dovlet-pantomim-teatrinda-iblis-tamasasi
Müəllif: Jovhar Kheyrulla /Tarix: 2024-06-26 /Oxunma Sayı: 278

Dövlət Pantomim Teatrında "İblis" tamaşası

İyunun 23-ü  Azərbaycan Dövlət Pantomim teatrının səhnəsində Hüseyn Cavidin eyniadlı əsəri əsasında “İblis” tamaşasının növbəti nümayişi baş tutdu. Tamaşa ilk dəfə 2022-ci ildə göstərilmişdir.

Hüseyn Cavid “İblis” pyesində nəfsinin əsarətində olan insanlığın  mal-dövlət, sərvət eşqi ilə iblisə dönməsi nəticəsində yaşadığı acı aqibət təsvir edir. Tamaşa əsərin real versiyası deyil, Bəhruz Vaqifoğlunun əsər haqqında olan düşüncələri əsasında qurulmuşdur.

İnsanın mənəvi zənginliyi onun kənar hadisələrdən, cəmiyyətdən təsirlənmə gücünü zəiflədir. Amma bir insan daxilən boş isə onun dünyaya uduzması qaçılmazdır. Maddi aləmdən təsirlənməmək üçün mənəvi aləmində özünü daha çox yükləməlisən. Burada isə tamamilə boş qəlbli, zəif duyğulu, günahkar insanların dünyaya tapınmasını görə bilirik.

Tamaşanın əvvəldən sona qədər axıcı ritmi var. Səhnə qara pərdələrlə əhatələnib, pərdələr kəndirlə ortadan yığılıb. Tam mərkəzdə pillələr var rejissor hansısa obrazı vurğulamaq istəsə bu pillələrə qaldırır. Burada daha çox baş qəhrəmanı görürük.

Baş rol ifaçısı Nurlan Rüstəmov yeni nəsil aktyorlardandır. Uzun zamandır teatra yolum düşmədiyi üçün aktyoru serialda ifa etdiyi roldan tanıyırdım. Xarici görünüş və plastika ziddiyyət təşkil edir. Amma plastikası uğurludur. Baş qəhrəman iradəcə zəif, emosiyalarını idarə edə bilməyən, daim günahlarının təqibindədir. Öz gücünü dərk edə bilməyən insan həmişə cəmiyyətdən kömək diləyir. Amma ağı qaradan seçə bilmir. Kim haqq? Kim batil? İblisin mələk cildinə aldanıb duyğularına yenik düşür.

Cəmiyyət hər zaman günah girdabı olub insanı içinə çəkdikcə çəkir qurtulmaq istəsən də nəfsin sənə hakim kəsilib buna yol vermir.

Rejissor plastik həlldə bir nizam intizam qoruyub saxlayaraq mövzunu sanki bir anlıq dəyişdirir. Bizi aparır repressiya dövrünə. Sürgün, təqib, böhtan və şərə məruz qalan yazar obrazını edam ağacına çıxarır. Burada olan xareoqrafiya mənə əsil müharibə atmosferini iliklərimə qədər ötürdü. Düşünürəm ki, xareoqrafiyalar kifayət qədər uğurlu alınmışdı.

Əsasən də qadın obrazlarının görünüşü və plastika ahəngi gözünü rəqsdən çəkməyə imkan vermirdi. Qadınlar burada quruluşun əsas elementi idi.

Pantomim kollektivinin bu gün daha geniş səhnələrə ehtiyacı olduğunu düşünürəm. Potensialı yüksək olan bu aktyorlar üçün səhnə geniş olsa daha məqsədə uyğun olar. Tamaşaların keyfiyyətində də fərq olar. Kiçik ölçülü kuklalarla tamaşa göstərən Bakı Marionet teatrının zalı belə Pantomim Teatrından daha genişdir. Bəlkə də kiməsə önəmsiz problem olaraq görünə bilər amma mən klassik teatr strukturunu daha çox sevirəm aktyoru “əsil səhnədə” görmək mənə daha xoşdur.

 

Cövhər Məmmədli

 

Paylaş: