ismayil-osmanli-120
Müəllif: Publisist.az /Tarix: 2022-04-24 /Oxunma Sayı: 929

İSMAYIL OSMANLI - 120

    Bu il realist aktyor məktəbinin görkəmli nümayəndəsi, epizodik rolların mahir ustası, yumorlu və satirik obrazların əvəzolunmaz ifaçılarından biri İsmayıl Osmanlının 120 illik yubileyi tamam olur. Bir çoxumuz onu “Yeddi oğul istərəm“ filmində oynadığı Kələntər dayı obrazı ilə tanıyırıq.
     İsmayıl Osman oğlu Osmanlı 24 aprel 1902-ci ildə Nuxada (Şəki şəhəri) kasıb ailədə dünyaya gəlib. Uşaq yaşlarından yetim qaldığı üçün mükəmməl təhsil ala bilməyib. Həyatın bütün çətinliklərinə baxmayaraq, aktyorluğa olan marağı onu sənətə doğru addımlamağa sövq edib. 1920-ci ildə o, Şəkidəki Fəhlə-Kəndli klubunun dram dərnəyinə üzv yazılıb. Cavan yaşlarında səhnədə “İsmayıl Osman” və “İsmayıl Osmanoğlu” imzaları ilə də çıxış edib. 1922-ci ildə Gəncəyə köçən İ.Osmanlı bir müddət həvəskarlar teatrında çalışıb. 1928-ci ildə Tiflis Azərbaycan Dram Teatrına dəvət alıb. Onun bir sənətkar kimi yetişmə tarixi elə bu teatrdan başlayıb. İ.Osmanlı bu teatrın səhnəsində Cəfər Cabbarlının “Od gəlini”, Uilyam Şekspirin “Hamlet”, Adolf D'Enneri və Germonun “İki yetimə” tamaşalarında Əbu Ubeyd, Gildenstern, Pyer kimi canlandırdığı obrazlarla aktyorluq təcrübəsi toplayıb. Sonra daha böyük teatrda və dövrünün nəhəng sənətkarları ilə işləmək arzusu onu Azərbaycan Dövlət Dram Teatrına gətirib.
     1929-cu ildən ömrünün sonunadək taleyini bu sənət ocağı ilə bağlayan sənətkar səhnədə müxtəlif xarakterli obrazlar yaradıb. Bunların sırasında Səməd Vurğunun "Xanlar", "İnsan" və "Vaqif", Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadu", "Dağılan tifaq", Hüseyn Cavidin "Şeyx Sənan", "Səyavuş", "Knyaz", Mehdi Hüseynin "Nizami" və "Alov", Sabit Rəhmanın "Xoşbəxtlər", "Aydınlıq", "Küləklər", "Əliqulu evlənir", "Nişanlı qız", Mirzə İbrahimovun "Həyat", "Kəndçi qızı", Aleksandr Ostrovskinin “Müdriklər", "Tufan" və "Cehizsiz qız", Lev Tolstoyun “Canlı meyit”, Uilyam Şekspirin "Otello", "On ikinci gecə", "Hamlet" əsərlərinin tamaşalarında oynadığı Keçəl Aslan, Fon Hols, Şaliko, Əmrah, Məşədi Cəfər, Şeyx Hadi, Vali, Şakro, Munis, Kərim Rəhimli, Mirzə Qərənfil, Zakir, Əhməd bəy, Xəlil, Qasım, Mirzə Heydərqulu, Şəkinski, Krutitski, Tixon, Karandışev, Aleksandrov, Baş senator, Feste, Gilderstern və s. kimi obrazları sadalamaq olar.
İ.Osmanlının aktyorluq yaradıcılığının inkişafında Cəfər Cabbarlının dramaturgiyasının böyük rolu olub. Dramaturqun təklifi ilə “Almas” pyesində ifa etdiyi Şərif obrazı ilə ilk gündən tamaşaçıların diqqətini cəlb etməyə müvəffəq olub. Bu da sonralar onun teatr fəaliyyətinə əsaslı təkan verib.             Aktyor ömrünün ən gözəl, şux çağlarını sərf etdiyi, sevincini, kədərini, uğurlarını bölüşdüyü səhnəyə Nodar Dumbadzenin “Darıxma, ana” pyesindəki İsidor Cakeli obrazı ilə vida edib.
     Milli teatr sənətinin ənənələrindən bəhrələnən aktyor səhnədə əldə etdiyi təcrübələrini kinoya da gətirib. İ.Osmanlı hafizələrə bir sıra filmlərdəki təzadlı rolları ilə həkk olunub. O, filmlərdə gah mülayim, avam, saleh, xeyirxah, çiləkeş, gah da riyakar, rüşvətxor, zalım, qəddar şəxsləri böyük ustalıqla canlandırıb. Onun ekrandakı debütu 1939-cu ildə rejissor Səməd Mərdanovun çəkdiyi “Kəndlilər” filmindəki daxili işlər naziri rolu olub.           
     Qeyd edək ki, bu film hal-hazırda Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxildir. Bundan başqa aktyor “O olmasın, bu olsun”da Rza bəy (1956), “Bir məhəlləli iki oğlan”da usta Mahmud (1957), “Əsl dost”da usta Şirəli (1959), “Sehrli xalat”da vəkil (1964), “Yenilməz batalyon”da dərzi Yusif (1965), “İyirmialtılar”da Şahbazov (1966), “Torpaq. Dəniz. Od. Səma”da Kərim baba (1967), “Mən ki, gözəl deyildim”də Şərif (1968), “Dəli Kür”də Məmmədəli (1969), “Yeddi oğul istərəm”də Kələntər (1970), “Ulduzlar sönmür”də Hacı Zeynalabdin Tağıyev (1971), “Nəsimi”də Nəimi (1973) və s. bu kimi rollarındakı bir-birindən fərqli oyun tərzi ilə yaddaşlarda qalıb. O, “Yeddi oğul istərəm” filmindəki Kələntər obrazının xislətini o qədər diri və inandırıcı oynayıb ki, film ekranlara çıxdıqdan sonra tamaşaçılar tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri rastlaşdıqları məkanlarda iradlarını aktyorun şəxsən üzünə bildirib, bəziləri isə məktub yazaraq ona qarşı kobud ittihamlar irəli sürüb, hətta təhqir belə ediblər. Öncələr bundan ciddi narahatçılıq duyan aktyor, sonralar həmin obrazın kino tarixində özünəməxsus yeri olduğunu anlayıb və sakitləşib.
     1968-ci ildə Zaqafqaziya və Ukrayna filmləri festivalında Böyük dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Poçt qutusu” (1967) telefilmindəki Novruzəli obrazına görə İ.Osmanlı kişi rollarının ən yaxşı ifaçısı kimi qiymətləndirilib və ona festivalın birinci dərəcəli diplomu təqdim olunub. Həmçinin, sənətdə qazandığı uğurlara görə müxtəlif mükafatlara, ordenlərə də layiq görülüb. 1940 – cı ildə Əməkdar artist, 1949 –cu ildə Xalq artisti, 1974-cü ildə isə SSRİ xalq artisti fəxri adları ilə təltif olunub.
İsmayıl Osmanlı 22 iyun 1978-ci ildə Bakıda vəfat edib. Məzarı İkinci Fəxri Xiyabandadır.
Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin kolleksiyasından sənətkarın teatr və kino fəaliyyətini əks etdirən bir neçə fotosunu diqqətinizə təqdim edirik.
 
 
 
 
 
 
 
 
 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur