muharibede-muselman-ana-arxetipi
Müəllif: Jovhar Kheyrulla /Tarix: 2024-05-17 /Oxunma Sayı: 928

Müharibədə müsəlman ana arxetipi

 

Bir dəfə Sokratdan soruşdular ki “İnsanda ən çox nəyi qiymətləndirirsiniz?” Filosof tərəddüd etmədən cavab verir: İnsanlığı. Bəs insanlıq dedikdə nəyi başa düşmək olar? - sualına isə mütəfəkkir: - İnsana layiq olan keyfiyyətləri - deyə cavab verir.

Bəs yaxşı insana layiq keyfiyyətləri cəmiyyət necə müəyyən edir? Bir qrup insanın rifahı, öz dini ideologiyasına dayanan məqsədlərini gerçəkləşdirməsi üçün bir qrup insanı öldürməsi insanlıq sayıla bilərmi? Cavabımız kəskin şəkildə “yox” olacaq. Çünki, humanist insan nöqteyi-nəzərindən bu qəbul olunmazdır. Hətta müasir zamanda “humanizm”i daha “yüksək” dəyərləndirdiyimizi düşünürük. Biseksual, gey toplumunun həyatına qarışqmırıq, qarışılmasına da qarşı çıxırıq. Cəmiyyətin qadın-kişi balansının pozulmasına da göz yumuruq təki humanizmi qoruyub saxlayaq. Amma iş müsəlman zülmünə gələndə gözümüz kor, qulağımız kar olur. Dilimiz isə həmişə laldır.

Əksərən, dinlər arasında ən çox təziqə məruz qalan islam dini olub. Dini, etiqadı səbəbindən də zülm, qısnama, işgəncə görən də müsəlmanlar olub. Yuxarıdakı suala geri dönək. Bu suala cavabımız “yox” oldusa bəs nəyə görə bu gün sionist yəhudilərin müsəlman ərəbləri öz yurd-yuvalarından didərgin salması, terrora məruz qoyması dünyanı narahat etmir. Bu etnik təmizləmə faktoru 1949-cu ildən davam edir.

Qəzzada “hərbi əməliyyatlar”, “terrorla mübarizə” adı altında öldürülən beşikdəki körpəni görmək üçün bizim qəlb gözümüz açıq deyil. Çünki, o Allah vergisidir, əsil humanizmdir. Fyodor Dostoyevski  qəhrəmanı deyirdi ki, bir uşağın taleyi və ya bəşəriyyətin taleyi kimi bir seçim qarşısında qalsam uşağın taleyini seçərdim. Təəssüf ki, reallıqda “humanist”lər mərkəzi güc strukturları xatirinə milyonlarla uşaqları qurban verirlər. “Əgər harmoniyanı əbədi əzablarla satın almaq üçün hamı əzab çəkməlidirsə, onda, zəhmət olmasa, de görək, uşaqların burada nə rolu var?...Bəlkə də, təlxəyin biri qalxıb deyəcək ki, uşaq da böyüyüb günah sahibi olacaq, amma o böyümədi, onu səkkiz yaşında itlərə yem etdilər.” [2]

Dünyanın “insan haqları” pafosunun müsəlmanlar üçün keçərli olmadığı bəllidir. Lakin, sonuncu hadisələr zamanı bunu açıq aşkar nümayiş etdirirlər. “İnsanlar ölür, dünya canlı-canlı izləyir. Susmaq razılıq əlamətidir”(GS matçında açılan pankart). Yaxın keçmişə gedərək erməni daşnaklarının azərbaycanlılara qarşı məqsədyönlü və mütəşəkkil surətdə həyata keçirdikləri qətliamları yada salaq, 1992-ci ilin Xocalı faciəsini xatırlayaq:

“Türk xalqlarının düşməni, insanlıq adına ləkə gətirən daşnak yazıçı Zori Balayanın “Ruhumuzun canlanması” adlı kitabında yazdıqlarına diqqət yetirək: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox hay-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşdakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı yeddi dəqiqə sonra qan itirməkdən öldü. İlk sənətim həkimlik olduğuna görə humanist idim, buna görə də türk uşağına etdiklərimə görə ruhum sevincdən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha üç türk uşağına etdik”... Bax, budur vəhşi xislətli dırnaqarası erməni humanizmi, erməni əxlaqı!” [1]

Dəfələrlə oxuduğumuz bu faktı xatırlatmaqda məqsədim empatiya yaratmaqdır. Bu hadisələrin eynisini və ya bənzərini Qəzza müsəlmanları, Şərqi Türküstan türkləri yaşayır. Qəzzada son 8 ayda 15 min uşaq, 10 min qadın terrorun qurbanı olub. Sionistlərin bu qətli törədərkən mənəvi həzz aldıqlarını isə mən yox özləri etiraf edirlər. Öz libidosunu ölümlə doyuran bir toplumun nifrətinin təkcə ərəblərə qarşı olduğunu düşünmək sadəlövhlük olardı.

Burada sizi bir haşiyəyə çıxarıb qısa mətnlə tanış edəcəm:

Qapının açılması ilə içəri silahlı yad bir kişi daxil olur. Məqsədi qadını və körpəni öldürməkdir. Ana övladını da götürüb kişiyə xəsarət yetirərək evdən çıxıb qaçmağı bacarır. Lakin, potensial qatil ananı təqib edir. Qadın bütün yol boyu qışqırıb, bağırıb, hər kəsdən kömək istəyərək məscidə qədər qaçır. Bir anlıq dayanır, buranın əlbəttə dünyada “ən güvənli” yer olduğunu düşünərək içəri, kişilər bölməsinə daxil olur. Qadın ağlayaraq hər kəsdən kömək istəyir elə bu an qatil içəri soxulur. İçəridə az öncə anaya kömək etməyi düşünən kişilər əli silahlı qatili görüb donub qalırlar. Heç kəs məsələyə qarışmaq istəmir və yavaş yavaş geri çəkilirlər.

Bu bir uydurma hekayə kimi görünsə də, mənim dünyada “analar günü” qeyd olunduğu günə-12 maya təsadüf edən yuxumun qısa xülasəsidir.

Düşünürəm ki, dinclik bilməyən vicdanım şüuraltımda mənim üçün iki zülmü birləşdirib ssenari qurub. Gəlin qısa mətnin detallarını incələyək.

İçəri girən yad kişi obrazı – Keçən aylarda Çin diktaturası hər bir Türküstanlı dul qadının evinə bir kişi göndərmək qərarı almışdı. Buna dözməyən qadınların bəziləri isə intihar etmişdi.

Qucağında körpəsi ilə qaçan başörtülü qadın – mən deyərdim ki, bu obraz artıq bir arxetipdir. Arxetiplərin məcmusunu nəsillərin irs aldığı əvvəlki nəsillərin təcrübəsi yaradır. Biz harada bu cür təsvir olunan qadın görsək, onun artıq dəhşətli zülümlər çəkdiyini istəmsizcə düşünürük.

Məsciddə namaz qılıb zülmü izləyən kişilər - günümüzün müsəlmanları. Ümrə və Həcc ziyarətləri üçün minlərlə pul xərcləyib uzun səfərlərə çıxan, səcdə və ibadətdən başını qaldırmayan insanlar bilgisini əməlinə daşıya bilmirlər. Cari situasiyada nəyin fərz nəyin əfraz olduğunu müəyyən edə bilməyən ümmət ibadətinin sonunda da Starbucks-da oturub kofesini rahat-rahat içir. Muhamməd Peyğəmbər s.a.s ümməti olaraq yola çıxan amma bir boykotu belə layiqincə yerinə yetirə bilməyən insanların gəldiyi son nöqtə budur. Gün gələcək xristianlar daha çox müsəlman kimi davranacaq demişdilər inanmamışdıq. Bəli, bu gün əksər xristian ölkələri müharibə əleyhinə çıxışlar etdiyi vaxtda müsəlmanlar buna sadəcə seyirci qalmaqla kifayətlənir. Əslində, burada təəccüb ediləsi bir hadisə yoxdur. Çünki, islam dini bütün dinlərin “update” versiyasıdır. Hər bir insanın içində müsəlman fitrəti mövcüddur. Hz.İsanın İncildə keçən şeytanla dialoqu tamamilə Fələstin xalqının imanını təsvir edir. Hz. İsanın cavablarının qısa xülasəsini təqdim edirəm.

1) İman bədənsəl ehtiyaclardan daha önəmlidir.

2) İman möcüzəyə möhtac deyildir.

3) İman məcburiyyətlə deyil, azad iradə ilə gerçəkləşir.

Fələstin xalqı bu gün necə imanlı qalmaq mümkündür məsələsinə ideal nümunədir. Biz isə bu savaşın uduzan tərəfiyik. İmanımızı da, insanlığımızı da bu ədalətsizliyə səssiz qaldıqca itirir, qətliamın ortağı sayılırıq. Karl Yunq insanın potensial cinayətkar olması haqqında fikirləri diqqət çəkir: “İnsan özünün öz günah və ağılsızlıqları ilə birlikdə ziyansız olduğunu hesab edir. O, insanlar arasında dəhşətli şeylərin olduğunu və onların indi də davam etdiyini danmır, ancaq bütün bunları həmişə başqaları edir.” [3]

Mütləq həqiqətdir ki, bu ağır hesabı bütün dünya gec-tez ödəyəcək. Yazımızı Qurani-Kərimdən bir ayətlə yekunlaşdırırıq.

“Zalımlara meyl etməyin, yoxsa sizə od toxunar. Sizin Allahdan başqa dostlarınız yoxdur. Sonra sizə kömək də olunmaz.”  (Hud surəsi,113-cu ayət) [4]

 

 

ƏDƏBİYYAT SİYAHISI

 

 

Cövhər Məmmədli 

 

 

 

 

 

 

Paylaş: