orta-esrler-teatri-mirakl-ve-misteriyalar
Müəllif: Publisist.az /Tarix: 2021-04-07 /Oxunma Sayı: 1080

Orta əsrlər teatrı: Mirakl və misteriyalar

Mirakl - qeyri-adi, möcüzə mənasında işlədilir. Mirakllarda adətən müqəddəs adamların, məsələn, Həzrəti Məryəm və qeyrilərinin, yaratdığı əcaib hadisələr, möcüzələr səhnələşdirilmiş şəkildə təsvir edilir. Mirakl ilk dəfə XIII əsrdə Fransada yaranıb, həmin dövrdə Fransada bir sıra mirakl yazan yazıçılar yaşamışlar. Bunların arasında Jan BodelRutbef xüsusilə fərqlənirdilər.

Jan Bodel Arraslı truverdir. Onun bizə “Müqəddəs Nikoly haqqında oyun” adlı əsəri məlumdur. Bu əsər təxminən üçüncü və dördüncü xaç yürüşləri arasında meydana çıxıb. Əsər müsəlmanların xristianları məğlub etməsi əhvalatının nağıl edilməsi ilə başlayır. Əsərdə xristianlıq təbliğ edilir, bir tərəfdən məişət əlamətləri, digər tərəfdən dini motivlər verilir. Lakin məişət əlamətləri dini təbliğ edən epizodlardan daha duzlu, daha yaxşı, maraqlı təsvir olunub.  Məsələn, oğrular, onların davranışı, içib məst olmaları, qarışıqlıq salmaları, dalaşmaları, pay bölmələri, aşıq-aşıq oynamaları və i.a. çox maraqlı və inandırıcıdır. Bu hadisələri təsvir olunduğu epizodlar son dərəcə həyatidir. Dini epizodların təsvirində isə bu sadəlik, həyatilik hiss olunmur.

Orta əsrlərdə adi həyati hadisələrin təsvirinə meyli əks etdirmək etibarilə diqqəti cəlb edən ikinci görkəmli mirakl Fransa truveri Rutbefin “Teofil haqqında möcüz” adlı əsəridir. Bu mirakl XIII əsrin ortalarında yaranıb.

Monastr xidmətçisi Teofil varlanmaq məqsədilə öz qəlbini iblisə satır və onun təbiəti tamamilə dəyişilir. O, xudbin, qəddar, ikiüzlü, xəbis və xəsis olur. Lakin yeddi ildən sonra Teofil öz əməllərindən, bədxahlığından peşman olur. Həzrət Məryəmə yalvarır ki, bu bəd yoldan dönməkdə ona kömək etsin. Məryəmin Teofilə yazığı gəlir. İblisi çağırıb hədələyir, qorxudur və Teofilin öz qəlbini satarkən imzaladığı müqaviləni ondan alır. Müqaviləni Teofilə qaytararkən Məryəm pulun-dövlətin insan əxlaqına mənfi təsirini qeyd edir. Əsər pulun-dövlətin insan əxlaqına pis təsirini nümayiş etdirməklə insanları günah işlərdən çəkindirməyə çalışır.

Müəllif əsərdəki surətlərin təsviri məsələsinə xüsusi fikir verib, xarakterlərin sadə və inandırıcı olmasına çalışıb. Buradakı surətlər bəzən adi həyati adamları xatırladır. Məsələn, iblislə mübahisə səhnəsində  Məryəm müqəddəs olmaqdan daha çox adi, aşağı rütbəli qadınları xatırladır. O, çox bayağı şəkildə iblisi hədələyir, onu əzişdirməklə qorxudur.

Sonralar mirakllar daha da inkişaf edir. XIV əsrdə mirakl teatrda hakim mövqe tutur. Mirakllarda məişət hadisələrini əks etdirən epizodlar çoxalaraq onu məişət dramına yaxınlaşdırır. Bu dövr mirakllarında müqəddəs simalardan əksər hallarda hadisələrin açılması üçün istifadə edilir. Əsərin sonunda bu müqəddəs surətlər əsas hadisələrə müdaxilə etdirilir və onların iştirakı ilə hadisələrə yekun vurulur.

XIV əsrin mirakllarından bizə bir neçəsi məlumdur. “Kibir haqqında mirakl”, “İblis Robert haqqında mirakl”, “Xilas edilmiş rahibə”. Bu əsərlərdə orta əsrlərin, xüsusilə feodalizm dövrünün bir çox səciyyəvi məslələri olduqca maraqlı şəkildə əks olunur.

XV əsrdə İtaliya miraklları  tamamilə dini motivlərdən ayrılır.

Misteriya latın sözü olan ministerium sözündən əmələ gəlib. Bu söz xidmət, kilsə xidməti – ibadət nmənasında işlədilir.

Orta əsrlərdə misteriya dini teatrın ən əsas janrı idi. Misteriya başqa janrlara nisbətən daha kütləvi xarakter daşıyırdı. Misteriya tamaşalarının mövzusu əsasən bibliyadan götürülürdü. Lakin, bu dini mövzu adi məişət planında işlənirdi.

İlk misteriya tamaşası XIII əsrdə İtaliyada təşkil edilib. XIV əsrdə isə Fransadaİngiltərədə ilk misteriya tamaşalarının təşkilinə təsadüf olunur.

Əslində misteriya tamaşaları şəhərlərin iqtisadi cəhətdən formalaşdığı və ictimai ziddiyyətlərin daha da kəskinləşdiyi dövrdə meydana çıxıb, hakim janr kimi tanınmağa başlamışdır. Misteriya tamaşaları əsasən  sənaye və ticarət mərkəzi olan böyük şəhərlər tərəfindən təşkil edilirdi. Kütləvi şəkil alan bu tamaşalar hakim təbəqələrin əlində möhkəm təbliğat və təşviqat vasitəsinə çevrilirdi.

Misteriyalar bir çox xüsusiyyətlərinə görə başqa dini teatr növlərindən fərqlənirlər. Bunu demək kifayətdir ki, misteriyaları yalnız kilsə xadimləri, zahidlər yazmırdılar. Misteriya muəllifləri arasında çox zaman adi peşə sahiblərinə, hüquqşunaslara, təbiblərə və qeyrilərə də rast gəlmək olur. Yəqin elə buna görə də misteriya tamaşalarında həyatilik, reallıq, canli xalq yumoru əlamətləri, kilsə məhdudiyyətindən kənara çıxmaq halları çox geniş tətbiq edilmişdir.

Misteriya tamaşaları həm hakim təbəqələr, həm də geniş xalq kütlələri tərəfindən çox böyük məhəbbət və hüsn-rəğbətlə qarşılanırdı. Odur ki, bu tamaşaların təşkilinə xüsusi fikir verilirdi.

 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur