mehemmed-emin-resulzade-azerbaycan-davasi-meqalesi
Müəllif: Publisist.az /Tarix: 2022-01-31 /Oxunma Sayı: 1893

Məhəmməd Əmin Rəsulzadə - “Azərbaycan davası” məqaləsi

“Azərbaycan davası” məqaləsi


  Tarix və kültür anlayışında türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda (sahədə) Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu. Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqil idarəetmə tələbini irəli sürən canlı bütün qüvvətlər Azərbaycanda “Müsavat” Xalq Firqəsi ətrafında birləşmişdilər.

Telegram kanalına abunə olub bütün yeni yazılardan xəbərdar olun

  1911-ci ildən bəri gizli fəaliyyətdə olub, Rusiyada baş verən inqilab nəticəsində, 1917-ci ildə təşəkkül edən “Türk Ədəmi Mərkəziyyət
Firqəsi” ilə birləşən “Müsavat” Partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində dəxi mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramında Azərbaycan muxtariyyatını cəsarət və sərahətlə (səhihlik, aydınlıqla) təsbit edən bu firqə, o gündən etibarən, gürcülərdə Menşevik, ermənilərdə Daşnak partiyaları kimi Mavərayi-Qafqasiya həyatında Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif etməyi (istədiyi kimi dəyişməyi) bolşeviklər bilxassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhs edən dostlar üçün “Müsavatizm” Azərbaycan patriotizminin bir müradifidir (sinonimidir).

  1917-ci ilin aprelində Bakıda toplanan Qafqasiya Müsəlmanları Qurultayı ilə eyni ilin mayında bütün Rusiya Müsəlmanlarının Moskvada  toplanan qurultayında bu tezisi müdafiə edənlər “Müsavat” firqəsinə mənsub idi.

  Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız “Müsavat” firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyatından bəhs edilirdi.

Web saytın cPanelə yüklənməsi. video

  Sonra, 1918 Mavərayi-Qafqasiya Seymində eyni Azərbaycan tezisini yalnız “Müsavat” firqəsi ilə “Tərəfsizlər Bloku” naminə oxunan açıqlamada görürük.
  Seymin dağılması üzərinə Azərbaycan Cümhuriyyətinin istiqlalını elan edən Şurayi-Millidə bütün partiyaların artıq istiqlalçı olduqlarını görürük.
  Azərbaycan davasının yaxın tarixində müəssir (təsirli) bir rol oynayan fikir cərəyanları ilə müəssislərinin tarixi məsnədləri (dayaqları) bunlardır. “Davamız”ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqeələr üzərində durmaları lazım gəlir. Belə edilərsə, dava tarixi əsaslara, fikirlərə və fikir müəssisələrinə bağlanmış olur.

   Milli Böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir sıra münfərid (tək-tək) insanların vərəsəlik malı kimi ədd etmək (qəbul etmək) çox xətalı bir anlayışdır. Şurayi-Millidən də, parlamentdən də öncə Azərbaycan muxtariyyat və istiqlal fikrini təəzzi (əziyyət çəkmə) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə edən) bir müəssisənin varlığını inkar və ya ehmal etmək (əhəmiyyət verməmək) milli davaya zərərdən başqa bir şey verməz. “Davamız”ı fikir müəssisələrində deyil, münfərid şəxslərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (qabartmış, nəzərə çarpdırmış) olduqlarının fərqində olmayanlardır. “Davamız”ın yaxın tarixini tariximizdəki fikir müəssəslərindən təcrid edərək izaha qalxışanlar bilərək və ya bilməyərək tarixi təhrif edənlərin ta özləridir.

   Tarixdə fikirlərin əhəmiyyəti var da, şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssislərinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır (ucaldır, catdırır). Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssislərinə bağlanan, onlara simvol olan şəxsiyyətlərdir.

   “Davamız”ı anladırkən onu hal hazırda yalnız “üç kişi”nin baqi qaldığı bir listəyə bağlamaq və bu yaşayanları o ölənlərin siyasi yeganə varisi kimi görmək salim bir düşüncənin əsəri sayılamaz, təbii!..

   Davamız, Azərbaycan davasıdır, bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssisləri və onlara qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan
şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni “Davamız”a ihanət (xəyanət) etmiş olanların da, məəttəssüf bulunduğu
bu təşəkküllər dışında, şairimizin “Buzlu Cəhənnəm” dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır.

   Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsl imtiyaz, əsl şərəf ideyaya sədaqətdə vəona hüsnüniyyət və səmimiyyətlə bağlı qalmaqdadır.

   Parlament və hökumət dışında Firudin Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qəbulzadələr, Mirzə Abbaslar, müəllimə Vəsilə xanımlar, Qasımzadə Qasım bəylər, Rəfibəyli Xudadat bəylər, şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənçi və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü-nişanı (ad-sanı) zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən çox qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmayaq. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilxas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikr edəlim.

  İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib bəy, Həsən bəy, Səməd Paşa, Əbuzər bəy, Məhmət Bağır bəy, Museyib bəy, Murtuza bəy, Rəhim bəy və sairə kimi şəxslərlə bərabər, düşmən tərəfinə keçmiş və milli iradəyə xəyanət etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbəxtlər də məəttəssüf, Parlamentin üzvü olmuşlardır.

  Ümumi bir xülasə yapılırkən, ana fikir müəssisələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssislərilə sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətf etmək (istinad etmək) demək deyildir, əlbəttə!..

  Davanı əsas fikir sistem və müəssislərindən ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hər hansı bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki Azərbaycan davası belə
üç-beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis edilmiş (müqəddəs sayılmış) fikir müəssisləri vardır. Bu müəssislər baqidir (daimi), Azərbaycan parlamentini də, hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilavasitə qüvvətlənmiş istiqlalçı gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq, aydın) formulunu tapmışdır. Milli nəşriyyat və müəssisələr tərəfindən bu davanın ideoloji bütün səhifələri incədən-incəyə işlənmişdir. Belə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç-beş faninin həyatına münhəsir (həsr edilə) qala bilməz.

   Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiliyi, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən-nəsilə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssis və şəxsiyyətlərini idealizə edərsə, bunu dava naminə, müsbət bir hadisə olaraq qəbul etməliyik. Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssisələrini ehmal ilə sadəcə münfərid şəxslərə mal etmək Azərbaycan topluluğunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur. Halbuki 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orta Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını
təmsil edirdi.

   O zamankı şərtlər daxilində Türkçülüyün “Müsavat” firqəsində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsilə, Türkiyədə Atatürk
Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiliyini isbat etmişdir.

  Bulunduğumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssislərinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır.

  Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətilə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın son dərəcə ciddi və diqqətli olmamız icab edər.

  Bunu bilməliyik ki, “Davamız” fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O, nəsildən-nəsilə dövr edilən fikir müəssis və şəxsiyyətlərinə sahib vələd (nəsli) bir davadır. Təcrübəli böyükləri ilə “Azərbaycan davası” məqaləsi
nəşr edilən “Azərbaycan” jurnalı, 1954-cü il dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdüylə bir-birinə sımsıxı bağlayan bir dava!..
Dünənki idealist nəsil ilə bugünki idealist nəsli bir-birinə bağlayan, bundan 36 il öncə, 28 May 1918-ci ildə İstiqlal Bəyannaməsini intac etdirən
(nəticələndirən) böyük fikir hərəkatıdır.

  İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun, bütün azərbaycanlıların bu müəzzəm (böyük) hərəkatdakı mövqe və şərəfləri, əsas ideologiyaya göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətlərilə mütənasibdir.

  Bütün məsələ, bu xüsusda son dərəcə incə davranmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssis və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmaqdadır.

Nəsiman Yaqublu - Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası

M.Ə.Rəsulzadə
“Azərbaycan” aylıq kültür dərgisi
Sayı – 2-3 (26-27), 1954

http://anl.az/el/Kitab/2015/Azf-276310.pdf 

Diqqətinizi çəkəcək digər yazılar : 

Publisist.az saytı Telegram kanalına abunə olun

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur