skot-momadey-yagisli-daga-geden-yol-eserinden-parca
Müəllif: Publisist.az /Tarix: 2021-03-30 /Oxunma Sayı: 471

SKOT MOMADEY – “YAĞIŞLI DAĞA GEDƏN YOL” ƏSƏRİNDƏN PARÇA

Skot Momadey – Amerikalı romançı, esseist, şair. Onun “Sübh şəfəqindən tikilən ev” əsəri 1969-cu ildə Ədəbiyyat üzrə Pulitser mükafatına layiq görülüb. Momadey 60-cı illər “Yerli Amerika İntibah” hərəkatının ən tanınmış simalarındandır. Hərəkat ağların meynstrim ədəbi mühitində hindu, yerli Amerika yazıçılarının da əsərlərinin tanınmasında mühüm rol oynayıb.


Skot Momadey  – “Yağışlı dağa gedən yol” əsərindən parça

Nənəm dünyasını dəyişdiyindən mən indi ancaq onun hərəkətlərini, özünəməxsus yerişini, duruşunu xatırlaya bilirəm: qış səhəri odun sobasının yanında dayanıb əti böyük dəmir tavanın içində bişirməyi, muncuqlu haşiyəsinin üzərinə əyilib cənuba baxan pəncərələrin yanında oturmağı və sonralar görmə qabiliyyətini itirəndə əllərininin qırışıyla oynamağı, yaşlananda çəliklə asta-asta yeriməyi, dua etməyi tez-tez gözlərimin qarşısında canlanır. Lakin, mən onu ən çox ibadət edərkən xatırlayıram: ümid və acıyla yoğrulan uzun, rabitəsiz dualar. Heç onun pıçıldadığı sözləri eşidib-eşitmədiyim də yadımda deyil. Bircə bilirəm ki, sözlərin yoldaşlığı, bir-birini izləməyi inanılmaz dərəcədə qeyri-adi idi. Sonuncu dəfə mən onu görəndə gecə yatağının yanında yarıçılpaq dayanıb dua edirdi. Lampanın gur işığı isə onun bədənində gəzirdi. Daima yığılı və uzun qara saçları sinəsini və çiynini şal kimi örtmüşdü. Kiova dilini bilmədiyimdən onun dediklərini başa düşməsəm də, ancaq səsindəki anadangəlmə  kədəri, ya da sözlərdəki hecalarda məyusluq və ümidsizliyə qərq olan tərəddüdü, qətiyyətsizliyi hiss edirdim. O, yüksələn və alçalan səs ahəngiylə nəfəsini susdurana qədər yorur, sonra dəfələrlə elə həmin gərginliklə eyni şeyi təkrarlayırdı. Sanki, səsində tələsən insanlara məxsus bir həyəcan, qorxu var idi. Otağın kölgələri arasında rəqs edən işıqda o zamanın xaricində yaşayan əbədi bir varlığa dönüşmüşdü. Ancaq, bu illuziyadan başqa bir şey deyildi və mən bütün gördüklərimi unutmalıydım.  

Düzənliklərə keşik çəkən evlər özündə bütöv bir əsrin izlərini daşıyır. Onlar havanı müşahidə edən qədim Kiova nəzarətçilərinə bənzəyir. Kif basmış taxtalar yağış və küləyin təsirindən çürüyüb sarı-boz rəng alır, paslanmış mismarlar isə qırmızıya çevrilir. İşıqkeçirməz pəncərə şüşələrindən sonsuz bir boşluğa tamaşa edirsən və sənə elə gəlir ki, indicə həmin zülmət boşluğun dərinliklərindən ruhlar peyda olacaq. Və bu ruhlar səmada məskunlaşdığından nə qədər yaxınlaşsan da, onlara toxuna bilməyəcəksən. Çünki evləri uzaqlarda, əlçatmaz yerlərdədir. 

Bir zamanlar nənəmin evi çox səs küylü olardı; gələnlər, gedənlər, qonaqlıqlar, söhbətlər. Xüsusilə də, hamının həyəcanla gözlədiyi yaxınların, tanış-tunuşun, qohumların görüşü yay aylarına təsadüf edirdi. Çünki, kiovalılar yay insanları idi. Soyuqlar düşəndə qınlarına çəkilib gizlənər, fəsil dəyişəndə isə torpağı qızdıran, ona həyat verən günəş ilahəsinə olan sevgiləri onları yenidən təbiətə qaytarırdı. Mən balaca olanda nənəmə baş çəkən qoca ziyarətçilər bir dəri bir sümük olan ağır sısqa bədənlərini dikəldib onun qarşısında dayanardılar. Onlar böyük  qara papaqlar və küləkdə yırğalanan parıltılı geniş köynəklər geyinərdilər. Saçlarına yağ sürtər, hörüklərinə isə rəngli parçalardan lentlər sarıyardılar. Boyanmış üzlərində indi doğma olan köhnə ədavətlərinin izlərini-çapıqlarını gəzdirərdilər. Onlar kim olduqlarını xatırlatmağa və xatırlanmağa gələn qədim döyüşçülər nəsli idi. Arvadları və qızları bu döyüşçələrə yaxşı qulluq edirdi. Qulluqlarının əvəzində isə əylənər, çoxlu qeybət edərdilər. Jestlərlə, mimikalarla, qorxu və həyəcanla dolu uzun, səs-küylü söhbətlər. Çöldə çiyinlərinə saçaqlı və güllü şal salıb parıltılı, muncuqlu bər-bəzək, alman gümüşü taxardılar. Evdə isə günlərinin çoxunu mətbəxdə keçirən bu qadınlar bütöv bir qonaqlığı doyuzduracaq yeməklər bişirərdilər. Tez-tez dua yığıncaqları və böyük gecə şənlikləri təşkil olunardı. Mən də qohumlarımla lampa işığının düşdüyü yerdə qaranlıq gecəyə yayılan yaşlı insanların oxuduğu mahnıların sədaları altında oyunlar oynayardım. Çoxlu dadlı yemək, həyəcan, gülüş də bu yığıncaqlardan əksik olmazdı. Sakitlik çökəndə nənəmin yanında uzanıb çayın yaxınlığındakı qurbağaların qurultusuna qulaq asar, havanın tərpənişini hiss edərdim.

İndi nənəmin evində cənazə sükutu hökm sürür. Bircə son nəfəsində pıçıldadığı yuxusu ərşə çəkilən sözlərdən başqa hər şey səssiz idi. Sanki, divarlar da bir-birini sıxıb kiçiltmişdi. Yayda ora qayıdanda bu evin necə də balaca olduğunun şahidi oldum. Gecəyarısı idi, səmada bədirlənmiş ay görünürdü. Mən uzun müddət mətbəx qapısının yanındakı daş pilləkəndə oturdum. Buradan bütün ərazi: çay boyunca uzanan ağac cərgələri, hamar düzənliklərin üzərindəki zəif işıq və böyük ayı bürcünün ulduzları gözünün qarşısında canlanır. Bir dəfə aya baxanda qəribə bir şey gördüm. Məndən bir neçə qarış uzaqda məhəccərin üstünə cırcırama qonmuşdu. Sanki, bu məxluq fosilə çevrilib ayın üzərinə həkk olunmuşdu. Bəlkə də, oraya yaşamaq və ya ölmək üçün getmişdi. Ancaq, onun balaca təsviri bütün yeri-göyü sonsuz və əbədi bir sistemdə birləşdirirdi. 

Növbəti gün dan yeri söküləndə oyandım və yağışlı dağa gedən torpaq yola çıxdım. Artıq istilər düşmüş, çəyirtkələr havanı doldurmağa başlamışdı. Ancaq, hələ də səhər erkən idi və quşlar yarpaqların kölgəsində öz nəğmələrini oxuyurdu. Dağdakı uzun, sarı otlar gün işığında parıldayır, göydə süzən çəngəlquyruq isə harasa tələsirdi. Orada olmalı olduğu yerdə, uzun və əfsanəvi yolun sonunda nənəmin məzarı yerləşir. Hər tərəfdə qara daşların üstündə babalarımızın adlarına rast gəlirsən. Arxaya çevrilib nəzər salanda dağı gördüm və ordan uzaqlaşdım. 

 

Tərcümə: Sonası Vəliyeva

Mənbə: artlogos.az 

Paylaş:

  1. Publisist.az saytı müəllifin subyektiv təxəyyülü fonunda cəmiyyətin aktual problemlərinə toxunur