ermeni-isgali-dovrunde-agdam-ve-fuzulide-meskunlasma-ve-bu-erazilerin-dqr-iqtisadiyyatinda-rolu
Müəllif: Publisist.az /Tarix: 2022-02-23 /Oxunma Sayı: 785

Erməni işğalı dövründə Ağdam və Füzulidə məskunlaşma və bu ərazilərin “DQR” iqtisadiyyatında rolu

Ağdam birinci Qarabağ müharibəsində ən şiddətli döyüşlər gedən və eyni zamanda Azərbaycan Ordusunun ən çox itki verdiyi ərazi kimi tarixə düşüb. Bu rayon ərazisindəki yaşayış məntəqələri keçmiş DQMV-yə daxil olan erməni rayonlarına çox yaxın olduğu üçün strateji və hərbi baxımdan əhəmiyyətli idi. Qarabağın erməni siyasətçiləri 1993-cü ildə Ağdamın işğal edilməsi ilə nəticələnən iyun-iyul əməliyyatlarınını məhz bu amillə izah edirdi. Ağdamın işğalından 6 gün sonra BMT TŞ-nin qəbul etdiyi 853 nömrəli qətnamə ermənilər tərəfindən icra edilmədi.

1994-cü ilin may ayına qədər Ağdam rayonunun təxminən 77 faizi (842 kvadrat kilometr) erməni bölmələrinin işğalı altında qalır. Ağdam rayonunun işğalda olan hissələri müharibə bitdikdən sonra “DQR” inzibati-ərazi vahidinə əsasən 3 yerə bölündü. Xaçınçay su anbarından qərbdə yerləşən kəndlər Mardakert rayonuna, şərqdə yerləşən kəndlər isə Ağdam şəhəri (adı Akna olaraq dəyişdirildi) ilə birlikdə Əsgəran rayonuna, Ağdamın keçmiş DQMV ərazisinə uzanan çıxıntı olan hissəsi Martuni rayonuna verildi.


Əsgəran rayonunun tərkibində olan Ağdam kəndləri

Ağdamın 2 kəndi işğal edildikdən sonra “DQR” inzibati-ərazi vahidinə əsasən Əsgəran rayonuna verilmişdi. Onlardan biri ermənilərin Armenakavan olaraq adını dəyişdirdiyi Xaçındərbətli, digəri isə Uxtasar olaraq dəyişdirilən Şelli idi. Xaçındərbətli kəndindəki erməni əhali burada 2000-ci illərin əvvəllərində yerləşməyə başlayır. 2010-cu ildə ərazidə 75 nəfər yaşayırdı. Erməni mənbələrinə əsasən, müharibə ərəfəsində kəndin 150 nəfər əhalisi vardı. Kənd Xaçınçay su anbarının yaxınlığında yerləşdiyi üçün torpağı münbit və əkinçilik üçün yararlı idi. İşğal dövründə burada kartof, qarğıdalı və lobya əkilirdi. Kənddə tibb məntəqəsi, məktəb mövcuddu. Müharibədən sonra 3 tərəfli bəyanata əsasən, bu kənd Azərbaycanın nəzarətinə qaytarıldı. Noyabr ayında bu kəndi tərk edən erməni əhaliyə təhlükəsizlik məqsədi ilə buradan köçürüldüklərini, əslində kəndin ərazinin erməni nəzarətində qalacağı haqqında məlumat verilmişdi. Fevralın 15-də Azərbaycan MN-in çəkdiyi kadrlar kəndin tamamilə Azərbaycanın nəzarətində olduğunu göstərir.

Ağdamın Əsgəran rayonuna daxil edilən digər yaşayış məntəqəsi isə Qarqar çayı sahilində yerləşən Şelli (ermənilər tərəfindən Uxtasar adlanırdı) kəndi idi. Bu kənd Ağdam rayonunda erməni əhalisinin yaşadığı ən böyük yaşayış məntəqələrindən biri idi. 2010-cu ildə burda 191 nəfər yaşayırdı. Müharibə ərəfəsində isə, erməni mənbələrinə əsasən, kənddə 69 ailə olmaqla ümumi 350-yə yaxın əhalisi olub. 2001-ci ildə qurulan kəndin əhalisini Ermənistandan buraya köçən kəndlilər təşkil edirdi. Ciddi su problemi olan ərazidə əhalinin əsas məşğuliyyəti narçılıq idi. Kənddə 34 nəfər şagirdin təhsil aldığı məktəb, tibb məntəqəsi və internet xətti mövcud idi. Kənddəki su problemini həll etmək üçün müharibə ərəfəsində bura su kəməri çəkilirdi. Bu kəndin də Xaçındərbətli kimi Əsgəran rayonunun tərkibində olması əhalidə ərazinin Azərbaycana verilməyəcəyi ilə bağlı yalnış təsəvvür yaratmışdı. Kənddən çıxan erməni sakin Ovik xatırlayır:“Biz öz kəndimizin taleyindən sona kimi xəbərsizdik. Hamı ümid edirdi ki, Azərbaycana yalnız Ağdam veriləcək. Cəmi iki gün əvvəl Əsgərandan gələn məmurlar bizə əşyalarımızı yığmağı tapşırdılar.”

Əhalinin köçürülməsi prosesini “Kommersant” qəzetinin müxbiri Aleksandr Çernıx da izləyirdi. Onun kənddən çıxarkən burda yaşayan sakin Samvellə dialoqu əhalinin real vəziyyəti bildiyini göstərir: “Avtomobillə hərəkət edərkən kənddən yarım kilometr aralıda alaq otları ilə örtülmüş xarabalıqlardan keçirik. Cavabını mükəmməl bilsəm də, sürücüyə sual verirəm. Ancaq bəzi şeyləri yüksək səslə söyləmək daha yaxşıdır.”

- Bu evlər nədir?
- Bir vaxtlar burada azərbaycanlılar yaşayırdı. Onların kəndi Şelli adlanırdı.
- Bəs onlara nə olub?
- İndi bizim yaşadığımız taleyi yaşayıblar.

Kəndin köçürülməsi təxminən 2 gün davam edir və noyabrın 22-si Azərbaycan əsgərləri Şelliyə daxil olurlar. 16 yanvar 2021-ci ildə isə Azərbaycan MN Şelli kəndinin görüntülərini yayımlayır.
 

Mardakert rayonunun tərkibində olan Ağdam kəndləri

Ağdam işğal olunduqdan sonra bu rayona daxil olan 6 kənd “DQR” inzibati-ərazi vahidinə əsasən Mardakert rayonuna verilmişdi. Bu kəndlər adı Nor-Marağa olaraq dəyişdirilən Qızıl Kəngərli, adı Nor-Aykadjur olaraq dəyişdirilən Boyəhmədli, adı Nor-Karmiravan olaraq dəyişdirilən Papravənd, adı Ovtaşen olaraq dəyişdirilən Əliağalı, adı Nor-Aygestan olaraq dəyişdirilən Mollalar, adı Nor-Cerabert olaraq dəyişdirilən Qalayçılar kəndi idi.[1]

Bu kəndlər arasında ən böyüyü Qızıl Kəngərli (ermənilər tərəfindən Nor-Marağa adlanırdı) idi. Kəndin əhalisini 1992-ci ilin aprelindən Azərbaycanın nəzarətinə keçən Marağa kəndinin (indiki Şıxarx qəsəbəsi, Tərtər) sakinləri təşkil edirdi. Kəndin cənubunda Şahbulaq qalasının yerləşməsi bu ərazini turistik baxımdan vacib bir məntəqəyə çevirmişdi. Bu ərazi ermənilərin DQMV ətrafında məskunlaşdığı ilk kənd idi. Belə ki, kəndin əsası 1995-ci ildə qoyulmuşdu. Kənddəki evlərin bəziləri “Hayastan” fondu tərəfindən tikilmişdi. Kənddə əhalinin məşğuliyyəti əsasən narçılıq və xurmaçılıq idi. Kənd icmasının rəhbəri Roma Karapetyanın sözlərinə görə, kənddə 250 hektar buğda, 150 hektar arpa, 40 hektar qarğıdalı əkilirdi. Kənddə daimi su, internet mövcud idi. 2010-cu ildə bu kənddə 400 nəfər yaşayırdı. Qızıl Kəngərli orta məktəbində uşaqların sayı 84 nəfərə çatırdı. 2020-ci ildə kənddə yeni uşaq bağçasının tikilməsinə başlanılır. Müharibə ərəfəsində burdakı əhalinin sayı 538-ə yüksəlir.

Müharibədən sonra sakinlər bu ərazinin erməni nəzarətində qalacağını düşünmüşdü. Qızıl Kəngərli sakinlərinə noyabr 18-də yaşayış məntəqəsinin Azərbaycana verilməsi ilə bağlı məlumat verilir. Kəndin köçürülməsinə noyabrın 19-u başlandı, əhalinin çoxu mal-qara və donuzları apara bilmədiyi üçün yerindəcə kəsməyə məcbur oldu. Kəndi tərk edərkən bəzi sakinlər hətta evləri də özləri ilə aparırdı. Qızıl Kəngərlidən çıxan erməni sakinlərin bir qismi Ağdərəyə, böyük bir hissəsi Ermənistana, Lori vilayətinə köçür. Kəndin Azərbaycanın nəzarətində olması ilə bağlı rəsmi görüntülər isə dekabrın 12-də  yayımlanır.

Ağdamın Mardakert rayonuna daxil edilən ikinci ən böyük kəndi isə Mollalar (ermənilər tərəfindən Nor-Aygestan adlanırdı) idi. Kəndin əhalisini 1992-ci ilin iyunundan Azərbaycanın nəzarətinə keçən Çaylı kəndinin sakinləri təşkil edirdi. 2001-ci ildə Çaylıdan olan 50 ailə Ağdamın Mollalar kəndində yeni bir kənd - Nor-Aygestanın əsasını qoydular. 2003-cü ildən etibarən kənddə yeni evlərin tikilməsinə başlanılır. 2010-cu ildə kəndin 164 nəfər əhalisi vardı. Yerli əhali əsasən taxılçılıq və tərəvəzçiliklə məşğul olurdu. Kənddə mədəniyyət evi, orta məktəb fəaliyyət göstərirdi. 2015-ci ildə məktəbdə şagirdlərin sayı 42 nəfərə çatmışdı. Burada Çaylı kəndinin Rusiyadakı nümayəndələrinin dəstəyi ilə su kəməri çəkilir, eyni zamanda “DQR” lideri Bako Saakyanın iştirak etdiyi tədbirdə yaşayış məntəqəsində 3 ədəd xaçkar qoyulmuşdu.[2] 2015-ci ildə 89 təsərrüfatı olan kəndin əhalisinin sayı 281 nəfərə yüksəlir. Burada da, digər kəndlərdəki kimi kəndin Azərbaycana verilməsi haqqında əhaliyə 18 noyabrda məlumat verilir. 20 noyabrda Azərbaycanın nəzarətinə keçən kəndin görüntülərini Azərbaycan MN 9 fevral 2021-ci ildə yayımlayır.

Ağdamın Mardakert rayonuna daxil edilən üçüncü ən böyük kəndi isə Əliağalı (ermənilər tərəfindən Ovtaşen adlanırdı) idi. 2000-ci illərin əvvəllərində əsası qoyulmuş kənddə məskunlaşmış əhalinin bir qismini Azərbaycandan kömüş ermənilər təşkil edirdi. Kənddə əsasən Ermənistan erməniləri yaşayırdı. 2010-cu ildə kəndin 260 nəfər əhalisi vardı və onlar əsasən maldarlıqla məşğul olurdu. 2015-ci ildə rəsmi məlumata əsasən, kənddə 83 təsərrüfat mövcuddu və əhalinin sayı 275 nəfərə çatmışdı. Kənddə işğal dövründə televiziya və internet xətti, məktəb fəaliyyət göstərirdi. Kəndin ərazisindən Xaçın çayının keçməsi təsərrüfatla məşğul olmaq üçün imkan yaradırdı. Kənd təsərrüfatında tütünçülük xüsusi yer tuturdu. Kəndin içməli su problemini həll etmək üçün bura Yeni Qaralar-Əliağalı-Mollalar ərazisi üzrə su xətti çəkilmişdi. İkinci Qarabağ müharibəsindən sonra yerli əhaliyə 1 gün ərzində kəndi tərk etmək tələbi qoyulmuşdu. Kəndin icra nümayəndəsi olmuş Ovik Şekyan həmin günü belə xatırlayır: “Azərbaycana veriləcək kəndlərin siyahısında yaşadığımız kəndin adını görmədik. Dünən rayon icra başçısı zəng edib dedi ki, bəd xəbərim var, 1 gün içində kəndi boşaltmalısız. Nar, xurma ağaclarda qalıb. İndi evimə baxıram, nə götürməliyəm, nəyi seçməliyəm?” Kəndin digər sakini Mikael Kafyan xatırlayır: “1 gün içində evi boşaltmalı idik. Məmurlar bizi maşınla təmin etməyə imkan tapmadı ki, mebel, əmlak, mal-qaranı burdan çıxara bilək. Bəziləri piyada olaraq buranı tərk edib. İnsanların heç olmasa əşyalarını götürməsi üçün razılaşma əldə edilməsi mümkün deyildimi?” Kəndi tərk edən sakinlərdən 2 ailə Kiçan kəndində, digərləri isə Ağdərənin müxtəlif kəndlərində məskunlaşıblar. 20 noyabrda Azərbaycanın nəzarətinə keçən kəndin görüntülərini Azərbaycan MN 2021-ci ilin 18 fevralında yayımlayır.

Ağdamın Mardakert rayonuna daxil edilən dördüncü ən böyük kəndi isə Papravənd (ermənilər tərəfindən Nor-Karmiravan adlanırdı) idi. Kəndin əhalisini 1992-ci ilin iyunundan Azərbaycanın nəzarətinə keçən[3] Ağdərə kəndi Karmiravanın (indiki Qızıloba) sakinləri təşkil edirdi. 2001-ci ildə Karmiravan, Levonarx kəndlərini tərk etmiş qaçqınlar Ağdamın Papravənd kəndində Nor-Karmiravan kəndinin əsasını qoydular. Kənddə intensiv şəkildə məskunlaşma prosesi 2004-cü ildə başlayır. Həmin il kənddə bir avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 3 nəfər həlak olmuş, 6 nəfər isə yaralanmışdı. 2010-cu ildə bu kəndin 108 nəfər əhalisi vardı. Yerli əhali əsasən kənd təsərrüfatı, maldarlıq və arıçılıqla məşğul olurdu. 2015-ci ildə kəndə internet çəkilir. Rəsmi məlumata görə, həmin ildə 56 təsərrüfata malik olan kəndin əhalisi 195 nəfərə çatır. Kənddə 16 nəfər şagirdin təhsil aldığı məktəb və artezian quyusu vardı. Papravənd Ağdam ərazisində yolu asfaltlanan yeganə işğal altında olan kəndidi. Ərazidə 2016-cı ildə aparılan arxeoloji qazıntılarda eramızdan əvvəl 1-ci minilliyə aid tapıntılar aşkar edilmişdi. Qazıntılar növbəti illərdə də davam etmiş, 2018-ci ildə buranı Ermənistanın mədəniyyət naziri Lernik Ovanisyan də ziyarət etmişdi. Bu kəndin əhalisi ərazini tərk edəcəyini 16 noyabrda öyrənir. 3 gün ərzində boşaldılan kənddə evlərin böyük hissəsi yandırılır. 20 noyabrda Azərbaycanın nəzarətinə keçən kəndin görüntüləri 11 dekabrda yayımlanır.

Ağdamın Mardakert rayonuna daxil edilən digər kəndi isə Boyəhmədli (ermənilər tərəfindən Nor-Aykadjur adlanırdı) idi. Bu kəndin əhalisini də Ağdərə qaçqınları təşkil edirdi. Nor-Aykadjur erməniləri keçmiş DQMV-yə daxil olan Buruc (indiki Həsənqaya) kəndinin sakinləri idi. Kəndin əsası 2000-ci illərin əvvəlində qoyulur. Boyəhmədli kəndində yeni evlərin tikintisində “Hayastan” fondu da yaxından iştirak edirdi. Boyəhmədli kəndində 2015-ci ildə aparılan arxeoloji qazıntılarda eramızdan əvvəl IX-VIII əsrlərə aid 30-dan çox eksponat aşkarlanmışdı. “DQR”-in iqtisadiyyat nazirinin müavini Sergey Şahverdyan bu kurqanları ermənilərin əcdadları olan Urartu mədəniyyəti olduğunu bildirmişdi. 2014-cü ilə qədər kənddə ciddi su problemi mövcud idi. Çirkli su səbəbi ilə burda yaşayan uşaqların sağlamlığında problemlər vardı. 2014-cü ildə kənddə 30 ailə olmaqla ümumilikdə 107 nəfər yaşayırdı. Boyəhmədli əhalisi əkinçilik və maldarlıqla məşğul olurdu. Xüsusilə narçılıq inkişaf etmişdi. 2015-ci ildə kəndə internet çəkilir. Kənddə məktəb yox idi, 21 şagird kənd icra nümayəndəliyinin binasında təhsil alırdı. Müharibə ərəfəsində Boyəhmədlidə əhalinin sayı sürətlə artaraq 194 nəfərə çatır. Kəndi tərk edən ermənilərin hazırda böyük əksəriyyəti Qarabağın ermənilərin nəzarətində olduğu bölgələrində, əsasən Xankəndidə yaşayırlar. Müharibədən sonra 3 tərəfli bəyanata əsasən kəndin sakinləri 19 noyabrda buranı tərk edir. Tərk edərkən evlərin böyük hissəsi yandırılır. Azərbaycan MN-in 11 dekabrda kənddən yayımladığı kadrlardan bunu müşahidə etmək mümkündür.

Ağdamda ermənilərin yaşadığı ən kiçik kənd isə Qalayçılar (ermənilər tərəfindən Nor-Cerabert adlanırdı) idi. Bu kəndin sakinləri təmas xəttində yerləşən və keçmiş DQMV kəndi olan Cerabert (indiki Çiləbürt) qaçqınları idi. 2000-ci illərin əvvəllərində qurulan Qalayçılar kəndinin 2010-cu ildə 79 nəfər əhalisi vardı. Bu kənd faktiki olaraq Boyəhmədli (Nor-Aykadjur) kəndinin tərkibində sayılırdı. Kəndin 2014-cü ilə qədər elektrik enerjisi yox idi. Həmin il kənd ərazisində elektrik yarımstansiyası quraşdırılır. Açılış tədbirində həmin dövrdə “DQR”-in baş naziri olmuş Arayik Arutyunyan da iştirak etmişdi. Ağdamda elektriklə təmin edilən sonuncu kənd olan Qalayçılara həmin ildə daha 5 ailə köçür. 2015-ci ildə 26 təsərrüfat olan kənddə əhalinin sayı 88 nəfərə çatır. Burda da digər kəndlər kimi əhalinin köçürülməsinə 18 noyabrda başlanmışdı. Kəndin Azərbaycan nəzarətində olduğunu göstərən kadrlar isə 20 fevral 2021-ci ildə yayımlanır.


Ağdamın Martuni rayonunun tərkibinə verilmiş kəndi

Ağdamın bir kəndi isə “DQR” inzibati-ərazi vahidinə əsasən Martuni rayonunun tərkibinə verilmişdi. Ermənilərin I Qarabağ müharibəsi zamanı ələ keçirdiyi (1992-ci ilin sentyabrı) ilk Ağdam kəndi Abdal-Gülablı[4] idi. 1994-cü ildə atəşkəs imzalandıqdan sonra bu ərazidə dərhal məskunlaşma başlayır, 2001-ci ildə isə yaşayış məntəqəsi kənd statusu alır və ermənilər tərəfindən Vazgenaşen adlandırılır. Bu kənddə Ağdamın Mardakert rayonuna daxil edilən kəndlərindən fərqli olaraq erməni qaçqınlar yaşamırdı. 2000-ci illərin əvvəllərində Gülablıda məskunlaşan ermənilər arasında Suriyadan olan 4 erməni ailə də vardı. Onlardan biri olan Yesayi Curyanın ailəsi kəndin Azərbaycana təhvil verildiyi vaxta qədər orda qaldı. Kəndin əhalisi 2001-ci ildən etibarən sürətlə artır. 2004-cü ildə hətta 11 uşağı olan ailə mövcuddu. 2010-cu il statistikasına əsasən, kəndin 263 nəfər əhalisi vardı.

Abdal-Gülablı Ağdamın işğal olunmuş kəndləri arasında qaz xətti çəkilmiş yeganə kənd idi. Kəndə mavi yanacaq 2018-ci ilə “Artsaxqaz” şirkəti tərəfindən çəkilir. Həmin il bundan başqa kəndin daimi su ilə təminatı da həll edilir. Kəndin əhalisi isə əsasən maldarlıqla məşğul olurdu. Kənddə su problemi olduğu üçün əkinçilik zəif inkişaf etmişdi. Əhali bundan başqa yaxınlıqda olan mərmər karxanasında işləyirdi. Kənddə bundan başqa internet və televiziya xətti, tibb məntəqəsi və məktəb vardı. 2018-ci ildə məktəbdə 57 şagird təhsil alırdı. Müharibə ərəfəsində isə 59 təsərrüfatın olduğu kənddə 306 nəfər yaşayırdı.

Kənd cəbhə xəttindən aralı yerləşsə də, burda da atəşkəsin pozulması insan tələfatı ilə nəticələnib. 2016-ci ilin fevralında “İstiqlal” snayperindən açılan atəş zamanı Akop Ambartsumyan adlı çoban həyatını itirmişdi. Yerli əhali də müharibədən sonra ərazinin Martuni rayonuna daxil edildiyini düşünərək kəndi tərk etməmişdi. Əhaliyə ərazinin boşaldılması ilə xəbər gec gəldiyi üçün Azərbaycan bölmələri 20 noyabrda Gülablıya girərkən mülki ermənilərlə rastlaşır. Mülki sakinlərə daha bir gün əmlaklarını yığmaq üçün vaxt verilir, hətta Azərbaycan əsgərləri əşyaların toplanılmasında ermənilərə yardım göstərir. Noyabrın 21-də kəndi tərk edən əhalidən 25 ailə Xocavənd rayonunun erməni nəzarətində olan kəndlərində, 10 ailə Xankəndidə, 5 ailə Xocalı və Şuşakənddə, 25 ailə isə Ermənistanda məskunlaşır. Ermənilərin kəndi tərk etməsindən 3 gün sonra Azərbaycan MN Abdal və Gülablı kəndlərinin görüntülərini yayımlayır.

Beləliklə, Ağdamın Mardakert rayonuna daxil edilən 6 kəndinin təxminən 2 min nəfərdən çox əhalisi, Ağdamın Əsgəran və Martuni rayonuna daxil olan bölgələrindən isə təxminən 700 nəfər 2 gün ərzində buradan köçürüldü. Ağdamın Mardakert rayonuna daxil olan hissəsindən köçürülən sakinlərə “Aurora” fondu 10 min dollar məbləğində yardım edir, digər kəndlərlə bağlı isə erməni mənbələrində hansısa rəsmi məlumat verilmir.


Füzulidəki erməni yaşayış məntəqələri

Birinci Qarabağ müharibəsində Füzulinin 33 faizi (462 kvadrat kilometri) işğal altında qalmışdı. Müharibə dövründə bu regionun işğalı ilə əlaqədar BMT TŞ-nin qəbul etdiyi 874 və 884 nömrəli qətnamələr icra olunmadı. Füzuli rayonu işğal edilən rayonlar arasında ən çox dağıntıya malik qalan regiondu: Füzuli şəhəri və təmas xəttinə yaxın kəndlərdə hərəkətin vizual olaraq izlənilməsi üçün burada hər şey dağıdılmışdı. Ərazi “DQR” tərəfindən hərbi zona elan edilmişdi və buraya insanlar xüsusi icazə ilə buraxılırdı. Füzuli 1993-cü ilin avqustunda işğal edildikdən sonra bölgə “DQR” inzibati-ərazi vahidinə əsasən bir hissəsi Martuni, digər hissəsi isə Hadrut rayonunun tərkibinə verilmişdi. Füzulidə yaşayış olan iki kənd mövcuddu: adı Civani olaraq dəyişdirilən Qacar, digəri isə Hoğa (Üçbulaq). Yaşayış olmayan Divanalılar kəndinin ərazisindən əkinçilik və heyvandarlıq məqsədi ilə istifadə edilirdi.

Füzuli rayonunda ermənilərin məskunlaşdığı ən böyük yaşayış məntəqəsi Qacar kəndi olmuşdu. Bu kənd Birinci Qarabağ müharibəsi zamanı, 1993-cü ilin aprelin 2-də erməni qüvvələri tərəfindən işğal edilmişdi. Qacar kəndinin DQMV-yə yaxınlığı səbəbi ilə burda erməni məskunlaşması daha erkən baş verir. Gürcüstanın Axalkələk və Axısxa bölgəsindən olan erməni ailələri 1999-cu ildə Qacar kəndinə gələrək burda yeni bir kəndin əsasını qoyurlar. Kəndin adını ermənilər Serob Levonyan (ləqəbi Civani idi) adlı erməni aşığın şərəfinə “Civani” adlandırmışdı. Kənddə ilk məskunlaşan Gürcüstan erməniləri olsa da, daha sonra əraziyə Azərbaycandan Ermənistana köçmüş insanlar gəlməyə başlayır. 2013-cü ildə kənddə yaşayan 38 ailədən 11-ini Gürcüstan erməniləri, qalan digər hissəni isə Ermənistan və Azərbaycan erməniləri təşkil edirdi. Kəndin 2010-cu ildə 158 nəfər əhalisi vardı. Müharibə ərəfəsində 40 təsərrüfatın mövcud olduğu kənddə əhalinin sayı 198 nəfərə yüksəlir. 2015-ci il məlumatına əsasən kənddə mədəniyyət evi, tibb məntəqəsi, elektrik, təbii qaz, internet və televiziya xətti mövcud olub. Kənddə əhalinin əsas məşğuliyyəti arıçılıqtərəvəzçilik və maldarlıq idi. Burda yaşayan əhalinin ən böyük sosial problemi isə Qacar kəndi ilə Qırmızı Bazarı birləşdirən yolun pis vəziyyətdə olması idi. Nəqliyyatın olmaması bu yaşayış məntəqəsinin inkişafına mane olmuşdu. Kəndin qəzalı məktəbində 2018-ci ildə 37 nəfər şagird təhsil alırdı. Arayik Arutyunyan, “seçki kampaniyası” zamanı bu kəndin əhalisinə yeni məktəbin tikiləcəyi barədə söz vermişdi. Bu məktəb müharibənin başlanmasından 15 gün əvvəl tamamlanır və təntənəli mərasimlə açılır. 27 sentyabrda başlayan hərbi əməliyyatlarda Azərbaycan bölmələrinin əsas zərbə istiqaməti Füzuli idi. Azərbaycan əsgərləri Qacar kəndinə 22 oktyabrda yaxınlaşır və bu kənd uğrunda 5 gün davam edən döyüşlər başlayır. Qacar kəndi oktyabrın 27-də azad edilir, kəndin rəsmi azad edilməsi xəbəri isə noyabrın 7-də elan olunur. Ərazini tərk edən ermənilərin əksəriyyəti hazırda Qarabağın erməni nəzarətində qalan hissələrində yaşayırlar.

Füzuli rayonunda ermənilərin məskunlaşdığı ikinci yaşayış məntəqəsi isə Hoğa kəndi idi. Bu kənddə 20-ci əsrin əvvəllərində ermənilər yaşayırdı. Bu kənd ərazisində 1918-1920-ci illərdə azərbaycanlılar və ermənilər arasında ciddi toqquşmalar baş vermişdi. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra Hoğa kəndi 1923-1937-ci illərdə DQMV-yə daxil edilmişdi. Hadrut rayonunun tərkibində olan bu kəndin əhalisinin əksəriyyəti ermənilərdən ibarətdi. 1937-ci ildə Füzuli rayonuna daxil edilmiş kənddə əhali nisbəti dəyişməyə başlayır. 1980-ci illərin sonlarında kəndin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edirdi. Düdükçü və Çiraquz kəndlərinin ətrafında yerləşən bu kənddə 1988-ci ilin sonundan etibarən toqquşmalar başlayır. Hoğa kəndi 1992-ci ilin martın 31-i 1 Azərbaycan əsgərinin həlak olduğu, 7 əsgərin isə yaralandığı döyüşdən sonra Manvel Qriqoryanın rəhbərlik etdiyi erməni dəstəsi tərəfindən işğal edilir. 3 gün sonra Azərbaycan bölmələri kəndi yenidən ələ keçirmək üçün uğursuz bir həmləyə cəhd edir. Kəndin işğaından 1 ay sonra, 1992-ci ilin aprelin 29-da yaşayış məntəqəsinin adı Azərbaycan Ali Sovetinin qərarı ilə dəyişdirilərək Üçbulaq adlandırılır. 1992-ci ilin yay hücumlarında Azərbaycan bölmələri kəndi geri qaytarmaq üçün bir neçə cəhd etsə də, bu həmlələr uğursuzluqla nəticələnir. Atəşkəs imzalandıqdan sonra əraziyə ermənilər yerləşməyə başlayır. Kəndin adı isə Hogher olaraq dəyişdirilir. Kənddə işğal dönəmində çox az əhali məskunlaşmışdı. Müharibə zamanı böyük ziyan dəyən kəndə minimal sayda insan gəlir. 2005-ci ilin statistikasına əsasən, Üçbulaqda 4 nəfər yaşayırdı. 2010-cu il məlumatına əsasən isə kənddə ümumiyyətlə heç kəsin yaşamadığı qeyd edilir. 2016-ci ildə isə kənddə iki ahıl şəxsin yaşadığı barədə görüntülər ortaya çıxmışdı. 27 sentyabrda başlayan əməliyyatlar zamanı Üçbulaq kəndi və ətraf əraziləri Azərbaycan bölmələri “Hadrut əməliyyatı” ilə ələ keçirir. Kəndin görüntüləri isə 2021-ci ilin martın 2-də yayımlanır.


Ağdam və Füzulinin “DQR” iqtisadiyyatında rolu

1994-2019-cu illərdə Füzulidən fərqli olaraq, Ağdamın keçmiş DQMV-yə yaxın olan bölgələrində həm yaşayış, həm də kənd təsərrüfatı intensiv inkişaf edirdi. Xüsusilə də, 2000-ci illərdən etibarən ətraf rayonlarla bağlı düşüncənin tamamilə dəyişməsi, 2006-cı ildə “DQR”-in yeni qəbul edilmiş konstitusiyasında Ağdam və Füzuli daxil olmaqla digər işğal edilmiş ərazilər üzərində yurisdiksiyanın “DQR”-in səlahiyyətində tanınması ilə məskunlaşma və kənd təsərrüfatı sahəsində böyümə sürətlə artmağa başladı. 2001-ci ildə parlamentdə çıxışı zamanı müdafiə naziri Serj Sərkisyanın “Ağdam, mənim vətənim deyil” ifadəsi onun hakimiyyətdə olduğu növbəti illərdə unuduldu.

Ağdam ərazisində həyata keçirilən ən böyük layihə Ağdərə ilə Xankəndini birləşdirən yol çəkilişi idi. Bu layihənin çəkilməsi ilə Xankəndidən Ağdərəyə gedən yol təxminən 35 km qısalmışdı. Ağdam rayonu ərazisində işğal dövründə adətən taxıl, nar, qarpız, tütün, soğan və kartof əkilirdi. 2014-cü ildə ilk olaraq Ağdamın Gülablı kəndində tütün fabriki açılmışdı. 2014-cü ildə “DQR”-in kənd təsərrüfatı naziri Andranik Xaçatryan Ağdam rayonunda tərəvəzçiliyin artırılması üçün əraziyə torpaq sahiblərinin cəlb edilməsi ilə bağlı layihə təqdim edir. Bunun üçün torpaq istifadəçilərinə faizsiz kredit şəklində gübrə, toxum və pestisidlər verilirdi. 2015-ci ildə Ağdam rayonu ərazisində 2650 hektar ərazidə payızlıq buğda, 1000 hektar ərazidə arpa, 635 hektar ərazidə isə qarğıdalı əkilmişdi. Fermerlər məhsulun 2014-cü illə müqayisədə xeyli yüksək olduğunu, hər hektarda orta məhsuldarlığın 28 sentnerə çatdığını bildirirdi. Həmin il Əsgəran rayonunun icra hakimiyyəti başçısının müavini Samvel Hayriyan ümumi rayonda olan 22 kombayndan 19-nun Ağdamda işlədiyini bildirir. Bu da Əsgəran rayonu üzrə taxılın 95 faizinin Ağdam sektorunda əkildiyi anlamına gəlirdi. Bundan başqa, Ağdam ərazisindən narçılıq məqsədi ilə də istifadə edilirdi. 2017-ci ildə Qarabağa səfəri zaman Ermənistanın baş naziri Karen Karapetyan Qarabağda 200 hektar sahədə nar bağları salmaq niyyətində olduğunu bəyan etmişdi. Narçılıq üçün xüsusilə Şelli kəndi seçilmişdi. Bunun üçün bu əraziyə su kəmərinin çəkilməsi planlaşdırılırdı. Ağdamda bundan başqa göy soğan və kartof əkilirdi, qarpızçılıq da inkişaf edirdi.

2020-ci ilin mart ayında Arayik Arutyunyan “prezident” seçildikdən sonra Ağdamda da bəzi tədbirlər həyata keçirməyə başlayır. İyunun 12-də Ağdama səfər edən Arutyunyan taxıl biçini prosesi ilə tanış olur və burda keçirdiyi müşavirədə qısa müddətdə əraziyə yeni su kəmərlərinin çəkiləcəyini bildirir. Sentyabrın 13-də Ağdama səfəri zamanı isə Arutyunyan Dağlıq Qarabağ ətrafındakı rayonlarla bağlı daha qəti açıqlamaları ilə yadda qaldı: “Əziz həmvətənlər! 1997-ci ildə o dövrün hakimiyyət dairələri Dağlıq Qarabağ münaqişəsinin ərazi güzəştləri yolu ilə həllini müzakirə edəndə mən də bankda əmlakımı girov qoyaraq Ağdamda bağçılıqla məşğul olan bir neçə nəfərdən biri idim. Bu addım müharibənin sarsıntılarından sağ çıxan 24 yaşlı gəncin özünəməxsus reaksiyası idi. Bəli, Ağdam Stepanakert, Şuşa, Laçın, Kəlbəcər kimi bizim vətənimizdir. Mən Ağdamdakı öz bağımdan bu bəyanatı verirəm. Dövlət dəstəyi ilə bütün Ağdam böyük bir bağa çevrilməlidir. Bu, bizim bugünkü gündəliyimizdə duran əsas məsələdir və biz onu rəhbər tutmaq üçün artıq fəal addımlar atmağa başlamışıq.”

Həmin il ətraf rayonlarda məskunlaşmanın daha da intensivləşdirilməsi üçün “DQR” büdcəsindən 800 min dollar vəsait ayrılır. 2019-cu ildə isə “DQR” rəhbərliyi artıq dağıdılmış Füzuli rayonu ərazisində yeni qəsəbələr salmaq və kənd təsərrüfatı torpaqlarından istifadə üçün yeni planları açıqlayır. Lakin bütün bunlar müharibənin baş verməsi ilə yarımçıq qalır.

 


[1] Azərbaycana verilən Nor-Seysulan(Yeni Qaralar) kəndi keçmiş DQMV ərazisi olub. Bu kənd 3 tərəfli bəyanata əsasən Azərbaycana verilən yeganə Ağdərə kəndi idi.

[2] Həmin 3 xaçkar kəndin Azərbaycana təhvil verilməsindən sonra “Yerablur”-a aparılır.

[3] Bu döyüşlərdə Şamil Basayevin rəhbərlik etdiyi çeçen dəstəsi də iştirak etmişdi.

[4] Abdal kəndi Sovet dövründə faktiki olaraq Gülablı kəndi daxilində idi. Müstəqillikdən sonra Abdal Gülablı inzibati ərazisində daxil olan ayrıca kənd kimi qeydiyyata alınıb. https://www.stat.gov.az/menu/5/source/Inzibati_tes.pdf

 

Mənbə: https://top-center.org/az 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur