ne-dikkens-xesis-olub-ne-de-volter-basqalarinin-fikrine-gore-olmeye-hazir-olub-edebi-mifler-neyi-sehv-deyir
Müəllif: Publisist.az /Tarix: 2021-04-26 /Oxunma Sayı: 715

Nə Dikkens xəsis olub, nə də Volter başqalarının fikrinə görə ölməyə hazır olub. Ədəbi miflər nəyi səhv deyir?

 

Yazıçılar haqqında çox vaxt reallıqla əlaqəsi olmayan əfsanələr dolaşır. Bu məqalədə populyar ədəbi miflərdən danışacağıq.

Dikkens nə xəsis olub, nə də Miladı icad edib

Belə bir fikir formalaşıb ki, Çarlz Dikkensin (Charles Dickens) romanlarının uzun olmasına yazdığı hər sözə görə pul alması səbəb olub. Ancaq Dikkens o qədər də acgöz olmayıb  — yazıçının gəliri söz sayından deyil, kitablarının satışından asılı olub. Müəllif həqiqətən hissə-hissə çap edilən uzun “serial” romanları populyarlaşdırıb və onları sadəcə fəsil sayına uyğun olaraq əvvəlcədən planlaşdırıb.

Çarlz Dikkensin “Nəsrlə yazılmış Milad nəğməsi” əsərinə çəkilmiş illustrasiya. Müəllif: George Alfred Williams/The Baker & Taylor Company

Dikkenslə əlaqəli digər mifdə deyilir ki, Milad bayramını yazıçı “icad edib”. 1903-cü ildə ədəbiyyatşünas Frederik Corc Kitton (Frederick George Kitton) Dikkens haqqında “Miladı icad edən şəxs” başlıqlı məqalə yazıb. Yazıçının həyatından bəhs edən, aktyor Den Stivensin (Dan Stevens) baş rolda çəkildiyi sonuncu bioqrafik film də məhz bu məqalənin şərəfinə adlandırılıb. Əslində isə Dikkens unudulan, artıq dəbdə olmayan, qara camaatın qeyd etdiyi bayrama Britaniya aristokratiyasının diqqətini çəkmək istəyib. Təəccüblü deyil ki, “Nəsrlə yazılmış Milad nəğməsi” (A Christmas Carol. In Prose) kitabında məhz Milad bayramının əsl mahiyyətini unutmuş, xəsis varlı Skruc (Ebenezer Scrooge) tənqid edilir.

Ernest Heminquey uşaq ayaqqabılarından yazmayıb

 “For sale: baby shoes, never worn” / “Heç vaxt geyilməyən uşaq ayaqqabıları satılır”

Hələ də “istənilən insanı mütəəsir edə biləcək ən qısa hekayəni” oxuyub ağlayırsınız? Problem yoxdur, əsas odur, bu hekayəni Ernest Heminqueyin (Ernest Hemingway) ayağına yazmayın. Ən qısa hekayə müsabiqəsində altı sözdən ibarət hekayənin məhz yazıçının qələmindən çıxması haqda əfsanə otuz il əvvəl fantast Artur Klark (Arthur Clarke) sayəsində populyarlaşıb. Belə ki, Klark hələ də həmin sözlərdən mütəəssir olduğunu etiraf edib.

Yazıçı Ernest Heminquey, 1960-cı il, Noyabr. Madrid,İspaniya/Foto:AP Photo

Bu məsələdə Heminqueyinin məşhur lakoniklik sevdası da onun lehinə işləyib. Amma uşağını itirən ananın faciəvi hekayəsi haqqında oxşar məqaləyə hələ 1910-cu ildə rast gəlmək mümkündür. Həmin vaxt isə Ernestin cəmi 10 yaşı var idi. Məqalənin uşaqlıqdan yazıçının yaddaşında qaldığını fərz etsək belə, eyni hadisənin müxtəlif variasiyalarına 1917-ci ilin nəşrlərində də rast gəlmək mümkündür. 1921-ci ildə isə hekayə artıq həddindən artıq sentimental olduğu üçün parodiya edilirdi: axı, uşaqlar çox tez böyüdükləri üçün də ayaqqabılarını satmaq olar.

Artur Konan Doyl “Əzizim Vatson, bu ki çox sadədir” deməyib

Şerlok Holms (Sherlock Holmes) haqqında hekayələrin populyarlığı və onlar əsasında ekranlaşdırılan saysız-hesabsız filmlər sayəsində bir çoxumuz özümüzü Konan Doylun (Arthur Conan Doyle) detektiv dünyasının bilicisi hesab edə bilərik. Ancaq təcrübəli oxucu Şerlok Holmsun macəralarından bəhs edən hekayələrin heç birində “Əzizim Vatson, bu ki çox sadədir” cümləsinə rast gələ bilməz. “Bu ki çox sadədir” ifadəsini tapa bilərsiniz, ayrıca, Holms tez-tez “əzizim Vatson” da deyir, amma heç vaxt bu iki ifadəni bir cümlədə işlətmir.   

Deyəsən, bu ifadə Holmsla bağlı çoxsaylı parodiyalar hesabına populyarlaşıb. İlk dəfə 1901-ci ildə Northemton qəzetində işıq üzü görən qısa parodiyada yer alıb. Həmin hekayədə Şeylok Kombs və Potson adlı iki personaj cinayət hadisəsini araşdırır və məhz Kombs hərfiyyən belə bir cümlə işlədir: “Əzizim Potson, bu ki çox sadədir”.

“Sherlock” serialı. Foto: BBC

Sonradan sitat artıq Vatson soyadı ilə daha ciddi materiallarda istifadə edilməyə başlayır və başqa məşhur britaniyalı, Pelam Qrenvil Vudhausun (Pelham Grenville Wodehouse) romanında ortaya çıxır. Həmin əsərdə qəhrəmanlar Holmsun macəralarını müzakirə edirlər.

Nəhayət, Şerlok Holmsun macəralarından bəhs edən filmlərdə tez-tez bu cümləyə müraciət etməyə başlayırlar və sitat bir ekran işindən digərinə yer dəyişir, baxmayaraq ki, Konan Doyl heç vaxt belə bir cümlə yazmayıb.

Volter başqalarının fikirlərinə görə ölməyə hazırlaşmayıb

 “Fikirlərinizi bölüşmürəm, ancaq bu fikirləri demək hüququnuza görə ölməyə hazıram” — (guya Volterə aid olan) bu cümlə tez-tez söz azadlığı ilə bağlı müzakirələrdə irəli sürülür. Problem ondadır ki, Volter heç vaxt söz azadlığına görə canından keçməyə hazır olduğunu dilə gətirməyib — əslində bu fikir XIX-XX əsr Stiven Tallentayr (S. G. Tallentyre) təxəllüsü ilə çap olunan amerikalı yazıçı Evelin Beatris Holla (Evelyn Beatrice Hall) aiddir.

O, fransız maarifçisinin həyatından bəhs edən bir neçə kitab yazıb. “Volterin dostları” da bu qəbildən olan kitablardandır. Məhz həmin əsərdə Volter-personaj bu sözləri deyir. Holl hətta radio ilə ictimaiyyətə müraciət edərək, bütün cəlbediciliyinə baxmayaraq, həmin sitatın şəxsən Volterə aid olmadığını vurğulamaq məcburiyyətində qalıb.

Ceyn Ostin qaşqabaqlı və qeyri-populyar olmayıb

Öz adı ilə çap edilə bilməməsi və ailə həyatı qurmaması Ceyn Ostini (Jane Austen) ictimaiyyətin gözündə bir vaxtlar öz otağından çıxmayan şairə Emili Dikinsona (Emily Elizabeth Dickinson) bənzər qaşqabaqlı tərki-dünyaya çevirib. Bundan başqa, oxucular yazıçını yaratdığı qəhrəmanlara bənzətməyə meyllidirlər. Ostin haqqında bioqrafık əsərlərin müəllifi Lyusi Uorsli (Lucy Worsley) yazır:

Batdakı (İngiltərənin cənubunda yerləşən kiçik şəhər – red.) həyat Ceyn yaradıcılığına nə kimi töhfə verdi? Adətən hesab edilir ki, onun (istəmədən gəldiyi) bu şəhərdə uzun müddət yaşaması məhsuldar və uğurlu olmayıb. Çoxları “əvvəlki kimi…səssiz də olsa, qətiyyətlə Batı sevməyən”“Təhrik” (Persuasion) romanının qəhrəmanı Enn Elliotun (Anne Elliot) hisslərini ona aid etməyi xoşlayırlar”.

Yazıçı Ceyn Ostin/Foto:Britannica Ensikoplediyası

Ancaq Ostin ailəsinin imkansız olmasına baxmayaraq, kifayət qədər aktiv ictimai həyat sürüb, tez-tez ölkəni gəzib. Üstəlik, yaradıcı kimliyi də tam anonim olmayıb —yazıçının kim olduğu çoxlarına məlum olub, hətta o, bir dəfə şahzadə regentin qəbuluna layiq görülüb. Bununla belə, etiraf etmək lazımdır ki, Ostinin sağlığındakı populyarlığı onun indiki şəxsiyyət kultu ilə müqayisəyə gəlməz.

Meri Şellinin Frankenşteyni düşündüyümüz adam deyil

Meri Şellinin (Mary Shelley) romanını oxuyanlar belə tez-tez bu səhvə yol verirlər: müxtəlif parçalardan yöndəmsizcəsinə bir-birinə birləşdirilmiş obyektləri və ya monstrları “Frankenşteyn” adlandırırlar. Halbuki kitabda bədheybətin adı yoxdur, Frankenşteyn isə onun yaradıcısının soyadıdır.

 “Mənə sən can vermisən. Sən də mənimlə bağlı borcunu yerinə yetirsən, sahibimə itaətlə xidmət etməyə hazıram. O, Frankenşteyn, doğrudanmı məndən başqa hər kəsə ədalətli olacaqsan? Halbuki sənin ədalətinə, hətta qayğına hamıdan daha çox mənim haqqı çatır. Unutma, axı məni sən yaratmısan”.

Bundan başqa, 1939-cu ildə əsərin ekranlara çıxan klassik kinoadaptasiyası sayəsində çoxları Frankenşteynin İqor adlı qozbel yoldaşı olduğuna inanır. Ancaq Şellinin orijinal mətnində belə bir personaj ümumiyyətlə yoxdur. Buna baxmayaraq, filmdəki İqor obrazı o qədər xarakterik alınıb ki, doktor Frankenşteyn ilə birlikdə ekran işlərində və parodiyalarda görünməyə başlayıb.

Şarlotta Bronte ailə üzvlərini öldürməyib

Bronte ailəsi misli görünməmiş ədəbi istedadı ilə seçilirdi: üç bacı, Şarlotta (Charlotte Brontë), Emili (Emily Brontë) və Enn (Anne Brontë) – onların hər biri müvafiq olaraq bir məşhur romanın – “Ceyn Eyr” (Jane Eyre), “Uğultulu təpələr” (Wuthering Heights) və “Aqnes Qrey” (Agnes Grey) – müəllifidir. Emili, Enn və qardaşları Branvellin (Branwell Brontë) erkən və faciəvi ölümü Şarlottanın onları zəhərlədiyinə dair şayiələrə səbəb olub.

Şarlotta, Emili and Enn Bronte bacıları obrazı “To walk invisible” filmində/ Foto: BBC

Bronte ailəsinin başına gələn faciənin arxasında Artur Nikols Bell (Arthur Bell Nicholls) adlı yerli keşişin olduğuna dair nəzəriyyə var. Güman edilir ki, Bell Şarlottanı yoldan çıxarıb və onu miras üçün digər iddiaçılardan qurtulmağa inandırıb, nəhayət, ailə üzvləri vəfat etdikdən sonra onunla evlənib. Şübhəli şəkildə Şarlottanın özü də tezliklə ölüb və Bell onun yeganə varisi olub.

Bununla belə, tarixçilərin və ədəbiyyatşünasların daha sadə izahı var: vərəm (üstəlik, Şarlottanın  hamiləliyi də çətin keçib). Bir məsələni də yaddan çıxarmaq olmaz ki, XIX əsrin əvvəllərində orta ömür nadir hallarda 25 ili üstələyirdi. Bu gün  müalicəsi olan xəstəliklərin çoxu həmin dövrdə ölüm hökmünə çevrilirdi. Ayrıca, şahidlərin sözlərinə görə, Şarlotta ilə Artur Bellin qısa da olsa, xoşbəxt münasibəti olub. Hətta Bell yazıçının ölümündən sonra onun atasına qulluq edib. Lakin həyatının sonuna kimi zəhlətökən bioqraflardan gizlənməli olub.

Marqaret Mitçell 38 dəfə rədd cavabı almayıb

“Küləklə sovrulanlar” (Gone with the Wind) əsərinin nəşrinə görə Marqaret Mitçellin (Margaret Mitchelli) düz 38 dəfə rədd cavabı aldığına dair geniş yayılmış mif mövcuddur. Bu “fakt” əsasən gənc yazarları uğursuzluqdan sonra təslim olmamağa öyrətmək üçün istifadə edilir. Amma yazıçının bioqrafiyasına istinad etsək, “faktı” asanlıqla təkzib etmək olar.

Yazıçı Marqaret Mitçell

Ayağından aldığı zədə yazıçının hərtərəfli sosial həyat sürməsinə mane olub. O da zədəsinin sağalmasını gözləyərkən roman yazmağa başlayıb. Babasının cənub ştatlarındakı həyatla bağlı söhbətləri və özünün acı təcrübəsi (Birinci Dünya müharibəsində sevgilisini itirməyi, anasının ispan qripindən ölməsi, abyuziv ilk evliliyi) Mitçelli əsər yazmağa ilhamlandırıb. Müəllifin əsəri nəşr etdirmək fikri olmayıb. O, səhhətindəki problemlərə görə uzun fasilələrlə kitabı gizlicə qələmə alıb.

Amma Mitçellin “Macmillan” nəşriyyatında işləyən Lois Koul (Lois Dwight Cole) adlı rəfiqəsi olub. O, redaktor Harold Letemi (Harold Latham) yarımçıq əlyazmanı oxumağa razı salıb. Letem dərhal əlində bestseller tutduğunu hiss edib və kitabı başa çatdırması üçün Mitçellə israr edib.  Altı ay davam edən redaktədən sonra kitab 1936-cı ildə 10 min nüsxəlik tirajla işıq üzü görüb. Dərhal daha 50 min nüsxə çap etmək lazım gəlib. Beləliklə, Mitçell “Küləklə sovrulanlar”da nəinki rədd cavabı alıb, hətta deyə bilərik ki, gənc müəllif üçün görünməmiş uğurla qarşılaşıb.

Mənbə: Bookmate journal
Müəllif: Katerina Rubinskaya
Tərcümə: Lamiyə Göycəyeva

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur