her-seyi-ozunuze-derd-etmeyin-ve-ya-cetini-uzaqdaki-bir-nefere-catana-qederdir
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-04-21 /Oxunma Sayı: 597

Hər şeyi özünüzə dərd etməyin və ya çətini uzaqdaki bir nəfərə çatana qədərdir

"Yük. Uzaqda bir nəfər var" tamaşası Bəxtiyar Xanızadənin tamaşaçıları ilə dərdləşməsidir. Amma bu dərdləşmə başlanğıcdakı bədbin ovqatda qalmır – tamaşanın əvvəlindəki uğursuzluq, bəxtsizlik, nigarançılıq, eşidilməzlik, anlaşılmazlıq nidalarının əksi, antonimi olan nikbin, sevincək nidalarla əvəzlənir. Uzaqdakı bir nəfər daha əlçatmaz olmur. Müstəqim və məcazi anlamlarda əlçatan, ünyetən məkanda və durumda olur. Nikbinlik o dərəcədə parlaq şəkil alır ki, Yevgeni Doqanın bütün dövrlərin və zamanların 200 ən yaxşı valsı siyahısına daxil edilmiş məşhur valsı bu səhnə əsərində adət etdiyimiz hüzn, həsrət, məyusluq, qırıqlıq assosiasiyalarının çərçivəsindən çıxarılıb hər bir normal insanın həyatının ən gözəl, ən nikbin dövrü olan uşaqlıq çağlarının əsrarəngiz gözəllyinin ifadəçisinə çevrilir. Yaradıcı heyət, plastik həll üzrə rejissor  Sahib Novruzov, rəssam Xəyyam Səmədov, musiqi tərtibatçısı Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Nuridə Musabəyli, Elnur Rzayev, Elxan Şahalıyev, Elmin Qiyaslı tamaşanın müəllifinin və quruluşçu rejissorunun tamaşada görmək istədiyi ilə özlərinin yanaşmalarını səliqə ilə uzlaşdıraraq və tərəf-müqabili etika və qaydalarına ən yüksək səviyyədə riayət edərək, hər biri özü olaraq tamaşaçılarla dərdləşdilər və uzaqdakı bir nəfərə doğru aparan yoldakı yoldaşlarına münasibətdə həssaslıq və qayğıkeşliyin vacib olduğunu bəlirtdilər.

 

Samirə Behbudqızı   

medeniyyet.info

Paylaş: