Pasiyent (hekayə) - Əkbər Rzayev
Həmişəki kimi pasiyentləri ilə görüşləri yekunlaşdırıb, bir saat da artıq öz kabinetində
şokoladla çay içmək psixoloq Robertin adətinə çevrilmişdi. Bu gün üç pasiyent qəbul etmişdi.
Hər üçü qadın idi və hamısı da ərlərindən şikayətlənirdi. Biri ərinin onu sevməməsini, o biri ona
gül almamasını , digəri isə ərinin onu başqa qadınlarla aldatdığını söyləyirdi. Hamısı çox əsəbi və
hikkəli idi. Sanki bütün bunların günahı Robertdə idi.
Kabineti elə də böyük deyildi , orada özünün və pasiyentlərinin otura biləcəyi iki kreslo, iş
masası və masanın üstündə saat vardı. Pasiyentlərin gizliliyini qorumaq üçün kameradan istifadə
etmirdi yəni görüşlər heç bir halda qeydə alınmırdı. İçəridə baş tutan görüşlər haqqında həkim,
pasiyent və həkimin köməkçisi Elizabet bilirdi.
Bir ilə yaxın idi ki, köməkçisini işə götürmüşdü, ondan çox razı idi. Səhər ondan əvvəl gəlib
otağa əl gəzdirir pasiyentlərlə görüşləri psixoloqla razılaşdırıb , onun təyin etdiyi vaxta salırdı.
Psixoloq Robert çayını içib qutarana yaxın kabinetin qapısı taqqıldadı, onun razılığından sonra
köməkçisi Elizabet qapıda göründü:
- Çayınızı təzələyim cənab psixoloq ?
- Yox kifayətdir. Sabah neçə pasiyentlə görüş var ?
- Yalnız bir pasiyent. Görüşü saat neçəyə yazım ?
- Bir pasiyentdirsə, nahardan sonraya sal, saat üç uyğundur. Sən də sabah nahardan sonra
gələrsən.
Elizabet razılıqla başını tərpətdi stolun üstündəki boş çay fincanını götürüb otaqdan çıxdı.
Sabahkı gün saat üç tamamda kabinetə 20-25 yaşlarında, üzündə qripdən qorunma üçün
maska olan bir kişi içəri girdi. Psixoloq ilk olaraq, onu salamladı və oturmağı üçün başı ilə
kreslonu göstərdi.
- Üzr istəyirəm, bədənim xəstəliklərə qarşı həssasdır, ona görə görüş vaxtı maska ilə olacam.
Problem olacaqsa, çıxara bilərəm . - pasiyent üzrxahlıq etdi
- Heç bir problem yoxdur, sizə necə rahatdırsa elə də olsun
- Məni yaxşı eşidə bilirsiniz? maska altından səs boğuq çıxa bilər
- Bəli , çox yaxşı eşidirəm, buyrun nə vaxt istəsəniz başlaya bilərsiz, sizi tələsdirmirəm
Psixoloq eynəyini gözünə taxdı. Pasiyent kreslodakı yerini rahatladı
- Lap əvvəldən başlayım. Mən doğulanda çəkim çox az idi. Həkimlər anama mənim çox
yaşamayacağımı deyirdilər. Ancaq görünür yanılıblar. Mən artıq 25 ildir ki, yaşayıram, əgər buna
yaşamaq demək olarsa
Pasiyent bir neçə saniyə fikrə daldı Robert onun sükutunu nəsə ağrılı xatirələri xatırlamağa
çalışdığına yozdu.
- Bəli buna yaşamaq demək olmaz. Kaş ki, həkimlərin dediyi dogru çıxaydı, və mən elə o vaxt
öləydim. Təsəvvur edin atam mən doğulandan bir ay sonra avtomobil qəzasında həlak oldu. Siz
anamın halını fikirləşin. Bir tərəfdə oğlunun çox yaşamayacağını xəbər alır , digər tərəfdən isə,
həyat yoldaşı həlak olur. O, qucağında körpəsi ilə yaşamaq üçün mübarizə aparmağa çalışır ,
ancaq onun üzünə qapı açan tapılmır. Nənəm və babam çoxdan dünyalarını dəyişmişdilər. Anam
həyatda yeganə sağ qalan qohumu olan qardaşına zəng çalır. Dayım isə zənglərə cavab vermirdi.
Atamla anam evlənəndə, dayım bu işə qarşı çıxmışdı. O demişdi ki, atam norkamandı. Anam isə
buna qulaq asmamışdı və evlənmişdi. Onlar evlənəndən bəri dayım anamla danışmırdı. Atam
qəza keçirdib həlak olanda, onun qanında narkotik vasitə tapmışdılar. Görünür dayım haqlı idi.
Psixoloq kədərlə onu dinləyirdi. Hekayənin belə ağrıla olması ona da təsir etmişdi.
- Anam tək qaldığını başa düşdü. Bundan sonra onun həyatında ancaq mən vardım. Mən biraylıq
körpə ona necə kömək edə bilərdim? O yaşadığımız evin yaxınlığındakı marketdə işə başladı. O ,
işdə olanda məni qonşuluqda yaşayan Rebeka xalagilə gətiridi. Rebeka xala çox yaxşı insan idi.
Anam danışırdı ki, o mənə öz körpəsi kimi baxıb . Onun da bir qızı var idi. Birlikdə böyüyürdük.
İllər keçirdi artıq məktəbli yaşına gəlmişdim. Evin yaxınlığındakı məktəbə başladım. Dərslərimi
yaxşı oxumağa çalışırdım. Amma problem bizi rahat buraxmırdı. 4 cü sinifdə oxuyanda
məktəbdə qəflətən burnumdan qan açıldı, huşumu itirib yerə yıxıldım, məni dərhal xəstəxanaya
apardılar. Gözümü açanda anam və Rebeka xala başımın üstündə gözüyaşlı dayanmışdılar.
Həkimlər bədənimin çox zəif olduğunu söyləyirdilər, eynilə doğulanda söylədikləri kimi. Ancaq
hələ də yaşayırdım . O vaxtdan sonra həkimlər mənə xəstəliklərdən qorunma üçün maska ilə
dərsə getməyimi məsləhət gördülər. Belə də etdim. Hər gün məktəbdə hamı mənlə zarafat edir,
mənə gülürdülər. Bəziləri xəstəlik tutmasın deyə məndən qaçırdılar. Ancaq bu əksinə idi mən bu
maskanı ona görə geyinirdim ki, onlar xəstə olanda mən xəstələnməyim. Çünki mən xəstələnəndə
sağalmağım uzun zaman çəkirdi. Siz həkimsiniz bunu başa düşürsünüz
Psixoloq başı ilə təsdiqlədi. Bədənində immun zəifliyi olan xəstələr tez- tez xəstələnirdi. Ona
görə həmin xəstələrə qorunma vasitəsi kimi bu tip maskaları məsləhət görürdülər.
- Məktəbdə məni incidirdilər mən isə onlara cavab verə bilmirdim, çünki çox gücsüz və yorğun
idim. Axırda buna dözə bilməyib 8 ci sinifdə məktəbdən çıxdım.
Həkimin stolunun üstündəki saat vaxtın tamam olduğunu bildirmək üçün çıqqıldadı
- Təəssüf ki, seans bitdi, ardını növbəti seansda danışa bilərsiniz, həyat hekayəniz bir qədər
kədərlidi, növbəti seansda hekayənizi sona qədər dinləyib, fikir söyləyə bilərəm
- Əlbəttə, növbəti seans nə vaxt olacaq?
- Bu haqda məlumatı köməkçimdən ala bilərsiniz.
Pasiyent otağı tərk etdi. Elizabetdən aldığı məlumata görə növbəti seans üç gün sonraya təyin
olunmuşdu.
Üç gün sonra saat üç tamamda pasiyent qapıda göründü. Bu dəfə o əlində şokolad
qutusuyla gəlmişdi. Robertlə salamlaşıb, qutunu ona uzatdı :
- Keçən dəfə seansdan sonra köməkçinizdən ən çox nəyi sevdiyinizi soruşdum , o da mənə
şokolad cavabını verdi
- Uşaqlıqdan bəri ən sevdiyim məşğuliyyətdir. Elə bir günüm yoxdur ki şokoladsız keçsin. Onu
da deyimki, mənə hədiyə verən tək pasiyent sizsiniz . Üç ildə ilk.
Hər ikisi gülümsəyib, kreslolarda əyləşdilər.
- Ümid edirəm şokoladların dadına baxacaqsınız. - Robert soruşdu
- Təəssüf edirəm ki xeyr . Məndə qan təzyiqidə yüksəkdir. İmmun zəifliyi, qan təzyiqi, demək
olar ki, ölüyəm. Bu vaxta qədər sağ qalmağım möcüzədir.
- Heç olmasa , çay için, Elizabetə tapşırıq verərəm ki, yeni fincanda sizə çay gətirsin, heç kimin
ağzı bulaşmayan stəkanda, narahat olmayın heç bir xəstəlik tutmarsınız.
Robert telefonla, Elizabetə iki çay gətirməsini, fincanlardan birinin yeni olmasına diqqət
yetirməsini tapşırıb, qutudakı şokoladdan birini ağzına qoydu. Başını razılıq əlaməti ilə tərpədərək
dedi :
- Yaxşı seçimdir, görünür, şokoladdan yaxşı anlayırsınız
- Xeyr elə də anlamıram , ancaq satıcıdan ən yaxşı şokoladı verməsini xahiş etdim
Elizabet içəri keçib iki fincan çayı pasiyentlə psixoloq arasındakı masaya qoyub, otaqdan çıxdı.
Robert qutudan yenə bir şokolad götürüb dişlədi və çayından bir udum aldı
- Keçən seans harda qalmışdıq, deyəsən məktəbdən çıxmağınızda - Robert dəqiqləşdirdi.
- Əla yaddaşınız var
Pasiyent ilk dəfə üzündəki maskanı çıxardıb çayından bir udum aldı. Robertin diqqətini onun
üzündəki kəsik və tikiş izləri çəkdi. Lakin Robert pasiyenti tələsdirmirdi, əgər özü üzündəki yaralar
barədə danışmaq istəsə danışacaqdı.
- Məncə, bu qədər kifayətdir. - pasiyent bunu deyib ayağa qalxıb qapıya yaxınlaşdı və qapını
açıb çıxdı bir neçə saniyə sonra geri qayıtdı. Bu dəfə pasiyentin əlində silah vardı. Robert isə,
təəcüblə pasiyentə baxırdı. Sanki donub qalmışdı.
- Ah Robert, Robert hələ də heçnə başa düşmürsən, hələ də məni tanımırsan
Robert dərhal telefona cumdu. Pasiyent silahı ona tuşladı
- Əgər kiməsə zəng vurmağa çalışsan özünü ölmüş bil
Robert telefondan aralanıb kresloya oturdu.
- Elizabet , kömək elə polisə zəng vur , -Robert qışqıraraq, Elizabetə səsləndi . Elizabetdən səs
gəlmirdi.
- Sən bura gəlməmişdən qabaq Elizabeti öldürmüsən, bayaq burdan çıxanda silahla geri
qayıtdın deməli onu öldürüb silahı onun yanına qoymuşdun, indi isə onun yanından silahı
götürmüsən
- Yavaş- yavaş dəli olursan cənab psixoloq, Elizabet bizə çay gətirmişdi, mən isə bu otaqdan
beş- on saniyəliyə çıxmışdım, onu öldürsəydim silahın səsini eşitməliydiniz. Görürsüz silahın
səsboğucusu belə yoxdur. Narahat olmayın o sağdır .
- Xatırla cənab psixoloq , üzümə bax tanımırsan məni? . Qayıt üç il əvvələ. Üzümə bax sənin
səbəb olduğunu yaralara bax
- Sən ...
- Bəli mən üç il əvvəl həyatını alt-üst etdiyin adamam. Sənə keçən seans danışdıqlarım nağıl idi.
Az çəkili doğulmağım, atamın narkoman olmağı , dayımın anamla küsülü olması hamısı mənim
uydurmam idi. Sən psixoloqsan sənin yanına gələnlər öz hekayəsini danışırdı mən də bura
gələndə özümdən bir hekayə uydurdum. Həqiqət isə sənə indi danışacaqlarımdır
Pasiyent soyumuş çaydan bir qurtum içdi
- Üç il əvvəl mən valideynlərim və dayım, qohumumuzun toyundn evə qayıdırdıq. Atam və dayım
içkili idi , atamın maşınını mən sürməli oldum. Hər şey qaydasında idi, sürət həddini aşmırdım,
atam hətta məni təriflədi də. Evə çatmağımıza az qalmışdı, amma çata bilmədik. Çünki avaranın
biri yüksək sürətlə mənim idarə etdiyim maşınla yanbayana çatdı. Maşının pəncərəsinin şüşəsini
açıb, mənə onunla yarış keçirtməyimi söylədi. Mənsə, ondan aralanmaq üçün sürəti artırdım.
Ancaq o avara bunu səhv yerə yozdu elə zənn etdi ki, mən onunla yarış keçirdirəm. Kəsə yolla evə
daha tez çatmaq üçün yolumu dəyişdim, o da məni izləyib maşınını mənimlə yanbayan sürürdü
Maşının pəncərəsini açıb, ona öz yolu ilə çıxıb getməsini söylədim. O isə içkinin təsiri ilə uçurdu,
üzümə baxıb , gic-gic gülürdü. Bu vaxt maşının önündən cüyür keçdi onunla toqquşmamaq üçün
maşını sağ tərəfə çevirdim, əyləci sıxıb maşını saxlamaq istədim ancaq alınmadı. Əyləci bir neçə
dəfə sıxsam da maşın dayanmırdı. Sonunda maşın dayandı. Amma onu mən dayandırmadım .
Qarşımıza çıxan dirəyə dəyib dayanmışdı. Dirək də maşının üstünə düşmüşdü. Onsuz da köhnə
olan maşın əzilib, eybəcər hala düşmüşdü. Sənin isə avtomobilin yeni və bahalı olduğundan cüyür
yoluna çıxan kimi əyləci sıxmışdın və avtomobilin durmuşdu. Maşından düşüb, bizə tərəf gəldin,
maşına yaxınlaşdın , içəri baxdın amma arxaya dönüb qaçaraq uzaqlaşdın. Mən bunları görürdüm,
ancaq səsimi çıxartmağa gücüm yox idi. Dirək maşının üstünə aşanda şüşəni qırmışdı mənim
sifətim kəsik-kəsik idi. Bax hələ indiyə qədər mənimlədir bu kəsiklər.
Pasiyent cibindən siqaret çıxardıb yandırdı, birdəfəyə xeyli tüstünü ciyərlərinə çəkib, havaya
buraxdı.
- Gorünür həmin gecə kimsə təcili yardım çağırmışdı. Gözlərimi açanda xəstəxanada idim.
Yanımda dayımın yoldaşı Rebeka və onların qızı var idi. Onlardan valideynlərimi və dayımı
soruşdum. Hər ikisi göz yaşlarına boğuldular. Onlar mənim kimi şanslı deyildilər. Hadisə
yerindəcə keçinmişdilər.
Pasiyent siqareti söndürüb cibinə qoydu.
- O zamandan bu qəzaya səbəb olan həmin adamı tapmağı qarşıma məqsəd qoydum. Sən
olmasaydın, mən kəsə yola dönməzdim və maşın dirəyə çırpılmazdı. Rebeka xalanın qohumunun
köməkliyi ilə həmin gecəyə dair kamera görüntülərini tapdıq. Sən sürət həddini keçib radara
düşmüşdün. Avtomobilinin nömrəsi , adın, ünvanın hamısı kompyuterdə əks olunmuşdu . Ordakı
məlumatlardan sənin psixoloq olduğunu və özünə yeni bir yer icarəyə gotürdüyünü, orda seanslar
keçirtdiyini öyrəndim.
Pasiyent qapıya yaxınlaşıb, onu açdı və Elizabeti içəri çağırdı. O , içəri keçdi , pasiyent onu
təqdim etdi
- Tanış ol Elizabet sənin köməkçin , mənim isə dayım qızı. Həmin gecə ölümünə səbəb olduğun
insanın qızı.
Həkim təəcüblə Elizabetə baxdı. Elizabet isə onu nifrətlə süzürdü
- Sən keçən il öz köməkçini işdən çıxardın. Deyəsən səbəb oğurluq idi. Və sən yeni köməkçi
axtarırdın. Bu vaxt mənim ağlıma əla bir fikir gəldi. Bu fikri Elizabetlə bölüşdüm o mənimlə
razılaşdı. İşə qəbul olmaq üçün sənin yanına gəldi, atasının vəfat etdiyini, anasının xəstə olduğunu,
təcili pula ehtiyacı olduğunu dedi. İndi ancaq gözləmək qalırdı. Sən onu işə qəbul etməsəydin
planımız baş tutmazdı. Ancaq bir həftə sonra Elizabetə zəng edib işə qəbul olunduğunu dedin.
Bir il müddətində özünü sənin gözündə yüksəldə bildi. Hətta sən ona öz kabinetinin açarlarını da
etibar etmişdin. O hər səhər işə gəlir sənin kabinetinə əl gəzdirir, pasiyentlərinin siyahısını tutur,
işgüzar olduğunu göstərirdi.
Pasiyent ayağa qalxıb, otağı gəzdi , Elizabetə göz vurub sözünə davam elədi
- Elizabet sənin haqqında öyrəndiklərini mənə deyirdi. O, sənin şokoladları çox sevdiyini dedi.
Hər gün şokolad yeyirmişsən. Və o an ağlıma yaxşı bir fikir gəldi. Tibbdə elə dərmanlar var ki,
onlar qanda bilinmir. Ölünü yarsalar belə onun infarktdan öldüyü qənaətinə gəlirlər. Və mən belə
dərmanları tanıyırdım axı mən əzcaçıyam, dərmanlardan, onların dozasından yaxşı baş çıxarıram.
O əlini cibinə atıb siqaret axtardı, ancaq siqareti qurtarmışdı
-İlk dəfə də indi də seansa gələndə üzümdə qrip əleyhinə maska vardı. Mən o maskanı
taxmışdım ki, məni tanımayasan, axı üç il əvvəl olmuş hadisədə mənim üzümü görmüşdün, həm
də danışdığım nağılda bədənimin zəif olduğunu xəstəlikdən qorunmaq üçün maska geyindiyimi
dedim , sən də buna inandın. Əlimdə tutduğum silahı isə Elizabetə bugün gələndə verdim hər
ehtimala qarşı. Onsuz da səni silahla öldürməyəcəkdim. Dünən axşam isə bir qutu şokolad
aldım, daha sonra zəhərli bir məhlul hazırladım və iynə ilə məhlulu şokoladlara yeritdim. Hansını
yeyəcəyini bilmədiyim üçün bir qutu şokoladin hamisini zəhərlədim. Sən isə şokoladı sevirdin və
yüz faiz əmin idim ki, mütləq şokoladın dadına baxassan
Robert barmağını agzına saldı. Görünür yediyi şokoladı qaytarmağa çalışırdı.
- Robert , gecdir daha. Bir saat içində öləcəksən, ölüm səbəbi isə infarkt olacaq.
Pasiyent bunları deyib, şokolad qutusunu, çay içdiyi fincanı və Robertin mobil telefonunu
cibindən çıxardıb Elizabetə verdi. Heç bir dəlil saxlamaq olmazdı. Sonda Robertə tərəf çevrilib
dedi :
- Həmin gecə sən bizi ölümə tərk etdin, indi isə, özün ölümlə baş- başasan
Hadisədən üç gün sonra Robertin meyiti sevgililərindən biri tərəfindən kabinetində tapıldı.
Həkimlərin qənaətinə görə ölüm səbəbi infarkt idi
Əkbər Rzayev
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur