kukla-teatrinda-andersenin-toyu-oldu
Müəllif: Samirə Behbudqızı /Tarix: 2022-07-05 /Oxunma Sayı: 364

KUKLA TEATRINDA ANDERSENİN TOYU OLDU

“...O, çiçəkdən doğulmuş barmaq boyda gözəl bir qızcığaz idi. Döşəyi bir neçə bənövşə, yorğanı qızılgül ləçəyi idi...”  

Nağıllara “uşaqlar üçündür” deyib keçməyənlər, hər nağılda böyük və dərin hikmətlərin olduğunu anlayanlar, saflıqlarını qoruyub-saxlamağı bacaranlar  mahir nağılçı Hans Hristian Andersenin “Düyməcik” nağılını şübhəsiz ki, tanıdılar.

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru Qurban Məsimov məni bu nağılın tamaşasına dəvət edəndə sevimli nağıllarımdan birinin səhnə versiyasını görmək marağım çox böyük idi. Və açıq kukla idarəetmə texnikasından istifadə edilən, meşə pərilərinin nağılın məzmununu uşaqlara anlatdığı səhnə əsərinin (səhnələşdirən və quruluşçu rejissor Əməkdar artist Qurban Məsimov, quruluşçu rəssam Rəvanə Yaqubova, bəstəkar Əməkdar artist Vüqar Camalzadə. Rollarda —  Əməkdar artist Cəmilə Allahverdiyeva, Rəhim Rəhimov, Samirə Nəcəfova, Nərmin Əhmədova,Yasin Abbasov, Ramiz Qəmbərov) ilk dəqiqələrindən dünyaya Düyməciyin gözləri ilə baxmağın rakursu bərqərar oldu – dekorasiyalar, əlbisələr, replika və dialoqlar, nağılın və personajların mənbəyini və mənşəyini yaradıcı dəqiqliklə əks etdirən kuklalar, kuklaları “danışdıran” aktyorların nağılın ovqatına müvafiq səs tembrləri, musiqinin, mahnıların Düyməciyin zövqünə uyğunluğu sonadək qüvvədə qaldı. Sadəcə gözəl deyil, həm də məlahətli və xeyirxah olan Düyməciyin ona elçi düşən qurbağanın, mayböcəyinin, köstəbəyin əlindən balıqların, quşların köməyilə qurtulub Qurban Məsimovun yozumunda Hans adlı elflərin kralına könlünü verməsi və çiçəklər şahzadəsi qanadlı Mayaya (yaz fəslinin sonuncu və ən gözəl ayının adının şərəfinə) çevrilməsi çox rəvan, sadə və eyni zamanda nəfis təqdimatlarla baş verdi. Tamaşa uşaqlar üçün anlaşıqlı olduğu qədər böyüklər üçün də baxımlı və ibrətamizdir – insan onu anlayan və dəyər verən, üstəlik ona müstəqim və ya məcazi mənada qanad bağışlayan ruh əkizlərinin əhatəsində olmalı. Bir sözlə, Andersenin ruhu şaddır – həm nağılı növbəti dəfə uğurlu səhnə həllini tapıb, həm də təxəyyülünün ən gözəl personajlarından biri olan Düyməcik onun adaşı və ya proobrazı olan Hans adlı elflər kralı ilə evlənib.            

“Düyməcik” nağılı ilk dəfə Danimarkada 1835-ci ildə “Uşaqlar üçün nağıllar” kitabının ikinci cildində nəşr edilib. Andersenin əksər nağılları kimi bu nağıl da müəllifin təxəyyülünün məhsuludur və xalq mifologiyası ilə heç bir əlaqəsi yoxdur.  

Danimarka şairi, səyyahı və nağılçısı Hans Hristian Andersenin eyniadlı nağılının qəhrəmanı olan Düyməcik adlı balaca, gözəl və xeyirxah qızcığaz həm də Şən adamcığazlar klubunun yeganə xanım üzvüdür. Şən adamcığazlar – qrupu 1956-cı ildən bəri nəşr edilən “Şən şəkillər” dərgisinin qrupudur. Bu qrupa Düyməcikdən savayı Karandaş, Samodelkin, Buratino, Çipollino, Petruşka, Qurvinek, Neznayka daxildirlər. Çirkin ördək balası və Andersenin bəzi digər qəhrəmanları kimi Düyməcik də cəmiyyətdə öz yerini axtaran “autsayder” personajdır. Belə qəhrəmanlar müəllifdə rəğbət doğurur. “Düyməcik” nağılı 1907-ci ildən bəri səhnələləşdirilməkdə və ekranlaşdırılmaqdır.   

Samirə Behbudqızı

Medeniyyet.info

 

images/gallery/46765/2378.jpgimages/gallery/46765/2376.jpgimages/gallery/46765/2372.jpgimages/gallery/46765/2370.jpg

 

Paylaş: