kant-felsefede-cevrilis
Müəllif: Publisist.az /Tarix: 2024-05-23 /Oxunma Sayı: 273

KANT – FƏLSƏFƏDƏ ÇEVRİLİŞ?!

     Kantın vəfatından 200 il keçməsinə baxmayaraq onun fəlsəfədə «Kopernik çevrilişi» kimi dəyərləndirilən bir çox ideyaları ətrafında mübahisələr hələ də səngimək bilmir. Onun idrak nəzəriyyəsi xeyli dərəcədə mənimsənilsə də, istər aprior biliklərin mənşəyi, istərsə də «özlüyündə şey»in hissi obrazdan fərqli məqamlarının qaranlıq qalması bu təlimin birqiymətli şərhinə imkan vermir. Lakin ən böyük çətinlik ontoloji aspektdədir. Əvvəlki fəlsəfi təlimlərdə ya ideyanın – ya maddi dünyanın, ya Allahın iradəsinin – ya da, insan hissi təcrübəsinin ön plana çəkilməsi, idrak prosesində duyğulara, yoxsa təfəkkürə üstünlük verilməsi birmənalı şəkildə həll olunduğundan hər şey aydın idi. Düzdür, mövqelər müxtəlif idi və bəzən bir-biri ilə ziddiyyət təşkil edirdi, lakin hər bir təlimdə nəyin substansiya kimi götürülməsi, nəyin ilkin, nəyin törəmə olması aydın olduğundan mübahisələrə əsas qalmırdı. Hətta Platon təlimindən xeyli üzaqlaşaraq nə ardıcıl idealist, nə də ardıcıl materialist mövqe tutmayan Aristotel istər qnoseoloji, istərsə də ontoloji aspektlərdə Kanta nəzərən daha aydın mövqe tutur. Aristotelin hissi dünyanın obyektiv mövcudluğunu qəbul etməsi şübhə doğurmur. Burada ideya nəinki müstəqil substansiya kimi götürülmür, hətta «forma» ilə eyniləşdirilərək maddi dünya- nın cisim və hadisələrinin mövcudluq üsulu kimi təqdim edilir. Duyğu üzvləri vasitəsilə dərk edilən cisim və hadisələr də, sonradan ümumiləşdirilib əqli fəaliyyətin əsasını təşkil edən məntiq prinsipləri də əslində maddi real proseslərdən intixabedilir.

      Kantda isə müstəqil varlığı inkar olunmayan «özlüyündə şey»in idrak prosesində rolu əsas deyil, yardımçı xarakter daşıyır. İdrak ancaq maddi dünyadan yox, həm də fikir dünyasının özündən qidalanır. Özü də bu ikiləşmə sadəcə bir dualizm deyil; yəni bu təlim həm maddi, həm ideal başlanğıcın eyni tərtibli qoşa substansiya kimi dəyərləndirilməsi üçün əsas vermir.

     Kant təlimi sinkretik xarakter daşıyır. Bu təlim, bir tərəfdən, R.Dekart, B.Spinoza, Leybnis xəttinə uyğun olaraq fikri, düşüncəni əsas tutan rasionalist ənənəni saxlamaq təşəbbüsü göstərilsə də, digər tərəfdən, F.Bekon və Con Lokk tərəfindən inkişaf etdirilən ingilis empirizminin, hətta bu ənənənin idealist variantı olan Berkli sensualizmi- nin aşkar və qeyri-aşkar təsiri duyulmaqdadır. Kantın davamçılarının ona bir-birindən fərqli, hətta bəzən bir-birinə zidd şərhlər verməsi onların məsələyə hansı fəlsəfi ənənə mövqeyindən yaxınlaşması ilə bağlıdır. Kant təliminin rasionalizm, empirizm, aqnostisizm, yoxsa hətta subyektiv idealizm təməlində izah olunması cəhdləri yeni kantçılığın rəngarəngliyini şərtləndirən əsas səbəbdir. Əslində isə Kant fəlsəfəsi, bu ənənəvi təlimlərdən heç birinin kontekstində öz izahını tapa bilmir, çünki bu fəlsəfə yeni mahiyyətli bir fəlsəfədir. Əslində bu yenilik Qərb düşüncəsi üçün yenilikdir. Şərqdə, orta əsr islam fəlsəfəsində Kantdan altı əsr əvvəl sinkretik fəlsəfi təlim üçün təməl yaranmışdır və bu istiqamətdə ilk addımı böyük Azərbaycan filosofu Şihabəddin Yəhya Sührəvərdi atmışdır.

    Mənəvi və maddi, təfəkkür və təbiət qütbləşməsindən Allah, insan, təbiət üçlüyünün daxili münasibətlər sisteminə keçid bu sinkretizmi şərtləndirən başlıca səbəb idi. İnsan kənara çəkildikdə, dünyanı kənardan müşahidə etdikdə, dünya, doğrudan da, qütblər arasında münasibət prizmasından görünür. İnsan özünü bu münasibətlərə daxil etdikdə ya ənənələrə uyğun olaraq bu qütblərdən birində əriməli, ya da dünyanın yeni izahı verilməlidir. İnsanın təbiətin bir hissəsi kimi, canlı varlıq kimi, cismani varlıq kimi qəbul edilməsi, hətta ən vulqar materializm belə, son nəticədə Allah tərəfindən xəlq edilmiş dünyanın məhz ikiqütblü izahına gətirib çıxarır. Digər tərəfdən, insanın Allah ideyasında əridilməsi ancaq ideal-mənəvi varlıq kimi, «mən» kimi və ya emosional-mənəvi aləm, hissi yaşantılar arenası kimi götürülməsi də istər-istəməz ya ideyaların kölgəsi şəklində, ya virtual aləm şəklində, ya qeyri-mən şəklində və s. və s. digər qütbün də nəzərdə tutulmasını vacib edir.

    Lakin insanın bir ayağı du dünyada, bir ayağı o dünyada götürüldükdə, o, bir tərəfdən, cismani varlıq, digər tərəfdən, ideya-mənəvi varlıq kimi, əksliklərin vəhdəti kimi, mürəkkəb sinkretik varlıq kimi götürüldükdə ənənəvi ontologiyadan kənara çıxmaq zərurəti yaranır. Daha doğrusu, burada da insanı iki hissəyə ayırıb, birini (bədən) maddi dünyaya, digərini (əql, mənəviyyat) ideya dünyasına qatmaqla yenə də ənənəvi qütbləşmənin daha bir variantını almaq mümkündür. Lakin insanı bu cür iki yerə bölmədikdə, onu bütöv müstəqil varlıq kimi götürdükdə, dünya ikiqütblü yox, üçqütblü olur. Bu isə ənənəvi düşüncə, ilk növbədə həndəsi-məntiqi ənənə baxımından absurddur. Daha doğrusu, birölçülü fəza üçün absurddur. Belə ki, bir xəttin üç yox,iki qütbü, iki kənar halı ola bilər. İki və üçölçülü fəzada isə çoxqütblülük normal haldır. Deməli, fəlsəfədə sinkretik təlimlərə keçid müəyyən mənada birölçülü fəzadan çoxölçülü fəzalara keçidi xatırladır.  

   Ənənəvi varlıqlardan imtina edərək ancaq insanın substansiya kimi götürülməsi – solipsizm tipli bəsit cərəyanlarla yanaşı Allah–insan–təbiət üçlüyünün yeni kombinasiyalarını arayıb tapmaq vəzifəsi bir sıra müasir fəlsəfi cərəyanların mərkəzi məsələsidir.

    Kant təlimində maddi varlıq, şeylər dünyası insan idrakının əsas mənbəyi olmasa da, daha doğrusu, bu dünyadan aldığımız informasiya əsl həqiqəti ifadə etməsə də, hər halda onun müstəqil varlığı və idrak prosesində iştirakı qəbul edilir. Digər tərəfdən, insan aldığı hissi informasiyanı özünəməxsus olan fikir sisteminə daxil edir, nizamlayır, qablaşdırır. Zaman, məkan, səbəbiyyət kateqoriyalarının məhz belə bir rol oynadığı fərz olunur. Lakin, sual olunur ki, insan bu fitri qabiliyyəti haradan, necə əldə etmişdir? Digər bir sual da qarşıya çıxır ki, əgər idrak prosesinə cəlb olunan, hissi təcrübənin tərəfdaşı olan şeylər, onların təbiəti bizim üçün yenə də qaranlıq qalırsa, bəs dərk etdiyimiz nədir? Təcrübədən alınan biliklər nəyin inikasıdır? Allah ideyası üçün harada: aprior biliklərin, yoxsa «özlüyündə şey»lərin təbiətində, mahiyyətində yer saxlanılmışdır? Kantın bəzi tənqidçiləri onu obyekti subyektə tabe etməkdə təqsirləndirirdilər. N.Hartman Kantda subyektin sadəcə fərdi subyekt yox, ümumiyyətlə subyekt olduğunu vurğulayırdı. Belə ki, empirik subyekt və empirik obyekt birbirinə qarşı durur və hər ikisi eyni vaxtda məkan və zamana daxil olur. Subyektin düşüncəsi empirik obyekti «transendental ideallıq» vasitəsilə ehtiva edir.1 Lakin təəssüf ki, Hartman bu mövqeyini davam etdirmir və bu məsələdə Kant sxemini inkar etməyə tələsir: «Özlüyündə şeydən kənarda təzahürü dərk etmək mümkün deyil; ya onlar hər ikisi dərk olunandır, ya da heç biri».2 Lakin N.Hartman unudur ki, söhbət mahiyyət və təzahürdən deyil, «özlüyündə şey» və təzahürdən gedir. «Özlüyündə şey» isə təkcədir. Hər bir təkcə isə hansı isə bir mahiyyəti yox, mahiyyətlər iyerarxiyasını ehtiva edir. Əlbəttə, bu mürəkkəb sistemdən, iyerarxiyadan hansı isə bir mahiyyət təzahür edərək hissi obraz şəklində və daha sonra empirik ideya şəklində dərk edilə bilər. Lakin dərk olunan ideya «özlüyündə» şeyə ona görə mütabiq deyil ki, şey hələ özündə neçə-neçə dərk olunmamış mahiyyətlər (ümumilər, formalar, eydoslar) saxlayır və bu sonuncular sonsuz sayda ola bilər. Burada bir qeyrimüəyyənlik var və onun adekvat idrakı, təbii ki, qeyrimümkündür.

   Şey sonsuz və tükənməzdir, qeyri-müəyyəndir. Bəs insan nəyi adekvat dərk edir? Şeyin özünü yox, onun modelini. Sadələşmiş, sonsuz mahiyyətlər, formalar, eydoslar iyerarxiyasından çıxarılaraq ön plana çəkilmiş konkret bir forma, konkret bir struktur…

    Dərk olunan strukturdur. Dərk olunan bütövlükdür. Lakin şey bütövdürmü? Bir şey müxtəlif bucaq altında, müxtəlif miqyaslarda, müxtəlif rakurslarda, müxtəlif struktur səviyyələrində müxtəlif olur. Yəni, çoxlu sayda bütövlükləri ehtiva edir.

    Materiya idrak üçün əlçatmazdır. Mütləq qaranlığı görmək mümkün deyil. Lakin mütləq işığı da görmək mümkün deyil. Sührəvərdi yazır: «İşıqlar işığı öz aşkarlığı- nın şiddəti üzündən görünməzdir».1

   İnsan ideya ilə materiyanın qovuşuğundadır. İnsan alaqaranlıqdadır. Hərdən bir işıqlanır və sönür. Parlayır və sönür. Sayrışan kəhkəşan kimi!

    Beləliklə, Sührəvərdi təlimində «işıq» termininin zəka ilə, «qaranlıq» termininin «özlüyündə şey»lə, materiya ilə uzlaşması bu iki qnoseoloji sistem arasında müəyyən paralellər aparmağa imkan verir. Şihabəddin Yəhya Sührəvərdinin işraqilik adlanan fəlsəfi təlimində idrak məsələləri o vaxta qədər mövcud olan platonçu, neoplatonçu və aristotelçi baxışlardan fərqli, özünəməxsus bir şəkildə həll edilmişdir. Burada işıq və qaranlıq epitetləri ilk baxışda ideyalar aləmi və cismlər aləminə uyğun gəlsə də, insan şüurunun («düşüncəli nəfs») timsalında bu iki aləmin vəhdətindən söhbət gedir. Yəni, Platon təlimində olduğu kimi, həqiqət ideyanın dərkində, yəni sadəcə işığa qovuşmaqda görülmür. Əslində söhbət cismani olanın işıqlanmasından və insan üçün aydınlaşmasından gedir. Və ancaq işıqlanma (ozarenie) məqamında, kəşf məqamında cismin, hadisənin həqiqi mahiyyəti üzə çıxır və qarşıda duran vəzifə bu mahiyyətin duyğu üzvlərimiz vasitəsilə verilən biliklərdən təmizlənməsi, xalis şəkildə dərk olunmasıdır.     

    Kantın idrak nəzəriyyəsində ən əsas məqamlardan biri aprior biliklər haqqında təlimdir. Biliklərin heç də hadisələr dünyasından intixab olunmaması, düşüncənin məhsulu kimi ortaya çıxması haqqında mülahizələr Kanta qədər də olmuşdur. Lakin əvvəlki fəlsəfələrdə bir qayda olaraq iki kənar mövqedən biri seçilmişdir. Materialistlər maddi dünyanı, obyektiv gerçəkliyi ilkin götürməklə biliklərin hamısını törəmə hesab etdikləri kimi, idealistlər də maddi dünyanı, materiyanı bir varlıq forması kimi tamamən inkar etməklə həqiqəti ancaq insana nəzərən kənarda olan ideya dünyasında və ya insanın öz duyğu aləmində axtarmışlar. Kant Qərb fəlsəfəsində ilk dəfə olaraq idrak prosesində hər iki təməlin iştirakını qəbul etmiş və bilikləri təcrübədən gəlməklə (aposterior) və xalis zəkanın məhsulu olmaqla (aprior) iki yerə bölmüşdür.

   Biz hələlik aprior biliklər ideyasına toxunmadan, aposterior biliklərin mənbəyi məsələsinə baxaq. Məsələ burasındadır ki, Kantın aposterior bilik haqqındakı təlimi də ənənəvi materialist təlimlərdən çox fərqlidir. Kanta görə təcrübə heç də materialistlərin iddia etdiyi kimi maddi dünyanın inikası kimi başa düşülmür. «Özlüyündə şey» idrak üçün əlçatmazdır. Yəni, dərk olunan əslində materiya deyil. Bəs onda dərk olunan nədir? Kanta görə bu – «özlüyündə şeyin» bizimlə münasibətdə (təcrübədə) təzahür etdiyi, üzə çıxdığı, bizim üçün açıqlandığı formadır. Başqa sözlə, biz materiyanı – «özlüyündə şeyi» yox, onun təzahür edən müəyyən əlamətlərini dərk edirik. Lakin təzahür edən və gizli qalan əlamətlər nə ilə müəyyən olunur?

   «Kar könlündəki anlayar». Yəni, insan ilə şeyin kontaktı zamanı insan əvvəlcədən özündə olmayan, yəni özünün genetik və ya sosial-intellektual genetik bilik dünyasında heç vaxt kodlaşmış olmayan bir əlaməti tanıya bilməz. Başqa sözlə, əşyadakı, hadisədəki o əlamət bizim üçün aşkarlanır ki, o formanı biz görürük, o səsi biz eşidirik ki, bizim özümüz (beynimiz, sinir sistemimiz, mentalitetimiz) həmin əlamətin (onun ideyasının, bazis formasının) daşıyıcısıyıq. Məsələn, elektromaqnit dalğaları spektrində biz ancaq 4-8 anqstrem intervalındakı dalğaları görə bilirik. Dalğa uzunluğu ondan kiçik – ultrabənövşəyi və dalğa uzunluğu ondan böyük – infraqırmızı şüalar bizim görmə zonamızdan kənarda qalır. Eləcə də yarasaların eşitdiyini biz eşidə bilmirik. Bizim səs dalğalarını qəbul etmək – eşitmək imkanımız da qabaqcadan müəyyənləşmişdir. Deməli, insan qarşılaşdığı hadisədən informasiyanı ancaq öz təbii imkanları çərçivəsində götürür. Bu fikri formaya da aid etmək olar. Bizə qabaqcadan məlum olan, «doğma» olan hər hansı bir forma obyektdə müşahidə edilmirsə, biz onu amorf hesab edirik. Bu fikirləri davam etdirərək, belə nəticəyə gəlmək olar ki, insan eqoizmindən kənara çıxsaq; insanla obyektin qarşılıqlı təsir prosesini, bu prosesdəki rezonans (tanıma, idrak məqamı) məqamlarını obyektlə eyniləşdirmək və obyekti məhz bu məqamlardan ibarət hesab etmək iddiasına düşməsək, biz maddi varlığı deyil, maddə ilə, şeylə təmas prosesini, onun bizim üçün açılmış qədərini dərk etdiyimizdən danışarıq.

   «Özlüyündə şeyin» «bizim üçün şeyə» çevrilməsindən yox, bizim «özlüyündə şeydən» «bizim üçün şeyi» intixab etməyimizdən söhbət getməlidir. Hər bir «özlüyündə şey» sonsuz əlamətlərə malikdir, tükənməz və əbədidir. Daha doğrusu, qeyri-müəyyən olduğu dərəcədə sonsuzdur. Bütün qeyrimüəyyənliklər isə bir-birinə bərabərdir. (Sadəcə ona görə ki, biz onları fərqləndirmək imkanından məhrumuq)

    Beləliklə, təcrübə əslində iki qeyri-müəyyənliyin – insanla (mənlə) materiyanın qarşılıqlı əlaqəsi, daha doğrusu, eyniyyəti məqamıdır. İnsanın ideya dünyası ilə maddi dünya arasındakı eyniyyət məqamı! Bu məqam sonsuzluqdan intixab edilmiş sonludur. Xüsusən dillə ifadə olunan bilik artıq ancaq sonlu, müəyyən və riyaziləşdirilə bilən, məntiq formaları əsasında qurulan, bir sözlə, formal bilikdir – informasiyadır. Canlı bilik isə hələ varlıqla əlaqələrdən tam məhrum olmamış, qoparılıb ayrılmamış, dil qəlibinə salınmamış, «konservləşməmiş» bilikdir. İnsanın ideyalar aləmindəki passiv mövcudluqdan «özlüyündə şeyin» təsiri ilə fəal mövcudluq formasına keçən, dirilən, canlanan ideya – bax budur, idrak! Empirik idrak… (Sonra isə o, formal məntiqin prokrust çərçivəsinə, dil qəlibinə salınır və saxlanma üçün yararlı hala gətirilir, «konservləşir» (yanar idrakdan kənarda – maddi üsullarla).

    Nəzəri idrak isə insanın kənara, maddi dünyaya, «özlüyündə şeyə» deyil, öz daxilinə, ideya aləminə yönəldilmiş düşüncəsinin məhsuludur.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur