Scrum, Kanban, Agile: bunlar nədir və necə işləyir?
Böyük ehtimalla, son illər ərzində "Agile", "Kanban" və "Scrum" adlı terminlərlə tez-tez rastlaşmısınız. Lakin, bunların nə anlam verdiyi, nə üçün lazım olduğu və necə işlədiyi bir çoxları üçün müəmmalıdır. Bu metodologiyaların faydası və fərqi nədir?
Agile
Agile İT sahəsində yaranmış və proqram təminatı hazırlanmasında "çevik" və "zirək" iş yanaşmalarını birləşdirən bir "qrupdur" (bu yanaşmaları bəzən framework və agile-metodologiyaları adlandırırlar). Agile-ın prinsipləri "Agile Manifest"-də qeyd olunub:
"Fərdlər və ünsiyyət proses və alətlərdən üstündür. İşləyən proqram mürəkkəb sənədləşmədən üstündür. Müştəri ilə əməkdaşlıq müqavilə razılaşmalarından üstündür. Dəyişikliyə cavab vermək plana əməl etməkdən üstündür."
Bunun anlamı istənilən layihənin icraatında yalnız öncədən təyin edilmiş plana və qaydalara əməl olunmasının düzgün olmamasıdır. Ətraf mühitin dəyişən faktorlarına (istər sosial, istər iqtisadi və ya digərləri) diqqət yetirmək, müştəri və istifadəçilərdən gələn rəyləri nəzərə almaq və müvafiq düzəlişləri həyata keçirmək olduqca vacibdir.
Agile-metodologiyalardan biri də Scrum və Kanban-dır. Hər iki metodologiyanın əsasında Agile prinsipləri yer alır. Bu metodologiyalar əsasən İT sahəsində tətbiq olunsalar da, artıq sənaye istehsalatı və digər sahələrdə də tətbiq olunmağa başlayırlar.
Scrum
Scrum - "struktur və ya çərçivə yanaşmasıdır". Bu metodologiyaya əsasən, hər layihə üzərində universal komanda çalışır və bunların sırasına əlavə 2 nəfər daxil olur: Məhsul sahibi (Product owner) və scrum-master. Birincisi komandanı sifarişçi ilə birləşdirir və layihənin gedişatına nəzarət edir, digəri isə həmin şəxsə biznes proseslərin və işin təşkil olunmasında, scrum yanaşmaların tətbiq edilməsində yardım edir,
Scrum metodologiyası iş prosesini sprintlərə bölür. Sprintlər iş həcmindən və layihənin spesifikasından asılı olaraq 1 həftə və ya 1 ay uzunluğunda olur. Hər bir sprintin əvvəlində müvafiq hədəflər təyin edilir və sprint başlayır. Sonda komanda nəticələri təhlil edir və proses yenidən başlayır. Sprintlər layihə tamamlanana qədər davam edir.
Kanban
Kanban isə "balans yanaşmasıdır". Bu metodologiyanın məqsədi komandadaxili iş yükünün eyni həcmdə bölüşdürülməsidir. Misal üçün, bu yanaşma çərçivəsində dizaynerlərin tam yüklü olması, developer-lərin isə iş həcminin az olması yolverilməzdir.
Kanban yanaşmasında komanda vahid bir qrup olur və Məhsul sahibi (Product Owner), Scrum-master kimi vəzifələr nəzərdə tutulmur.
Scrum-dan fərqli olaraq, Kanban metodologiyasında iş prosesi ayrı-ayrı sprintlərə yox, fərqli mərhələlərə bölünür. Bu mərhələlər, misal üçün, "Planlaşdırılır", "İcra edilir", "Test olunur", "Bitdi" kimi bölümlərdən ibarət ola bilər.
Kanban metodologiyasında əsas effektivlik və performans göstəricisi hər-hansısa bir tapşırığın mərhələlərarası keçid vaxtından ibarətdir. Tapşırıq əvvəldən axıra qısa bir vaxtda keçdisə bu komandanın effektiv çalışdığı deməkdir. Əgər əksinə tapşırığın icraatı uzanırsa, komandada və ya tapşırığın tətbiq edilməsində bir problem yaşanır və tapşırığın hansı mərhələdə və nə üçün ilişdiyini təhlil etmək lazımdır.
Scrum yoxsa Kanban?
Hər iki agile-yanaşmada iş prosesinin vizualizasiyası tətbiq olunur. Bu ya lövhə üzərində, ya da Jira, Asana, Trello və s. proqramlar vasitəsilə elektron şəkildə aparılır. Bu biznes proseslərin, iş yükünün şəffaf və komanda üçün aydın olmasına zəmin yaradır.
Qeyd olunduğu kimi, Scrum metodologiyasının əsasını qısa sprintlər təşkil edir. Qayda olaraq, əvvəldə təyin olunan hədəflər sprint boyunca dəyişdirilmir və mütləq şəkildə təyin olunmuş tapşırıqlar bitirilməlidir. Kanban isə dəyişikliklərin edilməsinə və iş əsnasında prioritetlərin, hədəflərin dəyişdirilməsinə imkan verir.
Nadir hallarda yalnız sırf bu və ya digər metodologiyadan istifadə olunur. Çox vaxt şirkətlər hər iki yanaşmanı birləşdirir və onların spesifik biznes proseslərə uyğun olan komponentlərini istifadə edir. Misal üçün, məhsul istehsalı üçün daha uyğun Scrum hesab edilir, araşdırma və hipotezlərin test olunması kimi ilkin mərhələlər üçün isə Kanban daha əlverişlidir. Gündəlik işlərin koordinasiyası üçün isə Kanban metodologiyasının sadələşdirilmiş versiyası uyğundur.
Hər bir metodologiya müvafiq problemlərin həlli üçün daha uyğundur. Bu və ya digər metodologiyaya üstünlüyün verilməsi, çalışdığınız layihənin spesifik məqsədlərindən və əldə etmək istədiyiniz nəticələrdən asılıdır. Misal üçün, Siz yeni mobil tətbiq (application) üzərində çalışırsınız. Əgər Kanban metodologiyası ilə işləyirsinizsə, o zaman konkret hədəflər müəyyənləşdirilir, detallı plan hazırlanır və iş mərhələli şəkildə icra olunur. Bir müddət sonra arzuolunan nəticə əldə edilir. Bəs əgər öncədən detallı plan yoxdursa və ya tətbiqi mümkün deyilsə? O zaman Scrum daha əlverişlidir. Xırda addımlarla (sprintlərlə) məhsulu yaratmaq, çevik rəylər əsasında onu daima təkmilləşdirmək olar. Nəticədə isə, öncə planlaşdırılan məhsuldan tam fərqli bir tətbiq ərsəyə gələ bilər, lakin rəylərə əsaslanaraq müştərilər üçün daha uyğun və əlverişli ola bilər.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur