novuruzun-son-cersenbesi-torpaq-cersenbesi
Müəllif: Publisist.az /Tarix: 2021-03-16 /Oxunma Sayı: 593

Novuruzun son çərşənbəsi - Torpaq çərşənbəsi


   Bütün bayramlar mahiyyət etibarilə birləşdirici xüsusiyyətə malikdir. İlaxır çərşənbələrin və Novruz bayramının mahiyyətində də xalqın birliyi dayanır.
   
   Novruz çərşənbələrinin sonuncusu Torpaq çərşənbəsidir. Xalq arasında "Yer çərşənbəsi", "İlaxır çərşənbə" də adlandırılan bu çərşənbə günü yer oyanır, torpaq nəfəs alır, əkinə, toxum səpininə hazır olur.
   Dünən ilaxır çərşənbənin sevincini yaşasaq da, ənənəmizə sadiq qalaraq Torpaq çərşənbəsi barədə də dəyərli oxucularımıza məlumat vermək istəyirik.
   İlaxır çərşənbələrin içində ən möhtəşəmi, böyük təmtəraqla keçiriləni axır çərşənbə axşamıdır. Həmin gün ailəyə səadət, xoşbəxtlik arzulanır. Bütün evlərdə bayram süfrələri açılır, cürbəcür yeməklər, əsasən aş, şirniyyatlar: paxlava, şəkərbura, şəkərçörəyi, şorqoğalı hazırlanır. Xonçanın ortasında səməni, hər ailə üzvünə şam, boyadılmış yumurtalar qoyulur. Süfrədə yeddi növ yemək - nemət olur.
   Torpaq çərşənbəsi mərasim, oyun və şənliklərlə də zəngindir. Çünki həmin günün mərasimləri həm Suya, həm Oda, həm Yelə, həm də Torpağa inamı əks etdirir. Həmin gün insanlar torpaq sahələrinə çıxar, təmizlik işləri görər, kütləvi şənliklər keçirər, əmək nəğmələri oxuyardılar. Bu çərşənbənin axşam şənlikləri daha gur olur: küsülülər barışır, evlərdə üzərlik yandırılır, tonqallar qalanır, məşəllər yandırılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq fallarına çıxılır.
   Yazın gəlişi ilə əlaqədar ilaxır çərşənbə axşamı həyətlərdə tonqal qalanır, insanlar odun üstündən hoppanırlar. Həm də tonqal üstündən atlanmaq köhnə ilin qada-balasını odda yandırmaq, yeni ilə qədəm qoymaq deməkdir.  

  İlaxır çərşənbənin inancları
   
   Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər.
   Axır çərşənbədə uşağa beşik düzəldərlər.
   Axır çərşənbədə qorxanların başından su töküb qorxunu götürərlər.
   Axır çərşənbədə qonşuya ələk, kibrit, neft verməzlər.
   Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
   
   * * *
   Axır çərşənbə günü, yaxud həftənin uğurlu günləri axşamçağı qonşuların qapısını pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” və s. olarsa, hər şeyin yaxşı olacağı güman edilir.
   * * *
   Axır çərşənbə axşamı subay oğlan və qızlar duzlu kökə yeyib yatırlar, su içmirlər. Gecə yuxuda (susuzluqdan) su görünür: içməyə kimsə su verir. Guya həmin su verən adam yuxu görənin qismətidir.
   * * *
   İlin axır çərşənbə axşamı gecəsi cavan qızlar bir yerə yığışırlar. Bir qaba su tökürlər. Əllərindəki üzükləri çıxarıb saçlarına salırlar. Niyyət tutub üzüyü suyun üstündən keçirirlər. Üzük fırlanmağa başlayır və qabın divarlarına dəyir. Üzük neçə dəfə qaba dəyirsə, demək o yaşda da qız gəlin köçəcək.
   * * *
   Min illərdi ki, xalqımız baharın, yazın gəlişini bayram edir, əsrlərin sınağından çıxmış adət-ənənələri qoruyub yaşadır. XXI əsrdə yaşasaq da, milli adət və ənənələrimizi bu gün də sevə-sevə yaşatmaqla keçmişimizə hörmət, gələcəyimizə ümidlə baxırıq.
   

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur