Karyera Seçimi Zamanı Nələrə Diqqət etməliyik?
“Böyüyəndə nə olmaq istəyirsən?” – inanıram ki, bu sual bir çoxumuza tanışdır. Uşaqlıq dövrümüzdə bizə verilən bu sual zaman keçdikcə özünü başqa suallarla ilə əvəz etdi. Məsələn, – “Bilirsən böyüyəndə nə olmağıvı istəyirəm?” kimi.
Karyera seçimi günümüzün ən aktual problemlərindən biridir. Zənnimcə bu anlayış bizlərə orta məktəb dövründən təlqin olunmalı və bunun nə qədər həyati əhəmiyyətli bir mövzu olması bizlərə müəllimlərimiz, ən əsası da valdeynlərimiz tərəfindən izah olunmalı idi. Təəssüflər olsun ki, biz düzgün karyera seçiminin nə qədər mühim olduğunu yalnız universiteti başa vurana yaxın anlayırıq, bəzilərimiz isə daha gec. Mən az yaşlı olanda valdeynlərim ilk öncə, – “Sən jurnalist olacaqsan”, daha sonra – “Sən həkim olacaqsan” və ən sonunda,- “Sən səfir olacaqsan” deyib məni bu istiqamətdə təhsil almağıma səbəb oldular. Nəticədə mənə qalan isə itiridiyim, qeyri-məhsuldar və heç bir yararı olmayan 4 il və üzünü belə açmadığım bir diplom oldu. Bəzən insan valdeynlərini də günahlandıra bilmir. Postsovet ölkəsi olan Azərbaycanımız və hələ də o dövrün psixologiyasının təsiri altında olan cəmiyyət.
Artıq olan oldu və keçdi getdi. İndi isə gəlin düzəldə biləcəyimiz nüanslara fokuslanaq.
Sevdiyimiz işin nə olduğunu özümüz üçün araşdırıb tapmaq görməli olduğumuz ilk iş olmalıdır. Araşdırma zamanı isə günümüzün reallıqlarını nəzərə almalıyıq. Reallıq dedikdə sevdiyimiz iş üzrə öz gücümüzə çalışmaq şansımızın olub-olmamasını nəzərdə tuturam. Məsələn, mən Regionşünaslıq fakultəsini nə zamansa səfirlikdə çalışacam ümidi ilə oxudum, amma reallıq bu işdə çalışmaq üçün təhsildən daha çoxunun lazım olması idi.
Sevdiyiniz və tapa biləcəyiniz işi özünüz üçün müəyyənləşdirməyin yeganə yolu fərqli sahələrdə özünüzü yoxlamaqdır. Bir neçə ixtisasa marağınız varsa, məsələn, İnsan Resursları, Marketinq və İT bu sahələrdə özünüzü yoxlamağa çalışın. Bir neçə il kifayət edəcək ki, həmin işdə özünüzü görüb-görməməyiniz sizin üçün aydın olsun. Bəli, deyə bilərsiniz ki, – “Axı təcrübəm yoxdur, bu sahədə kimdir mənə iş verən?!”. Bu yanaşma bizi bir yerə aparmayacaq. Baxış açınızı dəyişin və necə iş tapa biləcəyinizə köklənin. Sizin üçün bu mərhələdə vacin olan təcrübə qazanmaqdır, ödənişsiz olsa da belə. Bütün imkanlardan maksimum dərəcədə yararlanmaq lazımdır. Əlinizdə profesional insanların eləcə də şirkətlərin qeydiyyatdan keçdiyi Linkedin kimi bir platforma var. Bu platformada siz doğru insanlarla bağlantı qurub, onlara düzgün şəkildə yazıb müsbət cavablar ala bilərsiniz.
Burda əsas amillərdən biri yaş mövhumudur. Karyera seçimi və ya karyera dəyişikliyi heç zaman gec deyil. Sadəcə olaraq bunların özlüyündə gətirdiyi bəzi risklər var. Məsələn, yaşı 21 və subay olan bir insanın bir ildə bir neçə iş dəyişməsi daha az risklidir nəin ki, 31 yaşlı və ailəli olan birinin. Artıq insan ailə qurduqdan sonra atdığı bütün addımlar, etdiyi bütün risklər onun ailəsinə yansıyır. Çox zaman isə iş yeri dəyişikliyinə bir o qədər də meyilli olmur və maddi rifahını qoruyub saxlamaq üçün sevmədiyi bir işdə illərlə çalışmalı olur. Məhz bu səbəblərə görə nə qədər ki, gəncsiniz və məsuliyyətiniz azdır riskə girməkdən çəkinməyin, bir neçə işdə çalışaraq nəyə daha çox həvəsiniz olduğunu özünüz üçün aydınlaşdırın.
Ümid edirəm bu məqalə sizin üçün müəyyən qədər yararlı oldu. Zaman ayırıb oxuduğunuz üçün sizə təşəkkür edirəm. Uğurlar!
Həyat insana daha çox öyrədir nəinki məktəblər.
Karyera inkişafım çox, amma çox keşməkeşli olub. Ağlınıza gələn və gəlməyən bir çox işdə çalışmışam. Metal yığıb satmaq, çörək zavodu, ofisiant, avtobus konduktoru, maşın ustası, reklam agenti və s. Düzdü bunlar barəsində yaxın zamanlara qədər şikayətlənsəmdə anladım ki, hazırda həyatda nail olduğum bütün uğurları məhz keçmiş iş təcrübələrimə borcluyam, qeyri-rəsmi işlər olsada belə.