AZAL-ın sərnişin təyyarəsi qəzaya düşdü
AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanlara görə Azərbaycanda dekabrın 26-da matəm günü elan edilib. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb.
Çərşənbə günü Bakı-Qroznı reysi ilə uçmalı olan sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. 30-dan çox adam həlak olub, yaralananlar var.
Aktauda təyyarə qəzası nəticəsində həlak olmuş şəxslərin identifikasiyası üzrə işlər aparılır, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Azərbaycanda yaradılmış Dövlət Komissiyası bildirib.
Baş Prokurorluq bildirib ki, zərərçəkmiş şəxslərin kimliyini aşkar etmək üçün onların yaxınlarından qan analizi götürülür.
AZAL-ın məlumatına görə, təyyarədə 62 sərnişin, beş ekipaj üzvü, ümumilikdə 67 nəfər olub.
Kazinform xəbər agentliyi yazıb ki, ilkin məlumata görə, təyyarədə 37 Azərbaycan, 6 Qazaxıstan, 3 Qırğızıstan və 16 Rusiya vətəndaşı olub.
AZAL-dan BBC-yə verilən məlumata görə, Bakıdan Qroznıya uçan təyyarə "dumanlı hava şəraitinə görə Qroznıya eniş edə bilməyib və Qazaxıstanın Aktau şəhərinə tərəf istiqamətlənib".
Aktau yaxınlığında qəzaya uğrayan təyyarənin qara qutusu tapılıb.
Kazinform agentliyi xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat prokurorluğunun nümayəndəsi Timur Süleymanov məlumat verib.
AZAL-ın təyyarəsinin qəzaya uğradığı yerdə yerli fövqəladə vəziyyət tətbiq edilib, Qazaxıstan mediası yazıb.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur