biolojik-marionet-ve-ya-amor-fati
Müəllif: Publisist.az /Tarix: 2021-11-29 /Oxunma Sayı: 591

Biolojik Marionet və ya Amor Fati

“Əgər insanlar azad olduqlarını düşünsələr, aldanarlar, çünki bu əminlik yalnız öz hərəkətlərini dərk etmələrindən (to perceive), və ya özlərini və hərəkətlərini şərtləndirən səbəbləri bilməmələrindən irəli gəlir… İradə azad bir məfhum (səbəb) adlana bilməz, o, sadəcə labüddür (məcburi). Əsl azadlıq isə öz hüdudlarını, iqtidarını bilmək və labüdlüyü dərk etməkdir.”

Baruch Spinoza

 

Azad iradənin mövcudluğu barədə saysız-hesabsız araşdırmalar aparılmış, kitablar, məqalələr, esselər dərc edilmişdir. Bu başıbəlalı mövzu haqqında hər ağızdan bir avaz gəlir. Teologiya (din) daha çox ənənəvi fələk (fate) anlayışı üzərində duraraq problemin kökündən həllini göstərir, fəlsəfə isə həmişəki kimi heç nəyi dəstəkləmir, sadəcə müzakirə yoluyla sandığı açıb pambığı (problemi) tökür. XX əsrin sonlarınadək bu amansız müzakirə davam edirdi. Lakin hər zaman olduğu kimi elm yumruğunu masaya vurdu və hər kəsi “insanın mexanikliyi” reallığı ilə üzləşməyə dəvət etdi.

Bu yazıda xronolojikliyi qorumaq üçün ilk öncə teoriyalardan, sonra isə elmi araşdırmalardan danışacam.

Elm bütün inancların sütunlarını sarsıtsa da, bu demək deyil ki, həmin inancların heç bir önəmi olmayıb və ya yoxdur. Heideggerin sitatına istinadən – insanlar dünyaya atılıblar (throw) – fikirləşirəm ki, hər tərəfdən məhdudlanmış insanoğlu dünyanı dərk etmək qüdrətinə sahib deyil. İnsan sadəcə acizliyini qəbul edə bilmədiyi üçün özünü narsistik tərzdə dünyanın mərkəzinə yerləşdirir və hər şeyə at (bəlkə də insan) eynəkləri ilə baxır. Əgər qollarımızı yana doğru açıb, sol orta barmağımızdan sağ orta barmağımızadək olan məsafəni dünyanın var olduğu müddət hesab etsək, insanların var olduğu dövr sadəcə sağ barmağımızdakı dırnağın ucu qədər olardı. (Bryson, 2003). Yəni insanlıq və onun yaratdığı hekayələr nə dünyanın, nə təbiətin, nə də ki təkamülün vecinədir. Bu hekayələrin insana lazım olub-olmaması müzakirəyə açıqdır, lakin insanlar hal-hazırda etdikləri kimi öz yaratdığı xəyali quruluşlarla özlərini kainatın mərkəzinə qoymağa cürət edirlər, bu isə dəqiq səhvdir – kainata təsir etməyə qadir olmasalar da.

Türk yazıçı Yalın Alpay deyir ki, “İnsan mərkəzli perspektiv, bütün insani acizliklərin həmin perspektivi məhdudlaşdırdığı, çirkləndirdiyi, dəyərsizləşdirdiyi, alçaltdığı və təhrif etdiyi çarəsizliyə bənzəyir. Burada insan obyektiv baxmaq istədiyi dünyanı mənalandırmağa çalışarkən bir tərəfdən öz ağlı, qavrayışı və təlatümü tərəfindən, digər tərəfdən də emosiyaları tərəfindən müxtəlif mövqelərə çəkilərək aldanır. İnsan həyata tullanılan kiçik bir nöqtə kimi onu qavramaq üçün təchizatsız və aciz qalır, üstəlik bu həyatda zaman və məkanla da məhdudlaşır. Keçmişi və gələcəyi dönə-dönə yaşaya bilmir, keçmişdə yaddaşına, gələcəkdə isə təxəyyülünə məhkum olur və bu ikili də ağlın və psixologiyanın manipulyasiyalarında məna axtarışındakı insanları ordan oraya tullayır. Eyni anda birdən çox yerdə ola bilməyən insan məkanla də məhdudlaşır. Baxış bucağı təxminən 170 sm əraziyə sabitlənmişdir və həyatı olduğu kimi qavramaqdansa, son dərəcə məhdud bir quruluş daxilində daim mənalar və hekayələr uydurmaq məcburiyyətində qalaraq acizlik mövqeyini tutur. İnsanlar gördükləri və yaşadıqları hər şeyi zaman məfhumuna uyğunlaşdırıb, başlanğıcı proqressi və nəticəsi olan hekayələr kimi qəbul etməyə meyllidirlər. Halbuki həyatda belə bir şey yoxdur, həyat hekayə deyil, hekayələr (inanclar) insanın bu böyük çarəsizlik aləmində özünə bir məna yaratmaq üçün ağlının uydurduğu bir müdafiə mexanizmidir.” [1]

Həyat dilemmalardan ibarətdir. Çünki insanlar düşünə bilən (təxəyyül edə bilən) varlıqlardır, təxəyyül isə gerçəklikdən uzaqlaşmaqdır. İnsan təxəyyülü ilə gerçəklik arasında ilişib qalır.

Məsələn, insanlar öz aləmlərində ideya məfhumunu yaradıblar, bu isə özlüyündə ən absurd məsələdir. Çünki ideya anlayışı həyatın işləyişinə tərsdir, insan idealı tapsa oradaca durar, lakin biz yerimizdə durmaq üçün yox, daima hərəkətdə olmaq üçün yaradılmışıq. Təbiətdə yerində duran canlı ölümə məhkumdur, daima aktiv olmalı, qida axtarmalı, yaşamaq üçün təhlükəsiz bir yer tapmalı, çoxalmalı, qısası ölməməlidir!

Dilemmalara qayıdaq, insanın daima seçimlər arasında qalmasının səbəbi yoxdur, bu, nəticədir. Canlılar “yoxlama və uğursuz olma” prinsipi ilə işləyirlər, yəni bir qərar verirlər, yoxlayırlar və uğursuz olurlar. Əgər əksi olsa, yəni uğurlu olsalar bu “dayanmaq” deməkdir, mexanizm isə buna imkan verə bilməz. Buna görə də bu əmrləri “azad iradə” ilə qəbul etdiyini zənn edən insan həmişə “digər yolu seçsəydim nə olardı?” deyə düşünür, çünki bunu düşünməsə, dayanar…

Bu insandan asılı bir şey deyil, sadəcə, təmsili olaraq insanın “kodları” belədir. Schopenhauerin deyişiylə, “insanlara utopiyanı versəniz, daha yaxşısını istəyərlər.” Çünki bütün məsələ elə budur.

Orqanizmimizin mexanikliyini niyə qəbul etmədiyimizə gələk. Məncə, insanlar eşq kimi ilahlaşdırılmış məfhumların acmaq kimi mexanik ola biləcəyinə inanmaq istəmirlər. Çünki bu reallıq “mənaları” darmadağın edir və insanı boşluğa məhkum edir. Maslovun piramidasına nəzər salsaq (əslində Maslov özü “piramida” ifadəsini heç vaxt işlətməyib, bu sadəcə təmsili bir şeydir), görərik ki, ilk pillələrdə insanlar özlərini əsas ehtiyaclarla – qida, yuxu, çoxalma, təhlükəsiz yuva – təmin etməlidirlər. Elə insanların yaratdığı hekayələrin (piramidanın digər pillələri) kökündə də bu ehtiyacların təminatı dayanır. Lakin təxəyyül öz işini görür və bu hekayələrə gerçəklik maskası taxır, bu isə özdən (İd, Freudun psixoanaliz modelinin aparatlarından biri) ayrılmağa gətirib çıxarır.

Yumurta qabığı

Yumurta qabığı rüşeymin əmələ gəlməsinin ilk mərhələlərində onu xarici təhlükələrdən qoruyur, lazımi istiliyi təmin edir və s. Lakin bir müddət keçdikdən sonra rüşeym inkişaf edib cücə olduqda və qabığı qırıb çıxmaq istədikdə, əgər qabıq çox sərt olarsa, qıra bilmir və içəridə ölür. Yəni balaca ikən dəstək olan yumurta qabığı böyüdükdə sadəcə maneə olur. Buradan çıxarılan nəticə yumurta qabığının pis olduğu deyil, funksiyasını yerinə yetirdikdən sonra cücənin onu sındıra bilməməsidir. İnsanlığın yaratdığı hekayələr də belədir, insan cahil ikən onlar bizi qoruyurdu, lakin kamilləşdikcə artıq onlardan qurtulmaq lazımdır.

Girişdə qeyd etdiyim, Spinozanın dediyi kimi, insan yalnız gerçəkliyi qəbul edib, mexanikliyini mənimsədikdə əsl azadlığa çata bilər. Aldığınız hər qərarın bir səbəbi var və bu sizdən asılı deyil, sadəcə ölməməyiniz üçün yaradılmış əmrlər silsiləsinin parçasıdır. İnsan sadəcə varlığın vasitəçisidir. Nə səbəbdir, nə də ki məqsəd. Biz varlığı və nəticələrini sadəcə kənardan izləyə bilərik, ona müdaxilə edə bilmərik.

Amor Fati

Nietzschenin məşhur doktrinası amor fatidə (taleyini sev), məncə ənənəvi bir taledən yox, deterministik bir taledən söhbət gedir. Əslində bu doktrinin əsas fikri “indiki zaman”da yaşamaqdır. Yəni insan hər şeyin labüdlüyünü və mexanikliyini qəbul edərsə, daha çoxunu istəməkdən, keçmişi və gələcəyi fikirləşməkdən vaz keçər. Buna görə də, insan keçmişdəki xətaların əzabından və gələcəkdəki naməlumluğun gətirdiyi narahatlıqlardan azad olar və indiki zamanda daha rahat yaşaya bilər. Nietzscheyə görə bu aramlıq (sükunət) həyatı biraz daha asanlaşdıra bilər. Bu aramlığa çatmağın tək yolu amor fatidir, yəni bu labüdlüyü və ya məcburiliyi sevmək. “Məncə, insanın kamilliyini üzə çıxaran “amor fati”dir; insanın keçmişdə, gələcəkdə və əbədi olaraq heç nə istəməməsidir. Təkcə labüdlüyə (məcburiliyə) dözmək kifayət deyil, nə də onu gizlətmək… əsas məsələ onu sevməkdir.”[2]

Fəlsəfə pozitivist bir sahə olmasa da, sanki gələcəkdə elm üçün təməl yaradır. Nietzsche, Spinoza və digərləri məhdud müşahidə imkanları ilə möhtəşəm fikirlər ortaya atıblar, bu fikirlərin pozitivist olmaması – o zamanlar – real olmasına əngəl deyil. Məncə, pozitivist düşüncə tərzi insanları qismən məhdudlaşdırır, lakin öncəki abzasda qeyd etdiyim təxəyyül (və ya fəlsəfi tədqiqat) bu barədə insanlığa çox böyük addımlar atmağa kömək etmişdir. Buna baxmayaraq, sonda istinad yenə elm olmalıdır. Buna görə də, yazının sonuna saxladığım və əsrlər boyu davam edən müzakirələrə sadəcə bir araşdırma ilə – problemin araşdırma apara biləcək səviyyəyə gəlməsində fəlsəfi müzakirələrin rolu danılmazdır – qismən – tədqiqatlar davam edir – cavab verməyi bacaran elmə keçək.

Biolojik Marionet

Belə ki, bu mövzudakı elmi araşdırmalar saymaqla bitməz, lakin bunlardan ən məşhuru Benjamin Libetin neyropsixolojik araşdırmasıdır[3].Sonradan Kaliforniya Universitetinin neyrocərrahı Itzhak Fried tərəfindən də aparılmış təcrübə[4] əsasında davam etdirilən bu araşdırmanı əsrimizdə Gabriel Kreiman adlı Harvardlı nevroloq daha da dərinləşdirib. Təkrarçılığa yol verməmək üçün araşdırmanın xülasəsini danışacam.

İnsanların beyinlərinə saç teli incəliyində elektrodlar yerləşdirən araşdırmaçılar onların beyinlərinin hər hansı bir əmrə necə reaksiya verdiklərini müşahidə etməyə çalışıblar. İlk öncə insanların barmaqlarını tərpətmələrini xahiş edən neyrocərrah nəticə qarşısında təəccüblənib. Aydın olub ki, insanlar barmaqlarını tərpətmədən 300 millisaniyə öncə beyin neyronları işə düşür (fired). Bu isə bu əmrlərin insanın öz istəyi xaricində yerinə yetirildiyinin sübutudur. Yəni bütün əmrlər mexaniki olaraq daxili bir sistem tərəfindən yerinə yetirilir, hər şey səbəb-nəticə əlaqəsidir, proqramlaşdırmadan bildiyimiz “if, else” əmrləri və s. Daha sonra bu interval Dylan Haynes tərəfindən 6 saniyə kimi bir interval çıxarılıb[5],[6]. Yəni Haynes sübut edib ki, bizim qərarlarımız əslində 6 saniyə öncədən bilinir və ya hesablanır.Bu isə möhtəşəm xaotiklik deməkdir. “Azad” olan heç nə yoxdur. Araşdırmalar davam etdikcə və reallıqlar çılpaqlaşdıqca hüquq, siyasət kimi təməli “azadlıq” üzərinə qurulmuş sahələrdə təşvişə səbəb olur.

İnsanlar bəzən heyvanları robotlara bənzədirlər, lakin özlərinin də 0 və 1-lərdən başqa bir şey olmadıqlarını görə bilmirlər. Bizim əməliyyat sistemimiz heyvanlara nisbətən sadəcə daha qarışıqdır, daha ali deyil. Hər şey mexaniki şəkildə mənliyi, “iradə”ni vecinə almadan öz relsi üzərində irəliləyir. Burdan çıxan nəticə “azad iradə”nin narsisistik insanoğlunun xəyali ixtiralarından biri olduğudur.

Lakin, bu məsələ dinlərdəki fələk məfhumundan fərqlənir. Teolojik fələkdə başlanğıc və son bəllidir, hər şey əvvəldən yazılıb və yazıldığı kimi də olacaq. Deterministik fələkdə isə bəzi təməl kodlardan başqa – qidalanmaq, sosyallaşmaq, çoxalmaq, ölməmək – hər şey xaotik səbəb-nəticə əlaqələri ilə davam edir, yəni sonda nə olacağı bilinmir, bir hadisə digərini yaradır və bu silsilə olaraq davam edir.

“Məni də əsrlərdir verilən sualın cavabı maraqlandırır: Qərarlarımız həqiqətən azaddırmı? Bu barədə mənim fikrim bir qədər realistdir: məncə, azad iradə haqqında azad heç nə yoxdur. Sonda yalnız fizika və riyaziyyat qanunlarına tabe olan neyronlar var. ‘Qərar verdim’ demək istəyirsinizsə, deyə bilərsiniz; Axı bu bizim işlətdiyimiz dildir. Ancaq içəridə maşını idarə edən tanrı yoxdur, yalnız hərəkətə keçən (to trigger) neyronlar var.”, nevroloq Gabriel Kreiman.

Əlqərəz, insan haqları, iradə, ideologiyalar və digər inancların – xəyali ixtiralaların – insanlığın hazırkı “səviyyəyə” gəlməsinə böyük töhfəsi olub, lakin kosmosa yüksələrkən hər dəfə bir hissəsini tullayan raketa kimi, insanlıq da bu xəyali düşüncələrdən yavaş-yavaş qurtulur və reallıqdan qaçmağa son verib özü ilə barışır. Məncə, təkcə bu zaman dilemmalar ilə barışıb daha yaxşı bir ömür sürə bilərik.

İnsan – mənlik və ya iradə – orqanizm adlanan maşının verilən əmrləri yerinə yetirmək üçün istifadə etdiyi marionetdir, biolojik marionet…

“Hər şeyi bilmək ilə heçnəyi bilməmək elə eyni şeydir, odun kimi olursan.”

Sen Aydınlatırsın Geceyi, Onur Ünlü

 

[1] Alpay Yalın (2020). Yapı(t) Söküm. İstanbul: Destek yayınları.

[2] F. Nietzsche (2017). Ecce Homo. İstanbul:Türkiye İş Bankası Yayınları.

[3] Benjamin Libet, “Time of Conscious Intention to Act in Relation to Onset of Cerebral Activity (Readiness-Potential)’’, Brain 106 (1983)

[4] Itzhak Fried, “Functional Organization of Human Supplementary Motor Cortex Studied By Electrical Stimulation”, The Journal of Neuroscience,

[5] Benjamin Libet, “Unconscious Cerebral Initiative and the Role of Conscious Will in Voluntary Action”, The Behavioral and Brain Sciences, 1985,

[6] John & Dylan Haynes, ‘’Tracking the Unconscious Generation of Free Decisions Using UItra-High Field fMRI’’

Müəllif:  Əliş Nəzərov

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur