platonun-istediyi-ideal-hokmdar-markus-aurelius-ola-bilermi
Müəllif: Publisist.az /Tarix: 2024-05-19 /Oxunma Sayı: 238

Platonun istədiyi İdeal Hökmdar Markus Aurelius ola bilərmi?

  1. Platonun demokratiya haqqında düşüncələri və “filosof kral” konsepsiyası

a. Demokratiya tənqidi

Antik Yunan mütəfəkkiri Platon (e.ə. 427 – e.ə. 348) sağlığında Yunan polis dövlətlərinin tənəzzülünün və dağılmasının şahidi olmuşdur. O, polis dövlətlərini yaşadığı qarışıqlıqdan xilas etmək üçün həll yolları axtarırdı. e.ə 387-ci ildə fəlsəfə ilə maraqlanan əsl dövlət xadimləri yetişdirmək üçün Akademiya adlandırdığı məktəbi qurmuş və bu sayədə, siyasi həyatda birbaşa iştirak etməkdənsə, hakimiyyətə gələ biləcək gənclərə öz düşüncələrini aşılayaraq dolayı yolla siyasətlə məşğul olmağı seçmişdir. Platonun əsərlərindən az-çox xəbərdar olan hər bir kəsə məlumdur ki, Platon demokratiyaya qarşı olduqca böyük dərəcədə nifrət hissi bəsləmişdir. Platon “Respublika” əsərində əsas obraz olan Sokratın dilindən demokratiyaya qarşı olan tənqidi fikirlərini ortaya qoyur. “Respublika”-nın 6-cı kitabında Platon yazır ki, Sokrat ideal dövlətin mahiyyəti haqqında mübahisə edir (daha çox mühazirə deyirdi). Bir anda o, yoldaşı Adeimantusdan dənizdə kimin rəhbərlik etdiyi gəmi ilə səyahət etməyi üstün tutacağını soruşur. Bəzi təsadüfi sərnişin, yoxsa yaxşı təlim keçmiş, təhsilli və təcrübəli kapitan? Açıq seçim olaraq kapitan seçildikdən sonra Sokrat metaforanı dövlətə aid edir və soruşur ki, bəs o zaman niyə biz hər kəsə dövlət gəmisini idarə etməyə imkan veririk? Daha sonra o, ideal dövlət olaraq totalitar rejimi təklif etməyə davam edir, burada hökmdarlar mütləq hakimiyyəti ələ keçirməzdən əvvəl onilliklər boyu idarəçilik mövzusunda təhsil almış şəxslərdir. Platonun demokratik idarəetmə üsuluna qarşı etirazlarına başqa əsərlərdə də rast gəlmək mümkündür. O, Spartanın monarxiya rejimində yaxşı idarə olunduğunu tərifləyir və bir neçə dialoqda fəzilətlər haqqında o, az adamın onlara sahib olmasından və daha az insanın bunu başa düşə bilməsindən şikayətlənir. Platon hesab edirdi ki, çoxluq rasionallıq çərçivəsində düşünə bilmir və qərarlar verərkən, hislərinə qapılır, çoxluğu manipulyasiya etmək olduqca asandır. Bu səbəblə də, cəmiyyətin böyük kəsimi yüksək əhəmiyyət daşıyan işləri yerinə yetirmək iqtidarında deyildir. Platon vurğulayırdı ki, səs vermək nəticəsində bir şəxsi seçmək, dövlətin başına keçirmək xüsusi bir bacarıq tələb edir, bu, təsadüfi edilən, sadəcə hislərlə yanaşılacaq dərəcədə adi bir iş olmamalıdır.

“Respublika” əsərinin sonrakı hissələrində Sokrat demokratiyanın ideal dövlətin tənəzzülünün qarşıdan gələn mərhələlərindən biri olduğunu iddia edir. Platona görə, demokratiya o qədər arzuolunmazdır ki, insanlar yekunda, onları ondan xilas etməsi ümidilə bir tiran üçün fəryad edirlər. Bəli, Platonun bu sensasiyalı fikrinə görə, demokratiya tiranlara aparacaqdı. Çünki Platonun fikrincə, insanlar demokratik səs vermədə sırf birini sevirlər deyə ona səs verirlər, o şəxs vəzifəsini layiqincə yetirə biləcək bir tutuma sahibdir deyə yox. Fəqət düşünmürlər ki, əgər bu şəxs hakimiyyətə gəldikdən sonra nizam-intizamlı idarə etmə sistemi qura bilməzsə, ölkə məhvə olmağa doğru gedəcək.

Platon qeyd edirdi ki, demokratik quruluşda savadı və analiz qabiliyyəti olmayan kütlənin seçdiyi rəhbər ölkəni məhv edə bilər. Ölkə idarə edən şəxs xüsusi məziyyətlərə sahib olmalı, bir addımı atmazdan öncə bir neçə addım sonranı görməyi, o da olmazsa, heç olmazsa təxmin etməyi bacarmalıdır. Kütlənin seçdiyi “rəhbər”-də isə bu məziyyətlərin olmasını gözləmək çox da inandırıcı deyil. Bəlkə, bir ehtimal var, amma dövlət idarəsini ehtimallar üzərində qurmaq olduqca təhlükəlidir. Buna görə də, Platon çıxış yolunu ölkənin filosof kral tərəfindən idarə edilməsində görürdü. Belə ki, Platon Sokratın dilindən nəzərə çarpdırır ki, lap körpə yaşından seçilmiş şəxslərə 30 ildən yuxarı bir müddətdə çox ciddi rejimdə dövlətin necə idarə olunması barədə bütün sirləri öyrətmək üçün təhsil verilməli və bu şəxslər filosof səviyyəsinə çatdıqdan sonra onların içindən rəhbər olmağa ən uyğun olanı seçilməliydi. Belə hökmdarlara o, filosof krallar (philosopher kings) deyirdi.

b.“Filosof Kral” konsepsiyası

İndi belə bir sual yaranır: “Platona görə filosof kral hansı özəlliklərə sahib olmalı idi, xalqına qarşı necə davranmalı idi, nəyə əsasən hərəkət etməli, qərarlar verməli idi?

Platonun nöqteyi-nəzərincə, ideal bir hökmdar olmağı hədəfləmiş olan filosof kral əsas dörd keyfiyyətə sahib olmalıdır: müdriklik, cəsarətlilik, ədalətlilik və təmkinlilik/mötədillik.

    1. Müdriklik

Əlbəttə, Platon ideal hökmdarın filosof olmasının əhəmiyyətini vurğulayarkən, elə ilk öncə həmin hökmdarın müdrik olması gərəkdiyini nəzərdə tutaraq bu yanaşmanı ortaya qoyurdu. Hökmdarın bilikli olması onun müdrikliyi üçün yetərli deyildi, o həm də həyatı, dünyanı və insanların xislətini dərk etmiş, ağıllı, məntiqli bir şəxs olmalı idi. Bu səbəblə də, Platon bu cür kralı “filosof” adlandırırdı. Platona görə, hökmdarın müdrik olması zərurət idi, çünki əks halda o, müstəqil şəkildə ağlabatan qərarlar verə bilməyəcək və sonda savadsız kütlənin söz sahibi olduğu demokratik sistemdə hər ağızdan çıxan sözə qulaq asmaq məcburiyyətində qalacaqdı. Fəqət burada bir nüansı diqqətə çatdırmaq yerinə düşər ki, Platon demir ki, filosof kral yalnız özbaşına qərar verməlidir, hətta ona görə bəzən başqalarından seçilən, müdrikliyini isbat etmiş şəxslərin fikirlərini dinləmək krala daha faydalı qərarlar verməkdə yardımçı ola bilər.

    1. Cəsarətlilik

Platon yazır ki, ideal hökmdarlığa namizəd olan filosof kralın cəsarətli bir şəxsiyyətə sahib olması lazımdır. Belə ki, bu hökmdar cəsarətli olmalıdır ki, həlledici qərarları verə və gərəkli məqamlarda öz iradəsini ortaya qoyma cəsarətini özündə hiss edə bilsin. Cəsarətli olmayan şəxsi lider hesab etmək mümkün deyildir.

    1. Ədalətlilik

Ümumi olaraq nəzərə çatdırmaq lazımdır ki, Platon ədalət anlayışı üzərində kifayət qədər düşünmüş və bu barədəki fikirlərinə əsərlərində yer vermişdir (daha çoxu üçün bax: Sübhan Rəsulzadə, Ədalət nədir və o, Azərbaycan Respublikası Konstitusiyasında harada və necə qeyd edilib?). Şübhəsiz, mümkün deyildi ki, ədalət məfhumuna bu dərəcədə önəm vermiş Platonun formalaşdırmağa çalışdığı fiqur olan filosof krala “ədalətli olmaq” normunu təlqin etməmiş olsun.

    1. Təmkinlilik/Mötədillik

Platonun demokratiyaya qarşı çıxması və tək güc olan filosof bir kral konsepsiyasını irəli sürməsi o demək deyildir ki, o, qəddarlığı dəstəkləyir və hər səsi çıxanın cəzalandırılmasını düşünürdü. Onun fikrincə, ideal hökmdar hislərini cilovlamağı bacarmalı, təmkinini qorumalı və dəli-dolucasına addımlar atmaqdan çəkinməli idi. Əks təqdirdə, dövləti və xalqı olduqca ağır problemlərlə üz-üzə qoya bilərdi.

Platona görə məcburiyyət olmadan, dövlət idarəetməsini ələ keçirməyə can atanlara heç vaxt heç kəs yaxşı gözlə baxmır. Əsilzadə bir insan (burada filosof nəzərdə tutulur) idarəetməni şan-şöhrət və ya var-dövlət üçün deyil, hökmdarlığa gəlmədiyi təqdirdə bacarıqsız və mənfi xüsusiyyətlərə sahib olan biri tərəfindən idarə edilməmək üçün hakimiyyətə gəlməyi qəbul edir. Belə bir vəziyyət isə, iradədən, ixtiyardan asılı deyil, bu, məcburiyyətdən irəli gəlir. Odur ki, insanı ictimai bir varlıq kimi görən Platonun filosoflara aid etdiyi vəzifənin mənası tənhalığa çəkilib yaşamamaq və əlavə olaraq, dövlətin idarə olunmasında iştirak etməkdir. Bunu Adeimantusla dialoqunda daha aydın ifadə edir. Onun fikrincə, filosoflar cəmiyyət tərəfindən azğın və yararsız olaraq görünsələr də, istəsələr də, istəməsələr də dövlət idarəçiliyində olmalıdırlar.

Platon “Respublika” əsərində bildirir ki, filosof kral öz qüdrətini və hökmranlıq hüququnu qanundan deyil, öz biliyindən və kosmopolitizmə əsaslanan düşüncə tərzindən alır. Onun ağlı qanunun özüdür, qanun da elə filosofun özüdür, çünki o, epistemologiyanın sirlərinə, həqiqətə, ümumbəşəri ağıl və səadətə nail olmuş azlıqdandır. Filosof kral idarəetmə səlahiyyətini əlinə alaraq bütün cəmiyyətə xoşbəxtlik gətirmək və təməl fəzilətləri qazandırmaqdan məsuldur. Çünki filosof kral qanunların mahiyyətini, ifadə etdiyi əsas mənasını qavramış bir şəxs olduğu üçün, o, digər krallar kimi sadəcə olaraq maddi fenomenlərdən deyil, həm də bilikdən qidalanır. Bununla da cəmiyyətin müəyyən bir hissəsinin deyil, bütün cəmiyyətin xoşbəxtliyi hədəflənir.

  1. Markus Aureliusun düşüncələri və hökmdarlığa yanaşma tərzi

a. Qədim Roma

Antik Dövrün Yunan mədəniyyəti qədər təsirli başqa bir mədəniyyəti olan Roma, şəhər-dövlətdən imperiyaya yüksəlmiş bir sivilizasiya olsa da, yunan fəlsəfəsinin təsirindən qurtula bilməmişdir. Hətta Roma fəlsəfə və siyasi düşüncə sahəsində əhəmiyyətli bir varlıq göstərə bilməməkdə tənqid edilmişdir. Nəzəriyyədən çox praktiki fəaliyyət sahəsi çərçivəsində qiymətləndirilə bilən Roma dövrü, “Krallıqdan əvvəlki dövr (e.ə. 753-cü ilə qədər), Krallıq dövrü (e.ə. 753-509), Respublika dövrü (e.ə. 509-27-ci illər) və İmperatorluq dövrü (e.ə. 27- b.e. 476-cı ilə qədər) olmaqla dörd fərqli dönəmə ayrılır.

Krallıqdan öncəki dövr əvvəlcə monarxiya kimi krallar, sonra isə aristokratiya tərəfindən idarə olunan müstəqil şəhər-dövlət idi. Krallıq dövrü eramızdan əvvəl 753-cü ildə başlayır və xalq üsyan edib kralı qovana qədər davam edir. Respublika dövrü etrusk kralından sonra iri mülkədar olan Latın aristokratlarının kral nizamına nifrət etdikləri üçün “xalq üçün”, “xalqın mənafeyi naminə” mənasını daşıyan, cümhuriyyəti qurduqları dövrdür. Oktavianın Kleopatra üzərində qələbəsi ilə qurulan imperiya Qotların Roma İmperatorunu taxtdan salması ilə sona çatmışdır.

b. Markus Aureliusun həyatı

Eramızın 121-180-ci illəri arasında yaşamış Markus Aurelius, Stoik ideyasının öndəgələn nümayəndələrindən biri və hətta, çoxlarına görə, sonuncusu olmuşdur. O, Roma İmperatorluğu dövrü daxilində qiymətləndirilən bir mütəfəkkir və dövlət idarəçisidir. Əslən, keçmişdə romalılar tərəfindən Hispaniya olaraq adlandırılan ərazidən olan Aurelius  atası vəfat etdikdən sonra imperator Antonin Piy (138-161-ci illər) tərəfindən övladlığa götürülmüşdür. Sarayda bir çox mövzularda, xüsusilə fəlsəfə və ritorika haqqında yüksək səviyyədə təhsil almışdır. Onun təhsil aldığı şəxslər dövrünün qabaqcıl mütəfəkkirləri və dövlət xadimləri idi. Onu tanıyanlar tərəfindən indiyə qədər yaşamış insanlar arasında ən əsilzadə şəxs kimi təsvir edilən Aurelius on iki yaşında ikən fəlsəfə ilə maraqlanmağa başlamış və stoik təliminin mühüm və tanınmış nümayəndələrindən dərs almışdır. Aurelius sonrakı dönəmlərdə bir çox yazıçı tərəfindən filosof kimi xatırlanmışdır.

O, hakimiyyəti dövründə müharibələr, intriqalar, xristianlığın yayılması məsələsi, təbii fəlakətlər və onun özünün belə həyatı bahasına başa gələn vəba kimi epidemiyalarla mübarizə aparmışdır. Xüsusilə, fəlsəfə ilə yaxından maraqlandığı üçün Afinaya gedərək orada Platonçu, Aristotelçi, Epikürçü və Stoik məktəbləri təmsil edən yeni təhsil ocaqlarının açılmasına dəstək vermişdir. Markus Aurelius həm xarakter, həm də imperator olaraq sülhsevər bir şəxs olmuşdur. O, Roma İmperatorluğunun “Beş Yaxşı İmperatoru” olaraq tanınan və ard-arda gələn hökmdarların sonuncusudur. Adıçəkilən bu “Beş Yaxşı İmperator” eramızın 96-180-ci illəri arasında Romada hökm sürmüşdürlər. Bu beş imperator Romaya ən gözəl dövrünü yaşatmışdır və onların hər biri xələflərini övladlıq seçdikləri uşaqlardan təyin etmişdirlər. Bu sayədə hakimiyyət uğrunda qanlı müharibələrin qarşısını almışdırlar. Aureliusun hökm sürdüyü dövr Romanın Qızıl dövrü olaraq adlandırılır. Lakin ondan sonra taxta çıxan öz oğlu Kommod atasından fərqli olaraq qəddar hökmdar kimi tanınmış və dövlətin tənəzzül mərhələsinin başlamasına yol açmışdır.

Markus Aureliusun hakimiyyət dövrü barədə tanınmış filosof Bertran Rassel yazır: “Əgər dünya tarixində insan övladının ən xoşbəxt və ən firavan yaşadığı dövrün müəyyən edilməsi gərəkli olarsa, Kommodun (Aureliusun oğlu) taxta çıxmasına qədər olan dövrü tərəddüd etmədən qeyd etmək mümkündür”.

Akademik Maykl Qrant yazır ki, “Markus Aurelius saf zəkasına və xarakterinin güclülüyünə arxalanaraq hərəkət edən və yaxşılığı hər hansı bir mükafat gözləmədən edən biri kimi insanların ən nəcibi idi”.

c. Markus Aureliusun əxlaq fəlsəfəsi

Markus Aurelius düşüncələrini eramızın 170-180-ci illəri arası əsasən hərbi yürüşlərdə olduğu zaman qələmə almış olduğu Özümə Düşüncələr (Ta Eis Heauton) adlı əsərində yazıya tökmüşdür. Bir növ gündəlik üslubunda yazılmış on iki hissədən ibarət olan bu əsərdə, o həm əvvəlki imperatorları, həm də özünü xarici bir gözlə tənqid edir. Bu əsər mütəfəkkirin düşüncə dünyasını və stoik fəlsəfəni dərk etmək baxımından böyük əhəmiyyət kəsb edir. Əsər daha çox didaktik üslubda birdən çox mövzudan bəhs edir, amma sanki sadə bir insanın qələmindən çıxmışdır. Onun bu əsəri dərc etdirmək fikri olmadığı üçün yazılarına qoyduğu başlıq Markus Aureliusdan Özünədir və əsərdə bəzi fikirlər bir neçə yerdə təkrarlanır. Əsərin məğzi odur ki, həyatın və dünyanın bütün mənfiliklərinə rəğmən, insan övladı gərək daxili rahatlığını, xoşbəxtliyini və özünə və bütün insanlığa qarşı yaxşılığını itirməsin.

O, özündən əvvəlki stoik mütəfəkkirlər kimi kainatla, yəni təbiətlə həmahəng yaşamağın doğru olduğunu bildirir. Təbiətdə baş verməsi gərəkli olan hər bir şeyin belə olması lazım olduğu üçün belə olduğunu, insanın təbiətlə əməkdaşlıq etdiyi təqdirdə xoşbəxtliyə nail ola biləcəyini bildirir. Aurelius stoik təlimini təkcə nəzəri cəhətdən deyil, həm də praktiki olaraq həyata və hərəkətə keçirməyi bacaran mütəfəkkir və imperatordur. Stoisizm nəzəriyyədən çox praktik həyat fəlsəfəsi olduğundan, Aurelius həm də həyati bir müdrik və həyat filosofudur.

Aureliusun ideyaları onun əxlaqi təlimləridir. O, əxlaq filosofu olaraq da qəbul edilir. Düşünür, məsələlərə hər şeyin keçici olduğunu dərk edərək yanaşır. Onun nəzərində bütün reallıq sadəcə ölümdür. Doğuş kimi ölüm də həyatın bir hissəsi və qaydasıdır. Həyatın gec-tez sona çatması reallığı rütbə, vəzifə, şan-şöhrət, var-dövlət, müharibə, ehtiras kimi bir çox dünyəvi şeyi əvvəldən əhəmiyyətsiz və dəyərsiz edir. Aureliusun fikrincə, insan on min il ömrü varmış kimi yaşamamalıdır. Bu məqamda əbədi xatırlanmağı gözləməyin heç bir dəyəri yoxdur. Çünki xatırlayan da, xatırlanan da fanidir. Şübhəsiz ki, bu düşüncədə olan bir dövlət adamının belə bir əxlaq anlayışı ilə vəzifə sərxoşluğuna, zülmə və haqsızlığa yol verməsi gözlənilə bilməzdi. Əlbəttə, ölüm gerçəyini qəbul edən və bu dünyanın faniliyini dərk edən bir imperatorun əxlaqı da onun danışıqları ilə uyğun olmalı idi. Markus Aurelius, “Gördüyün hər şey yox olacaq, yox olan şeyləri görənlər də yox olacaq. Beləliklə, yaşlı vəfat edən, vaxtsız ölənlə eyni yerdə olacaq”, deyə vurğulayaraq, nə dərəcədə dərin bir baxış bucağında sahib olduğunu sübut edir.

Aurelius Epiktet kimi zahiri bərabərsizliyin əhəmiyyətsizliyini ifadə edir və onun istər qul, istərsə də hökmdar olmasından asılı olmayaraq insan üçün xoşbəxtlik və ya bədbəxtlik mənbəyi sayıla bilməyəcəyini bildirir. Bu kontekstdə o, ölümə həyatda əldə edilə bilməyən bərabərliyin bir növ revanşı kimi baxır. O, bu dünyada hökmdar və ya qul olmağın mənasızlığını, ucsuz-bucaqsız kainatın sonsuz zamanı içində dünyanın bir nöqtə, insan ömrünün də anlıq bir zaman diliminə uyğun gəldiyini hesab edərək, həyatın bir yuxu, ölümün isə bir oyanış olduğunu xatırladır və belə deyir: “Makedoniyalı İsgəndər və onun qatırçısı öləndə, başlarına eyni şey gəldi. Qısa bir müddət ərzində sağ idilər, uzun müddətdir ölüdürlər”.

Aurelius yazır: “Qısa bir ömür çox şeyin ortaq taleyidir, ancaq sən əbədiyyən var olacaqmış kimi ya hər şeydən qaçırsan, ya da hər şeyi qovalayırsan. Tezliklə gözlərini yumacaqsan, sonra başqa biri də səni məzara aparan üçün ağlayacaq”.

Əsərində ifadə etdiyi və insanda olması lazım olan xüsusiyyətləri ümumiyyətlə bu başlıqlar altında qiymətləndirmək olar: qəzəbdən uzaq olmaq və lütfkar bir xasiyyətə sahib olmaq, igid və təvazökar olmaq, zərər verməkdən çəkinmək, açıq sözlü və ədalətli olmaq, yaşamı çox sevən, göstərişə aludə olmamaq, böyüklərə qarşı hörmət etmək, xeyirxah olmaq, aza qane ola bilmək, təbiətə uyğunluq, tədbirlilik, bağışlama və əxlaqi cəhətdən azad olmaq.

d. Markus Aureliusun siyasət fəlsəfəsi

Aurelius yazılarında daha çox kainat, dünya, insan, həyat və ölümlə bağlı əxlaqi mövzulara toxunsa da, bir imperator olduğu üçün, müəyyən bir siyasi baxış bucağı ortaya qoyması da qaçınılmaz olmuşdur.

İlk öncə qeyd etmək gərəkdir ki, Aurelius bir stoik və imperator olması səbəbiylə, dünyanın sadəcə bir dövlətin adı altında birləşməli olması kimi imperialist bir mövqeni müdafiə edirdi və bu dövlət Roma İmperatorluğu olmalı idi. Onun fikrincə, hökmdar yeri gəldikdə, başqalarının fikirlərini də diqqətə almalı, dövlətə və xalqına zərər yetirməmək üçün yersiz davranışlardan çəkinməli idi. Hökmdar qəddar olmamalı, ədalətliliyi, təvazökarlığı, insansevərliyi və cəsurluğu öz varoluş məqsədinə hopdurmalı idi.

Kifayət qədər aydındır ki, Aurelius kimi ölümün və faniliyin fərqində olan bir filosof, heç vaxt hakimiyyətin hərisi ola bilməzdi. Aurelius imperatorluğu xalqı qarşısında bir üstünlük, xüsusi imtiyazları ona bəxş edən bir rütbə olaraq deyil, əksinə, xalq qarşısında bir vəzifə, bir öhdəlik kimi görürdü. O hesab edirdi ki, dövlətin, cəmiyyətin inkişafında bir vəzifə bölgüsü prosesi baş vermişdir və hər bir kəsin üzərinə yerinə yetirməli olduğu müəyyən vəzifə və ya vəzifələr qoyulmuş, onun payına düşən isə ən çətini, yəni bütün dövləti idarə etmək vəzifəsi olmuşdur. Aurelius bildirir ki, hər bir kəs üzərinə düşən vəzifəni maksimum dərəcədə layiqincə yerinə yetirmək üçün canla-başla çalışmalı, hər kəsin xoşbəxt bir həyat sürə bilməsi üçün öz qatqısını etməlidir. Bu yanaşma Platonun dövlətin bir orqanizmə bənzəməsi və kral da daxil olmaqla cəmiyyətin hər bir nümayəndəsinin orqanizmin bir üzvü olaraq ona qatqısını verməli olduğu barədə olan ideyasına birəbir uyğundur. Əlbəttə ki, o da başa düşürdü ki, bir insanın üzərinə düşən vəzifəni yerinə yetirməsi olduqca çətindir, bu bəzən insanı bezdirə bilir. Amma buna baxmayaraq, hər bir kəs məqsədi üçün səy göstərməlidir. Aurelius yazır: ”Əgər səhərlər oyanmaq istəməsən, bunu xatırla: İnsanlıq vəzifəm üçün qalxıram”. Buradan aydın olur ki, bəzən Aurelius özü belə vəzifəsinin ağırlığından yorulma həddinə gəlirmiş, amma, özünə davamlı olaraq xalqının ona olan ümidlərinin böyük olduğunu və etməli olduğu işləri layiqincə yerinə yetirməsi üçün imperator olduğunu özünə xatırladırmış.

Aureliusu digər bütün imperatorlardan fərqləndirən də, məhz onun daşıdığı vəzifənin ağırlığını və önəmini dərk edə bilməsi idi. Elə Platon filosof kralın müdrik olması gərəkdiyini vurğulayanda, nəzərdə tutduğu faktorlardan biri də, hökmdarın etdiklərinin və etməli olduqlarının məğzini anlaya bilməsi idi.

  1. Nəticə

Beləliklə, Aurelius özü heç vaxt özünü nə Platonun baxışı ilə, nə də onu varisi kimi qəbul edən nəcib sələfi Antonin Piyin təcəssüm etdirdiyi Roma İmperatoru idealı ilə müsbət müqayisə etməyi düşünməmişdir. O, özünü “filosof” kimi yox, fəlsəfə tələbəsi, “imperator” kimi yox, ona inanan xalqı qarşısında borcunu yerinə yetirmək üçün mübarizə aparan bir insan kimi görürdü. Məhz onun özünə olan təvazökar baxışı onu Filosof Krallıq statusu üçün ideal namizəd edir. Platonun bu konsepsiyası şərtləndirir ki, hakimiyyətdən daha çox müdrikliyi sevən adam idarə etmək üçün daha uyğundur. Bu səbəblə də, heç şübhəsiz ki, Markus Aurelius elə məhz Platonun arzuladığı Filosof Kraldır.

      İstifadə edilən mənbələr: 

  1. Plato, “The Republic”, translated by B. Jowett.
  2. Marcus Aurelius, “Meditations”, Penguin Classics, 2006.
  3. Melissa Lane, “Philosopher King”,
  4. Giulia Matassa, “Plato’s Argument for Rule by Philosopher Kings”, April 17 2013.
  5. Alexander Standjofski, “Plato’s Republic: Who Are the Philosopher Kings?”, August 7, 2022.
  6. Joshua J. Mark, “Marcus Aurelius: Plato’s Philosopher King”, May 9, 2018.
  7. Trishya Screwvala, “Living Philosophy: How Words of Plato and Marcus Aurelius are Relevant Today”, January 3, 2022.
  8. Ali Özgan, “FİLOZOF BİR KRALIN AHLAK VE SİYASET FELSEFESİ: MARCUS AURELİUS ÖRNEĞİ”, Adıyaman Üniversitesi Sosyal Bilimler Enstitüsü Dergisi, (40), 339-372.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur