insan-eqli-allah-vergisidir
Müəllif: Publisist.az /Tarix: 2023-01-08 /Oxunma Sayı: 561

“İNSAN ƏQLİ, ALLAH VERGISIDIR...”

"MIRZƏ FƏTƏLI AXUNDOV HAQQINDA BIR NEÇƏ SÖZ"

 

Azərbaycanın görkəmli yazıçısı, dramaturqu, şairi və mütəfəkkiri Mirzə Fətəli
Axundzadə (Axundov) 30 iyun 1812-ci ildə Şəki (Nuxa) şəhərində anadan
olmuşdur * 
. Onun əcdadları əslən Cənubı Azərbaycanın əsas şəhəri Təbrizdən
idilər, lakin atası 1811-ci ildə Şəkinin məşhur axundu** Hacı Ələsgərin qızı ilə
evlənmiş və şimala köçmüşdür. Məhz Hacı Ələsqər, tezliklə Fətəlinin ikinci atasına
çevrilmişdir və Azərbaycan ədəbiyyatının gələcək hadiminə klassik müsəlman
təhsilini verərək, onu tərbiyə etmişdır. Fətəli Axundun törəməsi olduğu üçün ona
Axundzadə, və yaxud russayağı Axundov soyadını verdilər. Bir müddət Gəncədə,
Molla Hüseynin mədrəsəsində, sonra isə Nuxa dövlət məktəbində oxuduqdan
sonra, Fətəli 1834-ci ildə Tifl isə köçür və orada Qafqazın mülki, sonralar isə həm
də hərbi Baş Rəhbərinin dəftərxanasında Şərq dilləri tərcüməçisinin köməkçisi
vəzifəsində dövlət işinə düzəlir. Həmin dəftərxanada o, müxtəlif vəzifə və
rütbələrdə həyatının sonuna qədər çalışmışdır.
Axundovun karyerası sürətli olmasa da, ardıcıl və artan xəttlə inkişaf edirdi.
1837 ildə o, “türk xalqı ilə hər növ ünsiyyət qurmaq məqsədi ilə müxtəlif dillərdə tərtib olunmuş vərəqələrin tərcüməsi üçün” Abxaziya ekspedisiyasında və Adler
yarmadasının fəth edilməsi kompaniyasında iştirak etmişdir (məhz orada Axundov,
onun əsərlərini ilk dəfə rus dilinə çevirən Bestujev-Marlinski ilə tanış olmuşdur).
1840-ci ildə Axundov tərcüməçi qismində rus-türk sərhədinin demarkasiyası
üçün Quriyaya, sonralar isə yomud türkmənlərinin Astarabad və Mazandarana
yürüşlərinin qarşısını almaq üçün Astarabad boğazına ezam edilmişdi.
26 cümadə 1258-ci ildə (5 iyun 1842-ci ildə) Mirzə Fətəli Hacı Ələsgərin qızı
Tubu-xanımla evlənir. O, Mirzə Fətəli üçün çoxlu övlad dünyaya gətirsə də, onların
çoxu körpə yaşında dünyasını deyişmişdi. Axundovlar nəslini təkcə Fətəlinin oğlu
Rəşid və qızı Nisə davam etdirdi.
Dövlət işində calışarkən, Axundov rus dilində yazılmış müraciətləri çeçenlər,
inquşlar və qumuqlar üçün tərcümə edir, eləcə də tərcüməçi və tərtibçi kimi canişinliyin
İmam Şamillə məktublaşmasında iştirak edir (Axundovun Şamilə yazdığı məktublardan
birinin qaralaması mövcuddur), müxtəlif komissiyaların tərkibində işləyir (məsələn,
müsəlman ruhanilərinin idarə olunmasına dair sənəd layihəsinin hazırlanmasına
dair komissiyada), və yenə də rus dilindən fars, ərəb, osmanlı, tatar (o dövrdə ruslar
onun doğma Azərbaycan dilini belə adlandırırdılar) dillərinə, və bütün bu dillərdən
rus dilinə tərcümə, tərcümə və yenə də tərcümə edir.... 1855-ci ildə Rusiya-Türkiyə
müharibəsində, 1857-8-ci illərdə isə İrəvan quberniyası və qəzasındakı məktəblərinin
təftişində iştirak edir...
Mirzə Fətəli kimi insanlar hər hansı bir İmperiyada həmişə öz yerlərini tapa bilirlər,
çünki İmperiyanın onlara ehtiyacı vardır. Axundovun nailiyyətləri dəyərləndirilmişdi:
o, 1842 ildə gizir, в 1850 ildə – poruçik (müasir leytenant rütbəsinə bərabərdir), 1852
ildə – ştabs-kapitan, iki ildən sonra isə kapitan rütbələrini almışdır. 1861 ildə o, artıq
milis mayoru, sonra isə polkovnik-leytenant oldu. 1873 ildə Təbriz tacirinin oğlu və
Şəki axundunun nəvəsi “əla xidmətə” görə Qafqaz Ordusunda və Qafqaz Canişininin
Baş İdarəsində tərcüməçi vəzifəsində qalmaq şərti ilə, milis polkovniki rütbəsini
almışdır. Yeni rütbələr mükafatlarla da müşaiyyət olunurdu: Axundov bir çox rus, eləcə
də osmanlı və iran ordenləri ilə təltif edilmişdir.
Mirzə Fətəli Axundov 26 fevral (10 mart) 1878 ildə Tifl is şəhərində vəfat etmişdir
və şəhərin müsəlman qəbirsanlığında, öz müəllimi şair Mirzə Şəfi Vazehin yanında
dəfn olunmuşdur. Sovet dövründə qəbirsanlıq məhv edilərək Nəbatat Bağının ərazisinə
qatılmışdır, lakin, buna baxmayaraq, Axundovun qəbri qorunaraq saxlanılmışdı...
Bu, sürətli olmasa da, uğurlu bir karyera alimlərin diqqətini özünə heç vaxt
çekə bilməzdi, əgər rus xidmətində olan azərbaycanlı məmur boş vaxtında ədəbi
yaradıcılıqla məşğul olmasaydı.
Mirzə Fətəlinin ilk önəmli əsəri fars dilində yazdığı və özü tərəfi ndən rus
dilinə tərcümə etdiyi, sonra isə «Московский наблюдатель» jurnalının 1837 il
üzrə XI kitabında dərc olunan “Puşkinin ölümünə” şeiridir. Bu şeir Axundovu
həmişəlik görkəmli şairlər cərgəsinə daxil etmişdir. Lakin Axundova daha çox şöhrət qazandıran onun dram əsərləri olmuşdur: 1850-ci illərdə o altı komediya
yazmışdır və “Aldanmış kəvakib” adında povest tipli bir satirik hekayə yaratmışdır
(bu əsər də hazırkı cilddə nəşr olunur). Adı çəkilmış əsərlər ona ölməzlik gətirdilər.
Axundovun dramaturgiyası haqqında çox yazılmışdır, və biz bütün bunları burada təkrarlamaq niyyətində deyilik. Bir şey aydındır: Axundzadə, sadəcə ilk
Azərbaycan dramaturqu olmamışdır (ilk olanlara adətən çox şeyi bağışlayırlar), o,
həqiqətən də, böyük dramaturq olmuşdur.
Onun eləcə də alim və mütəfəkkir olması barədə də bir neçə söz demək lazımdır.
Axundovun elmi fəaliyyəti indiyə qədər yetərincə dəyərləndirilməmişdir. Belə ki, o,
Rus İmperator Coğrafi ya Cəmiyyətinin Qafqaz Bölməsinin həqiqi üzvü olmuş və Qafqaz Arxeoqrafi ya Komissiyası ilə əməkdaşlıq etmişdir. Bu komissiyanın Aktlarının
birinci cildində dərc olunmuş Şərq mətnlərini nəşrə məhz Axundov hazırlamışdı. 1859-
ci ildə Axundov çox mürəkkəb mətnşünaslıq işini yerinə yetirərək, əyalət əhalisinin və
torpaq əmlakının siyahısını – “Çıldır əyalətinin caba dəftəri” (1694-1732) adlı çox qəliz
orta əsr osmanlı mətnini – rus dilinə tərcümə etmişdir. Bu osmanlı dövlətinin fi skal
(büdcə-vergi) siyasətinə aid tarixi sənıədin rus dilinə ilk tərcüməsi idi.
Lakin biz Mirzə Fətəlinin özündən soruşmuş olsaydıq ki, görəsən o özü öz
fəaliyyətinin hansı tərəfi ni daha vacib sayır, Axundov, çox güman ki, nə dramaturgiyanın,
nə poeziyanın, nə də ki dövlət işinin adlarını çəkməzdi. Mirzə Fətəli bir çox müsəlman
xalqlarının Avropa ölkələri ilə müqayisədə geridə qalmasının əsas səbəbini ərəb
əlifbasında görürdü, və məhz bunun üçün də o, bu əlifbada islahatlar aparılmasını
öz həyatının ən mühümm vəzifəsi sayırdı. O, türk dilləri üçün daha yararlı, olduqca
özünəməxsus və orijinal (və hətta Gürcü əlifbasının təsirinə də məruz qalmış!) bir əlifba
tərtib etmişdi. O dövr üçün Axundovun ideyaları utopik idi: o, osmanlıların və iranın
hakim dairələrinə islahatların zəruriliyini təlqin etməyə, və eləcə də Rus İmperiyasının
və başqa ölkələrin akademik dairələrindən dəstək almağa çalışırdı (hazırkı kitaba daxil
edilmiş Axundovun B.Dorn və Kruzenşternə ünvanladığı məktublara baxın). Sözsüz ki,
bütün bu səylər nəticəsiz qalmışdı. Təcrübəli məmur Axundov bu işdə özünü islaholunmaz romantik kimi büruzə verdi. Lakin zaman keçdi, və artıq XX əsrin 20-ci illərində,
özü də təkcə keçmiş Rusiya İmperiyasından qopmuş respublikalarında deyil, həm də
sabiq Osmanlı İmperiyası ərazisində yaradılmış gənc Türkiyə Respublikasında yeni
əlifba məsələsi kəskin surətdə gündəmə gəldi. Azərbaycan SSR Təhsil Komissarlığını
5 yanvar 1921 il tarixində qərara almışdı ki : “ a) köhnə müsəlman əlifbası yenisi ilə
əvəz olunsun; b) əsas kimi, daha kamil olan latın əlifbası götürülsün. Fəaliyyətinin
bu sahəsində Axundov öz zəmanəsini xeyli qabaqlamışdı: ərəb əlifbasının “cədidi”
islahatları və islahatçı-türkoloqların (məsələn, qazax Baysunqurov kimilərin) bu
istiqamətdəki fəaliyyətləri çox-çox sonralar baş verdi.
Mütəfəkkir və fi losof kimi Axundov ardıcıl və müstəqil bir fəlsəfi sistem
yaratmadı. Sovet dövründə onu çox vaxt dini tam rədd edən barışmaz ateist kimi
təqdim etməyə çalışırdılar. Lakin, şübhəsiz ki, bu belə deyil. Dini mühitdən çıxmış və islam təhsili almış Axundov, doğrudan da, müsəlman ruhanilərə və dini mövhumata qarşı çox kəskin ifadələr işlədirdi və islamda islahatlar aparmağa çağırırdı.
Bu çağırışlar bu gün də olduqca aktual səslənir! Ancaq onun son günlərinə qədər
müsəlman qalmasına heç bir şübhə yoxdur. Onun tənqidləri xaricdən deyil,
dahildən gələn təngidlər idi. Mirzə Fətəlinin baxışlarının xarakterik cəhəti onun
insan ağlına olan sonsuz inamı idi. Hazırkı kitaba daxil edilmiş fəlsəfi əsərlərinin
birində o, insan şüurunu “Allah vergisi” adlandırır. Axundzadənin insan şüuruna
olan inamı, onu XVIII əsr fransız fi losofl arı və XIX əsrin pozitivistləri (Axundov
O.Kontun yaşca kiçik müasirlərindən idi) ilə yaxınlaşdırır.

 

***

Doğma Azərbaycan dilindən başqa Mirzə Fətəli Axundov ərəb, fars, osmanlı-türk
və rus dillərində də eyni dərəcədə mükəmməl yazırdı. Buna görə də mütəfəkkirin
ildönümö ilə bağlı ikidilli nəşr üçün mətnlərin seçilməsi tərtibçilər üçün bir o qədər
asan olmamışdı. Hazırkı nəşrin əsas məqsədi Axundovun çoxşaxəli ədəbi-ictimai
fəaliyyətini mümkün qədər əhatəli şəkildə göstərmək, yəni rus və azərbaycandilli
oxucuda onun necə prozaik, şair, fi losof-mütəfəkkir və şərqşünas alim olduğu
haqqda təsəvvür yaratmaqdır. Bunula yanaşı, tərtibçilər Axundovun yaxşı tanınmış
və dəfələrlə nəşr olunmuş mətnlərini, ilk öncə dramatik (Azərbaycan dilində) və
fəlsəfi (fars dilində) əsərlərini bu nəşrə daxil etməməyi mümkün saydılar. Əvəzində,
hazırkı kitabda bir neçə az məlum olan və yaxud da bundan əvvəl heç zaman nəşr
olunmamış, o cümlədən ilk dəfə tərcümə edilmiş mətnlər nəşr edilmişdir.
Tərtibçilər hazırkı nəşr üçün seçilmiş azərbaycandilli mətnlərin Axundovun
arxivində (Azərbaycan MEA-nın Əlyazmalar İnstitutu) saxlanılan avtoqraflarını ***
bir daha nəzərdən keçirmiş, və onları Bakıda 2005 ildə nəşr olunmuş üçcildliyin
müvafıq mətnləri ilə tutuşdurmuşlar. Adı çəkilmiş üçcildlik, öz növbəsində, 1938
ildə (M.F. Axundov. Əsərləri. I-III Çild. Bakь,1938) və 1949-1955 illərdə çap
olunmuş nəşrlər əsasında tərtib olunmuşdur. Axundovun özünün rus dilinə çevirdiyi əsərlər və başqa rusdilli mətnlər də (əsasən, məktublar) arxivdəki avtoqrafları ilə tutuşdurulmuşdur. Azərbaycan dilindən rus dilinə başqa tərcümələr aşağıdakı mənbələrdən götürülmüşdür: М.Ф.Ахундов. Избранные художественные
произведения. Баку, 1950; М.Ф. Ахундов. Избранное. М., 1956; М.Ф.Ахундов.
Избранные философские произведения. М., 1962. Bəzi mətnlər xüsusi olaraq
bu nəşr üçün tərcümə edilmişdir. Tərtibçilər bəzi sənədlərin faksimilyelərini də bu
kitaba daxil etməyi mümkün saymışlar.
Fərid Ələkbərli (AMEA Əlyazmalar İnstitutu)
İlya Zaytsev (ÜDXƏK, REA Şərqşünaslıq İnstitutu)

 

 

 

  • *Bu ənənəvi tarixlə yanaşı bir sira sənədlərdə başqa tarixlər də göstərilir: 1811 il və 30 iyun 1814 il (bax: Рафили М. Мирза-Фатали Ахундов. Баку,1939, С.6-7; Ибрагимов А.А. Описание архива М.Ф.Ахундова. Баку, 1962.
    С.88, 155-156).
  • ** Şəhər icmasında və ya vilayətdə müsəlman ruhanilərinin rəhbəri.
  • *** Bax: Ибрагимов А.А. Описание архива М.Ф.Ахундова. Баку, 1962

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur