meglub-edilmez-ordu-mifi-ve-onun-mentiqsiz-neticesi-olan-boyuk-azerbaycan-ve-jesc-haqqinda
Müəllif: Yusif Y. /Tarix: 2021-12-27 /Oxunma Sayı: 597

Məğlub edilməz ordu mifi və onun məntiqsiz nəticəsi olan Böyük Azərbaycan və JESC haqqında

Məğlubedilməzlik mifi və onun məntiqsiz nəticəsi olan böyük Azərbaycan və JESC haqqında.

Azərbaycanlılar cahil, ermənilər isə mədəni dəli.

Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri”

 Uzun müddətdir bir kitab yazıram artıq beş aya yaxındır, heç cür axıra çatmır. Nə edirəm fikrimi kitaba cəmliyə bilmirəm. Bəlkə də bu vaxta qədər əlli dəfə bütün yazdıqlarımı oxumuşam amma yenə də ard- arda iki səhifə yaza bilmirəm. Ola bilsin, qazancım başqa sahədən gəlir deyə, qeyri ciddi yanaşıram ya mövcud şərtlər altında yazıçı olmağın qeyri mümkünlüyünü dərk etdiyim üçün netbukumun düymələrini döyəcləyəndə özümə yazığım gəlir. Belə olanda da məcburən, yazını ala yarımçıq yaddaşa yazıb, baş vururam feysbuka.

 Başqa yol yoxdu. Müasir dövrün müasir tələbləri, müasir istirahət yolları var. Feysbuk olmasa and olsun istənilən bir allaha Azərbaycan bundan betər günə qalar. Yenə pis yaxşı orda özümüzü bir az mədəni aparır, başqalarını da aparmağa dəvət edirik. Olanımız budu. Yavaş yavaş bəlkə də daha yaxşı adamlara çevrildik.Hər nəysə, bunun məsələyə aidiyyatı yoxdu, ona görə çox uzatmayaq kitabımı yenə yarmçıq qoyub feysbuka üz tutdum. Əməlli başlı skrulinqdən sonra  aşağıdakı xəbərlə qarşılaşdım.

“Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimiz bilirəm amma JESC hamımızı birləşdirməlidir.

Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizovanı və onun “O günlərdən biri” adlı sehirli balladasını dəstəkləyəcəyik.

Uğurlar Azərbaycan və Ermənistan!”

Gəlin, əvvəlcə, statusun harda və kimin dilindən yazıldığını aydınlaşdıraq və JESC abreviaturasını açaq.

Yuxarıdakı status Twitterdə 14 yaşlı erməni müğənni Malena tərəfindən yazılıb. O, bu ilki Junior Eurovision Song Contest  ( JESC)  yarışmasında Ermənistanı təmsil edir.  

Mətni oxudum, ardınca, şərh bölməsinə göz atdım. Görən, qalıb respublikanın nümayəndələri məğlub respublikanın balaca uşağının sülh çağırışına necə reaksiya verib, qalib xalq məğlub ölkənin bu ümidverici müraciətı qarşısında özünü necə aparıb. Axı, dedik ki, biz feysbuku daha sivil məkan kimi qəbul edirik. Sivil gözləntilərə də düşməyə haqqımız çatır.

Şərh bölməsindəki demək olar, ikiyüz, üçyüz şərhin hamsına nəzər saldım. Vəziyyət acınacaqlı idi. Qalib ölkənin  vətəndaşları hələ də nədənsə narazı idilər.  Otuz ilə yaxındır, bir nömrəli problem olan Qarabağ siyasi və hərbi vasitələrlə Azərbaycanın ixtiyarına keçib. Ən azından, Əliyev artıq bu məsələni bitmiş hesab edir. Mən də ağrımayan başıma yaylıq bağlamağı sevməyən biri kimi öz növbəmdə Qarabağ məsələsini bitmiş hesab edirəm. Mövzudan yayınmayaq, şərh bölməsini oxuyub dərin düşüncələrə daldım. Gələcəyi görə-görə niyə  səhv etdiyimizi anlamağa çalışdım. Axı, bu vaxta qədər ermənilərdən məhz bizim indi yaratdığımız məğlubedilməz ordu mifini eşitmişdik, axi,  biz bu mifin necə sındığını, bu uydurmaların nə ilə nəticələndiyinin yaxından şahidi olmuşduq. Doğrudan, ibrət ala bilmirik? Görünür, elədir. Gərək, biz də öz Böyük Azərbaycan mifimizin altında qalıb onun böyüklüyünə məğlub olaq? Biz də öz ambisyalarımızın, nifrətimizin qurbanı çevrilək? Öz gözlərimizlə belə iddiaların nəyə səbəb olduğunu gördüyümüz halda, yaranan vəziyyət onu deməyə əsas verir ki, biz doğrudan da unutqan xalqıq.

İndi, gəlin aydınlaşdırmağa çalışaq görək bu gün Böyük Azərbaycan mifi nədən qaynaqlanır. İkinci Qarabağ müharibəsindəki qələbədən sonra, inanırdıq ki, artıq hər şey həll olundu. Daha bizim ərazi bütövlüyümüz təmin olundu. Öz müqəddəs torpaqlarımıza –Qarabağa çatdıq. Ancaq birdən birə üfüqdə sən demə çoxdan “həsrətini” çəkdiyimiz yeni müqəddəs torpaqlar görünməyə başladı. Zəngəzur. Uzun illərdir arzusunda olduğumuz, gecə gündüz beynəlxalq arenalarda diplomatik yollarla geri qaytarmağa çalışdığımız əzəli və əbədi torpağımızın sayı bir yox iki imiş, Qarabağın yanına itkin qardaş  da qoşuldu Zəngəzur. Bu gün böyük Azərbaycan mifini yaşadan iddia Zəngəzurdur. Bu gün Azərbaycan xalqının narazılığı Zəngəzurdur. Bu narazılıq, səmimidir? Əlbəttə yox! Heç bir xalq razılığını və narazılığını özü təyin edə bilmir. Azərbaycan höküməti xalqı narazı görmək istəyir. Bəs, hökümət səmimidir? Şübhəsiz!

Qayıdaq JESC-ə

Yuxarıdakı statusu oxuduqdan bir gün sonra, JESC öz qalibini açıqladı. Fransada keçirilən müsabiqənin qalibi elə bizim sülh göyərçini Malena oldu. Bəli, bəli, Ermənistan təmsilçisi. Amma bizi maraqlandıran hadisə bu deyildi. Öyrəşmədiyimiz hadisə o oldu ki, Sona Əzizova əsl sənətçi duruşu göstərərək, mükafatlandırmadan sonra, qalib Malenanı təbrik etdi. Onlar qucaqlaşdılar, ətrafdakı hər iki millətin JESC heyyəti də onları alqışladılar. İllər sonra, heç bir qalstuklu, kastyumlu kişi olmadan azərbaycanlı və erməni insanlar bir biri ilə ünsiyyətə girdi. Ürəkaçan mənzərə yarandı.

 Mən bilmirəm, onların bu görüşü səmimi idimi, spontan idimi, planlaşdırılmış idimi. Heç bunları bilmək  də istəmirəm, mənə maraqlı olan bu sarılmalar, təbriklər daimi olacaqmı? Cəbhədəki insan qətliamını sona çatdıra biləcəkmi?  Həsrətində olduğumuz sülhə gətirib çıxara biləcəkmi. Öz adımdan deyirəm, mən bunun səmimi qəlbdən istəyirəm. Sonda, Malena və Sonaya bu cəsarətli addıma görə minnətdarlığımı bildirirəm.

Paylaş:

  1. 1996cı ildə Bakıda doğulmuşam. 2018ci il də Azərbaycan Universitetinin tərcümə (ingilis dili) ixtisasının, 2021ci ildə Azərbaycan Dillər Universitetinin ədəbiyyatşünaslıq (ingilis dili) ixtisasının məzunu olmuşam. "Yaddaşın Hekayəsi" adlı kitabın müəllifiyəm.