sosial-baglar-2021-layihesine-muracietlerin-qebulu-basladi
Müəllif: Publisist.az /Tarix: 2021-04-09 /Oxunma Sayı: 540

“Sosial Bağlar-2021” layihəsinə müraciətlərin qəbulu başladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına dəstək məqsədi daşıyan “Sosial Bağlar” layihəsi üçün müraciətlərin qəbuluna başlanıb.

 

2021-ci ildə daha 500 nəfərin cəlb olunacağı layihə bağçılıq üçün əlverişli olan 20 rayonu (Ağsu, Şamaxı, Balakən, Zaqatala, Oğuz, Qəbələ, Goranboy, Göyçay, Hacıqabul, Kürdəmir, Astara,  Lənkəran, Quba, Qusar, Xaçmaz, Şabran, Sabirabad, Şəmkir, Siyəzən, Yevlax) əhatə edir. Həmin rayonlar üzrə mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub digər məşğulluğu olmayan şəxslər layihəyə müraciət edə bilər.

 

Layihə iştirakçılarına dair digər tələblər aşağıdakılardır:

 

  • Bağa baxmağa istək və təcrübəli olmalıdır;
  • Əmlakdan təyinatına uyğun istifadə etməli, bağ salınıb təhvil verildikdən sonra ona düzgün qulluq etməlidir;
  • Bağ təhvil verildikdən sonra onun saxlanmasına iştirakçı bilavasitə məsuliyyət daşıyır;
  • Yerli məşğulluq mərkəzlərində təşkil olunan müvafiq təlimlərdə iştirak etməlidir;
  • Podratçının və yerli məşğulluq mərkəzlərinin nümayəndələrinə bağda monitorinq keçirilməsinə, təhvil-təslim edilməsinə, video və foto çəkilişlərin aparılmasına şərait yaradılmalıdır;
  • Bağın və ona təhvil verilmiş əmlakın 1 il ərzində üçüncü şəxslərin istifadəsinə və sərəncamına verilməsı qadağandır.

 

Layihəyə cəlb edilən namizədlərin qiymətləndirilməsi zamanı onların aztəminatlılıq meyarlarına uyğunluğu və torpağın bağçılıq üçün yararlı olması əsas götürüləcək.

 

Layihənin icrası zamanı şəhid ailələrinə, qazilərə, habelə sosial cəhətdən həssas kateqoriyadan olan digər şəxslərə üstünlük verilir. Proqrama http://bit.ly/MesgullugLayiheler linkinə daxil olaraq və ya müvafiq Ərazi Məşğulluq Mərkəzlərinə müraciət etməklə müraciət etmək mümkündür.

 

Son müraciət tarixi 30 maydır.

 

Qeyd edək ki, 2018-2020-ci illərdə Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi ilə birgə icra olunmuş “Sosial Bağlar” layihəsi üzrə həssas qruplardan olan 625 ailə üçün bağçılıq təsərrüfatları yaradılıb.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur