ideal-dovletde-komediya-ciddi-nezaret-altinda-olmalidir
Müəllif: Publisist.az /Tarix: 2021-02-02 /Oxunma Sayı: 491

” İdeal dövlətdə komediya ciddi nəzarət altında olmalıdır”

Incəsənətin hər bir tarixi dövrün ən aydın güzgüsü olduğunu qəbul etsək, o zaman xüsusən antik və orta əsr insanının bu güzgüyə ifadəsiz, əzab dolu, kədərli və sərt cizgilərlə tamaşa etdiyini deyə bilərik. Bunun ən bariz izlərinə heykəltaraşlıq sənətində rast gəlmək olar. Bəs bəşəriyyəti gülüşdən uzaq salan, ciddiliyin sərt görkəminə bu qədər sürükləyən nə idi?
Bəlkə, antik dövrün insanını kölgə kimi izləyərək ona heç bir çıxış yolu buraxmayan, məşum taleyiylə çarəsizcə barışmağa məcbur edən moyralar (tale ilahələri) günahkar idilər? O dövrdə ki, gülüş bədəni nəzarətdən çıxaran, ləyaqət və hörmətdən salan vasitə olaraq göstərilirdi. Hətta antik incəsəntdə yer alan arxaik təbəssümün, attik komediyaların, xeyirin sonda şəri məğlub etməsindən doğan Dionis şənliklərinin mövcudluğu belə yumorun qəbul edilməmə ideyasına kölgə sala bilməmişdi.

Sonralar, orta əsr dönəmində mizah kilsənin nəzarəti altında istifadə olunmuşdur. Hətta dövrün digər təktanrılı dinlərində də gülüşün istifadəsinə olan normalara rast gəlmək olar.

Dünyada müşriklər istehza ilə möminlərə gülmüşdülər, axirətdə isə gülmə sırası möminlərə gələcək (Mutəffifîn, çəkidə və ölçüdə aldadanlar 83/29-36) və o gün bir çox üzlər gülərkən, bir çox üzləri kədər zülmət bürüyəcəkdir. (Əbəsə, 80/38-41)

Rusiyalı filosof və tənqidçi Mixayıl Baxtin isə yazırdı ki, orta əsrlərdə gülüş bütün ideologiya sahələrindən uzaq və ictimai münasibətlərin bütün rəsmi formalarından kənarda qalmışdı. Bəlkə də, elə bu səbəbdən həmin dövr sonralar tarixdə qaranlıq dövr olaraq xatırlanacaqdı?!
Sualların bu qədər çox olması isə ta qədim zamanlardan müasir dövrədək gülməyə çox ciddi fəlsəfi mövzu olaraq yanaşılmayıb araşdırılmamasından irəli gəlir. Görünür “dünya, kainat, zaman, mən kiməm, nə üçün lazımam” kimi mürəkkəb, ciddi suallar üzərində düşünən filosofların gülməyə vaxtı qalmamışdı.
Lakin xoşbəxtlikdən belə yumorlu filosoflar da az deyildi. Müasir dövrdə onların düşüncələri gülüşün 3 nəzəriyyəsinin (üstülük, uyumsuzluq, rahatlanma) əsasını formalaşdırdı.

Zarafat yoxsa təkəbbür?

Məşhur yunan filosofu və Aristotelin müəllimi olan Platonun sözlərinə görə zarafat edən insanlar özləri ilə öyünərək başqalarını lağa qoymağa çalışır, əxlaq kodekslərini ləkələyir. “Dövlət” əsərində o yazırdı:

 Ideal dövlətdə komediya ciddi nəzarət altında olmalıdır”.

Bundan başqa önəmli məsələlər ciddiyə alınmadıqda cəhalətin artdığı, lağlağı, qeybət və zarafatların insanlar arasındakı düşmənçiliyə yol açdığı göstərilmişdir. Beləliklə, Platona görə qəhqəhə bizdən daha zəif hesab etdiklərimiz üzərində üstünlüyə sahib olduğumuzu vurğulayan anlıq zəfər göstəricisidir. Üstünlük nəzəriyyəsinin mahiyyəti də elə buradan qaynaqlanır.
Lakin unutmaq olmaz ki, başqalarına gülmək özümüzə gülməkdən daha çox rastlanan haldır. Bəlkə də, belə daha asan olduğu üçün?
Digər nəzəriyyələrdən biri isə uyumsuzluqdur. Belə ki, yaşadığımız nizamlı dünyada əşyalar, xassələr arasında müəyyən bir qanunauyğunluq vardır. Bu mənzərəyə, gözləntilərimizə uymayan hallarla qarşılaşdıqda gülməyə başlayırıq.

Henri Berqsonun 1900-cü ildə qələmə aldığı “Gülüş” əsəri isə bu baxımdan önəmli əhəmiyyətə malikdir. O yazır:

“Özünü digərlərindən kənarlaşdıran hər kəs tənə edilmə riskiylə qarşı-qarşıyadır”.

Gülünc olan çox zaman burada ortaya çıxır-cəmiyyətin adətlərinə, fikirlərinə, önyarğılarına bağlı olmadıqda…
Məsələn, hər kəsin göz yaşı tökdüyü bir vəzdə niyə ağlamadığı soruşulan bir adam belə cavab verir: “Mən bu camaatdan deyiləm”.
Şarl Bodler isə gülüşü əsasən ən böyük uyumsuz olan dəlilərə məxsus davranış kimi göstərir. Onların əksəriyyəti həddən ziyadə inkişaf etmiş üstünlük duyğusuna sahibdirlər. Dəlilərin əksində dayanan müdriklər isə əsla ehtiyatsız şəkildə, boşuna gülməzlər.

“Müdrik insanın gülüşü ürkəkdir”.

Gülmək təbiətinə dair ən vacib dərslərdən biri isə Zen Buddizmindən gəlir. Zen ənənəsi bizə öyrədir ki, maariflənmək, aydınlanmaq üçün təkcə maddi şeylərdən deyil, həmçinin mənəvi, xüsusən də özümüzə, eqolarımıza olan yanlış bağlılıqdan qurtulmalıyıq. Beləlikə, özünü yumorla qəbul edən şəxs, yaşadığı digər cəfəngiyyatlara və uyğunsuzluqlara da asanlıqla güləcək. Bəşəriyyəti, dünyanı əzaba çevirən bütün axmaqlıqlara…
Zen inəsənətində hətta rahiblərin gülünclüyünü əks etdirən karikaturalara də rast gəlmək olar. Məsələn, meditasıyanın önəmini vurğulayan rahibə “Əgər meditasiya edirmişcəsinə oturaraq Budda olunursa, onda bütün qurbağalar Buddadır” , deyə qorxmadan cavab verilir.

” İnsanlar həyatda o qədər əzab çəkmişlər ki, canlılar arasında yalnız onlar, gülməyi kəşf etmək məcburiyyətində qalmışdır”. (Nitsşe)

Özünün “absurd” adlı məqaləsində Tomas Negel insanların həyatda qarşılaşdıqları bir çox absurd vəziyyət olduğunu göstərir. Ideallar və reallıq arasındakı uçurumdan xilas yolu kimi çox zaman istəkləri dəyişdirmək, ya da vəziyyətdən çıxış üçün absurdu yox etməyə cəhd edildiyini bildirir. Lakin nəticədə çox zaman heçnə dəyişmir. Bu səbəbdən mübahisənin yetkin və sağlam yol olmadığını irəli sürərək kədər və ümidsizlikdən daha çox gülüş, istehza və yumoru dəstəkləyir.

“Sivilizasiyanın mövcud olmadığı yerlərdə komediyaya rast gəlinməz”.

Mediyanın ortaya çıxaraq təsir gücünü artırması nəticəsində isə mizah bir güc, silah halına gəlməyə başladı. Komediya iqtidar üçün təkcə anarxik meyilə səbəb olmadı, o həm də əzab və ölüm kimi vacib məsələlərə işıq saldığına görə sinifləri idarə edən bəzi məhkəmə sanksiyalarının gücünü artırdı.

Dərman hər zaman ən yaxşı ideya olmaya bilər.

Mizahın əqli bir ünsür olduğu isə ilk dəfə 15-ci əsrdə qəbul edili. Lakin hələ 13-cü əsrdə onun şəfaverici gücünün olması qənaətinə gəlinmiş, stresin, təzyiqin aradan qaldırılmasında cərrahi müdaxilələr üçün anestezi olaraq istifadə olunduğu məlum olmuşdur. Onun həmçinin həzm sistemini də yaxşılaşdırdığını öyrənən yüksək iqtidar sahibləri, krallar şənlik məclislərinə tərxəklər çağırardılar .
Unutmaq olmaz ki, qəhqəhə beyində dopamin (xoşbəxtlik hormonu) istehsalını da artırır. Bu hormonlar öyrənməyə vasitəçilik edən sinir mexanizmlərini sürətləndirmə potensialına malikdir. Nəticədə isə daha çevik və yaradıcı zehnə, güclü diqqət və yaddaşa sahib oluruq.
Gülüş insanlararası gərginliyi kəsib ataraq həm bütün sosial fərqləri aradan qaldırır, həm də digər canlılarla vahid dil yaratmağımıza, dostluq qurmağımıza kömək edir.

“Kəndli şərabı qurtuldadıb içə-içə qəhqəhə çəkib gülərkən, özünü ağa sandı, çünki fikrində kəndli-ağa münasibətlərini alt-üst etmişdir. Gülüş müvəqqəti olaraq kəndlini qorxudan xilas etmişdi”.(” Qızılgülün adı” romanından)

Freyd isə gülüşü şüuraltı proseslərlə əlaqəndirərək onu istəmsiz, anidən ortaya çıxan psixoanalizm tapmacası olaraq təsvir edirdi. Elə bu səbəbdən çox zaman əvvəlcədən düşünülüb hazırlanan zarafarlara gülmürük.
O həmçinin gülməyi öyrənmək, özünü gülünc görməkdən yaranan yetkinliq olaraq təsvir etmişdi. Depressiya və paranoya kimi ruhi xəstəliklərdən əziyyət çəkən insanlar isə adətən çox sərt bir super eqoya sahibdirlər. Bu səbəbdən yumoru tanıya və qiymətləndirmək iqtidarında deyildirlər.
Freydin fikirləri gülüşün üçüncü-rahatlanma nəzəriyyəsinin əsasına çevrildi. Beləliklə, gülərək stresdən, yüksək təzyiqdən uzaq olan bizlər rahatlıq tapmağa başlayırıq.

Kosmik zarafat?

Müasir araşdırmalar bizə yumor haqqında daha geniş məlumatlar verir. Məsələn, araşdırmalara görə uşaqlar gündə təxminən 300 dəfə güldüyü halda, rəqəmlər yaş artıqca azalmağa başlayır və nəticədə yetişkinlərdə 20 dəfə olduğu ortaya çıxır.

Peşəsinin həddən ziyadə ciddi, yumorsuz görünməsinə baxmayaraq Albert Eynşteyn öz ibtidai təbbəssümünü heç vaxt itirməmiş, ixtirasını, yaradıcılıq və zəkasını yumora borclu olduğunu bildirmişdi. Uşaqlıqdan bəri sahib olduğu bu yumor dünyaya maraq və məsumluqla baxa bilməsinə, heç vaxt təəccüb qabiliyyətini itirməməsinə səbəb olmuşdu.

Əfsanəyə görə Parmenid, Trofoniosun mağarasında gülmə qabiliyyətini itirmiş, ancaq Delos adasında tanrı Lettanın biçimsiz heykəlini görüncə yenidən gülməyə başlamışdır, eynisi mənim də başıma gəldi. Gənçkən Trofoniosun mağarasında gülməyi unutdum; yaşlanınca gözlərimi açdım, həqiqəti gördüm və o an başladım, o zamandan bu yanadır gülürəm. (Soren Kierkaqard)

Faciələrdən hər birimiz öz payımızı alırıq, lakin gülüş bizə cəsarətlə, fəlsəfi şəkildə, böyük bir mənzərəyə baxmağa, gerçəkləri qəbullanmağa imkan verir. Həm kim bilir dünya, bəlkə də, ilahi gülüşdən yaranmışdı?

Mənbə:

  1. https://plato.stanford.edu/entries/humor/
  2. https://philosophynow.org/issues/111/The_Nature_of_Laughing_at_Ourselves
  3. Umberto Eko “Gülün adı”
  4. https://philosophynow.org/issues/80/Laughter_is_a_Time_Machine
  5. http://www.birikimdergisi.com/birikim-yazi/3891/toplumsal-elestiri-soylemi-olarak-mizah-ve-gulmece#.XchxdhiEY0M
  6. https://www.laughteronlineuniversity.com/smiling-buddha/
  7. https://www.eurozine.com/why-is-laughter-almost-non-existent-in-ancient-greek-sculpture/

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur