bertran-rassel-belke-bir-az-yavaslayaq-tenbellik-ve-islemek-uzerine
Müəllif: Publisist.az /Tarix: 2021-06-24 /Oxunma Sayı: 624

Bertran Rassel – Bəlkə bir az yavaşlayaq?! Tənbəllik və İşləmək Üzərinə

İngilis filosof Bertran Rassel çox işləməyə yad biri deyildi. Onun toplanmış yazıları sayısız cildi dolduracaq qədərdir. O, şübhəsiz ki, 20-ci əsr fəlsəfəsində önəmli inkişafa səbəb olmuşdur, buna analitik fəlsəfə məktəbinin banisi olması və həyatı boyunca – 97 il yaşamışdır – heç yorulmayan ictimai aktivist olmasını misal göstərə bilərik. Bəs niyə ən fəal mütəfəkkirlərdən biri bizə az işləməyi məsləhət görür?

Rasselin kitabı “Tənbəlliyə Tərif”* 1932-ci ildə nəşr olunmuşdur. Yəni ki, 1929-cu ildə Wall Street-in çökməsinin ardından doğan Böyük Depressiyanın – qlobal iqtisadi tənəzzülün – olduğu illərdə yazılmışdı. Dünyanın bəzi yerlərində işsizlik faizinin ən az 30%-ə qədər yüksəldiyi zamanlarda, tənbəlliyin fəzilətini (virtue) təbliğ etmək bir az xoşagəlməz görünə bilər. Lakin Rassel üçün elə o zamanki iqtisadi xaosun səbəbi məhz iş haqqında çox dərin köklü və yanlış yanaşmalar idi. İddia edirdi ki, iş və işləmək haqqında olan düşüncələrimizin çoxu xurafatlardan bir az fərqlənirdi və süpürülüb bir kənara atılmalıdır.

(*Tərcüməçinin qeydi: Kitab adındakı “tərif” kompliment mənasındadır. Tənbəllik isə bir çox tərcümədən biridir. Avaralıq, Başıboşluq, və s. də deyə bilərik. Yəni sadəcə ərinmək mənasında tənbəllik yox, sadəcə olaraq iş görməmək, və ya ənənəvi olaraq “iş” adlandırdığımız şeylərlə məşğul olmamaqdır)

İş nədir? 

Rassel işin nə olduğunun tərifi ilə başlayır və işin 2 növü olduğunu qeyd edir. Birincisi, fiziki əməkdir. El arasında daha çox fəhlə əməyi olaraq adlandırılır. Buna “maddəni hərəkət etdirmək” işi deyirdi. İkincisi isə “digər insanlara işini necə görəcəyini demək“dir. Yəni maddəni necə hərəkət etdirəcəyinə dair başqasına göstəriş vermək. Bu ikinci növ iş, Rasselə görə, sonsuza qədər uzadıla bilər. İnsanlara işini necə görəcəyini deyən adama işini necə görəcəyini deyən adam və həmin adama da nəzarət edən şəxsə də işçilərinə necə davranmasını məsləhət görən digər insanlar kimi. Siyahını uzatmaq olar. Birinci növ iş, deyir ki, əsasən xoşagəlməzdir və məvacib aşağıdır. Halbuki, ikinci növ iş ürəyəyatandır və ödənişi də yüksəkdir. Bu iki növ iş bizə iki növ işçinin olduğunu göstərir: İşçi və Nəzarətçi. Bu da öz növbəsinə iki sosial təbəqəni təmsil edir: İşçi təbəqəsi və Orta təbəqə. Rassel bura 3-cü bir təbəqə əlavə edir. Bütün işlərdən yayınan tənbəl mülkədar. Tənbəlliyi isə başqalarının işləməsindən asılıdır və beləcə tənbəlliyini qoruya bilir. Rasselə görə, tarix, çox işlədiyi halda özünə və ailəsinə baxa bilməyən və ya sadəcə həyatda qala biləcək səviyyədə gəlir əldə edən insanlarla doludur. Çünki yaratdıqları dəyərin böyük bir hissəsi döyüşçülərədin xadimlərinə və istirahətini heç vaxt pozmayan hakim təbəqələrə gedir. Və həmişə bu sistemdən faydalananlar, Rassel deyir ki, bizə dürüst zəhmətin, alın tərinin fəzilətlərindən bəhs edir, sistemin açıq-aşkar ədalətsiz olmasına baxmayaraq, bizə əxlaq dərsi verirlər. Elə bu fakt özü, Rasselə görə, bizi iş əxlaqını yenidən dəyərləndirməyə vadar edir. Çünki biz bu “alın təri” hekayəsini qucaqladıqca, öz-özümüzün istismarını gücləndiririk.

Rasselin cəmiyyət haqqında düşüncələrinə, onun təbəqələr arasında olan mübarizəyə işıq tutmasına, XIX əsr filosofu Karl Marksın düşüncələrinin təsiri var. Lakin Rassel marksizm ilə çox yola getmirdi. O, yazılarında kapitalizmi olduğu qədər, marksizmi də tənqid edirdi. Onun baxışları, həmçinin, Maks Veberin “Protestant Əxlaqı və Kapitalizmin Ruhu” kitabına da borcludur. Kitab 1905-ci ildə nəşr olunmuşdur. Veber, işə yönəlik yanaşmamızın altında yatan əxlaqdan bəhs edirdi və Rassel bu yanaşmaları yenidən düşünməmiz gərəkdiyini vurğulayırdı. Məsələn, işi bir “vəzifə” və ya bir “məcburiyyət” olaraq görürük. Həmçinin, fərqli işləri fəzilət iyerarxiyasında fərqli olaraq dəyərləndiririk. Fiziki əməyi, daha çox “bacarıq” və ya intellekt tələb edən işə görə daha az fəzilətli görürük.

İnsanların işlərini nə istehsal etdiyinə görə yox, qavradığımız fəzilət iyerarxiyasına uyğun olaraq mükafatlandırırıq. İşin özünü mahiyyət etibarilə fəzilətli hesab etdiyimizi nəzərə alsaq, işsizləri fəzilət əskikliyi olanlar olaraq görürük. Nə qədər çox düşünsək, o qədər çox görərik ki, iş haqqında olan yanaşmalarımız mürəkkəb və dağınıqdır. Yaxşı, bəs nə edək? Rasselin təklifi budur ki, işə əvvəlki dövrlərin yadigarı olan bu qəribə əxlaqi fikirlər baxımından deyil, insan həyatının dolğun olmasını təmin edən cəhətlərdən baxaq. Və bunu etdiyimiz zaman Rassel inanır ki, bizim əslində daha az işləməyimiz gərəkdiyi nəticəsi qaçınılmaz olacaq. Gündə 4 saat işləsək, nə olardı? – deyə Rassel sorğulayırdı. Bizim hal-hazırdakı sistemimiz elədir ki, əhalinin bir hissəsi çox işlədiyinə görə, digər bir hissəsi isə isə tamamilə işsiz olduğu üçün acınacaqlı vəziyyətdədir. Bu, belə görünür ki, heç kimə fayda vermir.

Oyunun əhəmiyyəti

Rasselin baxışı belədir ki, iş saatlarını azaltmaq bizi azad edəcək və daha yaradıcı maraq dairələrimiz yaranacaq. “Maddəni hərəkət etdirmək“, Rassel yazır ki, “insan yaşamının məqsədlərindən biri ola bilməz“. Əgər hər saat işləsək, həyatı tam olaraq yaşaya bilməzdik. Rassel inanır ki, istirahət sadəcə imtiyazlı zümrənin deyil, hər kəsin dolu və mənalı bir həyat yaşaması üçün zəruridir. Hər kəsin sadəcə 4 saat işlədiyi bir dünyaya qarşı belə bir əks arqument istifadə edə bilərsiniz: “Heç kim bu qədər çox vaxt ilə nə edəcəyini bilməzdi“. Rassel buna təəssüflənərdi. Əgər bu doğrudursa, o deyir, “bu bizim sivilizasiyamızın məhkumluğudur”. Oyunla keçən və qayğıdan azad həyatlarımız, məhsuldarlıq kultu tərəfindən kölgədə buraxılıb. İstirahətə ciddi yanaşan bir cəmiyyət, Rasselin fikrincə, təhsili də ciddiyə alan bir cəmiyyət olardı, çünki təhsil, şübhəsiz ki, sadəcə iş yeri üçün təlimdən daha artıq bir şeydir. İncəsənəti də ciddiyə alan bir cəmiyyət olardı, çünki sənətkarların iqtisadi müstəqillik uğrunda apardığı mübarizə olmadan keyfiyyətli əsərlər istehsal etməyə vaxt olardı. Üstəlik, əyləncəni də ciddiyə alan bir cəmiyyət olardı. Rassel inanır ki, bu tip bir cəmiyyət, müharibələrə qarşı bütün həvəsini itirmiş olardı, çünki müharibə “hamı üçün uzun və ağır iş” mənasına gələrdi.

Balanslı həyat 

Rasselin kitabı, iş saatlarının minimuma endirildiyi bir ütopik dünya təqdim edirmiş kimi görülə bilər. İş gününü dörd saata endirmək mümkün olsa belə, bu dəyişikliyin Rasselin iddia etdiyi kimi sosial inqilaba necə və hansı yollarla aparacağı tam olaraq aydın deyil. Rasselin sənayeləşmənin bizi sonunda əl əməyindən qurtara biləcəyi düşüncəsi də inandırıcı deyil. Sənaye istehsalı üçün xam maddə yenə də bir yerlərdən gəlməlidir. Bunların qazılması, təmizlənməsi və istehsal yerinə ixrac edilməsi lazımdır, bunların hamısı isə əl əməyindən asılıdır.

Bu problemlərə baxmayaraq, Rasselin “işə qarşı olan yanaşmamıza diqqət göstərməliyik” xatırlatması, üzərindən təqribən 100 il keçsə də, bu gün üçün belə keçərlidir. İş həftəsinin uzunluğunu, bəzi iş növlərinin digərlərinə görə daha çox mükafatlandırılmasını və bunlar kimi digər çox sayda haqqında nadir düşündüyümüz şeyləri “normal və təbii” qarşılayırıq. Bir çoxumuz üçün nə işimiz, nə də asudə vaxtımız inandığımız qədər qənaətbəxş deyil və eyni zamanda tənbəlliyin bir qüsur olduğunu düşünməkdən nə qədər istəsək də özümüzü yayındıra bilmirik. Russellin fikri bizə təkcə iş həyatımızın yox, həm də uzanmağın, veyillənməyin və boş durmağın bir fəziləti və faydası olduğunu xatırladır. Russel belə deyir: “Bu günə qədər, maşınların olmadığı dövrlərdəki kimi enerjili yaşamağa çalışdıq. Axmaqlıq etmişik. Lakin sonsuza qədər axmaq olmağa davam etmək üçün bir səbəb yoxdur.

Tərcümə: Shamsaddin Amanov.

Mənbə: Bakı Fəlsəfə Akedamyası

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur