bu-gun-novruzun-ilk-cersenbesi-su-cersenbesidir
Müəllif: Publisist.az /Tarix: 2022-02-21 /Oxunma Sayı: 1117

Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir

 

    Bu gün Novruzun ilk çərşənbəsi – Su çərşənbəsidir. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Novruz adət-ənənələrində Su çərşənbəsinə məxsus xüsusi inanclar, adətlər vardır.

    Hələ gün doğmamışdan hamı su üstünə gedər, əl-üzünü yuyar, bir-birinin üzərinə su çiləyər, su üstündən atlanar, yaralıların yarasına su çiləyərlər. Xalqın inamına görə Su çərşənbəsi günü "təzə su"dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar.

Ağırlığım uğurluğum

Dağlara, daşlara,

Göydən uçan quşlara,

Çayda üzən yaşılbaşlara,

Namərd yoldaşlara

mənlə çinməyən sirdaşlara

Barsız – bəhrəsiz ağaclara

Sonsuz dul arvadlara

balağı qattaq arvadlara,

Dabanı çatlaq qarılara.

 

    Həmin gün su üstündə müxtəlif mərasimlər keçirilir, qədim türklərdə su tanrıları sayılan Aban və Yadanın şərəfinə nəğmələr oxunur.Su çərşənbəsi ilə əlaqədar çoxlu sayda inanclar, fallar, türkəçarələr, bayatılar, əfsanələr və rəvayətlər var.

Sular axar burular,

Can gülüm cancan!

Axıb – axıb durular,

Can gülüm can – can!

Baharın novruz günündə

Can gülüm can – can!

     Məsələn, inanclarda deyilir: Süfrəyə su dağılması aydınlıqdır, Su içən adamı qəfil vurmazlar, Su içən adamı ilan çalmaz, Lal axan sudan keçərkən suyum irəlilə deyərlər. Bir çox atalar sözündə də suyun müqəddəsliyi əks olunur: Su olan yerdə dirilik olar, Su ehsandır. Suyun lal axanı, adamın yerə baxanı. Su bir yerdə kalanda iylənər. Su axdığı yerdən bir də axar. Suda boğulan saman çöpündən yapışar. Su bardağı suda sınar.

     Suyun mifik düşüncədə, praktik həyatda dəyəri, onun müqəddəsliyi ilə əlaqədar el arasında mənalı, məqamlı deyimlər, alqış və dualar, qarğışlar, bəd dualar və s. çox geniş yayılmışdır.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur