Nikola Tesla həyat və yaradıcılığı. 1ci hissə
Fizika sahəsində görkəmli alim, elektrotexnika və radiotexnika sahəsində unikal ixtiraların müəllifi, adı əfsanələşmiş Nikola Tesla 1856-cı il iyulun 10-da, o vaxtkı Avstriya imperiyasının (indiki Xorvatiya) Smilyan kəndində dünyaya gəlmişdir. Atası Milutin Tesla (1819-1879) serb provaslav kilsəsinin Sremsk yeparxiyasının (dini inzibati vahid) keşişi idi. Anası Giorgina Tesla keşiş qızı idi. Onların 5 övladı olmuşdur. Nikola ailənin 4-cü övladı idi.
Nikola ibtidai məktəbin birinci sinfini Smilyan kəndində oxumuşdu.1862-ci ildə Nikolanın atasının rütbəsi böyüdülür və ailə Qospiçə köçür. Nikola burada ibtidai məktəbin 3 sinfini oxuyur, sonra üçillik aşağı realni gimnaziyada təhsil alır, 1870-ci ildə oranı bitirir. Həmin ilin payızında Nikola Karlovas şəhərində Ali realni məktəbə daxil olur.1873-cü ilin iyulunda Nikola kamillik attestatı alır. Atasının məsləhətinə baxmayaraq, vəba epidemiyası yayılmış Qospiçə qayıdır və yoluxur (doğrudur, mənbələrdən hələ də aydın deyil ki, bu, həqiqətən də vəbaya yoluxma idimi?). Həkimlər hesab edirdilər ki, Nikola öləcək. Bir az özünə gəldikdən dərhal sonra atasından xahiş edir ki, təhsilini davam etdirməyə icazə versin. Həm də söz verir ki, əgər razılıq alsa, “özü-özünü sağaldacaq, çünki yaşamaq istəyir”.
Bütün ümidlərini itirmiş ata, nəhayət, razılıq verir və onda həkimləri heyrətləndirən hadisə baş verir: Tesla bir neçə günə sağalır. Xəstəlik 9 ay davam etmişdi. Sağalmış Teslanı Avstriya-Macarıstan ordusuna üçillik xidmətə çağırmalı idilər. Qohumları onu kifayət qədər sağlam hesab etmədilər və dağlarda gizlətdilər. O, geriyə yalnız 1875-ci ilin yayında qayıtdı.
Həmin il Nikola Qrasda ali texniki məktəbə (Qras Texniki Universiteti) daxil oldu və burda elektrotexnikanı öyrənməyə başladı. Elektrotexnika mühazirələrində Qrammın maşınının işini müşahidə edən Nikola belə bir fikrə gəlir ki, sabit cərəyan maşını təkmil deyil. Lakin professor Yakov Peşl onun ideyasını kəskin tənqid edir, bütün kurs qarşısında elektrik mühərriklərində dəyişən cərəyanın istifadəsinin mümkünsüzlüyü haqqında mühazirə oxuyarkən Nikolanın ünvanına kəskin tənqidi fikirlər söyləyir. Üçüncü kursda olarkən Nikola qumara qurşanır. Öz xatirələrində Tesla yazırdı ki, onu bu oyuna təhrik edən “təkcə əylənmək istəyi yox, həm də qarşıya qoyduğu məqsəd yolunda uğursuzluqları idi”.
1879-cu il arelin 17-də Nikolanın atası vəfat etdi. Nikola Qospiçə əvvəllər oxuduğu realni gimnaziyaya müəllimliyə düzəldi. Amma burada işləmək onu qane etmirdi. Ailənin gəliri az idi, yalnız iki dayısı Peter və Pavelin maddi dəstəyi ilə Nikola 1880-ci ilin yanvarında Praqaya gedə bildi və burada Praqa Universitetinin fəlsəfə fakültəsinə daxil oldu. O, cəmi bir semestr oxudu və özünə iş axtarmağa məcbur oldu.
1882-ci ilə qədər Nikola Tesla Budapeştdə hökümət teleqraf şirkətində mühəndis-elektrik işlədi. Həmin vaxt şirkət telefon xətlərinin çəkilişi və mərkəzi telefon stansiyalarının tikintisi ilə məşğul olurdu.
1882-ci ilin fevralında Tesla elektrik mühərriklərində fırlanan maqnit sahəsi adlanan hadisəni necə tətbiq etməyi düşündü.
Teleqraf şirkətində iş Teslaya dəyişən cərəyanla işləyən mühərrik yaratmaq fikirlərini həyata keçirməyə imkan vermişdi. 1882-ci ilin sonunda o, Parisdə Kontinental Edison şirkətinə (Continental Edison Company) işə qəbul olundu. Kompaniyanın ən böyük işlərindən biri Strasburqda dəmiryolu vağzalı üçün elektrik stansiyasının tikintisi idi. 1883-cü ildə Tesla Strasburqa köçür və burada elektrik stansiyasının tikintisində yol verilmiş qüsurları aradan qaldrımağı və bir sıra problemləri həll etməyi bacarır. Eyni zamanda o, yeni mühərrikin modeli üzərində işləyir.
1884-cü ilin yazında elektrik stansiyasının tikintisi başa çatır və Tesla Parisə qayıdır və şirkətin mükafat kimi ona 25 min dollar verəcəyini gözləyir. Ona çatacaq mükafatı almağa cəhd edərkən başa düşür ki, bu pulu ona verməyəcəklər və təhqir olunduğunu düşünərək işdən çıxır.
1884-cü il iyulun 6-da Tesla Nyu-Yorka gəlir və Tomas Edisonun şirkətində elektrik mühərriklərinin və sabit cərəyan generatorlarının təmiri üzrə mühəndis kimi işləməyə başlayır.
Edison Teslanın yeni ideyalarını kifayət qədər soyuq qarşlayır və getdikcə ixtiraçının şəxsi axtarşılarına mənfi fikirlərini açıq bildirir. 1885-ci ilin yazında Edison vəd verir ki, əgər Tesla onun yaratıdığı sabit cərəyan elektrik maşının konstruktiv olaraq yaxşılaşdırsa, ona 50 min dollar verəcək (indiki bir milyon dollar). Nikola aktiv olaraq işə başlayır və tezliklə Edisonun maşınının 24 yeni variantını, istismar xassələrini yaxşılaşdıran yeni komutator və tənzimləyici təklif edir. Bütün təkmilləşdirmələri bəyənərək mükafat haqqında olan suala Edison Teslaya rədd cavabı verir və qeyd edir ki, bu mühacir hələ Amerika yumorunu pis bilir. Təhqir olunmuş Tesla dərhal işdən çıxır.
Edisonun kompaniyasında cəmi bir il işləyən Tesla işgüzar dairələrdə məhşurlaşır. Onun işdən çıxmasını bilən elektrotexniklər klubu Teslaya elektrik işqlandırılması ilə məşğul olan şəxsi kompaniyasını qurmağı təklif edirlər. Dəyişən cərəyanın istifadəsi üzrə onun təklifi klub üzvlərini həvəsləndirmir və onlar əvvəlki təkliflərini dəyişərək küçələrin işıqlandırılması üçün qövs lampları yaratmağı təklif edirlər. Bir ildən sonra layihə hazır oldu. Pul əvəzinə sahibkarlar ixtiraçıya yeni lampların istismarı üçün yaradılmış kompaniyanın aksiyalarının bir hissəsini təklif edirlər. Belə variant ixtiraçını təmin etmədi, kompaniya isə ona şər atmağa, nüfuzdan salaraq ondan yaxa qurtarmağa çalışırdı.
1886-cı ilin payzından 1887-ci ilin yazına qədər gənc ixtiraçı yardımçı işlərdə işləməyə məcbur olur. O, xəndəklər qazmaqla məşğul olur, “harda gəldi yatır, nə tapdı yeyir”. Həmin dövrdə Tesla onunla eyni vəziyyətdə olan mühəndis Braunla dostlaşır. Braun özünün bir neçə tanışını razı sala bilir ki, Teslaya kiçik maddi yardım göstərə bilsin. Bu pulla 1887-ci ilin aprelində yaradılmış “Tesla Ark Layt kompani” yeni qövs lampaları ilə küçə işıqlandırmalarını qurmaqla məşğul olurdu. Tezliklə kompaniyanın perspektivliliyi ABŞ-ın digər şəhərlərindən böyük sifarişlərlə təsdiq olundu. İxtiraçının özü üçün isə kompaniya qarşıya qoyduğu məqsədə çatmaq üçün vasitə idi.
1900-cü ildən sonra Tesla texnikanın müxtəlif sahələrində çoxlu sayda ixtiralara patentlər alır.
1914-cü ilin yayında Serbiya Birinci müharibəsinin başlanmasına səbəb olan hadisələrin mərkəzində olur. Tesla Amerikada qalaraq serb ordusu üçün vəsait toplamaqda iştirak edir. Elə həmin vaxt o, super silah yaratmaq haqqında düşünür: “Vaxt gələcək ki, hansısa elm dahisi elə maşın yaradacaq ki, bir hərəkətlə bir və ya bir neçə ordunu məhv edə biləcək”.
1915-ci ildə qəzetlər yazırlar ki, Tesla fizika üzrə Nobel mükafatına namizəd göstərilib. Eyni zamanda Tomas Edisonun da namizədliyi irəli sürülüb. İxtiraçılara təklif olunub ki, mükafatı yarı bölsünlər. Bəzi mənbələrin yazdığına görə, ixtiraçıların qarşılıqlı ədavəti gətirib ona çıxardı ki, hər ikisi ondan imtina etdilər. Həqiqətdə, namizədliyi irəli sürülsə də, 1915-ci ildə Edisona mükafat təklif olunmayıb. Tesla isə ilk dəfə 1937-ci ildə namizəd kimi irəli sürülüb.
1917-ci il mayın 18-də Teslaya Edison medalı verilir (Tesla onu almaqdan qəti imtina etsə də).
Yaşlı vaxtında Teslanı minik maşını vurur, onun qabırğaları sınır. Xəstəlik kəskin ağ ciyər sətəlcəmi yaradır ki, bu da xroniki hala keçir. Tesla yataq xəstəsi olur.
Tesla 1943-cü ilin yanvarın 7-dən 8-ə keçən gecə ürək çatşımazlığından vəfat edir.
Vaqif Abbasov: Dahilərin, müdriklərin və fatehlərin həyat dərsləri.
səh 267-277.
Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur