sonra isə "Əbluc" soyadını götürdük. "Əbluc" farscadan tərcümədə "nabat" deməkdir. Atamız axı şirniyyatçı idi. Ticarətçi olduğu üçün harada işləri yaxşı gedib, o şəhərdə də yaşamışıq.

47-ci ildə isə nəhayət ki, Bakıya köçmüşük. Atamın heç bir təhsili olmadığına görə burada ona bir köşk verdilər ki, su satsın. Anam isə evdar qadın olub həmişə. Mən burada, Şimali Azərbaycanda dünyaya gəlmişəm. Həsən isə Təbrizdə anadan olub. Uşaqlıqda çox dəcəl olub. 14-15 yaşında onda aktyorluğa həvəs yarandı. İndi təəssüf ki, belə dərnəklər yoxdur, amma o vaxt Bakıda çoxlu dram dərnəkləri var idi. Həsən həm Əbilov adına mədəniyyət evinin dərnəyinə gedirdi, həm də Pionerlər Sarayının dram dərnəyinə gedirdi, indi orada Bəstəkarlar İttifaqı yerləşir. Atam əvvəlcə çox narazı idi onun bu həvəsindən, hətta bir-iki dəfə kötəkləmişdi də Həsəni.

Məktəbdə də bu həvəsinə görə başı bəlaya düşmüşdü. Həsən 31 nömrəli məktəbdə oxuyurdu. Onuncu sinifdə olanda dram dərnəyinin məşqindən dərsə gələndə yadından çıxıb, bığlarını təmizləməmişdi, buna görə də onu məktəbdən qovmuşdular, 172 nömrəli məktəbə keçmişdi.

Valideynlərimiz tərbiyəmizə, təhsilimizə çox ciddi fikir verirdilər. Anam hər gün məktəbə gəlirdi ki, görsün, dəcəl uşaqlara qoşulub dərsdən yayınmamışıq ki. Sizə deyim ki, ədəbiyyata, teatra elə uşaqlıqdan bağlanmışıq. Hər həftənin sonunda atamız qiymətlərimizi yoxlayırdı, əgər hamısı yaxşı idisə, pul verirdi ki, teatra, ya da kinoya gedək. Böyük qardaşımız isə həmişə bizə dastanlar danışırdı, biz də o dastanların qəhrəmanların obrazına girməyə çalışırdıq. Bildiyiniz kimi, biz burada demokrat adı ilə tanınırıq.

O vaxtlar firqəmiz də var idi. Firqəni bir-iki ilə İrana qayıtmağımızı ehtimal edib, yaratmışdılar. Ona görə də ildə hər ailəyə 50 rubl verirdilər ki, həmin ailədəki uşaqlar həkim, mühəndis kimi peşələrə yiyələnə bilsinlər, İran üçün gərəkli olsunlar. Həsən də bir ustanın yanına gedib-gəlirdi ki, sonra da Politexnik İnstitutuna daxil olsun. Amma hər gün məşğələlərdən əlləri kəsik-kəsik olmuş vəziyyətdə gəlirdi. Nəhayət, atam bir gün dedi ki, incinarlıq, mühəndisə incinar deyirdi, budur, daha bu məşğələlərə getmə, özünün həvəsin hansı sənətədir, onun dalınca get. Həsən incəsənət sahəsini seçdiyi üçün həmin 50 rublu bizim ailədən kəsdilər.

60-cı ildə Həsən İncəsənət İnstitutuna Rza Təhmasibin kursuna daxil oldu. Orda Şahmar Ələkbərov, Tariyel Qasımovla dostlaşdı, bütün kurs ərzində qoyulan tamaşalarda baş rolları o üçü oynayırdı. Üçüncü kursda Həsəni "Azdrama"ya dəvət etdilər, orda birinci rolu Sabit Rəhmanın "Toy" komediyasında Şeyda müəllim oldu. Həmin vaxt Müxlis Cənizadənin məsləhəti, zəmanəti ilə institutda səhnə danışığı fənnindən dərs də deməyə başladı. İnstitutu bitirəndən sonra təyinatını da "Azdrama"ya verdilər. Amma Həsən Gənc Tamaşaçılar Teatrını seçdi.


"Rəsul Rza istəyirdi ki, onun əsərlərini yalnız onlar oxusunlar"


- Çox qəribədir. Adətən aktyorlar məhz "Azdrama"nın truppasına daxil olmaq istəyirlər.

- Bəli. Soruşanda dedi ki, "Azdrama"da maaş 40 rubldu, Gənc Tamaşaçılar Teatrında isə 60 rubl. Nə bilim, seçimini belə izah elədi. O vaxtlar Həsən artıq radiodakı işləri sayəsində məşhurlaşmışdı. Hətta orda "Firuzə" tələbə teatrı da yaratmışdı. 60-cı illərin ortalarında məni, Rasim Balayevi bu teatra cəlb elədi ki, mikrofona, kameraya öyrəşək. Ümumiyyətlə, məni aktyorluğa çox həvəsləndirirdi, deyirdi, sabah aktyor olub, kinoya çəkilməli olsan, özünü narahat hiss eləməyəcəksən. Mən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda oxuyanda Həsənin mənə yazdığı məktubları saxlamışam. Hər məktubunda Azərbaycanın mədəni həyatında baş verən yeniliklərdən yazırdı. Baxmayaraq ki, məndən cəmisi beş yaş böyük idi, amma elə gəncliyindən müdrik olub. Moskvada təhsil aldığım illərdə də mənə həm mənəvi, həm də maddi cəhətdən çox dayaq oldu.

75-ci ildə isə Həsən də həmin institutda dərs deməyə başladı - o vaxt "VGİK"də oxuyan bizim tələbələrə ayda bir dəfə Azərbaycandan dəvət edilmiş müəllimlər dərs keçirdilər. Həsən də Yevgeni Matveyevin kursuna səhnə danışığı müəllimi kimi dəvət olunmuşdu. Hərdən zarafatla deyirdi ki, sənin oxuduğun institutlarda mən dərs deyirəm. Ondan əvvəl isə, 72-ci ildə Həsən teatr rejissorluğunu bitirmişdi. Həmin vaxt teatr aləmində Tofiq Kazımov kimi bir ad parlamağa başladı. Həsən də qərara gəlmişdi ki, mütləq onun kursunda oxumalıdır. Tofiq müəllimin kursunu bitirəndən sonra diplom tamaşası olan "Adsız ulduz"u "Azdrama"da qoydu. Sonra Gənc Tamaşaçılar Teatrında da bir neçə tamaşa hazırladı.

"Azdrama"da "Sevgililərin cəhənnəmdə vüsalı" əsərinin quruluşu ona tapşırılmışdı, amma nədənsə birdən-birə başqa rejissora verdilər. Ümumiyyətlə, Həsən həmişə nə iləsə məşğul idi - səhnələşdirmələr, hekayələr yazırdı, Bakıda hələ rəsmi olaraq İran Mədəniyyət Mərkəzi olmayanda o, 93-cü ildə Tusi adına belə bir mərkəz təşkil eləmişdi, vaxtaşırı festivallar, sərgilər keçirirdi. Dublyajdakı işləri isə başından aşırdı. O vaxt dublyaj redaksiyasının rejissoru rəhmətlik Ağası Zeynalov idi, aşiq qəhrəman rolunu səsləndirmək üçün aktyor axtaranda deyirdi Həsən Əbluca verin, komik rolları səsləndirməyə də Həsəni dəvət edirdi, çünki əmin idi ki, Həsən istənilən rolun səsini tamaşaçıya çatdıra biləcək. Qeyri-peşəkarlıq onu əsəbiləşdirirdi. Dublyaj studiyasının da əməkdaşları deyirdilər ki, elə bil hamı Həsən Əblucdu, səsi birinci dəfədən yazılacaq. Radioda poeziya nümunələrini yazdıranda, məsələn, Rəsul Rza təkidlə xahiş edirdi ki, onun əsərlərini yalnız Həsənlə Əminə Yusifqızı oxusun.


"Dedi, qızımda gözün olsun, mən də kişinin sözünü yerə salmadım..."


- Sizin kinoda müştərək işləriniz olub. Belə məqamlarda xasiyyətinin hansı cəhətləri üzə çıxırdı?

- Mən rejissor fəaliyyətinə başlayanda Həsən kinoda da artıq "bişmiş" aktyor idi. Onunla "Qaragölün cəngavərləri", "Pəncərə" filmlərində işləmişik. "Qaragölün cəngavərləri"ndə onu baş rollardan birinə çəkdim. "Pəncərə"nin quruluşçu rejissoru həm mən idim, həm də Həsən. Mən hər bir işimdə onu özümə bədii rəhbər bilirdim, titrdə də adını birinci yazmışdım. Müsahibələrdə bu barədə söz düşəndə Həsən deyirdi ki, çəkiliş meydançasında mən Ənvərin şəyirdiyəm, yəni şagirdiyəm. Amma o filmdə internat direktoru roluna çəkilməyim yalnız onun sayəsində oldu, ona arxayın olub çəkildim, bilirdim ki, istiqaməti düzgün verəcək. Həsən isə görürdüm ki, özünə yer tapa bilmir. Sən demə, Rövşənin atası rolunda çəkilmək istəyir. Bu rol epizodik olsa da, Həsən onu çox parlaq ifa elədi.

- Hətta elə ifadan sonra o rola "epizodik" demək olmur.

- Bəli. Bu film "Fəcr" festivalına dəvət alanda bizim üçün doğma Cənubi Azərbaycanı, Təbrizi yenidən görmək imkanı yarandı. Həsən əvvəl getmək istəmirdi, amma nəhayət, 92-ci il fevralın 6-da biz Təbrizə çatdıq. 45 illik ayrılıqdan sonra Təbriz bizi qarlı-çovğunlu hava ilə qarşıladı. Həsənin bu şəhərlə yenidən görüşünü isə mən həmişə uzun ayrılıqdan sonra doğma ananın qucağına qovuşmağa bənzədirəm.

- Həsən müəllim adi həyatda necə idi, hansı vərdişləri yadınızda qalıb?

- Çox şən, hazırcavab adam idi. Bir də yadıma gəlir, həmişə müşahidə edirdim ki, Həsən yolla gedəndə, ümumiyyətlə, işlərindən, məşğuliyyətlərindən kənar vaxtlarında nəsə düşünür, fikri nə iləsə möhkəm məşğuldu. Mənə elə gəlir ki, o, nəzm əsərlərinin qiraətini məhz bu cür hazırlayırdı, onları əlində kitab tutub öyrənmirdi, aylarla bir əsərin üzərində düşünüb onun ifadə formasını tapırdı. Demək istəyirəm ki, onun bekar olduğunu görməmişəm. Son gününə qədər fəaliyyətdə idi. Ailəsinə çox bağlı insan idi. Qızı Elnazla həmfikir, dost idilər. Onun televiziya sahəsində çalışmağını da Həsən istəyirdi.

- Evlənməyi necə baş verib? Danışa bilərsiniz?

- (gülümsəyərək) Həsən əvvəl bir tələbəsi ilə nişanlı idi. Mənim nəsə ürəyimə yatmırdı o qız, heç salamını da almırdım. Həsən hətta bir dəfə məzəmmət eləmişdi məni, demişdi ki, niyə belə eləyirsən, axı o, mənim həyat yoldaşım olacaq. Amma sonra elə oldu ki, nişanı pozmalı oldular. Həsənin bir müddətdən sonra evləndiyi görkəmli tarzən Baba Salahovun qızı Firəngiz xanım da tələbəsi idi. Söz düşəndə Həsən danışırdı ki, bir gün Firəngiz xanımın atası institutda mənə dedi ki, qızımda gözün olsun, mən də kişinin sözünü yerə salmadım, o vaxtdan gözüm üstündədir.

- Deyəsən Həsən müəllim son tamaşasını tamamlaya bilməmişdi...

- Bəli. Milli Dram Teatrında Mirzə Cəlilin "Anamın kitabı" əsərini qoyurdu, başa çatdıra bilmədi. Məşqdə ürəyi tutub, "təcili yardım" çağırıblar. Allah Həsənağa Turabova rəhmət eləsin, etiraz eləmədi, mən bu tamaşanı tamamladım. Həmin ərəfədə "Ağ atlı oğlan" filmini də başlamalıydım. Bu hadisə baş verəndən sonra qərara gəldim ki, filmi şəhidlərin xatirəsinə, o cümlədən, qardaşım Həsənin də xatirəsinə həsr edim. Hamlet Xanızadə 90-cı ilin yanvar qırğınının şəhidi, Ceyhun Mirzəyev Qarabağ müharibəsinin şəhidi hesab olunduğu kimi, Həsən də elə həmin dövrün şəhididir. Çünki Həsən evdə də, burada, müəllimi olduğu İncəsənət Gimnaziyasında da deyirmiş ki, "Anamın kitabı" tamaşasını tamamlayan kimi cəbhəyə gedəcəm.

- Döyüşçü kimi?

- Bəli, döyüşçü kimi...

Samirə Behbudqızı

Paylaş: