bakida-qoculuq-ictimai-bir-hadise-kimi-arasdirma
Müəllif: Publisist.az /Tarix: 2021-10-07 /Oxunma Sayı: 464

Bakıda qoçuluq ictimai bir hadisə kimi - Araşdırma

Bakıda qoçuluq ictimai bir hadisə kimi, XX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə bağlı yaranmış və yayılmışdır. İri neft sahibkarları özlərini və əmlaklarını qorumaq üçün, ətrafına silahlı adamlar toplayırdılar. Hər bir neft firmasının, milyonçunun öz qoçu dəstəsi vardı. Onların pulu ilə varlanmış qoçular sonralar özləri müstəqil qüvvəyə çevrilmişdilər.

Qoçu sözünün etimologiyası indiyədək müəyyən edilməyib. Lakin, bir rəvayət var ki, nə vaxtsa Bakıya güclü Qoçu adlı bir gənc gəlir və şəhərdə hamını incitməyə başlayır. Heç kəs də onun qabağına çıxa bilmir. O vaxtdan da belə adamlara şəhər sakinləri “qoçu” deyərlərmiş.

Qoçular bəzən şəhərin küçələrində adamları təhdid edirdilər, atışmağa başlayırdılar. Atışmalardan biri 1918-ci il yanvarın 15-də qoçu Nəcəfqulu ilə milyonçu Teymur bəy Aşurbəyov arasında olmuşdu. Aşurbəyov sinəsindən yaralanandan sonra, atışma kəsilmişdi. Küçələrdə isə bir neçə nəfərin meyidi qalmışdı.

Pula ehtiyac hiss etdikdə, qoçular varlıları və ya onların övladlarını tez-tez oğurlayır, pul aldıqdan sonra onları buraxırdılar. Hətta bakılı milyonçu Musa Nağıyev də iki dəfə oğurlanmışdı. Nağıyev xəsis olduğu üçün yanında qoçu saxlamazdı. Qoçular da bunu fürsət bilib, onu oğurlayırdılar. Nağıyevi ikinci dəfə oğurlayanlar Stalinin adamları idi. Partiya xəzinəsi boşaldığı üçün, bolşeviklər belə bir tədbirə əl atmışdılar.

Milyonçular içərisində yalnız Murtuza Muxtarov qoçuların “qənimi” idi. Bir gün qoçu onun kabinetinə girib pul istəyir. Muxtarov onu döyərək “Mən qoçular qoçusuyam” deyir. O gecə həmin qoçu Bakıdan yoxa çıxır.

Buna baxmayaraq, faciəli günlərdə qoçular xalqın yanında idilər. 1918-ci ildə erməni daşnaklarının şəhərə hücum edəcəklərini eşidən qoçular, onların qabağını kəsmişdilər. Ermənilər Bakının cənub kəndlərinə hücüm edəndə, qoçular Bülbülə kəndinin yanındakı gölün ətrafını əhatə edərək, onları Mərdəkan, Binə və Qala kəndlərinə buraxmamışdılar. Qafqaz İslam ordusu Bakıya çatana qədər qoçular şəhəri ermənilərdən qoruyurdular. Bəziləri isə buna görə, türklər tərəfindən titullar ilə mükafatlandırılmışdır.

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur